Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-917/2025 11.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-80/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh 19410 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu əvəzində 148 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh 18910 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu əvəzində 148 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 13 mart 2023-cü il tarixdə 3500 manat əlbəəl, həmin gün axşam saatlarında 1170 manat kart vasitəsilə, 01 aprel 2023-cü il tarixdə kart vasitəsilə 100 manat, 04 iyul 2023-cü il tarixdə kart vasitəsilə 1000 manat, 10 iyul 2023-cü il tarixdə kart vasitəsilə 400 manat, 11 avqust 2023-cü il tarixdə kart vasitəsilə 250 manat, 30 sentyabr 2023-cü il tarixdə kart vasitəsilə 990 manat, 01 oktyabr 2023-cü il tarixdə isə əlbəəl 11000 manat, 02 avqust 2024-cü il tarixdə 1500 manat məbləğində borca pul vermişdir. Kart vasitəsilə ödənişləri təsdiq edən çıxarışları, əlbəəl nağd ödənişlərlə bağlı cavabdehin ona öz xətti ilə verdiyi qəbzlərin surətlərini sübut kimi iddia ərizəsinə əlavə etmişdir. Sonuncu borcu Elməddin onu aldadaraq əldə etmişdir. Belə ki, ona torpaq məsələsinin olmasını demişdir. Oradan 700000 manat məbləğində pul əldə edəcək və ona olan bütün borclarını qaytaracaqdır. Ona görə də cavabdehə sənədlərin hazırlanması üçün 1500 manat məbləğində pul lazımdır. Pulu göndərməyinə baxmayaraq ona olan borclarını qaytarmamışdır. Daha sonra ona alqı-satqı işinin alınmadığını bildirmişdir. Həmçinin sonuncu 1500 manat puldan isə 500 manat hissəsini qaytarmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin telefonla əlaqə saxlayaraq məhkəmə iclasına üzrlü səbəbdən gələ bilmədiyini bildirmiş, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Lakin əvvəlki məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, Elməddinlə uzun müddət aralarında borc münasibətləri olmuşdur. Mütəmadi olaraq Elməddin ondan müxtəlif səbəblərə görə borca pul almışdır. İddia ərizəsində göstərdiyi məbləğlərdəki pulları isə borc kimi almasına baxmayaraq geri qaytarmamışdır. Həmçinin 3500 manat pulu Elməddin ondan Ruhid üçün borc kimi aldığını demiş, lakin o Ruhid adlı şəxsi tanımamışdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əlyazmalardakı yazı və imzalar ona məxsusdur. Lakin pul ona deyil, Ruhidə verilmişdir. İddiaçı pulu kart hesabına köçürmə vasitəsilə icra edir, lakin borcu geri alarkən əlbəəl verilməsini tələb edir və ya digər şəxsə məxsus kart hesabına atdırır və ödənişlərə dair hər hansı bir qəbz təqdim etmir. Ruhidə borca pul götürmək üçün birlikdə Sumqayıtda univermağın yanında Aygünlə görüşmüş, sonuncu pulun 1500 manatını orada vermiş, qalan hissəsini isə əlbəəl öz evində vermişdir. Ümumilikdə, 3500 manat dostu Ruhidə görə borc almışlar. Borc Ruhidin borcu olmuşdur. Həmin pula onun aidiyyəti olmamışdır. Ruhid ilk 3 ay 450 manatdan ödəniş etmişdir. Bundan əlavə, özünün də Aygünə 3000 manat borcu olmuşdur. Belə olduqda Aygün ona 13 mart 2023-cü il tarixdə 3500 manat Ruhidin borcuna görə əlyazma qəbz imzalatmışdır. Bununla yanaşı, 01 oktyabr 2023-cü il tarixdə isə Aygün onun bütün borclarını toplamış, yəni 3000 manat öz borcuna görə və 3500 manat isə Ruhidin borcuna görə, həmçinin bu pulların faizləri hesablanmaqla 11000 manat əlyazma qəbz yazdırmışdır. Həmin qəbzləri Ruhidin borcu ödənildikdən sonra cırıb atacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı onun bibisi nəvəsidir. Elməddini Aygünün vasitəsilə pul münasibətləri ilə bağlı qiyabi olaraq tanımışdır. Elməddin onlara bankdan pul götürməkdə köməklik göstərməli idi. Bu məqsədlə ilk dəfə Aygündən pul almış, daha sonra Aygünlə münasibətləri inkişaf etmiş və şəxsi məqsədlərlə də borca pul almışdır. Elməddin özündən əlavə Ruhid adlı şəxs üçün də Aygündən 3500 manat borca pul götürmüşdür. Borc münasibətlərində birbaşa iştirak etməmiş, lakin mütəmədi olaraq Aygün ondan Elməddinə borc vermək üçün pul istəmişdir, həmçinin Elməddinin borcunu qaytarmadığı barədə aralarında söhbətlər olmuşdur. Aygün heç vaxt heç kimə faizə borc verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Elməddin onun tanışıdır. Aygünü Elməddinin vasitəsilə faizə pul verən kimi tanımışdır. Evin sənədlərini düzəltmək üçün borca pul lazım olduğundan Elməddin Aygündən 1500 manat borca pul istəmiş, istifadəsində olan nəqliyyat vasitəsini sonuncunun həyətində qoyaraq 1500 manat borca pul götürmüşdür. Lakin sonradan işləri düz getmədiyindən həmin gün axşam əlavə 200 manat olmaqla, ümumilikdə, 1700 manat məbləğində pulu Aygünə qaytarmışlar. Lakin Aygün maşını verməkdən imtina etmiş, Ruhidin borcunu verdikdən sonra maşını qaytaracağını bildirmişdir. Növbəti gün Elməddin ümumi borcdan 500 manat da ona ödəniş etmişdir. Qarşı tərəfin hərəkətləri ona qeyri-adekvat gəldiyindən ona zəng vurmuş və onun səsini yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Elməddin onun sinif yoldaşı olmuşdur. Aygünü də Elməddin vasitəsilə tanımışdır. Özü üçün 3000 manat borca pul lazım olmuş, Elməddin ona Aygünün faizə pul verdiyini deyib onları tanış etmişdir. Pulu Elməddin ilə birgə gedib götürmüşdür. 3000 manat faizə pul almış, həmin pulun 1350 manatını geri ödəmişdir. Pulu götürərkən nə özü, nə də ki Elməddin hər hansı bir qəbzə imza atmamışdır. Elməddinin deməsinə görə 500 manat Elməddin onun borcundan Aygünə ödəmişdir. Borcla bağlı Elmədinin ondan hər hansı bir tələbi olmamış, aralarında bu barədə danışılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-80/2025 saylı qətnaməsi ilə (Hakim: Ellara Abbasova) iddia qismən təmin edilərək, Cavabdeh 17210 (on yeddi min iki yüz on) manatın, dövlət rüsumuna görə ödənilmiş 148 (bir yüz qırx səkkiz) manatın İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdeh olaraq Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-80/2025 saylı qətnaməsini qəti şəkildə qəbul etmir. Ona görə ki, həmin qətnamə yalnız iddiaçı tərəfin maraqlarını tam təmin edir. O, birinci instansiya məhkəməsində sübutlarında məhkəmədə izahat versə də, onun nə sübutlarına baxan oldu, nə də ki izahatını dinləyən. İddiaçı tərəfin əsassız və boş sözləri qanun hesab edilmi və onun iddiası təmin olunmuşdur. Bildirir ki, İddiaçı sələmə pul verəndir. O da pul lazım olduğu üçün iddiaçını tanışları vasitəsi ilə tanımış və beləliklə, 2017-ci ildən bu günə kimi ondan müxtəlif vaxtlarda hissə-hissə sələmə pul almışdır. Bu günə kimi aralarında heç bir problem olmamış, öz imzası və əlyazısı ilə iddiaçıdan aldığı pulları yazmış və daha sonra həmin pulları geri qaytarmışdır. Hətta onun ətrafında olan təcili pula ehtiyacı olan şəxsləri belə Aygün ilə tanış etmişdir. Onlara da eyni qaydada pulu sələmə verirdi. Aygünün bu günə kimi 60-dan çox məhkəmə prosesləri olmuş və ona atdığı şər-böhtanı başqalarına da ataraq, ödədikləri pulların əlyazmalarını məhkəməyə təqdim edərək, bir daha ödənilən pulları tələb edir. Bütün bunları o, sonradan bilmişdir. Birinci instansiya məhkəməsində də hakimdən xahiş etmişdir ki, Aygünə sual olunsun ki, fərqli-fərqli tarixlərdə ona pul verdiyini bildirir. Əgər o, ona pulu ödəmirsə, nə üçün ikinci dəfə ondan pul istədikdə, ona pulu verir. O, Aygündən sələmə aldığı pulları vaxtı-vaxtında ödəmişdir. Ona heç bir borcu yoxdur. Sadəcə olaraq Aygün başdan ona oyun oynamış və onun ona sələmə verdiyi pulları kart hesabına atmış və pulları ödədiyi zaman ondan əlbəəl tələb etmişdir. Daha sonra isə məhkəməyə təqdim etdiyi əl yazıları barədə bildirmək istəyir ki, ona sələmə götürdüyü pulu ödədiyi də əlyazısını cırıb atmasını və yaxud da ona verməsini tələb etdikdə, o, hər dəfə deyirdi ki, narahat olma, heç bilmir ki, onları hara qoymuşdur. Çünki 2017-ci ildən o, Aygünü sələmə pul verən kimi tanıyır və bu günə kimi də aralarında heç bir problem olmamışdır. İndi başa düşür ki, Aygün onun ödədiyi pulların qəbzlərini atmayaraq, ödədiyi pulları bir daha ondan tələb edir. Bildirir ki, sonuncu pulu özü üçün yox, Aygün özü də bilirdi ki, tanışı Ruhid üçün almışdır və həmin pul Ruhidə verilmişdir. Bir daha bildirir ki, iddiaçı sələmə verdiyi pulu kart hesabına atsa da, ona pulu geri qaytaranda əlbəəl tələb edir və yaxud da özünün tanışı olan başqa bir şəxslərin kart hesabına ödənişi etməyini tələb edirdi. Bildirir ki, Ruhidə sələmə pul götürmək üçün birlikdə Sumqayıt şəhərində univermağın yanında Aygünlə görüşmüşlər, 1500 manatını görüşdükləri yerdə, qalan hissəsini isə əlbəəl öz evində vermişdir. Ümumilikdə, 3500 manat dostu Ruhidə görə borc almışdır. 3500 manat məbləğində pul onun borcu yox, Ruhidin borcu olmuşdur. Bunu Ruhid özü də etiraf edir. Ruhid ilk 3 ay Aygünə 450 manat məbləğində ödəniş etmişdir. Bundan əlavə, onun da Aygünə 3000 manat məbləğində borcu olmuşdur. Belə olan halda Aygün ona 13 mart 2023-cü il tarixdə 3500 manat Ruhidin borcuna görə əlyazma qəbzi imzalatmışdır. Bununla yanaşı, 01 oktyabr 2023-cü il tarixdə isə Aygün bütün borcları toplamış, yəni 3000 manat öz borcunu görə, 3500 manat isə Ruhidin borcuna görə, həmçinin bu pulların faizləri ilə hesablamaqla 11000 manat əlyazma yazmağını ona bildirmişdir. Həmin qəbzi isə Ruhid borcu ödəyib bitirdikdən sonra cırıb atacağını bildirmişdir. Görünür, Aygün cırıb atmayıb, ödənilmiş pulları bir daha ondan tələb edir. Onun İddiaçı olan borclarını bilən şahidləri, X1, Şahid3 da ifadə versə də, onların ifadələri nəzərə alınmamışdır. Bütün bu qeyd etdiklərinə əsasən bildirir ki, onun hüquqlarını kobud şəkildə pozmuşdur. İddiaçı onun əl yazısı deyib məhkəməyə bir-iki sənəd təqdim edib, nədənsə onun bu əl yazıları qanun hesab edilərək qəbul edilmişdir. Apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-80/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilmir, bu səbəbdən məhkəmə iclasının başqa tarixə təyin edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh keçirilən məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-80/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 739.1-ci (mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan) maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini iş materiallarında olan sübutlarla əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətində iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-80/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsində Cavabdeh 13 mart 2023-cü il tarixdə 3500 manat əlbəəl, həmin gün axşam saatlarında 1170 manat kart vasitəsilə, 01 aprel 2023-cü il tarixdə kart vasitəsilə 100 manat, 04 iyul 2023-cü il tarixdə kart vasitəsilə 1000 manat, 10 iyul 2023-cü il tarixdə kart vasitəsilə 400 manat, 11 avqust 2023-cü il tarixdə kart vasitəsilə 250 manat, 30 sentyabr 2023-cü il tarixdə kart vasitəsilə 990 manat, 01 oktyabr 2023-cü il tarixdə isə əlbəəl 11000 manat, 02 avqust 2024-cü il tarixdə 1500 manat olmaqla, cəmi 19910 manat məbləğində borc pul verdiyini və həmin məbləğdən 500 manat qaytarıldığını bildirərək yekun olaraq 19410 manat pul tələb etmiş, iddiaçı daha sonra cavabdehin borcundan 500 manat da qaytardığını bildirərək iddia tələbinin həcmini azaldıb 18910 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan pul köçürmələrinə dair kart məlumatlarından və çıxarışlardan görünür ki, İddiaçı həmçinin13 mart 2023-cü il tarixdə 1170 manat kart vasitəsilə, 01 aprel 2023-cü il tarixdə kart vasitəsilə 100 manat, 04 iyul 2023-cü il tarixdə kart vasitəsilə 1000 manat, 10 iyul 2023-cü il tarixdə kart vasitəsilə 400 manat, 11 avqust 2023-cü il tarixdə kart vasitəsilə 250 manat, 30 sentyabr 2023-cü il tarixdə kart vasitəsilə 990 manat və 02 avqust 2024-cü il tarixdə 1500 manat cavabdehə pul göndərmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 3500 manat borc pul almış, 1 ay ərzində borcunu qaytarmaq öhdəliyini götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 11000 manat borc pul almış, 2 ay ərzində borcunu qaytarmaq öhdəliyini götürmüşdür. Cavabdeh həm pul köçürmələrinin aparıldığı kart hesablarının onun istifadəsində olduğunu, həm də qəbzlərdəki imzaların ona məxsus olmasını qəbul edir. Bununla əlaqədar tərəflər arasında mübahisə yoxdur. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, onun iddaçıya 3500, dostu Ruhidin isə 3000 manat borcu olmuş, lakin iddiaçı bu pulları faizləri ilə hesablamaqla 11000 manat əlyazma yazmağını ona bildirmiş, o da bu barədə qəbz yazmışdır. İddiaçı verdiyi pulları əlbəəl almışdır.O, iddiaçıya olan borcunu ödəmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır və mövqeyini aşağıdakılarla əsaslandırır: Belə ki, Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin göstərdiyi yuxarıda qeyd olunan hallara münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə 1700 manat istisna olmaqla (səs yazısında iddiaçı cavabdeh tərəfindən əlavə olaraq 1700 manat pulun qaytarılmasını qəbul etmiş), qalan borcun qaytarılmasını sübut edə bilməmişdir. Əksinə, mülki iş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən imzalanmış qəbzlərlə cavabdehin iddiaçıdan 3500 manat və 11000 manat məbləğində pul alması göstərilmişdir. Cavabdeh həmin borc məbləğinin ona aid olmamasını, dostu Ruhidə 3000 manat pulun borca verilməsi ilə bağlı 3500 manatlıq qəbzin olduğunu və özü ilə Ruhidin ümumi borcuna münasibətdə 11000 manatlıq qəbzə imza atdığını bildirsə də, bu halları da sübuta yetirə bilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsində şahid qismində ifadəsi alınmış Şahid3 İddiaçı borc alarkən nə özünün, nə də Cavabdeh qəbz imzaladığını bildirmişdir. Bundan başqa, səs yazılarının əks olunduğu diskə baxış keçirilərkən Cavabdeh İddiaçı borclu olduğunu etiraf etməklə yanaşı borcunu maddi vəziyyəti düzəldikdə ödəyəcəyini göstərmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazılarından müəyyən edilir ki, Cavabdeh İddiaçı öz borcunu ödəyib bitirdikdən sonra Ruhidin də pulunu verəcəyini bildirmiş, İddiaçı Cavabdeh onun Ruhidlə tanışlığının olmadığını, pulu ondan tələb edəcəyini bildirmiş, aralarında bu barədə razılaşma olmuşdur. Cavabdeh, həmçinin apellyasiya şikayətində şahidlər X2 və Şahid3 ifadələrinin brinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını göstərir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmır və qeyd edir ki, şahidlərdən X2 ifadəsində göstərir ki, evin sənədlərini düzəltmək üçün borca pul lazım olduğundan Elməddin Aygündən 1500 manat borca pul istəmiş, istifadəsində olan nəqliyyat vasitəsini sonuncunun həyətində qoyaraq 1500 manat borca pul götürmüşdür. Lakin sonradan işləri düz getmədiyindən həmin gün axşam əlavə 200 manat olmaqla, ümumilikdə 1700 manat məbləğində pulu Aygünə qaytarmışlar. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazmalardan müəyyən edilir ki, İddiaçı Şahid1lə olan telefon danışığında 1700 manat pulun ona verilməsini etiraf etmişdir. Eyni zamanda iddiaçı da həmin səs yazıları birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilən zaman 1700 manat pulun qaytarılmasını etiraf etmişdir. Ona görə də birinci instansiya məhkəməsi cavabdehin aldığı məbləğdən 1700 manat pulu qaytarmasını sübut edilmiş hesab edərək iddianı həmin hissədə təmin etməmişdir. Digər Şahid3 Manur oğlunun ifadəsində göstərdiyi hallara gəlincə, kollegiya qeyd edir ki, Şahid3 ifadəsində dolayı yolla cavabdehin göstərdiyi halları təkzib edərək iddiaçıdan pulu götürərkən nə özü, nə də ki cavabdehin hər hansı bir qəbzə imza atmadığını bildirmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilini də əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-80/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-80/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-917/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-917/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver