Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-917/2024 02.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Tərlan oğlunun sədrliyi ilə, Heydərov Tofiq Xudayar oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(056)-802/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmiyyətin əmlakına (maddi qiymətlərlə) vurulmuş ziyana görə ödənilməmiş 20343,52 manatın, mediasiya xərci üçün ödənilmiş 50 manatın və dövlət rüsumu kimi ödənilmiş 102 manatın tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-802/2023 saylı qətnaməsi ilə (hakim Səlim Allahverdiyev) iddia təmin edilərək Cavabdeh dəymiş zərərin əvəzi 20343,52 manat, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102 manat və mediasiya prosesi üçün ödənilmiş 50 manat, ümumilikdə 20495,52 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında X3 haqqında müqavilə imzalanmışdır. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixində İddiaçı MMC-nin İddiaçı Biləcəri 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin iddiaçıya zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixində “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 20866,46 manat məbləğində müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan şirkət tərəfindən müvafiq güzəştlər edilmişdir. Beləliklə, cavabdehin hal-hazırda İddiaçı MMC-nə ümumilikdə 20343,52 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-802/2023 saylı qətnaməsi barədə o, 2024-cü ilin fevral ayında icra şöbəsində olarkən məlumat almış və xx.xx.2024-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək qətnaməni götürmüşdür. Həmin vaxta kimi o, məhkəmə iclasları və barəsində belə bir qətnamənin qəbul edilməsindən xəbərsiz olmuşdur. Mağaza müdiri vəzifəsinə xx.xx.2021-ci il tarixdən başlamış, qısa müddət sоnra xx.xx.2022-ci il tarixdə öz istəyi ilə mağaza müdirliyindən azad еdilmişdir. Bildirir ki, kеçən qısa müddət ərzində bu qədər malın əskik gəlməsi bir halda оla bilər ki, o açıq-aşkar malı daşıyıb aparsın, yəni оğurluq еtsin. Bu hal isə оlmamışdır. İşin halı оndan ibarətdir ki, mağazada satıcı işləyən şəxs tərəfindən oğurluq edildiyini aşkar еdib bu barədə Baş ofisə bildirsə də, оğrunun barəsində tədbir görmək əvəzinə onun izahatı alınaraq öz işinə davam etməsi barədə göstəriş verilmişdir. O, müdir təyin edildikdən sonra dəfələrlə baş ofisə müraciət edib, mağazada sayım keçirilməsini xahiş etsə də, xahişi nəzərə alınmamışdır. xx.xx.2022-ci il tarixdə onun iştirakı ilə mağazada inventarizasiya olanda, inventarizasiya edən İddiaçı MMC-nin əməkdaşları ona dedilər ki, “təqdim edilən sənədə qol çək mağazanı təhvil ver. Əgər qol çəkməsən mağaza sənin adında qalacaq.” O da məcbur olub qol çəkmişdir. İnventarizasiya nəticələrini soruşanda ona dedilər ki, nəticələr barədə məlumatı Baş ofisdən alacaqdır. Səhəri gün Baş ofisə gedib, oradan məlumat almışdır ki, 20343,52 manat mal əskikdir və bu məbləğdə mağazaya ziyan vurulub. Bütün bu baş vеrənlər onda bеlə bir fikir fоrmalaşdırmışdır ki, kimlərinsə səhlənkarlığı, təqsiri ucbatından mağazada mal əskikliyi оlmuş, müdiriyyətin məqsədi, onun gəncliyindən, həyat təcrübəsinin azlığından və öz müdiriyyətinə hədsiz güvənindən, еtibarından istifadə еtməklə mal əskikliyi nəticəsində vurulmuş zərərin onun tərəfindən vurulması görüntüsünü yaradaraq, əsl zərərvuranların kimliyini Şirkətin təsisçisindən gizlətmək оlmuşdur. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh Sabirabad rayonunda qeydiyyatda olsa da, orada yaşamır. Birinci instansiya məhkəməsinin mövcud qətnaməsindən yalnız icra mərhələsində məlumatlı olmuşdur. İddiaçı ən azından cavabdehə zəng edə, borcu barədə onu xəbərdar edə bilərdi. Bildirir ki, dəymiş ziyanla bağlı iddia qaldırılsa da, dəymiş ziyanla bağlı cavabdehin təqsiri müəyyən edilmir, habelə bununla bağlı iş materiallarında hər hansı bir sübut mövcud deyil. Cavabdeh özü sayımda iştirak etmişdir, lakin malların əksik olması barədə onun məsuliyyət daşıması nəzərdə tutulmamışdır. İddiaçı tərəf cavabdehin məsuliyyət daşımasını sübut etməlidir. Eləcə də, mağazada nə qədər malın olması barədə iş materiallarında heç bir sübut yoxdur. Əlavə olaraq, qeyd edir ki, iddia əsassızdır və hesab edilsə ki, iddia əsaslıdır, onda belə iddia müddəti ötürülmüşdür. Belə ki, iddia ərizəsindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə İddiaçıdə inventerizasiya aparılmış, həmin tarixlərdə ona maddi ziyan vurulması halı müəyyən edilmişdir. Əmək Məcəlləsinin müvafiq tələblərinə əsasən işəgötürən işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Buradan müəyyən edilir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sayım zamanı imtina etdiyini və imza atmadığını bildirsə də, onu imza atmağa məcbur etmişlər. Marketdə əvvəl satıcı işləmiş, sonra müsahibədən keçməməsinə rəğmən onu administrator vəzifəsinə təyin etmişlər. Marketdə cəmi 10 ay işləmişdir. Sayım zamanı ona məbləğin nə qədər olması göstərilməmişdir. Ondan qabaqkı müdir yeyinti etmiş və bu hal daxili nəzarət tərəfindən aşkar edilmiş, həmin şəxsin izahatını almışlar. Onun heç bir təqsiri yoxdur və məsuliyyət daşımalı deyil. Mağazada olan oğurluqla bağlı ona heç bir rəqəm göstərilməmişdir. Ona nə deyilmiş, o da onu qeyd etmişdir. Daha sonra ona Baş ofisdən zəng gəlmiş, rəqəmlərlə tanış edildikdən sonra buna etirazını bildirmiş, onlar isə daxili nəzarət komissiyasından ona zəng edəcəklərini bildirmişlər. Bir müddət sonra yenə Baş ofisə yaxınlaşmış, ona məhkəməyə müraciət ediləcəyini bildirmişlər. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, malların təhvil verilməsi barədə sənədlər mövcuddur, lakin bunları əldə etmək üçün arxivə müraciət etmək lazımdır. Cavabdeh marketdə əvvəlcə satıcı-kassir olaraq işləmiş, işinə vicdanla yanaşdığı üçün sonradan administrator vəzifəsində təyin edilmişdir. Marketlərdə orta hesabla 50000 manat məbləğində mal olur. Bu müddət ərzində mallar gəlir, satılır və dövriyyə qeyd olunur. Qeyd edir ki, orada 193 günlük müddət üçün 200070 manat məbləğində dövriyyə olmuşdur. İnventerizasiya xx.xx.2022-ci il tarixdə olmuş, yekun akt isə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinə isə xx.xx.2023-cü ildə isə müraciət edilmişdir. Hesab edir ki, iddia müddətinin axımı zərərin müəyyən edildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixindən hesablanılmalıdır. Buna görə də, iddia müddəti ötürülməmişdir. Əlavə olaraq, xx.xx.2023-cü il tarixində cavabdehə mediasiya təklifi göndərilmiş, xx.xx.2023-cü il tarixdə mediasiya arayışı verilmişdir. Bazada olan uçot məlumatları və mağazada olan faktiki məlumatlar üzləşdirilmiş, yekun nəticə çıxarılmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnaməsi ləğv olunaraq iddia rədd edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 20866,46 manat məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh bu günədək ümumilikdə 20343,52 manat borcu vardır. İddiaçı MMC-nin İnventarizasiya Komissiyasına Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İltizamnamədən görünür ki, Cavabdeh öz xətti ilə sayımda iştirak etdiyini, mağazada sayılmayan mal qalmadığını, sonda qarşılaşdırma yolu ilə tam yoxlanıldığını, əksik verən mallarla tanış olduğunu, sayımla bağlı heç bir etirazı olmadığını qeyd etmiş və imza etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də, məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı, uzlaşmırsa əsassız hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmçinin ƏM-in 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara əsasən diqqətə çatdırır ki, İddiaçı MMC və Cavabdeh arasında X3 haqqında yazılı müqavilə imzalanmışdır. Beləcə, Cavabdeh xx.xx.2022-ci il tarixli İnventarizasiya Nəticələrinə dair Akta əsasən yekun ziyan məbləği 20866,46 manat olmuş və müvafiq güzəştlərdən sonra Cavabdeh ümumilikdə 20343,52 manat borcu müəyyən edilmişdir. Habelə İddiaçı MMCnin İnventarizasiya Komissiyasına Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İltizamnaməyə əsasən cavabdeh öz xətti ilə sayımda iştirak etdiyini, mağazada sayılmayan mal qalmadığını, sonda qarşılaşdırma yolu ilə tam yoxlanıldığını, əksik verən mallarla tanış olduğunu, sayımla bağlı heç bir etirazı olmadığını qeyd etmiş və imza etmişdir. Cavabdehin apellyasiya şikayətinin xx.xx.2022-ci il tarixli İnventarizasiya Nəticələrinə dair Akta və digər sənədlərə məcburiyyət qarşısında imza atması barədə dəlili isə heç bir mötəbər sübutla təsdiqlənmir. Bu baxımdan da, iddia tələbi əsaslıdır. Cavabdeh nümayəndəsi Vəkil məhkəməyə ərizə verərək iş üzrə Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən hazırkı iş üzrə tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Kollegiya bununla əlaqədar qeyd edir ki, MPM-in 135.1, 135.3 və 135.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-in 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Bundan əlavə, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1 və 78.1-ci maddələrinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Bundan başqa, MPM-in 372.2-ci maddəsinin tələbinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından görünür ki, cavabdehin “Sabirabad rayonu Bulaqlı kəndi” ünvanına göndərilən bütün məhkəmə sənədləri (məhkəmə bildirişləri və qətnamə) cavabdehə çatdırılmamış və zərf geri qayıtmışdır. Apellyasiya şikayətindən isə cavabdehin ünvan 2 ünvanında yaşaması müəyyən edilir. Halbuki, məhkəmələrdə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğundan məhkəmə sənədlərini cavabdehin mobil telefon nömrəsinə SMS göndərməklə, müvafiq icra hakimiyyəti orqanına təqdim etməklə və digər vasitələrlə çatdırılması mümkündür. Qeyd edilənlərdən də göründüyü kimi, cavabdehin birinci instansiya məhkəməsində icraatla bağlı məlumatlı olmadığından iddiaya qarşı əsaslandırılmış etirazını, ona əlavə olunmuş sənədləri, habelə iddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim etmək imkanı olmamışdır. Beləcə, cavabdehə məhkəmə qarşısında öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanı yaradılmamışdır. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 60-cı maddəsinin İ bəndinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, Konstitusiyanın yuxarıda sadalanan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə bərabər, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Habelə, məhkəmə aktlarından şikayətin qanunvericilikdə nəzərdə tutulan qaydada verilməsi və onun əsasında işə yuxarı məhkəmə instansiyasında baxılması məhkəmə müdafiəsi hüququnun ayrılmaz elementi kimi Konstitusiyanın 60-cı maddəsinin mənasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələblərinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. MM-in 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. MM-nin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının möhkəmlənməsinə kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Kollegiya qeyd edir ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəlir. İddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş İnventarizasiya Nəticələrinə dair Aktlara əsasən İddiaçı MMC-nin İddiaçı Biləcəri 5 mağazasında çalışdığı zaman cavabdehin iddiaçıya vurduğu yekun ziyan məbləği 20866,46 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsindən, habelə digər iş materiallarından da göründüyü kimi, iddiaçıya maddi ziyan vurulması xx.xx.2022-ci il tarixdə aşkar edilmişdir. xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, mübahisə üzrə Cavabdeh qarşı yalnız xx.xx.2023-cü ildə iddia qaldırmışdır. Göründüyü kimi, iş üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddianın müddətinin axımı xx.xx.2022-ci ildən başlamış xx.xx.2023-cü il tarixində bitmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı məlumatsız olduğu üçün hazırkı tələbə apellyasiya instansiyası məhkəməsi zamanı Cavabdeh nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə baxılmalı və onun əsasında müvafiq qərar qəbul edilməlidir. Kollegiya qeyd edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Bu səbəbdən də, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir. Bununla da, kollegiya hesab edir ki, Cavabdeh dəymiş zərərin əvəzi 20343,52 manat, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102 manat və mediasiya prosesi üçün ödənilmiş 50 manat, ümumilikdə 20495,52 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinin təmin edilməsi barədə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-802/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilməlidir ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmçinin “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Cavabdeh xeyrinə ödənilməlidir. Habelə MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(056)-802/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 (yetmiş altı) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Cavabdeh xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-917/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-917/2024
02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver