Məhkəmə qərarları › İş №2(106)-918/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-918/2025

05.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-918/2025 05.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: ƏDV ilə vurulmuş zərərin ödənilməsi Şirvan şəhəri, 05 iyun 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2, (sədrlik edən, məruzəçi) X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(041)-1977/2024 saylı qətnaməsindən (hakim R.Mehdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş olduğu ziyana görə 3044 manat dəymiş ziyan və avansa görə borclu olduğu 366 manat, həmçinin ödənilmiş 45 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh 2017-ci ildən onun mağazasında satıcı işləmişdir. Marketdə olan alış-veriş barədə hər ay vergilər idarəsinə bəyannamə vermişdir. 2022-ci ilin dekabr ayında Vergilər Nazirliyinə bəyannamə verərkən ona 350000 manat alış-veriş dövriyyəsi olması barədə məlumat verilmişdir. Marketdə 350000 manat alış-veriş dövriyyəsi olmadığı üçün işçilərdən bu barədə soruşmuş, lakin heç kim etiraf etməmişdir. Sonradan araşdırma zamanı məlum olmuşdur ki, mağazanın işçisi Taryel Mehdiyev və Cavabdeh kassada yalandan satış vuraraq ƏDV geri al proqramı vasitəsilə qazanc əldə etmişlər. Həmin sistem vasitəsi ilə 3044 manat ələ keçirilmiş, 3089 manat pulun isə gözləmədə olduğu müəyyən edilmişdir. Onlardan həmin pulu geri istəmiş, lakin həmin şəxslər pulu ödəməkdən boyun qaçırmışlar. Həmin şəxslərin cinayət məsluliyyətinə cəlb olunması üçün adiyyatı üzrə Kürdəmir rayon polis şöbəsinə müraciət ünvanlamışdır. xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən xitam verilmişdir. Taryel Mehdiyev pulu versə də Cavabdeh pulu verməkdən imtina etmişdir. 3089 manat geri qaytarmış, lakin 3044 manat qalmışdır. Həmçinin 366 manat Cavabdeh adına avans qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, şikayət heç bir maddi və prosessual hüquq normalarına əsaslanmadığına görə etirazını bildirmişdir. İddia ərizəsində işin halları bölməsində yalnız bir fakta əsaslanmışdır ki, guya o digər işçi ilə birlikdə ona məxsus ƏDV üzrə 3044 manat pulu ələ keçirmişdir. “Emil” marketdə işlədiyi 5 il 10 ay ərzində ona aylıq əmək haqqı olaraq 350 manat məbləğində nəğd şəkildə heç bir sənədə imza atmadan İddiaçı tərəfindən ödənilmişdir. Onun dediyinə görə əmək haqqı 400 manatdır və bu məbləğdən 50 manat vergiyə və sosial sığortaya ödənilir. Lakin keçən müddətdə işçilərə əmək haqqının ödənişi üzrə Bank kartı və sosial sığorta kartı verilməmişdir. Həmçinin “Emil” marketdə o, satıcı işləmiş, kassa əməliyyatlarını isə digər işçi icra etmişdir. Alıcılara alqı-satqı çekləri təqdim olunmadığından həmin çeklər üzrə hesablanmış ƏDV üzrə yığılmış məbləğ İddiaçı tərəfindən qanunsuz istifadə olunmuşdur. ƏDV üzrə yığılan məbləğdən istifadə hüququ yalnız alıcıya məxsusdur. İddianın rədd olunmasını xahiş edir. Kürdəmir Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(041)-1977/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 3044 manat dəymiş ziyan və avansa görə borclu olduğu 366 manat, həmçinin ödənilmiş 45 manat dövlət rüsumu məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə iddia tələbi rədd edilmiş və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli. 2(041)-1977/2024 nömrəli qətnaməsinin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh 2017-ci il tarixdən onun mağazasında işləmişdir. 2022-ci ilin dekabr ayında Vergilər Nazirliyinə bəyamnamə verərkən ona 25000 manat alış-veriş dövriyyəsi olması barədə məlumat verilmişdir. Lakin işçilər heç biri bu qədər alış-veriş olmasını təsdiq etməmişdir. Sonradan məlum olub ki, mağazanın işçiləri Taryel Mehdiyev və Cavabdeh kassadan yalandan satış vuraraq ƏDV geri al proqramı vasitəsi ilə qazanc əldə etmişlərdir. Həmin sistem vasitəsi ilə 2044 manat ələ keçirmişdir. 2089 manat pulun isə gozləmədə olduğu müəyyən edilmişdir. Bununla bağlı Kürdəmir rayon polis şöbəsinə müraciət ünvanlamış araşdırma zamanı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavbehdən pulun geri qaytarılmasını təbb etsədə pulu geri qaytarmamışdır. Bundan sonra xx.xx.2024-ci il tarixdə Cavabdeh ilə bağlanmış əmək müqavibsinə Əmək Məcəllə sinin 70-ci maddəsinin "C" bəndinə əsasən xitam verilmişdir. İşə baxan hakim qətnaməsində bu faktların heç birinə hüquqi qiymət verməmişdir. Hazırda ona cavabdehin borcu olmamasına baxmayaraq cavabdeh ilə aralarında olan həmin ziddiyyəti araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunanların məzmunu ilə oxşar məzmunda izahat verək şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, vergidən almış olduğu sübutları birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Həmin vaxt İzraildə olmuşdur. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, yeni qətnamə qəbul olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissələrdə qətnamənin ləğvinin və yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, İş materiallarında olan Kürdəmir şəhəri RPŞ-nın İstintaq Şöbəsinin xx.xx.2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Cavabdeh öz izahatında bildirmişdir ki, yeddi ildir ki, Kürdəmir şəhəri, Babək prospektində yerləşən İddiaçı məxsus "Emil market” adlı ərzaq malları satışı mağazasında satıcı işləyir, işlədiyi dövrdə hərdən kassaya da keçib satış etmiş, satış zamanı müştəriyə qəbz verilməmiş, yığılan qəbzləri toplayıb müdriyyətə yəni Emilin qardaşı Bəkirə vermişlər, qəbzlərdə olan ƏDV vəsaiti də Bəkirin hesabına yüklənmişdir. Heç vaxt işlədiyi "Emil” marketdə yalandan satış barədə qəbz vurmamış, ancaq hərdən Bəkir üçün yığılan qəbzlərdən az miqdarda olanını digər işçilər kimi o da telefonuna yükləyib sonradan nəğdləşdirilmişdir. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili cavabdehin yalandan satış vuraraq ƏDV geri al proqramı vasitəsilə iddiaçıya ziyan vurulması ilə bağlıdır. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və bu şikayət hər hansı mötəbər və təzibedilməz sübutlarla öz təsdiqini tapmır. Belə ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: a) törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; b) əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; c) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; ç) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 3044 manat ziyan dəydiyini və 366 manat avansa görə ona borclu olduğunu iddia etmişdir. Lakin iddiaçı cavabdeh tərəfindən iddia ərizəsində göstərdiyi əsaslarla ona vurulmuş maddi ziyanla bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin normalarına əsasən iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür. Buna görə də Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Müəyyən edilir ki, iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan çox deyil, buna görə də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(041)-1977/2024 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar