Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-925/2024 01.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: girov qoyulmuş (qızıl-zinət) əmlakın dəyərinin tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6, (sədrlik edən, məruzəçi) Mayılov Samir İlham oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, e-2(032)-125/2024 saylı qətnaməsindən (hakim Səidə Məmmədova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh X3 qarşı 5000 manat pulun və tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun, cəmi 5070 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 dəfələrlə faizlə pul götürüb artıqlaması ilə ödəmişdir. Cavabdeh 350 manat sələmə ilə pul götürmüşdür. Həmin pulu götürən vaxt 1200 manat dəyərində, 750 əyarlıq 25 qram qızıl sep, qolbaq, 1000 manat dəyərində brilyant qaşlı üzüksırğa, qızıl kulon 2 qramlıq qiyməti 300 manata, nişan üzüyü qiyməti 1200 manata, bir qızıl üzük 2 qramlıq 200 manata, bir nişan üzüyü 4 qram qiyməti 600 manat girov qoymuşdum. 350 manat pulun əvəzinə 800 manat bir və 1000 manat bir pul vermişdir. Pulu tam artıqlaması ilə ödəyib qurtardıqdan sonra qızıllarını istəmişdir. Ona deyib ki, “sən pulu vaxtında ödəmədiyinə gorə sənin qızıllarını satmışam”. Sonradan yenə ona pul lazım oldu, Cavabdeh 600 manat sələmə ilə pul götürdü. Götürdüyü pulu hər ay 120 manat aylığa ödəyirdi. Bundan əlavə pulu gecikdirəndə ondan 200-300 manat əlavə pul alırdı. Dekabrın 16-da ona 500 manat Mehriban adlı qadınla göndərmişdir. Həmin vaxt Südabə ona deyib ki, “500 manat pulu aldım”. Bundan əlavə qonşudan faizlə 1500 manat pul alıb Sudabəyə borcundan vermişdir. Qardaşından da 300 manat alıb Sudabəyə vermişdir. xx.xx.2022-ci il tarixdə Sevinc adlı qadından sələmə ilə 1000 manat pul götürüb ona evində vermişdir. Axır vaxtlar Cavabdeh onu yeznəsi ilə hədələyirdi. Ona deyirdi ki, “sənin universitetdə oxuyan qızını götüzdürcəyəm, onun başına oyunlar açdıracağam, sənin yoldaşına sənin haqqında pis məlumatlar verəcəyəm”. Bu hadisələrdən bezib özünü öldürmək məqsədi ilə sirkə içdi və xəstəxanaya düşdü. İçdiyi sirkənin nəticəsində mədəbağırsağı sıradan çıxmışdı. İndi də müalicəni davam etdirir. Onu pis-pis sözlərlə hədələyirdi. Evinə tanımadığı qadın göndərib pul tələb etdirirdi. Xəstəxanada yatdığı vaxt Cavabdeh bir dəfə də olsun gəlib ona dəymədi. Heç bir vaxt Cavabdeh 1400 manat pul almamışdır. Axırıncı dəfə cəmi 600 manat pul almışdır ki, onu da artıqlaması ilə ödəmişdir. Cavabdeh İddiaçı Rahman qızına qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, 1400 manat məbləğdə pul vəsaitinin və ödənilmiş 34 manat məbləğdə dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(032)-1624/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh İddiaçı Rahman qızından 600 manat məbləğdə pul və dövlət rüsumu üçün ödənilmiş 15 manat pulun alınaraq iddiaçı Cavabdeh verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-806/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(032)-1624/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq iddiaçı cavabdehə qızıllarını verərkən heç bir qəbzə imza etdirmədiyini, əlində əlavə yazılı sübutlarının olmamasını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Rahman qızını bir qonşu kimi tanımışdır. Əvvəllər münasibətləri çox yaxşı olub. 2019-cu ildən bəri o, qızının təhsili üçün pul götürüb ona vermişdir. O, dəfələrlə müəyyən vaxtlar da ondan pul götürüb gecikdirmiş olsa da gətirib verirdi. Axırıncı dəfə ona 1400 manat borcu qalmışdır. O hər dəfə onu aldadırdı ki, “narahat olma lombartdan pul götürüb sənin borcunu verəcəyəm”. Lakin onun pulunu qaytarmadığına görə Şirvan şəhər Məhkəməsinə müraciət edərək 1400 manat məbləğində pulun və 34 manat məbləğində dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı qətnamədən apellyasiya məhkəməsinə şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-806/2023 saylı, 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onun iddia ərizəsində göstərdiyi qızıl əşyaları heç bir vaxt olmayıb və həmin əşyaları ona verməyib, əgər onun qızıl əşyaları var idisə gedib həmin əşyaları lombarda qoyardı, pul götürərdi. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, e-2(032)-125/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Şirvan Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, e-2(032)-125/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi ilə əlaqədar yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qimətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçı şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Göstərmişdir ki, 350 (üç yüz əlli) manat faizə pul götürmüş və bunun müqabilində 5000 manat məbləğində qızıl əşyalarını cavabdehə girov olaraq vermişdir. Qızılları cavabdehə verərkən heç bir girov müqaviləsi bağlamamış, sadəcə cavabdehə vermişdir. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehə ayrı-ayrı vaxtlarda borc pul versə də ondan hər hansı qızıl əşyalarını girov qismində almamışdır. Əgər iddiaçının 5000 manat dəyərində qızılları olmuş olsaydı niyə ondan borc pul alırdı. Belə həmin qızılları istənilən lombarda qoymaqla daha çox pul götürə bilərdi. İddiaçı bundan öncəki onun iddiaçıya qarşı təmin olunmuş iddiasının icrasından yayınmaq üçün hazırkı iddianı qaldırmışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. 280.2-ci maddəsinə əsasən girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 280.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. 280.4-cü maddəsinə əsasən bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını, məruzəni dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin və ya dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apelyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işdə olan “Şirvan Ticarət Mərkəzinin” zərgəri X4 tərəfindən verilmiş arayışda göstərilmişdir ki, komplekt dəst (qızıl sep və bilərzik-zəncir formalı) 750 əyarlı, 25 qram 3000 manat, brilyant qaşlı badamı formalı üzük və sırğa 750 əyarlı, 4 qram 600 manat, qızıl kulon 583 əyarlı 2 qram çəkidə 200 manat, qızıl nişan üzüyü 750 əyarlı 5 qram 600 manat, qızıl üzük paxlava formalı 583 əyarlı 2 qram 200 manat, qızıl kişi üzüyü brilyant qaşlı 583 əyarlı 4 qram 400 manat hazırki gün üçün bazar qiyməti ilə dəyərləndirilir. (İddiaçı ərizəsinə müəyyən qızıl əşyalarının foto şəkillərini əlavə etmişdir.) Məhkəmə iclasında iddiaçının vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid məhkəməyə verdiyi ifadəsində hər iki tərəfi qonşu kimi tanıdığını, həyətlərində dərzi işləməsini, Cavabdeh onun yanına gəlib, İlhaməni axtarmasını, sonuncunun ona borclu olmasını, bu səbəbdən də İlhamənin ona verdiyi qızılları məcbur qalıb satdığını bildirmişdir. Həmçinin Bakı şəhərində kirayədə qalarkən Südabənin onun oğlunun kartı vasitəsilə İlhaməyə pul göndərməsini, İlhamənin onun özündən 500 manat borc alaraq Südabəyə verməsini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin təqdim etdiyi səs yazısı dinlənilmişdir. Səs yazısında Məcidova yanına danışmağa gəlmiş İddiaçı və onun əri ilə borc barəsində söhbətlər aparır və İlhamədən ona olan borcunu ödənilməsini tələb edir. İddiaçı Rahman qızının əri tərəfindən iddiaçıya verilmiş “konkret olaraq İlhamənin sizə nə qədər borcu var” sualına “600 manat bir və əvvəllər verdiyim 800 manatdan qalıqlar” deyə X5 bildirir. Dinləmə zamanı məhkəmə iş üçün əhəmiyyətli məzmunda başqa məlumat aşkar etməmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X2 cavabdeh İddiaçı Rahman qızına qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı Rahman qızından 600 (altı yüz) manat pul və dövlət rüsumu üçün ödənilmiş 15 (on beş) manat alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçı cavabdehdən faizə pul götürmüş, əvəzində isə ona qızıl əşyalarını girov olaraq verdiyini iddia edir. Qarşı tərəf bunu qəbul etmir. Bayramovanın ona qızıl verdiyi təqdirdə həmin qızılları satmaq imkanı olan halda hansı səbəbdən onu məhkəməyə verdiyini, ondan pul tələb etdiyini bildirir. İddiaçı cavabdeh qarşısında borc öhdəliyinin əvəzi kimi özünə məxsus qızılları girov qoymasını bildirsə də bu halı məhkəmədə sübuta yetirə bilməmişdir. Onun vəsatəti ilə dindirilən şahidə münasibətdə isə məhkəmə hesab edir ki, şahidin sonuncu ilə yaxın münasibətlərdə olması (şahid özü bildirir ki, Bayramovanın Südabəyə olan 500 manat borcunu o ödəmişdir) bildirdiklərinin nə dərəcədə səmimi olmasına kölgə salır. Bundan əlavə iddiaçının özü, olmadığı təqdirdə isə dəyərini tələb etdiyi qızılları ərizəsində sadalasa da, həmin qızılları konkret olaraq nə vaxt, hansı borcun qarşılığında, hansı miqdarda verməsini göstərə bilməmişdir. Bundan başqa tələb olunan qızılların fotoşəkillərinin tədqiqi zamanı da şəkillərdə əks olunmuş qızıl zinət əşyalarının iddia ərizəsində siyahıda göstərilmiş əşyaların forma və xüsusiyyətləri ilə uyğunsuzluğu, fotoşəkillərdə yeni, satışda olan (qiymətini və çəkisini göstərən satış vərəqi aydın görünür) qızılların olması, hətta bəzi fotoşəkillərdə arxa planda qızıl dükanının piştaxtasının belə aşkar görünməsi məhkəmənin diqqətindən qaşmır və təqdim edilmiş fotoşəkillərin real olaraq iddiaçıya məxsus olan qızılları əks etdirməməsini və həmin qızıllara aidiyyətinin olmamasını bildirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı apellyasiya şikayətində işin düzgün araşdırılmadığını bildirsə də, buna dair məhkəməyə zəruri sübutlarını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Qeyd edilən qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə, mübahisə predmeti üzrə tətbiqi, məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə ədalətli hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən məlum olur ki, iddianın mübahisələndirilən hissəsinin qiyməti 5000 manatdır. Ona görə də qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, e-2(032)-125/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-925/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-925/2024
01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver