Məhkəmə qərarları › İş №2(106)-904/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-904/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-904/2025 11.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, "xxxx" ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbi barədə kiçik iddiasına dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(022)-1630/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" ASC (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 4002 (dörd min iki) manat 89 (səksən doqquz) qəpik borc olmaqla – bundan 3873 (üç min səkkiz yüz yetmiş üç) manat 10 (on) qəpik əsas, 129 (bir yüz iyirmi doqquz) manat 79 (yetmiş doqquz) qəpik faiz borcunun və iş üzrə ödənilmiş 60 (altmış) manat 03 (üç) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 99/1506/RES nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə 3890 (üç min səkkiz yüz doxsan) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli, 99/1506/RES nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcalan tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi və ya çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək barədə bankın hüququ vardır. Kredit müqaviləsinin 5.1.4-cü bəndinə əsasən borcalan öz öhdəliklərini bu müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazmınca icra etmədikdə qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət etmək və bunun üçünzəruri tədbirlər görmək barədə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cü il tarixli, **********150 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 4002,89 (dörd min iki manat 89 qəpik) manat təşkil edir. Bundan 3873,10 (üç min səkkiz yüz yetmiş üç manat 10 qəpik) manat əsas, 129,79 (bir yüz iyirmi doqquz manat 79 qəpik) manat faiz borcu təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(022)-1630/2024 saylı qətnaməsi ilə (Hakim: Nüsrət Mirzəyev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3873 (üç min səkkiz yüz yetmiş üç) manat 10 (on) qəpik əsas borc, 129 (bir yüz iyirmi doqquz) manat 79 (yetmiş doqquz) qəpik faiz borcu, cəmi 4002 (dörd min iki) manat 89 (səksən doqquz) qəpik borc və ödənilmiş 60 (altmış) manat 03 (üç) qəpik dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(022)-1630/2024 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasındabaxılmasını mümkün hesab etmişdir. Sadələşdirilmiş icraat qaydasında baxılma o deməkdir ki, məhkəmə işi qısa müddətdə, tərəflərin məhkəməyə gəlməsinə ehtiyac olmadan və əsasən yazılı sübutlar əsasında araşdırır. Bu qayda daha çox aydın, əlavə araşdırma tələb etməyən və kiçik həcmli mübahisələrə (məsələn, az məbləğli borc tələbləri, bəzi inzibati işlər və s.) tətbiq edilir. Məqsəd məhkəmə prosesini sürətləndirmək və prosedurları sadələşdirməkdir. O artıq xx.xx.2019cu il tarixli, 99/1506/RES saylı zaminlik müqaviləsi üzrə zamin deyil, bununla bağlı sübutları da apellyasiya məhkəməsində təqdim edəcəkdir. Lakin birinci instansiya məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxaraq onun zaminlikdən çıxdığı barədə mövcud mübahisəni nəzərə almamış və bununla da iş üzrə mühüm hüquqi qeyrimüəyyənlikləri araşdırmadan onun ziyanına qərar qəbul etmişdir. Halbuki sadələşdirilmiş icraat qaydası yalnız mübahisəsiz hallara tətbiq edilməli, əgər iş üzrə tərəflər arasında ciddi fikir ayrılığı və hüquqi mübahisə varsa, məhkəmə adi icraat qaydasında baxış keçirərək tərəflərin iştirakını və dəlillərinin araşdırılmasını təmin etməli idi. Bu hal onun məhkəmədə öz mövqeyini müdafiə etmək hüququnu və ədalətli məhkəmə araşdırması prinsipini pozmuşdur. Göründüyü kimi, məhkəmə qərəzli olaraq ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxmış, həmçinin ona qətnaməni göndərməmişdir. O, özü gedib birinci instansiya məhkəməsinə müraciət edərək qətnaməni almışdır. Buna görə də hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(022)-1630/2024 saylı qətnaməsi ona aid hissədə ləğv edilməli, iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə onun iştirakı olmadan işə baxıb bunun nəticəsində də heç bir sübutları araşdımayıb. Məhkəmə onun zamin qismində öhdəliyi olmamasına baxmayaraq onu zamin kimi tanımış və barəsində əsassız olaraq qətnamə çıxarmışdır. Məhkəmə onun zamin kimi öhdəlik daşıdığına istinad etsə də, faktiki olaraq onun zamin kimi müqavilə üzrə öhdəliyinin müddəti keçmiş, hazırda o, zamin statusunda olmamağına baxmayaraq məhkəmə onu zamin kimi tanımışdır. xx.xx.2019-cu il tarixli, 99/1506/RES saylı zaminlik müqaviləsinin qüvvədə olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə prosesi barədə məlumatı olmadığı üçün məhkəməyə sübutlarını təqdim edə bilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(022)-1630/2024 saylı qətnaməsinin ona aid hissədə ləğv edilməsi, ona aid hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(022)-1630/2024 saylı qətnaməsinin ona aid hissədə ləğv edilməsini xahiş etdi. İddiaçı "xxxx" ASC (ləğv prosesindədir) məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilmədiklərini, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz etdiklərini bildirmiş, iş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən göründüyü kimi müqavilənin Cavabdeh2 tərəfindən şəxsən imzalandığını və tərəflər arasında təsdiq edildiyini qeyd etmişlər. Bundan əlavə, iş materiallarında olan bildiriş məktubundan da göründüyü kimi iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh2 borcun olması barədə xx.xx.2023-cü il tarixli bildiriş göndərilmiş, lakin Cavabdeh2 iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək banka hər hansısa bir borcunun olmaması barədə ərizə ilə müraciət etməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh borcu qəbul etmişdir və birgə öhdəlik daşıyır. Bu səbəbdən də cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlil ilə razılaşmadıqlarını bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər Cavabdeh1 keçirilən məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(022)-1630/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini iş materiallarında olan sübutlarla əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayətində iddianın ona aid hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(022)-1630/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Cavabdeh2 apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, o artıq xx.xx.2019cu il tarixli, 99/1506/RES saylı zaminlik müqaviləsi üzrə zamin deyil və bu barədə Azərbaycan Respublikası Kredit Bürosu MMC-nin çıxarışını apellyasiya şikayətinə əlavə etmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 99/1506/RES saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, 99/1506/RES saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Məhkəmə iclasında da Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 99/1506/RES saylı zaminlik müqaviləsindəki imzanın ona məxsus olduğunu, könüllü olaraq kreditorla zaminlik müqaviləsi bağladığını göstərmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Cavabdeh2 apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli, 99/1506/RES saylı zaminlik müqaviləsi üzrə zamin kimi müqavilə üzrə öhdəliyinin müddəti keçmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 99/1506/RES saylı zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminlik müqaviləsi kredit müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində, o cümlədən kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur. Müqavilənin müddəti xx.xx.2025-ci il tarixdə başa çatacağından məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini də əsassız hesab edir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(022)-1630/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(022)-1630/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar