Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-908/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Tərlan oğlunun sədrliyi ilə, Əsədov İlham Qoşunəli oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, idddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(071)-379/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş 5692,94 manat məbləğdə zərərin və 77 manat məbləğdə dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 19:58 radələrində 701 saylı Gəncə - Bakı marşrutu ilə hərəkət edən "xxxx" QSC-yə məxsus “STADLER EŞ2-015” nömrəli sürətli sərnişin qatarı “Padar-Qarasu” mənzilinin 156-cı km piket 2-də hərəkətdə olarkən iribuynuzlu heyvanların (3 baş inək) dəmir yolunun üzərindən keçməsini görərək maşinist təcili tormozlama etsə də, qatarı tam olaraq dayandıra bilməmiş, nəticədə inəyin birini vurmuş və qatarın ön hissəsinə ciddi ziyan dəymişdir. Hadisə nəticəsində iddiaçıya 5692,94 manat məbləğində maddi ziyan dəymişdir. Bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X4 Polis İdarəsi Yevlax Xətt polis şöbəsinin Hacıqabul Xətt polis bölməsində araşdırma aparılmışdır. Hacıqabul Xətt polis bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-1315- 1-51/292/2023 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixində “Gəncə-Bakı” marşrutu ilə hərəkətdə olan iddiaçıya məxsus “STADLER EŞ2-015” sürətli elektrik qatarının “Padar-Qarasu” mənzilinin 156-cı km piket 2-də hadisəyə səbəb olan iribuynuzlu heyvanların sahibi Cavabdeh olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əhmədov X1 xətt polis bölməsinə dəvət olunaraq izahatı alınmış və izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf etmişdir. Sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Hacıqabul Rayon Məhkəməsinin iş üzrə 06 iyun 2023-cü il tarixli 2(071)-379/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddia təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmırlar. Cavabdeh heyvanları hadisə baş verən gün səhər saat 8-in yarısında çoban Zaur Babayevə təhvil vermişdir. İşdən gələndən sonra saat 19:00-da Zaurun evinə gedib heyvanının harada olduğunu soruşmuşdur. O isə heyvanların hamısını kəndə qədər apardığını demişdir. Sürüdən sadəcə onun heyvanı tələf olmuşdur. Cavabdeh heyvanını çobana etibar etmişdir. Hadisənin əsas səbəbkarı Zaur Babayevdir. Ona görə də, həm qatara vurulmuş maddi zərərə, həm də heyvanın tələf olmasına görə o məsuliyyət daşımalıdır. İşə baxan məhkəmə əsassız olaraq cavabdehdən pul vəsaiti tutmuşdur. Hesab edir ki, iş üzrə əsas cavabdeh özü deyildir. Bundan əlavə, məhkəmə qərar qəbul edərkən iş materiallarında olan fotoşəkillərə və "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E.Muradovun xx.xx.2022-ci il tarixli məlumatına əsaslanmışdır. Həmin məlumatda qeyd olunub ki, EŞ2-015 nömrəli qatarın ön buferi dəyişdirilmişdir. Qatarın ön buferinin dəyişdirilməsi üçün 20,47 manat əmək haqqı, 3,55 manat dolayı əmək haqqı, 5668,66 manat mal və materiallar, 0,26 manat amortizasiya olmaqla, ümumilikdə 5692,94 manat xərc çəkilmişdir. Məhkəmənin gəldiyi nəticə tam olaraq əsassızdır. Belə ki, fotoşəkillər və "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E.Muradovun xx.xx.2022-ci il tarixli məlumatına əsasən dəymiş ziyan müəyyən oluna bilməz. Çünki həmin şəxs iş üzrə maraqlı şəxsdir və onun təqdim etdiyi məlumat mötəbər sübut qəbul oluna bilməz. Lakin məhkəmə həmin məlumatı mötəbər sübut kimi qəbul etmişdir. Belə çıxır ki, həmin şəxs hansı məbləği qeyd etsəydi, məhkəmə də həmin məbləği təmin edəcəkdir? İddiaçı tərəf qeyd edir ki, qatarın buferi dəyişdirilib. Ümumiyyətlə, qatarın buferinin dəyişdirilməsinə ehtiyac vardırmı? Əgər varıydısa, o zaman həmin buferi hardan və hansı qiymətə almaları ilə bağlı rəsmi qəbzi iddiaçı tərəf məhkəməyə təqdim etməli idi. Məhkəmə bu halları araşdırmadan özünün qulluq mövqeyinə əsasən qərar qəbul edib ki, bu da qanunsuz və əsassızdır. Məhkəmə ən azı iş üzrə ekspertiza təyin edə və dəymiş real zərəri müəyyən edə bilərdi. Əslində həmin sübutu iddiaçı tərəf məhkəməyə vaxtında təqdim etməli idi. İşə apellyasiya məhkəməsində baxılarkən bütün bunlar nəzərə alınmalı və iş üzrə ekspertiza təyin olunmalıdır, çünki iddiaçının tələb etdiyi məbləğ ağlabatan deyil. İddiaçının məqsədi hüquqdan sui-istifadə edərək əsassız olaraq varlanmaqdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1338/2023 nömrəli iş üzrə 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər C.İmanov (sədrlik edən və məruzəçi), T.Kərimov, T.Heydərov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə gondərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə iş materiallarında olan fotoşəkillərə və "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E.Muradovun xx.xx.2022-ci il tarixli məlumatına əsaslanmışdır. Həmin məlumatda qeyd olunub ki, “EŞ2-015” nömrəli qatarın ön buferi dəyişdirilmişdir. Qatarın ön buferinin dəyişdirilməsi üçün 20,47 manat əmək haqqı, 3,55 manat dolayı əmək haqqı, 5668,66 manat mal və materiallar, 0,26 manat amortizasiya olmaqla, ümumilikdə 5692,94 manat xərc çəkilmişdir. Məhkəmənin gəldiyi nəticə tam olaraq əsassızdır. Belə ki, fotoşəkillər və "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E.Muradovun xx.xx.2022-ci il tarixli məlumatına əsasən dəymiş ziyan müəyyən oluna bilməz, çünki həmin şəxs iş üzrə maraqlı şəxsdir və onun təqdim etdiyi məlumat mötəbər sübut kimi qəbul oluna bilməz. Lakin məhkəmə həmin məlumatı mötəbər sübut kimi qəbul etmişdir. Belə çıxır ki, həmin şəxs hansı məbləği qeyd etsəydi, məhkəmə də həmin məbləği təmin edəcəkdi? İddiaçı tərəf qeyd edir ki, qatarın buferi dəyişdirilib. Ümumiyyətlə qatarın buferinin dəyişdirilməsinə ehtiyac vardırmı? Əgər varıydısa o zaman həmin buferi haradan və hansı qiymətə almaları ilə bağlı rəsmi qəbzi iddiaçı tərəf məhkəməyə təqdim etməli idi. Məhkəmə bu halları araşdırmadan özünün qulluq mövqeyinə əsasən qərar qəbul edib ki, bu da qanunsuz və əsassızdır. Məhkəmə ən azı iş üzrə ekspertiza təyin edə və dəymiş real zərəri müəyyən edə bilərdi ki, məhkəmə ekspertiza keçirməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-219/2024 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1338/2023 nömrəli iş üzrə 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qərarda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, həmin məhkəmə öz yekun aktında cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməmiş, onlara hüquqi qiymət verməmiş, hansı dəlillə razılaşdığını yaxud razılaşmadığını əsaslandırmamış, dəlillərə ümumi sözlərlə “... cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz” məzmunda münasibət bildirmişdir. Halbuki, bu qərarda istinad olunan MPM-in 392.2-ci maddəsi, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə plenumlarının, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları ilə tələb edilmişdir ki, yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinin qətnaməsindən şikayətə baxdıqda qəbul etdiyi aktda verilən şikayətlərin dəlillərinə hüquqi qiymət verməlidir (§15, 16, 17, 19). Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qətnamədə cavabdehin İnzibat Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyini qeyd etsə də, iş materiallarında yalnız xx.xx.2022-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol vardır. Həmin inzibati xəta haqqında iş üzrə cavabdehin barəsində hansı inzibati tənbeh tətbiq edildiyi isə işdən məlum olmur. Həmçinin, iş materiallarında olan fotoşəkillərə və "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin xx.xx.2022-ci il tarixli məlumatına əsaslanaraq qatarın ön buferinin dəyişdirildiyinə istinad edərək, ümumilikdə 5692,94 manat xərc çəkildiyi qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin zərər dəymiş qatarın ehtiyat hissələrinin Azərbaycanda olmadığı, onların satışının həyata keçirilmədiyi, qatarın zədələnmiş hissəsini öz imkanları hesabına təmir etdirdikləri, ziyanın məbləğinin də həmin təmir xərclərinə görə müəyyən olunduğu barədə izahatına qiymət verməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə aparılan dəyərləndirmə bu qərarda (§ 29) qeyd olunan xüsusatları əhatə etməmişdir. Belə ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə qeyd edilən hallar üzrə lazımi araşdırma apararaq, işdəki sübutlara və tərəflərin dəlillərinə əsaslandırılmış şəkildə qiymət verməmişdir. Halbuki, prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçıya maddi ziyan dəyməsini, detalların hansı ölkədən alınmasını və bu ziyan üçün çəkilən xərcləri təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi hazırkı məhkəmə iclasında bildirmişdir ki, iddiaçı tərəf dəymiş ziyanla bağlı ekspert rəyi təqdim etməlidir. İddiaçı tərəf həmin detalın dəyişdirilib və ya dəyişdirilməməsi barədə hər hansı sübut təqdim etməli olduğu halda bunu etməmişdir. Məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında bildirmişdir ki, "xxxx" QSC adından qatarın detalı ilə bağlı xərcləri X6 öz öhdəsinə götürmüşdür. X6 ilə Azərbaycan Respublikası arasında müqavilə mövcuddur. Həmin detalı "xxxx" QSC sifariş vermişdir. Qiymət cədvəli təqdim edilən müavilədə öz əksini tapmışdır. Hüquqlarını təmsil etdiyi qurum tərəfindən qatarın sağ buferi alınmışdır. Qeyd olunan məbləğ həmin dövrün məzənnəsi ilə hesablanmışdır. Həmin detalın hazırkı bazar dəyəri daha bahadır. Hüquqlarını təmsil etdiyi qurum hazırkı vəziyyətdə vətəndaşları düşünərək ədalətli davranmışdır. Hazırkı bazar dəyərindən daha ucuz qiymət təyin edilmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan: İnzibati xəta haqqında 28 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə özünə məxsus bir baş iri buynuzlu inəyi “Padar-Qarasu” mənzilində qatarın qaranlıq olduğu vaxtı dəmir yolu xəttinə buraxmışdır. Nəticədə Əhmədov X3 Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E.Muradovun xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, EŞ2-015 nömrəli qatarın ön buferi dəyişdirilmişdir. Qatarın ön buferinin dəyişdirilməsi üçün 20,47 manat əmək haqqı, 3,55 manat dolayı əmək haqqı, 5668,66 manat mal və materiallar, 0,26 manat amortizasiya olmaqla, ümumilikdə 5692,94 manat xərc çəkilmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində baş vermiş hadisə nəticəsində “X7” şirkətinin istehsalı olan EŞ2-015 nömrəli elektrik qatarının ön sağ buferinə ziyan dəymiş, bufer yararsız hala düşdüyündən yenisi ilə əvəz edilmişdir. Buferin təchizatı qatarın istehsalçısı “Stadler Bussnang AG” ilə imzalanan müqaviləyə əsasən aparılmışdır. Belə ki, 1 ədəd ön sağ buferin dəyəri 3322,00 CHF (üç min üç yüz iyirmi iki) İsveçrə frankı əməliyyat tarixinin məzənnəsinə uyğun olaraq 5668,66 (beş min altı yüz altmış səkkiz manat altmış altı qəpik) AZN, dəyişmə xərcləri isə 24,28 (iyirmi dörd manat iyirmi səkkiz qəpik) AZN təşkil etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan, zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur.” Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-219/2024 saylı qərarındakı göstərişlərə əsasən araşdırma apararaq qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(106)-908/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Adıçəkilən qərardadın icrasının təmin edilməsi məqsədi ilə iş materialları ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, lakin Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məlumatlarına əsasən ekspertizanın keçirilməsindən imtina edilmişdir. 14 iyun 2024-cü il tarixli Məlumatda ekspert qeyd etmişdir ki, “Stadler EŞ2-015” nömrəli sürətli sərnişin qatarının ehtiyat hissələrinin satışına və qiymətinə dair respublikada yerləşən ticarət məntəqələrində və yerli internet saytlarında məlumat olmadığından suallara cavab verilməsi mümkün deyildir. Bu baxımdan, "xxxx" QSC-yə müvafiq sorğularla müraciət edilmiş və QSC-nin sədrinin birinci müavini tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-ci tarixli məktubdan görünür ki, "xxxx" QSC ilə “Stadler” Bussnang AG arasında ehtiyat hissələrinin alınmasına dair xx.xx.2018-ci il tarixli NYU-14 nömrəli müqaviləyə və həmin müqavilənin xx.xx.2018-ci il tarixli NYU-14 nömrəli əlavəsinə əsasən alınmış ehtiyat hissələri iddiaçı tərəfindən ölkəyə gətirilmiş, adıçəkilən müqavilədə göstərilən ehtiyat hissələri Azərbaycan Respublikasında istehsal olunmadığı üçün "xxxx" QSC bu ehtiyat hissələrini istehsalçı şirkətdən müqavilə yolu ilə əldə edir. Sözügedən müqavilənin və həmin müqaviləyə əlavəsinin təsdiq edilmiş surətini və iddiaçıya dəymiş ziyanla bağlı kalkulyasiya arayışı iş materiallarına əlavə edilmişdir. Kollegiya qeyd edir ki, adıçəkilən məktubda da vurulmuş zərərin məbləği 5692,94 manat (qatarın ön buferinin dəyişdirilməsi üçün 20,47 manat əmək haqqı, 3,55 manat dolayı əmək haqqı, 5668,66 manat mal və materiallar, 0,26 manat amortizasiya olmaqla) göstərilmişdir. Habelə məhkəməyə təqdim edilmiş müqavilədən görünür ki, elektrik qatarının ön sağ buferinin dəyəri 3322.00 isveçrə frankı kimi qiymətləndirilmişdir. Mıəhkəmə kollegiyası həmçinin qeyd edir ki, MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bu zaman cavabdehin təqsirliliyi məsələsinə dair kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, Hacıqabul Xətt polis bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-1315- 1-51/292/2023 nömrəli məktuba əsasən aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixində “Gəncə-Bakı” marşrutu ilə hərəkətdə olan iddiaçıya məxsus “STADLER EŞ2-015” sürətli elektrik qatarının “Padar-Qarasu” mənzilinin 156-cı km piket 2-də hadisəyə səbəb olan iribuynuzlu heyvanların sahibi Cavabdeh olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əhmədov X1 xətt polis bölməsinə dəvət olunaraq izahatı alınmış və izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf etmişdir. Bundan əlavə, kollegiya tərəfindən müvafiq sorğular əsasında cavabdehin qeyd edilən izahatı əldə edilərək iş materiallarına əlavə edilmişdir ki, həmin izahatlarda cavabdeh öz təqsirini etiraf etmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinin tam hüquqlu məhkəmə olaraq hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün və əsaslıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, qətnamədə göstərilmiş nəticələr işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilmədən, Hacıqabul Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(071)-379/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(071)-379/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-908/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-908/2024
26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver