Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-925/2023 14.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-994/2023 saylı, 17 mart 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 fevral 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(049)-2088/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2014-cü ildə faktiki olaraq evlənmişdir. Nikahlarını isə Lənkəran ŞİHB-nin Viyən kənd İƏD nümayəndəliyində xx.xx.2018-ci il tarixində 01 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından onların xx.xx.2019-cu il tarixində Məhəmmədəli adlı uşaqları doğulmuşdur. Bir müddət o, cavabdehgilin evində gəlin kimi yaşasa da, sonradan qaynanasının və baldızının təzyiqlərinə məruz qaldığından və mütəmadi olaraq döyüldüyündən cavabdehlə boşanmaq qərarına gəlmişdir. Aralarında olan nikah qeydi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-2088/2021 saylı qətnaməsi ilə rəsmi qaydada pozulmuş və uşaqları Məhəmmədəlinin ananın yanında qalması müəyyən edilmişdir. Hazırda uşaq iddiaçının himayəsində yaşayır. Nikahları pozularkən uşağın saxlanılması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Uşağı xəstədir və cavabdehin ödədiyi məbləğ onun müalicə xərclərini belə qarşılamır. İddiaçı isə hazırda rəsmi olaraq heç bir yerdə işləmir və uşağı təkbaşına saxlamaqda, onun maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh uşağın saxlanılması üçün ona aylıq 120 manatdan başqa heç bir maddi köməklik göstərmir. Bir sözlə, cavabdehin ödədiyi 120 manat aliment uşağın tələbatlarını ödəmir. Uşaq böyüdükcə onun gündəlik tələbatı da artır. Hazırkı vəziyyətdə iddiaçının və cavabdehin ailə və maddi vəziyyətində dəyişiklik olmuş, iddiaçının maddi vəziyyəti çətinləşmiş, cavabdehin isə ona nisbətən yaxşılaşmışdır. Həmçinin, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı hesab edir ki, uşağının aylıq tələbatı 200 manatdan da artıq təşkil edir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(049)-2088/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək 220 manat həddində artırılmalıdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-994/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Anar Pənahov) iddia qismən təmin edilərək, Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(049)-2088/2021 saylı qətnaməsi ilə tutulmuş 06 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-994/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilib iddianın qismən təmin edilməsi (180 manat sabit pul məbləğində alimentin azaldılaraq 140 manat müəyyən edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun məhkəmə iclasında verdiyi izahat tam olaraq qeyd edilməmişdir. Belə ki, o, azyaşlı oğlunun iddiaçı ilə boşanmamışdan əvvəl sağlam olduğunu, uşağı ilə videodiskə köçürdüyü çəkilişlərinin olduğunu, iddiaçının psixoloji problemlərinin olduğunu və onunla birlikdə yaşamağa başlayandan sonra uşaqda psixi problemlərin yarandığını, gəlirinin stabil olmamaqla yanaşı, aşağı olduğunu, yaşlı və xəstə valideynlərinin onunla birlikdə yaşamasını, habelə həmin uşağının əvvəllər sağlam olması və valideynlərinin xəstə olmaqla onunla birlikdə yaşamaları barədə sübutları məhkəməyə təqdim etmək istədiyini demiş, lakin bu hallar onun qətnamədə göstərilən izahatında qeyd edilməmiş, maddi vəziyyəti nəzərə alınmamışdır. Məhkəmə qətnamədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun hər ay 220 manat həddində müəyyən edilməsinin Azərbaycan Respublikasında bir uşağın saxlanılması üçün zəruri olan minimal məbləği ehtiva etmədiyini, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasının müəyyən edilməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirinin nəzərə alınmalı olduğunu, habelə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olmadığını qeyd etsə də, qeyd olunan halların heç birini nəzərə almamış, qətnamədə yalnız formal tələblərə riayət edilmiş, normaları sadalamaqla kifayətlənmiş və öz mülahizələri əsasında qənaətə gəlmişdir. Məhkəmə 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən olunduğunu, uşaqlara kömək və qayğı göstərməyin tərəflərin – valideynlərin hər ikisinin borcu olduğunu göstərsə də, bu borcu birtərəfli qaydada cavabdeh üçün müəyyən etmişdir. Hazırda onun bir xeyli kommunal borcları var. Hazırkı maddi vəziyyəti nəzərə alınmadan yalnızca uşağın anasının yanında qalmasının onun diqqətəlayiq mənafeyi kimi nəzərə alınmaqla 220 manat yaşayış minimumunun 180 manatının cavabdehdən tutulması qanunvericiliyin tələbinə uyğun deyil. Bu həm də uşağın saxlanılması ilə bağlı öhdəliyin 81%-dən yuxarı hissədə cavabdehin üzərinə qoyulması deməkdir. Məhkəmə cavabdehin maddi vəziyyəti və uşağın əvvəlki maddi təminatını, cavabdehin maddi vəziyyətində heç bir dəyişikliyin olmamasını, əksinə uşaq 3 yaşını tamamladığı üçün iddiaçının maddi vəziyyətinin yaxşılaşmasını (məlumdur ki, uşağın 3 yaşınadək olan qayğıları 3 yaşından sonrakı qayğılarından daha çoxdur) faktiki olaraq nəzərə almamışdır. O, indiyədək aliment borcunun ödənilməsini heç vaxt gecikdirməmişdir. Hər ay vaxtında üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Üstəlik, aliment borcundan əlavə də yardımlar cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Bu halı birinci instansiya məhkəməsinin iclasında iddiaçının özü də təsdiq etmişdir. Lakin hazırkı vəziyyətdə 180 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. Hazırkı vəziyyətdə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 manat məbləğində aliment ödəməyə imkanı çatar. Bundan başqa, məhkəmə uşağın əvvəlki təminatının səviyyəsini araşdırmadığı üçün düzgün qiymətləndirməmiş və yalnız bir tərəfin ailə və maddi vəziyyətini nəzərə almışdır. Belə ki, uşağın 3 yaşına qədərki dövründə heç bir psixoloji problemləri olmamış və əlilliyi müəyyən edilməmişdir. Hazırkı dövrdə azyaşlı uşağına İİ qrup əlilliyə görə verilən 220 manat pensiyanı və 120 manat sabit pul məbləğində alimenti alan iddiaçı bu pulların kifayət etmədiyini iddia edir. İddiaçı burada uşağın deyil, özünün qayğılarını düşünür. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini qeyd etdi və əlavə olaraq bildirdi ki, onun ruhani təhsili var, molla kimi məclis olduqda fəaliyyət göstərir. Amma onun rəsmi iş yeri və stabil qazancı yoxdur. Onun bir xeyli borcu var. O bildirdi ki, uşağa autizm diaqnozu qoyulsa da, uşaq onun evində olanda sağlam idi. O, hazırkı vəziyyətdə maksimum 140-150 manat məbləğində aliment ödəyə biləcəyini bildirdi. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehlə birgə nikahlarından doğulmuş uşaqları Məhəmmədəli həqiqətən xəstədir, müalicə alır və ona ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Cavabdehin isə maşını da var, taksi kimi də işləyir, bu yaxınlarda özünə ev tikdirmişdir. Cavabdehdən fərqli olaraq o özü isə başqa şəxslərin evlərinə xidmətçi kimi gedib pul qazanmağa çalışır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilərək iddia tələbinin qismən təmin edilməsini və 180 manat sabit pul məbləğində alimentin azaldılaraq 140 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, tərəfləri dinləyib işdə olan sübutları tədqiq edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki AZ-T 185125 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası X5r. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixində “Uşaq autizmi. Kanner sindromu” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdəki Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 05 sentyabr 2022-ci il tarixli, 246 nömrəli arayışından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 xx.xx.2021-ci ildən Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. İşdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(049)- 2088/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X7 ilə Cavabdeh arasında Lənkəran şəhər İHB-nin Viyən kənd İƏD nümayəndəliyində xx.xx.2018-ci il tarixdə 01 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 anası X4 himayəsində və yanında saxlanılmış, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq anası X6 ödənilməsi qət edilmişdir. İşdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(049)- 2088/2021 saylı qərardadından görünür ki, həmin qərardadla Lənkəran Rayon Məhkəməsinin 2(049)-2088/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsində qeyd olunmuş “X7” sözlərinin “X8” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən ilk növbədə Ailə Məcəlləsinin 78.2 və 112.1-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar və uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmalıdır. İş materialları ilə müəyyən edilir ki, tərəflərin nikahı Lənkəran şəhər İHB-nin Viyən kənd İƏD nümayəndəliyində xx.xx.2018-ci il tarixdə 01 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, onların birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(049)-2088/2021 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, nikah pozulduqdan sonra uşaq ananın himayəsində və yanında saxlanılmış, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq ididaçıya verilməsi qət edilmişdir. İddiaçı hazırda həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddia ərizəsi verərək, hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin hazırkı iş üzrə 17 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(049)-2088/2021 saylı qətnaməsi ilə tutulmuş 06 fevral 2019cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh həmin qətnamədən qismən narazı qalaraq apellyasiya şikayəti vermiş, hər ay cəmi 140 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası uşağın böyüdükcə saxlanılması üçün xərclərinin artmasını onun himayəsində olduğu iddiaçının maddi vəziyyətinə birbaşa təsir kimi qiymətləndirir. Həmçinin, bu zaman Məhəmmədəli Mahmudova “Uşaq autizmi. Kanner sindromu” diaqnozu ilə ikinci dərəcəli əlilliyin təyin edilməsi də nəzərə alınmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında da qeyd edilmişdir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Cavabdeh rəsmi olaraq heç bir yerdə işləmədiyini, lakin ruhani təhsili olduğuna görə molla kimi məclislərdə fəaliyyət göstərdiyini, stabil qazancının olmadığını və maddi vəziyyətinin aşağı olduğunu bildirmişdir. Ali Məhkəmə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi yanaşmasını nəzərə alan məhkəmə kollegiyası bildirir ki, cavabdehin aylıq qazancının yüksək olmaması onu uşağını saxlamaq və onun maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Bu zaman həm də o nəzərə alınmalıdır ki, alimentin məbləği müəyyən edilərkən uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əhəmiyyət verilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, cavabdehin yaşlı valideynləri ilə birlikdə yaşaması onun ikinci dərəcəli əlillik təyin edilmiş uşağının təminat səviyyəsinin aşağı salınması üçün mütləq əsas hesab edilə bilməz. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, uşaqlarını saxlamaq vəzifəsi Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlərin hər ikisinə aid olduğundan və uşağın himayəsində olduğu iddiaçının üzərinə daha çox yük düşdüyündən minimum dolanacaq xərclərinə yaxın məbləğin – 180 manatın sabit pul məbləğində aliment kimi cavabdehdən tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətli olmuş, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 994/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(049)-2088/2021 saylı qətnaməsi ilə tutulmuş 06 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilməsi düzgün olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən yanaşmasını nəzərə alan məhkəmə kollegiyası bildirir ki, uşağın minimum dolanacaq xərclərinin 81 faizindən yuxarı hissəsinin cavabdeh tərəfindən ödənilməsinin qanunazidd olması ilə bağlı apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-994/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-925/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-925/2023
14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver