Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-93/2023 06.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, tərəflərin və cavabdehin vəkili Vəkil iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı su yolunun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, tələbində ona məxsus, İmişli rayonunun Xəlfəli kəndində yerləşən həyətyanı torpaq sahəsinə gələn su yolunun Cavabdeh tərəfindən qanunsuz olaraq bağlandığını bildirərək su yolunun qarşı tərəfin hesabına açılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Xəlfəli kəndində fərdi yaşayış evində yaşayır və istifadəsində 1,0 ha həyətyanı torpaq sahəsi vardır. Ona məxsus olan həyətyanı torpaq sahəsi Cavabdeh həyətyanı torpaq sahəsi ilə eyni massivdə yerləşir və digər təsərrüfat sahibləri kimi o da indiyə qədər suvarma məqsədilə Araz çayından qidalanan Orta Muğan suvarma kanalından çəkilmiş arxdan istifadə etmişdir. Cavabdeh İddiaçı həyətyanı torpaq sahəsi ilə onun həyətyanı torpaq sahəsi biri-birindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə ayrılır və mübahisəli su yolu onun həyətyanı torpaq sahəsi boyunca bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən keçir. Cavabdeh özünə məxsus olan həyətyanı torpaq sahəsinə bitişik yerləşən təxminən 0,80 ha bələdiyyə ərazisini zəbt edərək istifadəsində olan torpaq sahəsini onun həyətyanı torpaq sahəsinin hüdudlarınadək genişləndirmiş və bir neçə ay bundan qabaq bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən keçərək onun həyətyanı torpaq sahəsi boyunca uzanan su yolunu Orta Muğan suvarma kanalından çəkilmiş arxla birləşən hissədə bağlayaraq su yolunun dibi ilə məftil çəpər çəkib tutduğu ərazini ona məxsus olan həyətyanı torpaq sahəsindən ayırmışdır. Cavabdeh su yolunun Orta Muğan suvarma kanalından çəkilmiş arxla birləşən hissədə açılaraq məftil çəpərin su yolunun kənarı ilə çəkilməsi barədə təklifini əvvəlcə qəbul etsə də, sonradan fikrini dəyişmişdir. Bu səbəbdən suvarma işləri apara bilmir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Xəlfəli kəndində fərdi yaşayış evində yaşayır. İddiaçı su yolu açmaq istədiyi ərazi onun mülkiyyətində olan həyətyanı sahənin tərkib hissəsidir və xəritədə həmin hissədən su yolu nəzərdə tutulmamışdır. Mübahisəli su yolu 1988- 1989-cu ildə kolxozun əkin sahəsinin suvarılması məqsədilə açılmış və keçdiyi ərazi islahat zamanı onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı məxsus olan torpaq sahəsinə öz ərazisidən mübahisəli yerlə paralel Araz çayından qidalanan Orta Muğan əsas suvarma kanalına birləşən arxdan su yolu açmaq mümkündür. Ona görə də o, mübahisəli su yolunu Muğan suvarma kanalından çəkilmiş arxla birləşən hissədə bağlayaraq su yolunun dibi ilə məftil çəpər çəkib ərazisini İddiaçı məxsus olan həyətyanı torpaq sahəsindən ayırmışdır. İddia tələbini əsassız hesab edir. İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh Araz çayından qidalanan Muğan kanalından çəkilmiş suvarma arxına birləşən İmişli rayonu Xəlfəli bələdiyyəsinə məxsus olan torpaq sahəsindən keçərək İddiaçı məxsus olan İmişli rayonunun Xəlfəli kəndində yerləşən 1,0 ha torpaq sahəsi boyunca uzanan su yolunun (cığırının) dibi ilə çəkdiyi məftil çəpərinin sökülməsi və suvarma arxı ilə birləşən hissədə qurduğu torpaq bəndi sökərək bağladığı su yolunu (cığırını) açması qət edilmişdir. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, iddiaçının mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədi yoxdur, ona torpaq sahəsinin verilməsi barədə iş materiallarındakı arayış onun mülkiyyət hüququnu təsdiq etmir. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh izahatında qeyd etmişdir ki, suyun yuxarı hissəsində iddiaçının istifadəsində torpaq sahəsi vardır, o, iddiaçının su yolunu kəsməmişdir. Eyni zamanda iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi yoxdur və ona görə də iddiaçının iddia verməyə subyektiv hüququ yoxdur. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı və cavabdeh qonşu torpaq sahələrinin istifadəçiləridirlər. İddiaçı tələbində, həyətyanı torpaq sahəsinə gələn su arxının cavabdeh tərəfindən tutulduğunu iddia etməklə, su yolunun açılmasını xahiş etmişdir. İddiaçının tələbi aşağıdakılara əsasən keçərlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün iddiaçı mülkiyyətçi (qanuni sahib) olmalı, onun mülkiyyətinə qəsd və ya digər maneələr ortada olmalı, bu cür maneələr mülkiyyətçinin əmlakından istifadə, sahiblik, müəyyən hallarda əmlaka dair sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı və cavabdeh qonşu həyətyanı torpaq sahələrinin istifadəçiləridir. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədi olmadığı üçün onun iddia vermək barədə subyektiv hüququ yoxdur. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçıya İmişli rayonunun Xəlfəli kəndində 1 ha torpaq sahəsi verilmişdir. İmişli rayonunun Xəlfəli kənd bələdiyyəsinin 31 may 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı X1 iştirakçısı kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 1 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Cavabdeh tərəf etirazında həm də suyun yuxarı hissəsində iddiaçının istifadəsində olan torpaq sahəsinin olduğunu, cavabdehin onun su yolunu kəsmədiyini bildirmişdir. Apellyasiya baxışında məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisinin tərtib etdiyi mütəxəssis arayışına əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04 aprel 2023-cü il tarixli, 10/1099 nömrəli rəyinə görə İmişli rayonu, Xəlfəli kəndində İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan həyətyanı torpaq sahəsi arasındakı mövcud su arxının ətrafı Cavabdeh tərəfindən çəpərlanməklə su arxının normal axınına maneə yaradılmışdır. Kollegiya ekspert rəyini sübut olaraq qəbul edir və hesab edir ki, iddia əsaslıdır, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Mütəxəssis rəyinin alınması ilə əlaqədar olaraq ödənilmiş 95 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, ekspert rəyinin verilməsi ilə əlaqədar olaraq 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Мəhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(036)-1042/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mütəxəssis rəyinin alınması ilə əlaqədar olaraq ödənilmiş 95 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspert rəyinin verilməsi ilə əlaqədar olaraq Cavabdeh 50 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-93/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-93/2023
06.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver