Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-912/2023 12.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(020)-1642/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 10046,93 manat, hesablanmış cəriməyə görə 2953,80 manat və ödənilmiş dövlət rüsumuna görə 129 manat olmaqla, cəmi 13129,73 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı və cavabdeh arasında bağlanmış 21 284 349 saylı 2021-ci il mövsümü üzrə xam pambığın alğı-satqı müqaviləsinə əsasən, cavabdeh 22,5 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 38055,58 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə cavabdeh yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 34080,96 kq – 23718,65 manat dəyərində xam pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürülmüş avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 4290 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 10046,93 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam pambığın tədarükünü həyata keçirən “MKT-Beyləqan” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri – qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda, müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 faizi məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 2953,80 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da, cavabdeh Mülki Məcəllənin 385.1-ci və 425.1-ci maddələrinin tələblərini pozmuşdur. Beyləqan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(020)-1642/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia qismən təmin edilmiş, Cavabdeh 10046,93 manat əsas borc, 200 manat cərimə borcu, ümumilikdə 10246,93 manatın və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub İddiaçı hesabına ödənilməsi, ödənilmiş 29 manat dövlət rüsumunun İddiaçınə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(020)-1642/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı əsassız şəkildə hazırkı tələblə ondan pulun tutulmasını tələb etmişdir. Halbuki, cavabdeh iddiaçı ilə razılaşdıqları qaydada borcunu ödəmişdir. İddiaçı isə əsassız olaraq artıq miqdarda vəsaitin ödənilməsini tələb etmiş və məhkəmə bunu hərtərəfli araşdırmayaraq iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən iş kifayət qədər hərtərəfli araşdırılmamış, cavabdeh tərəfindən verilmiş izahatlar nəzərə alınmamış, həmçinin qətnamə öz əksini tapmamışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam şəkildə icra etməmişdir. Müqaviləyə uyğun olaraq iddiaçı xam mal olan pambığın əkin sahəsindən yığıldıqdan sonra daşınma xərclərini də üzərinə götürmüşdür. Lakin buna baxmayaraq iddiaçı sahədən yığılan pambığın daşınma xərclərini (pambığın daşınması üçün texnika ayrılması) qarşılamamışdır. Həmin məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Qeyd olunanlarla əlaqədar cavabdeh tərəfindən iddiaçının aidiyyəti şəxslərinə məlumat verilmişdir. Həmin şəxslər pambıq sahəsinə gəlmişlər. Onlardan üzərlərinə düşən öhdəliyin icra edilməsi tələb olunsa da, buna baxmayaraq öhdəliyi icra etməmişlər. Belə ki, xammal olan pambığın sahədən pambığın qəbul məntəqəsinə daşınma xərclərini cavabdeh özü çəkmişdir. Birinci instansiya məhkəməsində bu barədə izahat vermişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi onun izahatında qeyd etdiyi halları nəinki araşdırmamış, ümumiyyətlə, məhkəmə iclas protokolunda, eyni zamanda məhkəmə qətnaməsində belə izahatı öz əksini tapmamış və təhrif edilmişdir. Həmin daşınma xərclərinin dəqiq məbləği müəyyən edilməli və iddia qiymətindən çıxılmalı idi. İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz verilmiş, etirazda apellyasiya şikayətinin təmin edilməməsini və Beyləqan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(020)-1642/2022 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı ilə xx.xx.2020-ci il tarixli, 21 284 349 saylı müqavilə bağlamış, müqavilənin şərtlərinə uyğun olaraq filial tərəfindən göstərilən xidmətlərə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin şərtləri yerinə yetirilməmişdir. Cavabdehə 2021-ci ilin pambıq mövsümündə 38055,58 manat məbləğində avans vəsaiti verilməklə xidmətlər göstərilmiş, pambıq yığımı dövründə cavabdeh 23718,65 manat dəyərində, 34080,96 kq xam pambığı kondisiya çəkidə yığıb təhvil vermiş, bununla da mövsüm üzrə 10046,93 manat məbləğində avans vəsaitlərə görə borcu qalmışdır. Bu isə cavabdehin müqavilə şərtlərinə əməl etməməsini, müqaviləyə uyğun olaraq filialdan becərmənin aparılmasından ötrü nağd şəkildə pul vəsaiti verilməsinə, kultivasiya və mala işlərin aparılmasına, azot, gübrə və digər dərman preparatları ilə təmin edilməsinə, becərmənin aparılmasına hər cür aqrotexniki tədbirlərin görülməsinə baxmayaraq, pambığın becərilməsini lazımi qaydada aparmamışdır. Bunun nəticəsidir ki, cavabdehin 2021-ci ilin yekununda pambıq sahəsindən əldə etdiyi məhsuldarlıq müqavilə şərtlərində göstərilənlərdən aşağı olmuşdur. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellayasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun çıxış etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, daşıma xərclərinin müqavilə üzrə verilmiş avans məbləğinə hər hansı aidiyyəti yoxdur və iddiaçı tərəfindən cavabdehə daşıma xidmətinin göstərilməsi ilə bağlı hər hansı öhdəlik götürülməmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki alıcı İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı ilə satıcı Cavabdeh arasında bağlanmış 22 dekabr 2020-ci il tarixli, 21 284 349 saylı “2021-ci il mövsümü üzrə xam pambığın alğı-satqısına dair” müqavilənin surətindən görünür ki, müqavilənin predmeti 2021-ci il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə satıcının sahəsində aparılan işlər) xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsindən ibarətdir. Həmin müqaviləyə əsasən, Cavabdeh 22,50 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və İddiaçı MMC-də saxlanılan etalonlara uyğun olaraq bütünlüklə kondisiya çəkidə, müqavilədə qeyd olunmuş qiymətlərlə İddiaçı MMC-nin mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2021-ci il tarixindən gec olmayaraq təhvil verir. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən, satıcının alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı alıcıya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə, o halda satıcı həmin yaranmış fərqi ödəməyə borcludur. Avans dedikdə bu müqavilə üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması nəticəsində satıcının alıcı qarşısında yaranan borc öhdəliyi nəzərdə tutulur. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, satıcı müqavilədə göstərilən həcmdə xam pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0,1 faiz həcmində alıcıya cərimə ödəyir. Əsas borc dedikdə, bu müqavilə ilə bağlı satıcı tərəfindən alıcı qarşısında bu müqavilə üzrə tədarük mövsümü bitənədək ödənilməyən avans məbləği nəzərdə tutulur. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, satıcı istehsal etdiyi xam pambığı alıcı ilə razılaşdırılmış pambıq qəbul məntəqəsinə təhvil verməlidir. İşdəki 22 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixinə 10046,93 manat əsas, 2953,80 manat cərimə borcu vardır. İş materiallarının 8-11-ci vərəqlərində olan cədvəldən görünür ki, 21 284 349 nömrəli müqavilə üzrə Cavabdeh cəmi 38055,58 manat məbləğində vəsait verilmişdir. Cəmi 4290 manat məbləğində olan ödənişlər, eləcə də, təhvil verilmiş xam pambığın ümumi dəyəri olan 23718,66 manat borc məbləğindən çıxılmış, yekun əsas borc qalığı 10046,93 manat olmuşdur. İş materiallarının 37-ci vərəqində olan 10 avqust 2021-ci il tarixli, Əyyub Əyyublu, Kəmaləddin Allahyarov, İbadət İsmayılov, Vilayət Əmirquliyev, Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış əlyazma aktdan görünür ki, Cavabdeh məxsus torpaq sahəsində əkilmiş pambıqla bağlı bütün aqrotexniki tədbirlər vaxtlı-vaxtında aparılmış, becərmə işləri optimal müddətdə həyata keçirilmişdir. Lakin sonradan sahədə “pambıq sovkası” aşkarlanmış, Cavabdeh onunla dərman preparatı vasitəsilə mübarizə aparmış, həmin dərman preparatları İddiaçı MMC-dən xx.xx.2021-ci ildə götürülmüş, lakin keyfiyyətsiz olmuş və “pambıq sovkası”na təsir etməmişdir. Aktda onun Cavabdeh dedikləri əsasında tərtib edildiyi göstərilmişdir. Məhkəmə kollegiyası 10 avqust 2021-ci il tarixli qeyd edilən aktı hazırkı iş üzrə sübut olaraq qəbul etmir və bildirir ki, aktda qeyd edilənlər aktın məzmunundan da göründüyü kimi, Cavabdeh bildirdikləri əsasında yazılmışdır. Lakin Cavabdeh həmin halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İşdəki birinci instansiya məhkəməsinin 07 dekabr 2022-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək, İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan 22,5 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürdüyünü, müqavilənin icrası ilə əlaqədar iddiaçıdan 38055,58 manat məbləğində avans götürdüyünü, həmin borc məbləğindən cəmi 4290 manat ödədiyini, həmin ərəfədə imkanı olmadığından borcunu ödəyə bilmədiyini, iddianı qismən qəbul etdiyini, gələcəkdə hissə-hissə borcunu ödəyəcəyini bildirmiş, iddianın cərimə borcu tələbinə dair hissəsini azaltmaqla təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdəki xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 129 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə iddiaçı 2021-ci il mövsümü üzrə xam pambığın alğı-satqısına dair 22 dekabr 2020-ci il tarixli, 21 284 349 saylı müqavilə üzrə yaranmış əsas və cərimə borcunun cavabdehdən tutulmasını tələb etmiş, öz tələbini cavabdehə müqavilə üzrə verilmiş avans məbləğinin tam olaraq geri qaytarılmaması və həmin məbləğdə xam pambığın təhvil verilməməsi, cavabdehin gecikdirmə üçün cərimə ödəməyi öhdəsinə götürməsi ilə əsaslandırmışdır. Cavabdeh isə birinci instansiya məhkəməsində aparılan icraat zamanı iddia tələbini qismən qəbul edərək, cərimə borcunun azaldılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə əsas borca dair hissədə iddianı tam təmin etmiş, cərimə borcuna aid hissədə Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək cərimə borcu məbləğini 200 manatadək azaltmışdır. Cavabdeh sonradan apellyasiya şikayəti verərək bildirmişdir ki, müqaviləyə əsasən iddiaçı xam pambığın əkin sahəsindən yığıldıqdan sonra daşıma xərclərini də üzərinə götürsə də, daşıma xərclərini qarşılamamış, həmin məbləğ cavabdeh tərəfindən ödənilmiş, daşıma xərcləri müəyyən edilərək iddia qiymətindən çıxılmamışdır. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş olsa da, iddia tələbinə dair apellyasiya şikayətində bildirdiyi etirazlarını qeyd etməmiş, əsas borcu tamamilə qəbul etmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, iş materialları ilə iddiaçının müqavilə üzrə cavabdehə daşıma xidməti göstərməsinin nəzərdə tutulması və ya daşıma xərclərinin iddiaçı tərəfindən qarşılanması ilə bağlı hər hansı şərt müəyyən edilmir. Belə ki, iş materiallarının 12-ci vərəqində olan 22 dekabr 2020-ci il tarixli, 21 284 349 nömrəli müqaviləyə əlavə olan qiymətlərin razılaşdırma protokolundan görünür ki, alıcı (iddiaçı) tərəfindən satıcıya (cavabdehə) göstərilən aqrotexniki və xam pambığın qurudulması xidmətləri içərisində daşıma xidmətinin göstərilməsi qeyd edilməmişdir. Həmçinin, müqavilənin 6.1-ci bəndində satıcının üzərinə istehsal etdiyi xam pambığı alıcı ilə razılaşdırılmış pambıq qəbul məntəqəsinə təhvil vermək vəzifəsi qoyulmuşdur. Bundan başqa, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası protokolunda və qətnamədə onun izahatının təhrif edildiyini qeyd etsə də, iş materiallarında protokola yazılı qeydlərin verilməsinə dair cavabdehin hər hansı ərizəsi aşkar olunmur, odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından aydın olur ki, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 38055,58 manat məbləğində avans vəsaiti verilmiş, cəmi 4290 manat məbləğində olan ödənişlər, eləcə də, təhvil verilmiş xam pambığın ümumi dəyəri olan 23718,66 manat borc məbləğindən çıxılmış, yekun əsas borc qalığı 10046,93 manat olmuşdur. İddiaçı tərəfindən cavabdehə 38055,58 manat məbləğində avans vəsaitinin verilməsi, cavabdehin isə ödənilməyən yekun avans məbləği üzrə 10046,93 manat borcunun qalması faktı təsdiq olunduğundan, həmin məbləğin geri qaytarılması ilə bağlı iddiaçının tələbi əsaslıdır. Odur ki, apellyasiya şikayəti əsas borca dair hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə borcuna dair hissəsi ilə bağlı onu bildirir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən təmin etməklə, 200 manat məbləğində cərimə borcu müəyyən edərək maddi hüquq normalarını düzgün tətbiq və təfsir etmişdir. Hazırkı işin hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, cərimə borcunun məbləğinin apellyasiya şikayəti əsasında daha da azaldılması kreditorun əmlak mənafeləri pozulmasına gətirib çıxaracağından, cərimə borcuna aid hissədə də apellyasiya şikayəti təmin edilməməlidir. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun 100 manat hissəsinin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair gəldiyi nəticə MPM-in 107 və 119.1-ci maddələrinin tələbləri baxımından əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(020)-1642/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Beyləqan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(020)-1642/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(020)-1642/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2(106)-912/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-912/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver