Məhkəmə qərarları › İş №2(106)-902/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-902/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-902/2023 12.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “yaşayış sahəsinə görə artıq ödənilmiş pulun və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-42/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 57,61,61A, mənzil 172 ilə bağlı 22,2 kvadrat metr sahəyə görə artıq ödədiyi 24420 manat, maddi və mənəvi ziyana görə 10000 manat, ümumilikdə 34420 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış 09 mart 2019-cu il tarixli müqaviləyə əsasən ona təqdim olunan mənzilin (Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 57,61,61A, mənzil 172) yaşayış sahəsi və hesablaşma sahəsi 112,2 kvadrat metr təşkil etməli idi. İddiaçı isə əvəzində 123420 manat pulu MMC-yə ödəməli idi. İddiaçı xx.xx.2022-ci il tarixində "xxxx" MMC-dən 16/06 saylı borcun tam ödənilməsi barədə maliyyə arayışı almışdır. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixində sözügedən mənzil ilə bağlı ona təqdim edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın ümumi sahəsi 90 kvadrat metr təşkil etmişdir. İddiaçının aldığı 112,2 kvadrat metr mənzilə etdiyi ödəniş ilə mənzilin faktiki sahəsi və ona təqdim edilən Çıxarış arasında fərq 22,2 kvadrat metr təşkil edir. İddiaçı hesab edir ki, ödədiyi artıq ödənişin tam məbləğdə hazırda bazar qiyməti ilə müəyyən olunan məbləği ona geri qaytarılmalıdır. İddiaçı tələbini Mülki Məcəllənin 21-ci, 227.2-ci, 385-ci, 425.1-ci maddələri, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci və 59.3-cü maddələri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.2-ci və 3.8-ci bəndləri ilə əsaslandırmışdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsinə yazılı qaydada etiraz vermiş, etirazında iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin əsası olaraq istinad edilən 09 mart 2019-cu il tarixli mənzilin alğı-satqı müqaviləsi təqdim edilmişdir. Bu müqavilənin 1.1-ci maddəsinə görə, satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa etdirdiyi binanın 3-cü blok, 9-cu mərtəbə, 162 saylı 3 otaqdan ibarət ümumi sahəsi 112,2 kv.metr olan mənzili alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsində qeyd edilir ki, bu müqavilənin 1.1-ci maddəsində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. İddiaçı məhkəməyə təqdim etdiyi 09 mart 2019-cu il tarixli mənzilin alğı-satqı müqaviləsini oxuyaraq hər vərəqinə imza atmaqla müqavilədə yazılan hüquq, vəzifə və digər şərtləri ilə razı olduğunu bildirərək sərbəst şəkildə imzalamışdır. Saatlı Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(055)-42/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mirlətif Sadıqov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(055)-42/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmiş, öz qərarını yanlış mülahizələrlə əsaslandırmış, qətnamə qanunsuz və əsassız olduğundan MPM-in 217.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ekspertizanın keçirilməsinin vacib olmasına baxmayaraq, məhkəmə ekspertiza təyin etməmişdir. İddiaçı tərəfindən ekspertizanın keçirilməsi barədə elektron portal vasitəsilə vəsatət yüklənilmişdir. Lakin işə baxan hakim vəsatətə rəsmi qaydada münasibət bildirmədən, müvafiq qaydada qərardadı ona təqdim etmədən iş üzrə əleyhinə qətnamə çıxarmışdır. Məhkəmə icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı səbəbə görə mülki hüquq sahəsindəki iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəlik münasibətlərinə şamil edilmədiyini əsaslandırmamışdır. Məhkəmə müqavilə şərtlərində “ümumi sahə” anlayışına qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun müəyyən edilən və tərəflərin iradə ifadəsinin həqiqi mənası baxımından yanaşmamışdır. Qanunvericilikdə mənzilin ümumi sahəsinin hesablanma qaydası açıq və aydın nəzərdə tutulmuşdur. Məhkəmə buna məhəl qoymamışdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində bildirmişdir ki, MTK daxili tikililəri tikməsəydi, o zaman evin faktiki sahəsi elə ümumi sahəsi ilə eynilik təşkil edəcəkdi. Bu yanaşma düzgün deyil. Belə ki, birincisi, MTK mənzilin daxili tikililərini (arakəsmələri) tikməsəydi, onda mənzilin neçə otaqlı olması bilinməzdi, ikincisi, mənzillərin çöl divarlarından kənarda yerləşən açıq balkonların sahəsinin mənzilin ümumi sahəsinə bərabər tutulması (qəbul edilməsi) absurddur. İddiaçı mənzillərdə balkonların olmasını bilərəkdən və buna görə əvvəlcədən əldə edilən anlaşmaya uyğun olaraq cavabdehlə bağladığı müqavilələrdə mənzilin layihəsi üzrə ümumi sahəsi (tikintialtı sahə) anlayışı deyil, məhz qanunvericilikdə göstərilmiş mənzilin ümumi sahəsi anlayışı nəzərdə tutulmuşdur. Mənzilin layihəsi iddiaçıya aid deyil. Cavabdeh MTK iddiaçıya mənzilin layihə üzrə ümumi sahəsinin (tikintialtı sahə) təhvil verilməsini deyil, qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanan müqavilədə nəzərdə tutulmuş mənzilin ümumi sahəsini təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir. “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 1.2-ci bəndinə əsasən bu Qaydaların tələblərinin mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburi olmasına baxmayaraq, məhkəmə mənzillərin “ümumi sahəsi”nin daxili parametrləri üzrə hesablanmasını, habelə balkonların sahəsinin hesablanmasında 0,3 əmsalının, lociyaların sahəsinin hesablanmasında 0,5 əmsalının tətbiq edilməməsinin hansı normativ sənədlə tənzimləndiyini göstərməmiş, qətnaməsini əsaslandırmamış, səhv nəticəyə gələrək iddia tələbini əsassız olaraq təmin etməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, cavabdehlə xx.xx.2019-cu il tarixində müqavilə bağlayarkən mənzilin sahəsinin 112,2 kv.m olacağına dair razılaşmışlar və mənzilin ödənişini də məhz həmin ölçüyə görə etmişdir. Belə ki, mənzilin 1 kv.m-nin qiyməti 1100 manat olmuş, o, cəmi 123420 manat ödəniş etmişdir. Lakin sonradan həmin mənzil sənədləşdirilərkən mənzilin ümumi sahəsinin 90 kv.m olduğu müəyyən olunmuşdur. O, 16 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsini imzalayarkən isə müqaviləni oxumamışdır. İddiaçı verilmiş suallara cavab olaraq bildirdi ki, o, həqiqətən də, mənzildə tikinti və yenidənqurma işləri aparmış, yeni divar hörmüşdür, lakin bunlar elə həddə olmamışdır ki, mənzilin ümumi sahəsində 22,2 kv.m-lik azalma meydana gəlsin. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli mənzil iddiaçıya təhvil verildikdən sonra iddiaçı otaqlar arasındakı divarları dəyişib, arakəsmələri sökmüşdür. Təmirdən sonra reyestr xidmətinin əməkdaşları gəlib mübahisəli mənzildə ölçmə işləri aparmış, bundan sonra mənzilə dair ilkin çıxarışı "xxxx" MMC-nin adına vermiş və mənzilin sərbəst sahəsi kimi 90 kv.m qeyd etmişdir. Əgər tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə müəyyən edilmiş 112,2 kv.m-dən hər hansı itki varsa, bu, iddiaçının öz təqsiri ucbatından yaranmışdır. Belə ki, həmin müqavilənin 1.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxil edilmişdir. Lakin iddiaçı özü mənzildə yenidənqurma işləri apararaq, bəzi yerlərdə yeni divar hörmüş, bəzi arakəsmələri sökmüşdür. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 09 mart 2019-cu il tarixli, 095 nömrəli mənzilin alğı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, satıcı "xxxx" MMC ünvan 2 ünvanında inşa etdirdiyi binanın 3-cü blok, 9-cu mərtəbə, 162 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 112,2 kv.metr olan mənzili alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, müqavilənin 1.1ci maddəsində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, bu müqavilənin 1.1-ci maddəsində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 123420 manat müəyyən olunur və alıcı mənzilin dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürür. İşdəki "xxxx" MMC-nin 16 iyun 2022-ci il tarixli, 16/06 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 095 saylı müqaviləyə əsasən ünvan 3 ünvanında inşa edilən 3 bloklu yaşayış binasının 3-cü blok, 9cu mərtəbəsində yerləşən 112,2 kv.m-dən ibarət 162 saylı mənzilin dəyərini 100 faiz ödəmişdir və şirkətə heç bir borcu yoxdur. İşdəki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında Nərimanov rayonu, Ə.Əlizadə, T.Şıxəliyev və Təbriz küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilmiş 15+mansard mərtəbəli (1 bina 1 girişli, 1 bina 2 girişli), 1-ci mərtəbəsi 2 səviyyəli olmaqla 1-ci və 2-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, 198 mənzilli yaşayış binasına ünvan 4 ünvanı verilərək mövcud vəziyyətdə Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin elektron məlumat bazasına daxil edilmişdir. İşdəki Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş AN-İ ******* seriya nömrəli, 16 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 57,61,61A, mənzil 172, Yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 61A, M8, m6 ünvanında yerləşən, ümumi sahəsi 90 kv.metr olan mənzilin tam mülkiyyət hüququ üzrə ona məxsus olan bütün hissəsini alıcı İddiaçı mülkiyyətinə verir. Alıcı İddiaçı satıcı "xxxx" MMC-nin satdığı tam hissəni ondan 123420 manat qiymətinə almışdır. Həmin müqavilənin 2-ci bəndindən görünür ki, satılan 90 kv.metr sahəsi olan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə verilmiş **********58-05301- 093123 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-yə məxsus olmuşdur. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş **********58- 05301-093123 reyestr nömrəli mənzilin texniki pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, bina 57,61,61A, mənzil 172, Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 61A, M8, m6 ünvanında yerləşən mənzilin ümumi sahəsi 90 kv.m, yaşayış sahəsi isə 40,4 kv.m-dir. Mənzil 15 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. İşdəki Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********58-05301-093123 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 57,61,61A, mənzil 172 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən və ümumi sahəsi 90 kv.m olan mənzil xx.xx.2022-ci il tarixində tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı öz tələbini cavabdehlə onun arasında bağlanmış 09 mart 2019-cu il tarixli müqaviləyə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. MM-in 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Nəsibovanın şikayəti üzrə 3 may 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici daşınmaz əmlakın alğı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Yuxarıda qeyd edilən normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, tərəflər arasında bağlanmış 09 mart 2019-cu il tarixli, 095 nömrəli mənzilin alğı-satqı müqaviləsi faktiki olaraq daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə əlaqədar müqavilədir. Həmin alğı-satqı müqaviləsi mahiyyət etibarilə daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı müqavilə olsa da və onunla bağlı Mülki Məcəllədə konkret forma müəyyən edilsə də, həmin müqavilə notariat qaydasında təsdiqlənməmişdir. Bundan başqa, həmin müqavilə MM-in 146.3-cü maddəsinə zidd olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmışdır. Belə ki, həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində ilk dəfə 30 avqust 2021-ci il tarixində qeydiyyata alınmış, müqavilə isə bundan təxminən 2 il əvvəl – 09 mart 2019-cu il tarixində bağlanmışdır. Qeyd edilənlər isə onu göstərir ki, xx.xx.2019-cu il tarixli müqavilə Mülki Məcəllədə onun etibarlılığı üçün müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Bununla yanaşı, tərəflər arasında notarial qaydada təsdiqlənmiş 16 iyun 2022-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə satıcı qismində "xxxx" MMC, alıcı qismində isə İddiaçı çıxış etmiş, onlar müqaviləni Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 57,61,61A, mənzil 172, Yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 61A, M8, m6 ünvanında yerləşən, ümumi sahəsi 90 kv.metr olan mənzil ilə əlaqədar bağlamış və müqavilədə mənzilin qiymətinin 123420 manat olmasını razılaşdıraraq alıcının mənzili həmin qiymətə aldığını qeyd etmişlər. Tərəflər arasında bağlanmış 16 iyun 2022-ci il tarixli alğı-satqı müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş tələblərə cavab verir, notariat qaydasında təsdiqlənmiş, müqavilə üzrə mənzilin qiyməti müəyyən edilmiş, müqavilənin predmeti dəqiq şəkildə göstərilmiş və onun ümumi sahəsi də qeyd edilmişdir. Tərəflər xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsini məhz ümumi sahəsi 90 kvadrat metr olan mənzil barəsində bağlamış, İddiaçı da müqaviləni şəxsən imzalayaraq, onu oxuduğunu və razı olduğunu qeyd etmişdir. Göründüyü kimi, müqavilə bağlanarkən İddiaçı həmin müqaviləni oxuduğunu qeyd etdiyindən, müqavilənin məhz sahəsi neçə kvadrat metr olan mənzil ilə əlaqədar bağlanmasından xəbərdar olmuş, həmin vaxt sahəsi 90 kvadrat metr olan mənzilin qiymətinin 123420 manat müəyyən edilməsi şərtinə etiraz etmək imkanı olmuş, lakin bunu etməmişdir. Məhkəmə kollegiyası iddiaçının müqavilədə etdiyi “oxudum, razıyam” qeydinə əsasən, onun apellyasiya məhkəməsinin iclasında müqaviləni oxumadan imzalamasına dair bildirdiklərini inandırıcı hesab etmir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Tərəflər arasında bağlanmış və notarial qaydada təsdiqlənmiş 16 iyun 2022-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə isə satıcı, hazırkı iş üzrə cavabdeh "xxxx" MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilə predmeti olan mənzili alıcının (iddiaçının) mülkiyyətinə vermiş, iddiaçı bundan sonra həmin mənzil üzərində xüsusi mülkiyyət hüququnu xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli mənzilin alğı-satqı müqaviləsinin predmeti ünvan 7 ünvanında yerləşən binanın 3-cü blok, 9-cu mərtəbə, 162 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 112,2 kv.metr olan mənzil olmuşdur. Tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş AN-İ ******* seriya nömrəli, 16 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin predmeti isə Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 57,61,61A, mənzil 172, Yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 61A, M8, m6 ünvanında yerləşən, ümumi sahəsi 90 kv.metr olan mənzil olmuşdur. AN-İ ******* seriya nömrəli, 16 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə iddiaçıya satılmış mənzilə aid texniki pasportdan isə onun 8-ci mərtəbədə yerləşdiyi göstərilmişdir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 9-cu mərtəbədə yerləşən 162 saylı mənzilin satılması nəzərdə tutulsa da, xx.xx.2022-ci il tarixli müqavilədə 8-ci mərtəbədə yerləşən 172 saylı mənzilin (yeni qaydalarla isə 6 saylı mənzilin) satılması razılaşdırılmışdır. İddiaçı tərəfindən də sözügedən hər iki mənzilin eyni mənzil olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə də, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 57,61,61A, mənzil 172, Yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 61A, M8, m6 ünvanında yerləşən mənzilə görə cavabdehə 24420 manat məbləğində artıq pul ödəməsi faktı iş materialları ilə öz təsdiqini tapmır. İddiaçının artıq ödədiyini iddia etdiyi həmin 24420 manat məbləğində pul da 16 iyun 2022-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə satıcıya ödənilmiş 123420 manat pulun tərkib hissəsi kimi satıcı tərəfindən qəbul olunmuşdur. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. MM-in 649-cu maddəsinə əsasən, satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir. Lakin hazırkı işin hallarından görünür ki, cavabdeh iddiaçıya aralarında bağlanmış 16 iyun 2022-ci il tarixli müqaviləyə uyğun, yəni alğı-satqı müqaviləsində nəzərdə tutulan 90 kv.m sahəyə malik olan mənzil vermişdir. Bundan başqa, iddiaçı cavabdehdən ona vurulmuş maddi və mənəvi zərərə görə 10000 manat pulun tutulmasını da tələb etmişdir. Lakin iddiaçı ona zərərin vurulması halını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, ümumiyyətlə, qeyd edilən məbləğdə maddi və mənəvi zərərin nədə ifadə olunduğunu konkret şəkildə göstərməmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, vurulmuş maddi və mənəvi zərərə görə pul tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı özünün həqiqətən də, cavabdehin hərəkətləri nəticəsində maddi zərərə düşməsini və mənəvi sarsıntı və iztirab keçirməsini, eləcə də, vurulmuş maddi və mənəvi zərərin hansı formada təzahür etdiyini sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(055)-42/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Saatlı Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(055)-42/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(055)-42/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar