Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-924/2023 24.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(050)- 1848/2022 saylı qərardadından iddiaçı "xxxx" MM QBKT tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(050)-2848/2022 saylı qətnaməsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 11116.49 manat və ödənilmiş dövlət rüsumuna görə 123.35 manat, cəmi 11239 (on bir min iki yüz otuz doqquz) manat 84 qəpik tutularaq "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Masallı Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(050)- 2848/2022 saylı qərardadına əsasən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin keçməsi səbəbindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra Cavabdeh2 prosessual müddətin bərpa edilməsi barədə vəsatət və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Masallı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2 (050)-2848/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(050)-2848/2022 saylı qərardadına (hakim Firdovsi Əliyev) əsasən vəsatət təmin edilmiş, Cavabdeh2 Masallı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(050)-2848/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd olunan mülki iş Şirvan Apelyasiya Məhkəməsinin icraatında olan zaman Masallı Rayon Məhkəməsi 10 may 2023-cü il tarixli məktubla Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək hazırki mübahisə üzrə iddiaçının nümayəndəsi Nümayəndə Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(050)2848/2022 saylı qərardadından vermiş olduğu şikayətə baxılması ilə əlaqədar mülki işin Masallı Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(106)924/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş baxışdan çıxarılaraq Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçının nümayəndəsi qərardaddan vermiş olduğu şikayəti onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh2 xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, lakin şikayətin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbindən şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında Qərardad qəbul edilmişdir. Qərardadın 4-cü abzasında da qeyd edildiyi kimi 15 fevral 2023-cü il tarixdə qətnamənin surəti yenidən poçt vasitəsilə Cavabdeh2 göndərilmişdir. Halbuki, Cavabdeh2 qeydiyyat ünvanını dəyişməmiş və qətnaməni xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında əldə etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh2 prosessual müddətin bərpası barədə vəsatəti əsassızdır. Ona görə də Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(050)-2848/2022 saylı qərardadı ilə iddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi Nümayəndə Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(050)-2848/2022 saylı qərardadından vermiş olduğu şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(050)-1848/2022 saylı qərardadından iddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə MPM-nin 397.2-ci maddəsinin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(050)-1848/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 vəsatətini onunla əsaslandırmışdır ki, 2023-cü ilin fevral ayında Sabunçu Rayon İcra Şöbəsinə çağırıldığı zaman ona məlum olmuşdur ki, barəsində pulun ödənilməsinə dair iddia tələbi olmuş və onun əsasında Masallı Rayon Məhkəməsinin 2(050)-2848/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan 11239.84 manat məbləğində pulun tutularaq "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilməsi qərara alınmışdır. Qeyd olunan qatnamə barədə məlumatı olmamış, rəsmi qaydada təqdim edilməmişdir. Sonra ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 2(050)-2848/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi 23 fevral 2023-cü il tarixində poçt vasitəsilə ona təqdim olunmuşdur. Qətnamə ilə razılaşmadığından 14 mart 2023-cü il tarixdə Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə apellyasiya şikayəti vermişdir. Lakin, Masallı Rayon Məhkəməsinin 2(050)-2848/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin keçməsi əsas gətirilərək apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qətnamənin surəti ona sifarişli-xəbərnaməli poçt vasitəsi ilə 29 noyabr 2022-ci il tarixdə göndərilmiş, zərfin üzərində onun qeydiyyatda olduğu ünvandan köçdüyü qeyd olunaraq göndərilən məktub xx.xx.2022-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. O, qeydiyyat və yaşayış ünvanını dəyişməmiş, Masallı Rayon Məhkəməsinə ərizə ilə müraciəti əsasında 23 fevral 2023-cü il tarixində əldə etdiyi sözügedən qətnaməni də Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 14B ünvanında əldə etmişdir. Göstərilən üzürlü səbəbləri nəzərə alaraq Masallı Rayon Məhkəməsinin e-2(050)-2848/2022 saylı, xx.xx.2022-ci i tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti bərpa etməyi xahiş etmişdir. İş materiallarından göründüyü kimi qeyd olunan qətnamənin surəti Cavabdeh2 29 noyabr 2022-ci il tarixdə göndərilmiş, lakin zərfin üzərində Cavabdeh2 həmin ünvandan köçməsi səbəbi qeyd edilməklə qətnamənin surəti məhkəməyə geri qaytarılmışdır. Sonradan Cavabdeh2 məhkəməyə müraciət edərək qətnamənin surətinin ona göndərilməsini xahiş etmiş və 23 fevral 2023-cü il tarixdə qətnamənin surəti poçt vasitəsi ilə ona təqdim olunmuşdur. Cavabdeh tərəfindən göstərilən qətnamədən verilmiş apellyasiya şikayəti 13 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Lakin, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyi üçün geri qaytarılmışdır. Bundan sonra cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdeh Rəsulov X3 Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2 (050)-2848/2022 saylı qətnaməsindən üzrlü səbəbdən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət keçdikdən sonra vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verəməməsini üzrlü səbəb kimi nəzərə almışdır. Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi Cavabdeh2 müraciətinə əsasən Masallı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(050)-2848/2022 saylı qətnaməsinin surəti 23 fevral 2023-cü il tarixdə ona təqdim edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 daha sonra qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizə ilə 04 aprel 2023-cü il tarixdə Masallı Rayon Məhkməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5. Bu Məcəllənin 135.2-ci,135.3-cü,135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2848/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan prosessual müddətin üzürlü hesab edilməsi barədə Cavabdeh2 tərəfindən verilmiş ərizə əsaslı olduğundan Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərardadı ilə əsaslı olaraq təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı madddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X2 şikayəti ilə əlaqədar AR Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Azərbyacan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Masallı Rayon Məhkəməsinin 2(050)2848/2022 saylı, 18 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən, iddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(050)-2848/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, qətnamədən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilərək, baxılmasından ötrü sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2- 402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunvericilikdə hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; Q Ə R A R A A L D İ: Masallı Rayon Məhkəməsinin 2(050)2848/2022 saylı, 18 aprel 2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)2848/2022 saylı, 18 aprel 2023-cü il tarixli qərardadı iddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilmədən saxlanılsın. Masallı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(050)-2848/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilsin və apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-924/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-924/2023
24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver