Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-928/2023 14.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-208/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12702,07 manat əsas, 1634,04 manat faiz, cəmi 14336,11 manat məbləğində vəsaitin və ödənilmiş 133,01 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4569346A186 saylı kredit müqaviləsinə əsasən kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 12702,07 manat əsas, 1634,04 manat faiz, cəmi 14336,11 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(017)-208/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Nuriyev) iddia təmin edilmiş, Cavabdeh 22 dekabr 2021-ci il tarixli, RGTK4569396A186 saylı kredit müqaviləsi üzrə 12702,07 manat məbləğində əsas kredit borcu, 1634,04 manat məbləğində faiz borcu və ödənilmiş 133,01 manat dövlət rüsumu, cəmi 14469,12 manat pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(017)-208/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ona qarşı iddia qaldıraraq onunla “Kapital ASC” arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli, RGTK4569396A186 saylı kredit müqaviləsinə əsasən illik 20 faizlə 72 ay müddətinə 12702,07 manat məbləğində kredit üzrə öhdəlikləri yerinə yetirmədiyini bildirərək, 14 oktyabr 2022-ci il tarixə banka 12702,07 manat məbləğində əsas kredit borcu, 1634,04 manat məbləğində faiz borcu, cəmi 14336,11 manat məbləğində borcunun olduğunu bildirərək həmin müqavilə cəmi 14336,11 manat borcun və 133,01 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Ağcabədi Rayon Məhkəməsi isə iddia tələbini təmin etmişdir. Cavabdeh məhkəmənin qətnaməsindən narazıdır. Məhkəmə iddia tələbini təmin edərkən yalnız iddiaçının mənafeyi baxımından çıxış etmiş və cavabdehin sosial və maddi vəziyyətini, həmçinin iddiaçının cavabdehin statusunda olan şəxsə müqavilədə qeyd edilmiş 12702 manat krediti hansı meyarlarla verdiyini araşdırmamışdır. İddiaçı bankla onun arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli kredit müqaviləsi əslində əvvəllər cavabdehin həmin bankdan götürdüyü kredit məbləğləri ilə əlaqədar bağlanmış müqavilədir. Belə ki, İddiaçı ASC ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 2500 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 3485 manat kredit verilmişdir. Kredit aldığı zaman cavabdeh müharibə əlili kimi psixi xəstəliyi ilə əlaqədar ayda 472 manat pensiya alırdı. Ona görə də ona kreditlər verilmişdir. Həmin kreditlər üzrə 2018-ci ilin sentyabr ayından 2020-ci ilin may ayının 5-nə kimi hər ay iki kredit üzrə cəmi 257 manat pul ödəmişdir. Buna baxmayaraq, iddiaçı bank onun xəstə olmağından istifadə edərək kredit üzrə ödənişlərin bir hesaba ödənilməsinin onun xeyrinə olacağını bildirmişdir. Bank 2020-ci ilin may ayında iki kreditin məbləğini birləşdirərək cəmi 7960 manat olmaqla yeni kredit müqaviləsi bağlamağa nail olmuşdur. Bundan sonra, xx.xx.2020-ci ildən 2021-ci ilin may ayına kimi cavabdehdən həmin 7960 manata görə hər ay 330 manat pul tutulmuşdur. Bu barədə kredit müqaviləsi və ödəniş cədvəllərinin surətləri apellyasiya şikayətinə əlavə edilmişdir. Lakin 2021-ci ilin may ayında cavabdehin pensiyası təkrar komissiyadan keçirilməsi üçün dayandırılmış, onun krediti ödəməyə imkanı olmamışdır. Bundan sonra, bankın əməkdaşları ona guya razılığa gəlmək adı ilə yeni bir müqavilə (iddia predmeti olan 22 dekabr 2021-ci il tarixli kredit müqaviləsi) bağlamağı təklif etmiş, daha sonra isə həmin müqaviləni bağlamağa məcbur etmişlər. Beləliklə də, onun kredit borcunun olmasından sui-istifadə edərək daha çox gəlir əldə etmək üçün cavabdehi özlərindən asılı vəziyyətə salmışlar. Cavabdeh də onların bu qanunsuz hərəkətlərinə görə məcbur olub müqaviləni bağlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilənlər baxımından cavabdeh bildirir ki, iddiaçı ilə aralarında bağlanmış 22 dekabr 2021-ci il tarixli kredit müqaviləsi hamı üçün şəffaf prinsip şərtləri ilə bağlanmamış, müqavilə cavabdehin xəstə olmağından sui-istifadə etməklə bağlanmış və məqsəd onun hesabına daha çox gəlir əldə etməkdən ibarət olmuşdur. Cavabdeh İ Qarabağ müharibəsi veteranıdır. Döyüş zamanı 1993-cü ildə mərmi partlaması nəticəsində əmələ gələn qəlpələrin təsirindən sağ gözün alt qapağında, sağ alın qabarına müvafiq yerdə, sol budun aşağı 1/3-nin içəri ön səthində üst damağın selikli qişasında şapıq toxumaları xəsarətləri almışdır. Həmin xəsarətlərlə əlaqədar qapalı kəllə-beyin travması almış və həmin travmadan sonra kəskin nəzərə çarpan psixopatiyaya bənzər şəxsiyyət dəyişməsi, epizotik, psixotik pozuntular diaqnozu ilə ona əlillik təyin edilmişdir. İddiaçı bankın əməkdaşları isə onun sağlamlıq vəziyyətinin normal olmamasından istifadə edərək hüquqdan sui-istifadə halına yol vermişlər. Belə olan halda məhkəmənin iddia tələbini əsaslı hesab etməsi növbəti hüquq pozuntusudur. Məhkəmə isə hazırkı iqtisadi çətinlik şəraitində iddiaçı bankın hansı standartlara əsasən zamin belə olmadan onun kimi sağlamlığı məhdud olan şəxsə hansı əsasla 12702,07 manat məbləğində kredit verməsini, həmin kredit müqaviləsinin əvvəlki borclara əsasən daha uzun müddətə və daha çox faiz əldə etməklə bağlanmasını sadəcə olaraq görməzdən gəlmişdir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. İddiaçı bankın əməkdaşları müxtəlif vasitələrdən, xüsusilə də onun xəstəliyindən istifadə edərək ona psixoloji təsir edərək əvvəlki kredit müqavilələrindən qalıq qalmış kredit borclarına görə cavabdehlə yeni kredit müqaviləsi bağlamışlar. Lakin məhkəmə onun məhkəmədə iştirakını təmin etmədiyi üçün həmin məsələlər üzrə öz fikrini bildirmək imkanından məhrum olmuşdur. Məhkəmə iddia tələbində yer alan kredit müqaviləsinin hansı şəraitdə bağlanmasını, onun əvvəlki kredit müqavilələri üzrə yaranmış və şişirdilmiş məbləğ qeyd edilməklə bağlandığını aydınlaşdırmamışdır. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, hazırda mübahisə predmeti olan kredit müqaviləsini bağlamamışdan əvvəl İddiaçı ASC-dən bir neçə dəfə kredit götürmüş, həmin kreditlər üzrə ödənişlər aybaay onun pensiyasından tutulmuşdur. Lakin sonradan pensiyanın verilməsi dayandırıldığına görə o, kredit öhdəliklərini icra edə bilməmişdir. Bankın əməkdaşları isə onun adının “qara siyahı”ya düşməməsi üçün əvvəlki kredit borclarını bağlamaqla yeni kredit müqaviləsi imzalamağı təklif etmişlər və o da bununla razılaşmışdır. Köhnə kredit müqavilələrinin hamısının əvəzində onunla bir kredit müqaviləsi bağlanmış, lakin onu aldatmaqla əvvəlki borcun məbləğini şişirdərək 12000 manat göstərmişlər. O bildirdi ki, bankın əməkdaşlarının onu aldatması ilə müqavilənin bağlanmasını mübahisələndirməmişdir. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilən qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. İddiaçı yazılı qaydada ərizə ilə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarının 11-ci vərəqində olan Cavabdeh tərəfindən İddiaçı ASC-nin Ağdam filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ona gündəlik tələbat məqsədləri üçün 12702,07 manat məbləğində 72 ay müddətinə nağd pul krediti verilməsini xahiş etmişdir. Kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirləri təşkil edəcək. Cavabdeh bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir. İş materiallarının 12-ci vərəqində olan Cavabdeh tərəfindən İddiaçı ASC-nin Ağdam filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ona rəsmiləşdiriləcək kreditin hesabına xx.xx.2021-ci il tarixli, RGTK3940245A153 nömrəli kredit müqaviləsi üzrə ödəniləcək 12576,31 manat borcun vaxtından əvvəl tam ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşdəki kreditor İddiaçı ASC-nin Ağdam filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4569346A186 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana 72 ay müddətinə, illik 20 faiz ödənilməsi, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərtilə 12702,07 manat məbləğində kredit verilməsini, borcalan krediti əldə edən zaman birdəfəlik 125,76 manat xidmət haqqı ödəyir və aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. Müqaviləyə əlavə edilən ödəniş cədvəlindən görünür ki, borcalan tərəfindən ödənişlər xx.xx.2027-ci il tarixinədək icra edilməlidir. İş materiallarının 10-cu vərəqində olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə 12702,07 manat məbləğində ödəniş Cavabdeh təqdim edilmiş və o, bunu öz imzası ilə təsdiq etmişdir. İşdəki maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, RGTK4569346A186 saylı kredit müqaviləsi üzrə 12702,07 manat əsas, 1634,04 manat faiz, cəmi 14336,11 manat borcu yaranmışdır. İşdəki xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 133,01 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı hazırda xx.xx.2021-ci il tarixli, RGTK4569346A186 saylı kredit müqaviləsi üzrə 12702,07 manat əsas, 1634,04 manat faiz, cəmi 14336,11 manat məbləğində borcun və ödənilmiş 133,01 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz tələbinin əsası kimi kredit müqaviləsini və ona əlavə edilmiş sənədləri, kassa məxaric orderini, maliyyə arayışını, dövlət rüsumunun ödənilməsi barədə qəbzi təqdim etmişdir. Cavabdeh isə həmin kredit müqaviləsinin onun aldadılması yolu ilə bağlanıldığını bildirmiş, əslində həmin kredit üzrə məbləğin əvvəlki kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldildiyini, bankın onun psixi vəziyyətindən sui-istifadə edərək onu bu cür müqavilə bağlamağa məcbur etdiyini bildirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. “B.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 dekabr 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 339.2-ci maddəsinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Məhkəmə kollegiyası cavabdehin xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin onun aldadılması yolu ilə bağlanılması barədə dəlilini inandırıcı hesab etmir və bildirir ki, həmin müqavilə bağlanılarkən cavabdehin onunla tanış olmaq və bu barədə iddiaçı bank onu aldatmış olsaydı, dərhal bu barədə öz etirazlarını bildirmək imkanı olsa da, cavabdeh həmin vaxt hər hansı etiraz bildirməmiş, müqaviləni imzalamış, müqavilə üzrə kredit olaraq verilməsi nəzərdə tutulan 12702,07 manat məbləğində pulu xx.xx.2021-ci il tarixində kassa məxaric orderinə imza etməklə qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya məhkəməsinin iclasında bildirdiyi kimi aldadılması nəticəsində 12000 manatlıq kredit müqaviləsinə imza etməsini də inandırıcı hesab etmir. Belə ki, cavabdeh həmin məbləğdə pulu kassa məxaric orderinə imza etməklə alarkən bu haldan məlumatlı olmuşdur. Lakin həmin müqavilənin onun aldadılması əsası ilə bağlanılmasına dair etiraz etməmiş, həmin müqaviləni mübahisələndirməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, cavabdeh həmin müqavilənin onun aldadılması ilə bağlandığını bilməli olduğu xx.xx.2021-ci il tarixindən bir il ərzində həmin əqdi mübahisələndirməmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin cavabdehin aldadılması və onda yanlış fikrin yaradılması ilə bağlanılmasına dair cavabdehin dəlili əsassızdır. Məhkəmə kollegiyası həm də onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi əsasında əldə edilmiş məbləğin sonradan başqa kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün istifadə olunması sonradan bağlanmış kredit müqaviləsinin etibarsızlığına səbəb ola bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının onun psixi vəziyyətindən istifadə etməklə müqavilə bağlamağa məcbur etməsinə dair dəlili ilə də razılaşmır və bildirir ki, cavabdehin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi halı iş materialları ilə müəyyən edilmir, eləcə də, o, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxs də deyil. Bundan başqa, cavabdeh iddiaçı bankın əməkdaşlarının onu müqavilə bağlamağa məcbur etməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. MM-in 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə kollegiyası həm də nəzərə alır ki, cavabdehin özü də apellyasiya məhkəməsinin iclasında bankın əməkdaşlarının onun kredit öhdəliklərinin icra edilməməsinə görə “qara siyahı”ya düşməməsi üçün yeni müqavilə bağlamağı təklif etdiklərini bildirmişdir. Bu isə onu göstərir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin bağlanılması həmin zaman cavabdehin də mənafeyinə uyğun olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, İddiaçı ASC-nin Ağdam filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4569346A186 nömrəli kredit müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas müəyyən edilmədiyindən, iddiaçının həmin müqavilə üzrə irəli sürdüyü tələb əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, İddiaçı ASC-nin Ağdam filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4569346A186 nömrəli kredit müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas müəyyən edilmədiyindən, cavabdehin kredit üzrə əsas borcu və hesablanacaq faizləri ödəməyi öhdəsinə götürməsi, kredit müqaviləsi üzrə onun tərəfindən öhdəliklərin icra edilməməsi və ödənilməmiş qalan əsas borcun 12702,07 manat, faiz borcunun isə 1634,04 manat olması iş materialları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən isə borcun lazımınca ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qətnamə qəbul etmiş, iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 133,01 manat məbləğində pulun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(017)-208/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-928/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-928/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver