Məhkəmə qərarları › İş №2(106)-930/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-930/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-930/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Habil Xanoğlan oğlu Bəhmənov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, Salyan Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № MK/00453/88/26 saylı kredit sazişinə uyğun olaraq bank tərəfindən Cavabdeh4 36 ay müddətinə illik 21,5 faiz dərəcəsi ilə 28000 manat kredit verilmiş və elə həmin müqaviləyə əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 kreditin borcalan tərəfindən ödənilməyəcəyi təqdirdə həmin öhdəliyin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyəti öz üzərinə götürərək ona zamin durmuşlar. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada 23539,38 manat əsas borc, 1406 manat faiz borcu, 791,08 manat cərimə borcu olmaqla, cəmi 25736,46 manat məbləğində borcun və ödənilmiş 168 manat dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi) əlavə edilmişdir. İddiaçı ərizəsində onu da göstərmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh4 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh4 aid bütün öhdəlikləri icrа еtməlidirlər. Birinci instansiya məhkəməsində Cavabdeh4 iddianın əsas borc hissəsindən 21000 manat, faiz borcundan 400-500 manat, cərimə borcunun isə 300 manat olduğunu, iddianın qalan hissəsinin isə əsassız olduğunu qeyd edərək iddianın qismən təmin olunmasına etirazı olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirak etmədiklərindən iddiaya dair mövqeləri bəlli olmamışdır. Salyan Rayon Məhkəməsinin (hakim A.Səmədov) 22 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 23381,74 manat əsas, 1396,41 manat faiz, 50 manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 162,10 manat alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh4 alınaraq X2 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 449.1, 449.4, 467, 470.1, 472.2, 475.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh4 apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin iddianın etiraf edilən həddə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmədə iddianın əsas borc hissəsindən 21000 manat, faiz borcundan 400-500 manat, cərimə borcunun isə 300 manat olduğunu, iddianın qalan hissəsinin isə əsassız olduğunu qeyd etsə də buna əhəmiyyət verməyən məhkəmə müştərək qaydada 23381,74 manat əsas, 1396,41 manat faiz, 50 manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 162,10 manat alınmasını qət etmişdir. xx.xx.2022-ci il tarixli, № MK/00453/88/26 saylı kredit sazişindən ona 36 ay müddətinə illik 21,5 faiz dərəcəsi ilə 28000 manat kredit verilmiş və həmin kreditdən ödənişlər edilmişdir. Amma 23381,74 manat əsas, 1396,41 manat faiz, 50 manat cərimə tələbinin ekspert rəyi ilə müəyyən edilməsi ilə razı deyildir. xx.xx.2023-cü il tarixli № 9/9365 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh4 banka 23381,74 manat əsas borcu, 1396,41 manat faiz borcu olmaqla cəmi 24778,15 manat borcu olduğu müəyyən olunmuşdur. Amma rəydə nədəsə ödənilməmiş dövrlər üçün iddia qaldırılmayan ayların və həmin aylarda faizlərin şişməsi və buna görə də cərimənin artması nəzərə alınmamışdır. İddia tələbi ilə ekspert rəyi eynilik təşkil etməsi rəyi iş üçün əhəmiyyətli olan ödənilən ayların hansı əsasla nəzərə alınmaması göstərilməmiş və bu hal sübuta yetirilməmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, o zamin dursa da Bank təminatsız kredit verməli deyildir. Borclu ona bildirmişdir ki, onun girovu vardır. Cavabdeh1, digər cavabdehlə oxşar məzmunlu izahat vermişdir. İddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh4 və Cavabdeh2 apellyasiya baxışında iştirak etməmişlər. İddiaçının nümayəndəsi elektron məhkəmə sistemində ərizə yerləşdirmiş, ərizəsində bildirmişdir ki, məhkəmə prosesinin çox olması səbəbindən təyin olunmuş iclasda iştirak edə bilməyəcəkdir. Onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən etibarlı məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni Cavabdeh4 borcun miqdarına dair hissədə mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022ci il tarixli kredit sazişinə uyğun olaraq bank tərəfindən Cavabdeh4 36 ay müddətinə illik 21,5 faiz dərəcəsi ilə 28000 manat kredit verilmiş və elə həmin müqaviləyə əsasən digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 borcun ödənilməsinə zamin durmuşlar. xx.xx.2023-cü il tarixli maliyyə arayışına görə, həmin tarixə Cavabdeh4 23539,38 manat əsas, 1406 manat faiz, 791,08 manat cərimə borcu vardır. İşin hallarından görünür ki, cavabdehlər borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları bildirir. Müəyyən edilir ki, borcun ödənilməsində pozuntular olduğuna, müqavilə şərtlərinə əməl edilmədiyinə görə, Bank xx.xx.2023-cü il tarixdə kredit müqaviləsinin ləğvinə və 23539,38 manat əsas borcun, 1026,38 manat faiz borcunun, 791,08 manat məbləğində cərimə borcunun tələb edilməsinə dair cavabdehlərə bildiriş göndərmişdir. İddiaçı Bank kredit borcunu tam tələb etməklə həm də vaxtından əvvəl müqavilənin ləğvini bəyan etmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehlərdən borcunu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. xx.xx.2023-cü il tarixli 9/9365 nömrəli ekspert rəyinə görə, iş materiallarında olan hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh4 xx.xx.2023-cü il tarixə banka 23381,74 manat əsas borcu, 1396,41 manat faiz borcu olmaqla cəmi 24778,15 manat borcu olduğu müəyyən olunmuşdur. Lakin işin hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixə olan borcunu tələb etməklə müqavilənin ləğvini bəyan etmiş, bununla da müqavilə şərtlərinə həmin tarixdən xitam verilməsini istəmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında şərh etdiyi hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu, ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Kollegiya hesab edir ki, kreditor Bankın xx.xx.2023-cü il tarixdən kredit müqaviləsinin ləğvini bəyan etməsi ilə vaxtından əvvəl müqavilə ləğv edilmiş sayılmalı, həmin müddətədək olan borc məbləği hesablanıb cavabdehlərdən tutulmalıdır. İddiaçının tələbinə görə, həmin müddətə hesablanan borc məbləği aşağıdakı kimi müəyyən edilir: əsas borc- 23539,38 manat, faiz borcu- 1026,38 manat və cərimə- 791,08 manat. Bununla yanaşı, ekspert rəyinə görə, cavabdehlərin xx.xx.2023-cü il tarixə banka 23381,74 manat əsas borcu, 1396,41 manat faiz borcu müəyyən edilir. Kollegiya müqavilənin ləğvi müddətinə olan iddiaçının tələbini və iş üzrə ekspert rəyini nəzərə alaraq hesab edir ki, cavabdehlərin müqavilənin xitam verilməsi müddətinə borcu aşağıdakı kimi müəyyən edilməlidir: əsas borc- 23381,74 manat, faiz borcu- 1026,38 manat. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Cərimə məbləğinin tutulması hissədə Kollegiya məhkəmənin qənaəti ilə razılaşır. Beləliklə, Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz borcunun tutulması hissədə dəyişdirilməli, cavabdehlərdən tutulmalı faiz borcu 1026 manat müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbi əsasən təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(057)-102/2024 saylı qətnaməsi faiz borcunun tutulması hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmalı faiz borcu 1026 manat müəyyən edilsin, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar