Məhkəmə qərarları › İş №2(106)-914/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-914/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-914/2025 06.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul və dəymiş ziyan” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-148/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7334 manat məbləğində pulun və ödənilmiş 94 manat dövlət rüsumunun və vəkil xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin ikinci yarısında cavabdeh ona zəng edərək ona 3000 manat təcili pul lazım olduğunu, borc yiyəsi tərəfindən hədələndiyini və kömək etməsini xahiş etmiş, o, adına kredit olduğunu, lakin kömək etməyə çalışacağını demişdir. 2020-ci ilin ikinci yarısında o, “ParaBOKT” Xalqlar Dostluğu filialından qızıl-zinət əşyalarını girov qoyaraq 3060 manat pul götürmüş və həmin pulu qohumu Sabirabad rayonu Nizami kənd məktəbində müəllimə işləyən Cavabdeh vermişdir. Həmin vaxt yanında atası X1 və həyat yoldaşı X5 olmuşdur. Onlar həmin hadisənin şahidi oldular. O, cavabdehə demişdir ki, elə etsin, onun qızılları batmasın. Cavabdeh onu əmin etmişdir ki, lotoreya oynayır, narahat olmasın, ödəyəcəkdir. Daha sonra cavabdeh ona yenidən zəng edərək 1000 manat təcili pul lazım olduğunu bildirmiş, o, Daşqın adlı şəxsdən 1000 manat borc götürüb cavabdehə vermiş, beləliklə, sonuncunun ona 4060 manat borcu yaranmışdır. Daha sonra bibisinin yas mərasimində cavabdehlə qarşılaşdıqları vaxt cavabdeh bildirmişdir ki, o, ödənişlərini edir, mümkünsə, 2000 manat da düzəltsin, o, aylığı ödəyəcəkdir. Həmin vaxta qədər cavabdeh bankın ödənişlərini edirdi. O, 2020-ci ilin sentyabr ayında bankdan 2000 götürüb cavabdehə vermiş, cavabdeh lotoreya oynadığı üçün 2000 manat borcu iki dəfəyə qaytarmışdır. Müqavilələr onun adına olsa da, aralarındakı razılıq belə oldu ki, əsas borc və faizlər cavabdehin özü tərəfindən ödəniləcək. Cavabdeh bir müddət kredit cədvəlinə uyğun olaraq aylıq 386 manat ödəniş etsə də, sonradan 2021-ci ilin oktyabr ayından ödəniş etməkdən yayındı. Aralarında mübahisələr yarandığı üçün cavabdeh onu inandırmaq üçün maaş kartını verdi ki, kartdan o, ödəsin. Lakin sonradan görmüşdür ki, maaş kartı cavabdeh tərəfindən bağlatdırılmışdır. Dəfələrlə bununla bağlı xəbərdarlıq etsə də, yalnız 2022-ci ilin yanvar ayında 200 manat şəxsən ona verərək borcdan silməsini xahiş etmişdir. O, qalan məbləği düzəldərək aylıq kredit borcunu ödəmişdir. Beləliklə, o, cavabdehin yerinə 3274 manat faiz borcu ödəmişdir. Nəticədə, cavabdehin hazırda 4060 manat verdiyi pulla birlikdə 7334 manat borcu qalmışdır. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində qızıl-zinət əşyaları bank tərəfindən satılmış və ona maddi ziyan dəymişdir. O, məsələ ilə bağlı şifahi qaydada dəfələrlə cavabdehə müraciət etsə də, o, borcunu etiraf etməsinə, müəyyən müddət ödəniş etməsinə baxmayaraq, məsələnin həlli ilə bağlı ödəniş etmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənləri təkrar edərək və əlavə olaraq bildirdi ki, Vüsalə ilə ilə dayı qızı-bibi qızıdır. Vüsalə 2020-ci ildə bildirmişdir ki, borcları var, borc sahibləri onu öldürür, ona borc pul lazımdır, evini satdığa qoymuşdur, evini satan kimi onun pulunu qaytaracaqdır. Həmin vaxtlar, həqiqətən də, evini satdığa qoymuşdur. O, kredit götürüb 3060 manat Vüsaləyə vermiş, Vüsalə də ona bankın ödənişlərini etməsi üçün öz kartını vermişdir. Həmin vaxtlar onun kartından 160-170 manat arası pul çıxırdı. Bankın da aylığı 205 manat idi. O, 7-8 ay cavabdehin kartından 170 manata yaxın pul çıxarmış, sonra Vüsalə ona demişdir ki, kartını ona geri qaytarsın və o, lombard işlədən Kənan adlı şəxsdən pul götürəcəkdir. Kartının qaytarılması qarşılığında da öz iş yoldaşının kartını göndərəcəyini, pulu oradan çıxaracağını bildirmişdir. O, Vüsalənin sözü ilə Vüsalənin kartını özünə qaytarmış, Vüsalə də iş yoldaşının kartını ona göndərmişdir. Həmin kartdan da o, 4-5 ay 205 manatdan pul çıxarmışdır. 4-5 aydan sonra həmin kart bağlanmışdır. O, bu barədə maraqlandıqda kartın sahibinin kartı bağlatdırdığını öyrənmişdir. Bundan sonra o, Vüsalədən pulunu istəməyə başlamış, Vüsalə hər dəfə onu fırlatmışdır. Gah demişdir ki, evini satır, gah demişdir ki, lotoreya oynayır, lakin heç nə ödəmirdi. O, Vüsalənin yerinə banka pul ödəyirdi. Sonradan ödənişləri çatdıra bilmədi. Nəticədə, onun qızılları da bankda batdı. Bankdan pul götürməyi Vüsalə ondan istəməmişdi. Sadəcə olaraq ilk dəfə Vüsalə ondan pul istəyəndə, qeyd etdiyi kimi, ərinə məxsus 2000 manatı vermiş, Vüsalə də həmin pulu vaxtında qaytardığı üçün ona inanmışdır. Növbəti dəfə borcu isə bibisinin yas məclisində istəmiş, həmin zaman ona bildirmişdir ki, “Ruxa borc sahibləri məni öldürür, mənə təcili borc lazımdı”. O da həmin vaxt 3060 manat “ParaBokt”dan, 1000 manat da bir qadından götürüb Vüsaləyə vermişdir. 1000 manat götürdüyü pulu faizə götürüb vermişdi. Vüsalə həmin pulu vaxtında ödəmədiyi üçün borc şişməyə başlayırdı. O da borc şişməsin deyə yenə də “ParaBokt”dan 1000 manat götürüb həmin qadına vermişdir ki, qadına olan borc bağlansın və borc bir yerə olsun. Banka olan pulun da aylıqlarını Vüsalə tam ödəmədi, həmin 4060 manat faizlə birgə qalxıb 7334 manat oldu. Banka ödəniş çekləri 4 il keçdiyi üçün onda qalmamışdır. O, bankdan götürdüyü kreditlə bağlı sənədi vəkilinə vermiş, vəkili həmin sənədi iş materiallarına əlavə etmişdir. Girov qoyduğu qızıllar da həmin müqavilədə göstərilmişdir. Beləliklə o, Vüsaləyə 3060 manat bir, 1000 manat bir, 2000 manat bir, 2000 manat da bir vermişdir. İlk dəfə 2000 manatı borc istəyəndə pulu olmadığını, evdə ərinin 2000 manat pulu olduğunu, həmin pulu qısa müddətdə qaytarması şərti ilə verə biləcəyini demiş, Vüsalə razılaşmış, həmin pulu da Vüsalə aldıqdan sonra geri qaytarmışdır. Həmin pul onun ərinə məxsus olmuşdur. Bir dəfə də 2000 manat borc vermiş, həmin pulu da Daşqın adlı şəxsdən götürüb vermiş, həmin pulu da cavabdeh qaytarmışdır. Hazırda onun tələbi bankdan götürüb Vüsaləyə verdiyi 4060 manat əsas borc və bankın əsas borcu ödənilmədiyi üçün hesablanmış faiz borcudur. Qeyd etdiklərinə əsasən o, məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, iddiaçıdan, ümumilikdə, 6060 manat olmaqla, 3060 manat bir, 1000 manat bir, 2000 manat da bir borc pul almışdır. Bir dəfə də ərinə məxsus 2000 manat pulu ona borc vermişdir. İddiaçı özü də 2000 manat pulların onun tərəfindən ödənildiyini bildirmişdir. O, almış olduğu borc pulun qarşılığında özünün və iş yoldaşı Könül xanımın əmək haqqı kartını iddiaçıya vermiş, iddiaçı həmin kartdan hər ay pul çıxarmaqla borclu olduğu pulu götürmüşdür. O, iddiaçıdan bankdan kredit götürüb ona borc verməsini xahiş etməmişdir. O, məhkəməyə özünün və iş yoldaşının əmək haqqı kartından çıxarış təqdim etmişdir. Həmin kartlar üzrə çıxarışdan da görünür ki, onların əmək haqqı Bakı şəhərində, Şirvan şəhərində və digər müxtəlif ünvanlarda çıxarılmışdır. O, müəllim işləyir və əmək haqqını heç vaxt başqa yerlərdən çıxarmamışdır. İddiaçı ona pulu faizlə vermişdi. Təqdim etdiyi əmək haqqı kartlarından çıxarış üzrə çıxarılmış məbləğlər toplandıqda da onun etdiyi ödənişlərin miqdarından da aydın olar ki, o, iddiaçıdan faizlə pul götürdüyü üçün iddiaçıya artıq məbləğdə ödəniş etmişdir. Sonuncu qalan borcunu 2021-ci ilin yay aylarında bağlamışdır. Belə ki, o, lombarddan pul götürüb oğluna vermiş, oğlu Əli Sabirabad rayon dairəsində iddiaçı və onun ərinə həmin pulu vermiş, bununla da borc məbləği tam ödənilmişdir. Əmək haqqı kartı isə sentyabr ayında qaytarılmışdır. Səs yazısına gəldikdə isə bildirir ki, həmin səs yazısı təxminən 2021-ci ilin yay aylarına aiddir. Yay aylarında onlar müəllim olaraq məzuniyyətdə olduqları üçün əmək haqqı almırlar. Buna görə də o, səs yazılarında iddiaçıya bir qədər onu gözləməsini bildirmişdir. Hazırda onun iddiaçıya borcu yoxdur. Ona görə də o, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 bildirdi ki, iş materialları nəzərdən keçiriləndə görünür ki, iddiaçı hazırki iddia da daxil olmaqla 3 dəfə - 2022, 2023 və 2024-cü illərdə məhkəməyə müraciət etmiş, əvəlki iki iddia baxılmamış qalmışdır. Birinci və ikinci iddia ərizəsində iddiaçı göstərmişdir ki, o, 2020-ci ilin ikinci yarısında “ParaBOKT” Xalqlar filialından qızıl-zinət əşyalarını girov qoyaraq 4060 manat pul götürmüş və həmin pulu cavabdehə vermiş, cavabdeh 4-5 ay 386 manat aylıq ödənişləri etsə də, 2021-ci ilin oktyabr ayından ödəniş etməkdən yayınmış, onu inandırmaq üçün maaş kartını vermiş, lakin görmüşdür ki, maaş kartını bağlatdırmışdır. Dəfələrlə şifahi xəbərdarlıq etsə də, yalnız 2022-ci ilin yanvar ayında 200 manat ona verərək borcdan silinməsini xahiş etmişdir. Hazırki iddia ərizəsində isə cavabdehin ona 3000 manat pul lazım olduğunu bildirdiyini, 2020-ci ilin ikinci yarısında öz adına “ParaBOKT” Xalqlar filialından qızıl-zinət əşyalarını girov qoyaraq 3060 manat pul götürdüyünü göstərmişdir. Lakin göründüyü kimi, iddiaçı məhkəmə gedişi zamanı ondan 2020-ci ilə aid “ParaBOKT” Xalqlar filialı ilə bağlamış olduğu müqaviləni təqdim etməsi tələb olunsa da, o, istinad etdiyi müqaviləni sübut növü olaraq məhkəməyə təqdim etməmiş və ya edə bilməmişdir. İddia ərizəsinə əlavə etdiyi müqavilə isə xx.xx.2022-ci il tarixinə aiddir və həmin müqavilə “ParaBOKT” ilə deyil, "xxxx" QSC ilə bağlanmışdır və həmin müqavilə üzrə kreditin məbləği 20510 manat olmuşdur. Bundan başqa, iddiaçı keçən məhkəmə iclasında girov qoyduğu qızılların pul məbləği ödənilmədiyi üçün batdığını bildirmiş, lakin hazırda məhkəməyə təqdim etmiş olduğu hansısa fərdi lombard sənədindən görünür ki, iddiaçı 31.10.202-ci il tarixdə 4000 manat borc götürmüş və xx.xx.2021- ci il tarixdə 4000 manat borcu qaytarmışdır. Bu müddət ərzində 2603,3 faiz ödəmələri də etmişdir. Borcu tam bağladıqdan sonra girov qoyduğu qızıl-zinət əşyalarını təhvil almışdır. Buradan da görünür ki, iddiaçı doğru olmayan məlumatlar verir. 2020-ci ildə iddiaçı Vüsalənin təqsirindən qızıllarını girov qoymuşdusa və qızıllar batmışdısa, 2022-ci ildə qızıllar necə yenidən girov qoyulur? O, məhkəməyə Vüsalə və Könül adlı Vüsalənin tanışı olan xanımın əmək haqqı kartlarından edilmiş çıxarışlar barədə sənəd və cədvəl təqdim etmişdir. Çıxarışlardan da görünür ki, hər iki əmək haqqı kartlarından çıxarışlar eyni gündə həyata keçirilmişdir. Çıxarışlardan görünür ki, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək Vüsalənin kartından 4076 manat, Könülün kartından xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 8631 manat, ümumilikdə, 13337 manat pul çıxarılmışdır. Buradan da göründüyü kimi, iddiaçı cavabdehə faizlə borc pul vermiş, buna görə də cavabdeh ona artıqlaması ilə ödənişlər etməli olmuşdur. İkinci iddia ərizəsi üzrə işə məhkəmədə baxılarkən onun tərəfindən qeyd etdiyi Vüsalə və Könül adlı şəxslərin əmək haqqı kartlarından edilmiş çıxarışlar üzrə bankomatların videogörüntülərin əldə edilməsi ilə bağlı vəsatət verilmiş, vəsatəti təmin edilsə də, bank aradan keçən uzun müddət ilə əlaqədar videogörüntülərin qalmadığı barədə cavabla məhkəməyə müraciət etmişdir. Hazırki iddia üzrə işə baxılarkən isə o, çıxarışların edildiyi dövrə aid videogörüntülərin əldə edilməsi mümkün olmadığı üçün həmin dövrdə iddiaçı, Vüsalə və Könül adlı şəxslərin anten məlumatlarının əldə edilməsi barədə vəsatət vermiş, lakin təəssüf ki, məhkəmə bu vəsatət əsasında əldə ediləcək məlumatın ehtimala əsaslanacağını, dəqiq sübut növü olmayacağını əsas gətirib vəsatətini təmin etməmişdir. Əslində vəsatəti təmin edilmiş olsa idi, tərəflərin göstərilən vaxtda harada olmaları, bununla da çıxarışların kim tərəfindən edilməsi sübut olunardı. İddiaçının təqdim etdiyi səs yazısına gəldikdə isə, qeyd edilməlidir ki, səs yazısı, həqiqətən də, cavabdehə məxsusdur. Lakin səs yazılarında nə qədər borc götürülməsindən və nə qədər borc qalmasından söhbət getmir. Cavabdeh özü də bildirir ki, həmin səs yazısı onlar arasında borcun olduğu dövrü əhatə edir. Beləliklə, görünür ki, cavabdeh iddiaçıdan aldığı borcu tam şəkildə iddiaçıya ödəmiş və hazırda borcu qalmamışdır. Odur ki, o, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-148/2025 nömrəli qətnaməsi ilə (Hakim: Səlim Allahverdiyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 1475 (bir min dörd yüz yetmiş beş) manat məbləğində borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 40 (qırx) manat olmaqla, ümumilikdə, 1515 (bir min beş yüz on beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-148/2025 nömrəli qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmənin işə obyektiv yanaşmaması oradan açıq şəkildə görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar, izahatlar qətnamədə öz əksini tapmamış və əsaslandırma aparılmamışdır. Belə ki, cavabdeh tərəfin nümayəndəsi və vəkilinin məhkəmə çıxışı tam şəkildə qətnaməyə yazılsa da, iddiaçı və nümayəndəsinin çıxışı qətnaməyə yazılmamışdır. Bundan başqa, məhkəməyə təqdim olunmuş CD diskin ümumi məzmunu, orada pulun alınması və qaytarılmaması ilə bağlı mövqelərə açıqlama gətirilməmişdir. Hansı ki, həmin diskdə tərəflər arasında aparılmış danışıqlarda pulun cavabdeh tərəfindən tam şəkildə qaytarılmaması açıq şəkildə görünür. Bundan başqa, cavabdeh məhkəmə iclasında iddiaçıdan 6060 manat pulun alınmasını etiraf etsə də, necə qaytarmasına MPM-nin 77.1ci maddəsinə uyğun qaydada hüquqi qiymət verməmişdir. Sanki iddiaçı tərəfin sübutları xülasə kimi qətnamədə qeyd olunmuşdur. Cavabdeh tərəfə isə heç bir sübut təqdim etməsə də, iddia ilə bağlı verdiyi yersiz vəsatətləri belə qətnaməyə yazılmışdır. Həmin vəsatətlərə diqqət yetirdikdə isə pulun qaytarılmasına dəalət etməyən, birbaşa işin yubanmasına yönəlik vəsatətlər olması açıq şəkildə görünür (anten dairəsi, videogörüntü, bank çıxarışları və s.) Cavabdeh pulun alınmasını etiraf etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)148/2025 saylı qətnaməsinin qismən ləğv olunmasını və iddia tələbinin tam şəkildə təmin olunması barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, iddiaçı X2 ona qarşı reqress qaydada pulun tutulmasına dair məhkəmədə birinci dəfə 2022-ci ildə iddia qaldıraraq iddia ərizəsində göstərmişdir ki, 2020-ci ilin ikinci yarsında “ParaBOKT” Xalqlar filialından qızılzinət girov qoymaqla 4060 manat götürüb həmin pulları ona vermiş, o da həmin puldan 4-5 ay kredit cədvəlinə uyğun olaraq 386 manat ödəniş etmiş, 2021-ci ilin oktyabr ayında ödənişi dayandırmış, əmək haqqı kartını verib, sonra da bağlatdırmış, 2022-ci ilin yanvar ayında 200 manat şəxsən ona vermişdir ki, borcundan silinsin, 3274 manat faiz və 4060 manat əsas pulunu, cəmi 7334 manat tələb edir. Rüxsarə İsgəndərovanın ona qarşı dəymiş ziyan tələbinə dair 2023-cü ildə məhkəməyə yenidən ünvanladığı ikinci iddia ərizəsi ilə 2022-ci ildə məhkəməyə ünvanladığı ərizə eyni məzmunludur. Rüxsarə İsgəndərova ona qarşı pul və dəymiş ziyan tələbinə dair 2024-cü ildə məhkəməyə ünvanlandığı üçüncü iddia ərizəsində 2020-ci ilin ikinci yarsında “ParaBOKT” Xalqlar Dostluğu filialından qızıl-zinət əşyalarını girov qoyaraq 3060 manat pul götürdüyünü, həmin pulları ona verdiyini, bundan sonra yenidən ona 1000 manat borc verdiyini, 2020-ci ilin sentyabr ayında bankdan 2000 manat götürüb ona verdiyini, hər dəfəsində 1000 manat olmaqla iki dəfəyə 2000 manat pulu ona qaytardığını, bir müddət kredit cədvəlinə uyğun olaraq aylıq 386 manat ödəniş etdiyini, 2021-ci ilin oktyabr ayında ödəniş etməkdən yayındığını, maaş kartını ona verdiyini, sonra kartı bağlatdırdığını, 2022-ci ilin yanvar ayında 200 manat şəxsən ona verdiyini, əvəzindən 3274 manat faiz və 4060 manat, ümumilikdə, 7334 manat tələb edir. İddia ərizələri ilə bağlı bildirir ki, iddiaçı birinci və ikinci iddia ərizələrində 2020-ci ilin ikinci yarsında “ParaBOKT” Xalqlar filialından qızıl-zinət əşyalarını girov qoymaqla 4060 manat pul götürüb ona verdiyini, üçüncü iddia ərizəsində isə 2020-ci ilin ikinci yarsında “ParaBOKT” Xalqlar filalından qızıl-zinət əşyalarının girov qoymaqla 3060 manat pul götürüb ona verdiyini qeyd edir. İddia ərizələrində vaxt və məkan eyni göstərilsə də, borc verilən pulun məbləğində 1000 manat fərq yaranır. İddia ərizəsinə iddiaçı Rüxsarə İsgəndərova “ParaBOKT” Xalqlar filialı ilə aralarında olan müqaviləni əlavə etdiyini qeyd etsə də, "xxxx" QSC ilə aralarında bağlanmış 31 may 2022ci il tarixli kredit (borc) və girov müqaviləsinin, filiala girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktının və ödəniş cədvəlinin surətlərini əlavə etmişdir. Həmin müqavilədə də kreditin məbləği 3000, 4060 manat deyil, 20510 manat göstərilmişdir. Mübahisəsiz qaydada təsdiq olunur ki, iddiaçı qızıl-zinət əşyalarını girov qoymaqla 31 may 2022-ci ildə kredit götürüb 2020-ci ilin ikinci yarsında həmin krediti ona verməsi mümkün deyildir. Bundan başqa, iddiaçı məhkəmə baxışı zamanı bildirdi ki, ona verdiyi borcu vaxtında ödəmədiyinə görə onun girov qoyduğu qızıl-zinət əşyaları bank tərəfindən götürülmüşdür. Bank tərəfindən 2020-ci ilin kredit borcuna görə götürülmüş qızıl-zinət əşyalarını da yenidən 2022-ci ildə girov qoyaraq kredit götürmək mümkün deyildir. Bu hal iddiaçı Rüxsarə İsgəndərovanın iddia ərizələrinə əlavə etdiyi 31 may 2022ci il tarixli kredit (borc) və girov müqaviləsinin, filiala girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktının və ödəniş cədvəlinin surətləri ilə təsdiq olunur. İddiaçı iddia ərizəsində ona verdiyi maaş kartını sonradan bağlatdırdığını qeyd etsə də, məhkəmə baxışı zamanı izahatında bunun əksi olaraq verdiyi maaş kartını özünün ona qaytardığını bildirdi. O, iddiaçıdan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə götürdüyü pulları artıqlaması ilə ona qaytarmışdır. Belə ki, iddiaçıya nəğd qaytardığı pullardan başqa özünün və müəllimə yoldaşı Könül xanımın da əmək haqqı kartını ona vermişdir ki, hər ay həmin kartlardan pul çıxarsın. İddiaçı 30 aprel 2020-ci ildən başlayaraq 17 iyul 2021-ci ilədək olan müddətdə əmək haqqı kartından 4706 manat, 31 may 2020-ci ildən başlayaraq 05 iyul 2021-ci ilədək olan müddətdə isə Könül müəllimənin əmək haqqı kartında 8631 manat olmaqla, hər iki əmək haqqı kartından, ümumilikdə, 13337 manat pul çıxarmışdır. Məhkəmə baxışı zamanı iddiaçı izahatında özünün və Könül müəllimənin əmək haqqı kartlarını ona verdiyini və müxtəlif vaxtlarda həmin kartlardan pul çıxardığını etiraf etmişdir. Sadəcə kartların iddiaçıda olması müddətləri və oradan çıxarılan pulların məbləği ilə bağlı iddiaçı ilə aralarında mübahisə yaranmışdır. Həmin mübahisənin aradan qaldırılması üçün yuxarıda qeyd etdiyi hər iki kartdan çıxarılan pulların təqdim etdikləri çıxarışa əsasən çıxarılan zamana olan videogörüntülərinin əldə edilməsi barədə vəsatətlərinin təmin olunsa da, aradan uzun müddət keçdiyindən bank tərəfindən icrası mümkün olmamışdır. Bundan sonra yuxarıda qeyd edilən hər iki əmək haqqı kartlarından pul çıxarılan tarixlərdə iddiaçının, onun və Könül müəllimənin istifadəsində olmuş mobil nömrələrin anten dasirəsinin müəyyən edilməsi barədə verdiyi əsaslı vəsatət, təssüf ki, məhkəmə tərəfindən təmin edilməmişdir. Çıxarışlardan da görünür ki, hər iki əmək haqqı kartından pullar onun və Könül müəllimənin yaşadıqları Sabirabad rayonu ərazisində yerləşən bankomatlardan deyil, əksər hallarda hər iki kartdan eyni gündə və eyni bankomatdan pul çıxarılmışdır (Şirvan, Bakı şəhəri, bir dəfə də Saatlı rayonunda). Bu da onu deməyə əsas verir ki, əmək haqqı kartları yuxarıda qeyd etdiyi müddətdə iddiaçıda olmuşdur. Məhkəmə iddiaçının iddiasını qismən təmin edərkən onun iddiaçı ilə son vaxtlar münasibətlərinin pisləşməsini nəzərə almamışdır. Hər iki kart üzrə bankomatlardan pul çıxarılmasını təsdiq edən videogörüntülər xeyli vaxt keçdiyindən həmin görüntülərin əldə edilməsi mümkün olmamışdır. Məhkəmə tərəflərin bankomatdan pul çıxarılan vaxtlarda anten dairəsinin müəyyən edilməsinə dair vəsatətini təmin etməmişdir. Sabirabad Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(056)-148/2025 nömrəli qətnaməsini iddianın təmin olunması hissəsində ləğv edərək, iddianın tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə baxışı zamanı apellyasiya şikayətinin təmin olunmasını, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-148/2025 saylı qətnaməsinin qismən ləğv olunmasını və iddia tələbinin tam şəkildə təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı zamanı apellyasiya şikayətinin təmin olunmasını, Sabirabad Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(056)-148/2025 nömrəli qətnaməsini iddianın təmin olunması hissəsində ləğv edərək, iddianın tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 da məhkəmə baxışı zamanı apellyasiya şikayətinin təmin olunmasını, Sabirabad Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(056)-148/2025 nömrəli qətnaməsini iddianın təmin olunması hissəsində ləğv edərək, iddianın tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinin dəlilləri həddində, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-148/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən(mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-148/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Həsənəli qızının Cavabdeh əvvəlcə 3060, daha sonra 1000 manat olmaqla, cəmi 4060 manat pul verməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli hallarından biri ondan ibarətdir ki, iddiaçı cavabdehə verdiyi pulu 2020-ci ilin ikinci yarısında “ParaBOKT” Xalqlar Dostluğu filialından qızıl-zinət əşyalarını girov qoyaraq götürdüyünü, həmin pula görə cavabdehin əvəzinə 3274 manat faiz borcu ödədiyini bildirir və cavabdehdən, ümumilikdə, 7334 manat pul tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İddiaçı bankdan kredit götürüb cavabdehə 3060 manat verməsi, cavabdehin də istinad edilən kredit müqaviləsi üzrə ödənişləri (faiz də daxil olmaqla) üzərinə götürməsini göstərsə də, bu barədə nə birinci, nə də ki apellyasiya instansiyası məhkəməsinə sübut təqdim etmişdir. Əksinə, iddiaçının təqdim etdiyi "xxxx" QSC ilə İddiaçı Həsənəli qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" QSC İddiaçı Həsənəli qızına 36 ay müddətinə illik 38% dərəcəsi ilə 20510 manat məbləğində kredit vermiş, kreditin təminatı olaraq "xxxx" MMC-nin Xalqlar filialına cəmi likvid dəyəri 7097 ABŞ dolları olan 364,15 qram çəkidə qızıl-zinət əşyaları girov qoyulmuşdur. Göründüyü kimi, iddiaçının istinad etdiyi müqavilə “ParaBOKT” ilə deyil, "xxxx" QSC ilə bağlanmışdır və həmin müqavilə üzrə kreditin məbləği 20510 manat olmuşdur. Bundan başqa, iddiaçı girov qoyduğu qızılların müqabilində pul məbləği ödənilmədiyi üçün qızılların ondan alındığını bildirmiş, lakin məhkəməyə təqdim etmiş olduğu fərdi lombard sənədindən görünür ki, iddiaçı 31.10.202-ci il tarixdə 4000 manat borc götürmüş və xx.xx.2021- ci il tarixdə 4000 manat borcu qaytarmışdır. Bu müddət ərzində 2603,3 manat faiz ödəmələri də etmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının göstərdiyi xüsusatları inandırıcı hesab etmir və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İddiaçı apellyasiya şikayətində göstərir ki, cavabdeh iddiaçıdan 6060 manat pulun alınmasını etiraf etsə də, necə qaytarmasına birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, əvvəla, iddiaçı özü həm iddia ərizəsində, həm izahatında cavabdehin 6060 manat puldan 2000 manatı qaytarmasını etiraf etmişdir. Mübahisəli məqam olan 4060 manatla bağlı isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının bankdan kredit götürüb cavabdehə 4060 manat verməsi, cavabdehin də istinad edilən kredit müqaviləsi üzrə ödənişləri (faiz də daxil olmaqla) üzərinə götürməsi barədə sübut olmadığından, iddiaçı sübut təqdim etməsə də, cavabdeh iddiaçıdan 4060 manat borc pul almasını etiraf etdiyindən, borc məbləğini tam bağlamasını bildirsə də, cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, həmçinin iddiaçı cavabdehin kartının 7-8 ay onda olduğunu, dəqiq xatırlamadığı üçün həmin müddətdə 160-170 manat arası məbləği kartdan çıxardığını, cavabdehin tanışının da kartının 4-5 ay onda olduğunu, həmin dövrdə də həmin kartdan hər ay 205 manat çıxardığını, digər tərəfdən də cavabdehin sonuncu dəfə ona əlbəəl 200 manat borcundan verdiyini etiraf etdiyindən, cavabdehin iddiaçıya mövcud olan 4060 manat borcundan cavabdehin və onun tanışının kartından iddiaçının borc qarşılığı çıxarmış olduğu vəsait və əlbəəl ödənilmiş vəsaitin çıxılması, yəni iddiaçının kartlardan etdiyi çıxarış məbləğləri (cavabdehə münasibətdə) və müddətləri (müddətləri nisbi olaraq göstərmişdir) iddiaçının bildirdiyi ən uzun müddətə və məbləğə uyğun nəzərə alınmaqla (170 manat x 8 ay = 1360 manat, 205 manat x 5 ay = 1025 manat, 1360 manat + 1025 manat = 2385 manat) 2385 manat və cavabdehin iddiaçıya əlbəəl ödədiyi 200 manat (2385 manat + 200 manat = 2585 manat) 4060 manat puldan çıxılması (4060 manat - 2585 manat = 1475 manat), cavabdehdən iddiaçıya yaranmış borca görə 1475 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehin kredit müqaviləsi üzrə üzərinə faiz ödəmək öhdəliyi götürməsi, ümumiyyətlə, ididaçının kredit götürüb cavabdehə borc pul verməsi sübuta yetmədiyindən 3274 manat pulun cavabdehdən tutulması təmin edilə bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə düzgün nəticəyə gəlmişdir. Bundan başqa, İddiaçı Həsənəli qızı apellyasiya şikayətində göstərir ki, məhkəməyə təqdim edilmiş CD diskdən tərəflər arasındakı danışıqlardan pulun cavabdeh tərəfindən tam şəkildə qaytarılmaması açıq şəkildə görünsə də, birinci instansiya məhkəməsi bu halı araşdırmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin səs yazısında cavabdehin iddiaçıdan almış olduğu pul məbləğini qaytaracağı barədə dedikləri əks olunsa da, səs yazısından cavadehin iddiaçıdan nə qədər, hansı şərtlərlə borc alması, qalıq borcun məbləği məlum olmur, ümumiyyətlə, həmin səs yazısının nə zaman qeydə alındığı da bəlli deyil. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, sözügedən disk hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər formal xarakterli olmaqla heç bir araşdırma zərurətini ortaya çıxarmır və daha çox iddiaçının apellyasiya şikayətinə etirazdan ibarətdir. Belə ki, apellyasiya şikayəti faktlara deyil, fərziyyələrə əsaslanmışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-148/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-148/2025 nömrəli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar