Məhkəmə qərarları › İş №2(106)-930/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-930/2025

13.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-930/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə Astara Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(018)- 303/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarına əlavə edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Astara rayonu Səncərədi kəndində anadan olmaqla həmin kənddə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş yaşayış yeri barədə Astara rayon İHB-nin Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 20 noyabr 2024-cü il tarixli 1476 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu Səncərədi kəndində yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, İddiaçı cavabdehə verdiyi çəltiyi maşına özü yükləmişdir. Təxmini hər birində 41-42 kq olmaqla 21-22 kisə çəltik olmuşdur. Cavabdeh pulu bir müddət sonra ödəyəcəyini öhdəsinə götürmüş, ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində əsas borcun və 49 (qırx doqquz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qonşu kənddə yaşayır, münasibətləri yaxşı olmuşdur. Həm o, həm də Cavabdeh çəltik əkib becərməklə məşğul olurlar. Cavabdeh ondan kiloqramı 2 (iki) manatdan 900 (doqquz yüz) kiloqram borc alaraq toxumluq çəltik almışdır. Vəd vermişdir ki, yaxın müddətdə çəltiyin dəyərini, 1800 manatı ödəyəcəkdir. Lakin, cavabdeh verdiyi vədə əməl etməmiş, bəhanələrlə bu günə kimi borc aldığı çəltiyin pulunun ödənilməsindən yayınmışdır. Cavabdeh borc olaraq 900 kiloqram toxumluq çəltik aldığını və bu günə kimi pulunu qaytarmadığını şahidləri Astara rayon Səncərədi kəndində yaşayan Şahid1 və Şahid2 təsdiq edə bilərlər. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, heç bir yerdə işləmədiyi üçün ailənin problemlərini həll etmək məqsədi ilə təsərrüfatla məşğul olmağı qərara almışdır. Bu baxımdan 2019-cu ildə yaşadığı Astara rayonu Artupa və qonşu Səncərədi kəndlərində həmkəndlilarinə məxsus, lakin istifadə olunmayan Pay bəlli torpaq sahələrini müqqavilə ilə icarəyə götürüb orada çəltik əkməyi planlaşdırmışdır. Ümumilikdə təqribən 6 hektar torpaq sahəsini icarəyə götürüb texnikanın köməyi ilə ərazini şumlatdırıb çəltik əkini üçün yararlı hala salmışdır. Çəltik əkilən sahə şumlatdırıldıqdan sonra çox ağır əl əməyinin sayəsində əkinə və suvarılmağa hazır vəziyyətə gətirilməlidir. Bundan əlavə o əvvəlcədən toxum tədarükü üçün əvvəllər yaxşı münasibətdə olduğu Astara rayonu Səncərədi kənd sakini İddiaçı 1 kq 2 (iki) manatdan 900 kq toxumluq çəltik almağı şifahi olaraq razılaşdırmışdır. Aldığı çəltiyə görə 1800 manatı məhsul əldə etdikdən sonra X1 ödəməyi şifahi olaraq qərarlaşdırmışdır. O da öz növbəsində toxumluq çəltiyinin bol məhsul verəcəyinə onu əmin etmişdir. O sözü gedən 6.0 hektar torpaq sahəsində günəmuzd çalışan həmkəndlilərinin əməyi sayəsində çəltik əkinini uğurla başa vurmuşdur. Sonrakı aylarda əkilən çəltik sahəsinin inkişafı üçün əlindən gələni etsə də ərazidə otdan başqa heçnə çıxmamışdır. Bu sahəni mükəmməl bilən mütəxəssislərlə apardığı arayışlardan sonra məlum olmuşdur ki, toxum üçün aldığı 900 kq çəltik xüsusi sobalarda (suşilkada) qurudulduğu üçün əkinə yararlı deyilmiş. Bu toxumdan yalnız məişətdə qida kimi (düyü) istifadə etmək olar. Ona görə də onun həmin zamana qədər bu məhsuldan gəlir əldə etmək kimi bütün planları məhv olmuş və ona 8000 (səkkiz min) manata qədər maddi ziyan dəymişdir. O başına gətirilən bu uğursuz əkinçilik əməliyyatı barədə İddiaçı ilə söhbət edib dəyən ziyan bardə məlumat vermişdir və ondan niyə süni şəkildə sobada qurudulmuş çəltyi toxumluq adı ilə ona satdığını soruşmuş, İddiaçı buna etriaz edəndə isə ondan toxumluq çəltik üçün aidiyyəti dövlət qurumu tərəfindən onun adına verilməli olan Sertifikati tələb etmiş va yalnız o halda aldığı toxumluq çəltiyə görə ona 1800 manat borcu ödəcəyini bildirmişdir. Yaşadığı Artupa və Səncərədi kəndlərində təsərrüfatla məşğul olan həmkəndliləri də başına gətirilən bu uğursuzluğun şahidi olmuşlar. Hətta borca görə məhkəməyə müraciət edən X2 iddia ərizəsində göstərdiyi şahidlər (dostları) də onun haqsız olduğunu bilə-bilə sonradan borca görə onun ailə üzvlərinə təzyiq göstərməkdə davam ediblər. Hansı ki, o bu günə qədər fəhləlik etməklə icarəyə götürdüyü torpaq sahələrinə görə həmkəndlilərinə qabaqcadan nəzərdə tutduğu qaydada icarə haqqını ödəməkdə davam edir. Bu günə qədər bunun yalnız 60-70 %-ni ödəməyə müvəffəq olmuşdur. Məhz yuxarıda qeyd etdiyi bu və digər səbəblərdən İddiaçı iddiasını əsassız hesab etməklə bərabər ona etiraz edir. Çünki onun həmyerli və uzun müddətli tanışlığını nəzərə alıb təzminat üçün məhkəməyə müraciət etmədiyi halda, təəssüf ki, o borca görə bunu edir. Bütün bunlara baxmayaraq o ədalətin qalib gələcəyinə inanaraq yuxarıda qeyd etdiklərini doğru dəyərləndirib obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Şəfiqə Meybullayeva) xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 600.1, 600.4, 567.1, 568, 581-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 119.1, 191.3, 217.3, 217.4, 218.1-ci maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, hazırki iddianın predmetini nisyə alqı-satqı müqaviləsinin icrasından irəli gələn münasibətlər, qanuni əsasını nisyə alqı-satqı müqaviləsinə tətbiq edilməli olan normalar təşkil edir. Hazırki mübahisədə, iddiaçı tərəfindən cavabdehə 2 manatdan razılaşdırılmaqla 900 kiloqram çəltiyin verilməsi, 1800 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməli olması, lakin ödənilmədiyi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən etiraz ərizəsində cavabdeh iddiaçıdan 2 manatdan razılaşdırılmaqla 900 kiloqram çəltiyi aldığını və qarşılığında 1800 manat məbləğində pulu ödəməli olduğunu, lakin ödəmədiyini etiraf etmişdir. Bu səbədən məhkəmə hesab edir ki, iddia əsaslıdır, 1800 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, cavabdehin etirazının əsası kimi qeyd etdiyi çəltiyin yararsız olması, iddiaçıdan alıb əkdiyi çəltiyə görə pulun ödənilməsi üçün iddiaçıdan sertifikat tələb etməsi, ona maddi ziyan dəyməsi hallarına münasibətdə isə qeyd edir ki, cavabdeh etirazının əsası kimi qeyd etdiyi faktları sübut edən sənədləri, şahidləri məhkəməyə təqdim etməmiş, yalnız sözlə ifadə etmiş, çəltik alarkən isə məhsulun yararlı olmasına dair sertifikatı əvvəlcədən tələb etməli imiş ki, bütün bunlar da, məhkəmə tərəfindən özünümüdafiə kimi qiymətləndirilməklə mülki məsuliyyətdən yaxa qurtarmağa cəhd kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh çəltiyin yarasızlığına, sertifikatı əvvəlcədən tələb etdiyinə, ona dəymiş ziyana dair sübutları məhkəməyə təqdim edə bilməmişdir, satıcı alıcıya razılaşdırılmış əşya, həmçinin əşyanı alıcıya verməklə bir vaxtda əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borclu olduğundan, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyə borclu olduğundan, iddiaçı tərəfindən üzərinə düşən öhdəliyin tam lazımi qaydada yerinə yetirilməklə müqaviləyə uyğun keyfiyyətli əşya verildiyi qəbul olunmalı, 1800 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh Mehman oğlu apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəf apellyasiya şikayətində göstərmişdir ki, məhkəmənin qətnamədə qeyd etdiyi müəyyən etdiyi hallar işin həqiqi halını təsdiq etmir. Belə ki, cavabdeh ümumilikdə təqribən 6 hektar torpaq sahəsini icarəyə götürüb texnikanın köməyi ilə ərazini şumlatdırıb çəltik əkini üçün yararlı hala salıb İddiaçı 900 kiloqramm toxumluq çəltik almağı şifahi olaraq razılaşmış və almış oluduğu çəltiyə görə 1800 manatı məhsul əldə etdikdən sonra X1 ödəməyi şifahi olaraq qarşılıqlı razılıq əldə etmişdir. O da öz növbəsində toxumluq çəltiyinin bol məhsul verəcəyinə ona söz vermişdir. O, 6 hektar torpaq sahəsində günəmuzd çalışan həmkəndlilərinin əməyi sayəsində çəltik əkinini uğurla başa vurmuşdur. Sonrakı aylarda əkilən çəltik sahəsinin inkişafı üçün əlindən gələni etsə də, əkilən ərazidə otdan başqa heçnə çıxmamışdır. Bu sahəni mükəmməl bilən mütəxəssislərlə apardığı danışıqlardan sonra məlum olmuşdur ki, toxum üçün aldığı 900 kiloqramm çəltik xüsusi sobalarda (quruducu) qurudulduğu üçün əkinə yararlı deyilmiş. Bu toxumdan yalnız məişətdə qida kimi (düyü) istifadə etmək olar. Ona görə də onun həmin zamana qədər bu məhsuldan gəlir əldə etmək kimi bütün planları məhv olmuş və ona 8000 manata qədər maddi ziyan dəymişdir. O, bu uğursuz əkinçilik əməliyyat barədə İddiaçı ilə söhbət edib dəyən ziyan bardə məlumat vermiş və ondan niyə süni şəkildə sobada qurudulmuş çəltyi toxumluq adı ilə ona satdığını soruşmuşdur. İddiaçı buna etriaz edəndə isə ondan toxumluq çəltik üçün aidiyyəti dövlət qurumu tərəfindən adına verilməli olan sertifikatı tələb etmiş, lakin buna nail ola bilməmişdir. Yaşadığım Artupa və Səncərədi kəndlərində təsərrüfatla məşğul olan həmkəndliləri də başına gətirilən bu uğursuzluğun şahidi olmuşlar. Hətta borca görə məhkəməyə müraciət edən X2 iddia ərizəsində göstərdiyi şahidlər (dostları) də onun haqsız olduğunu bilə-bilə sonradan borca görə onun ailə üzvlərinə təzyiq göstərməkdə davam etmişlər. Hansı ki, o, bu günə qədər fəhləlik etməklə icarəyə götürdüyü torpaq sahələrinə görə həmkəndlilərinə qabaqcadan nəzərdə tutduğu qaydada icarə haqqını ödəməkdə davam edir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfin apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı izahatında bildirdi ki, cavabdeh çəltiyi əkildiyi torpaq sahəsini satmışdır. Cavabdeh pulu ödəyəcəyini bildirmişdir, lakin ödəməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası Cavabdeh Mehman oğlunun apellyasiya şikayətində göstərilən dəlilləri araşdıraraq belə qənaətə gəlir ki, həmin dəlillər əsassızdır və iş üzrə hüquqi nəticəyə təsir göstərmir. Əvvəla, iş üzrə mübahisəsiz hal ondan ibarətdir ki (bu hal cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində də açıq şəkildə etiraf olunmuşdur) Cavabdeh İddiaçı kiloqramı 2 (iki) manatdan olmaqla 900 (doqquz yüz) kiloqram toxumluq çəltiyi nisyə olaraq almışdır. Bu hal tərəflər arasında mübahisə doğurmadığından sübutetmə yükünün bölüşdürülməsi prinsipinə əsasən, iddiaçı tərəf nisyə alqı-satqı münasibətinin mövcudluğunu sübut etmək öhdəliyindən azaddır. Mübahisəli məqam isə cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülən “toxum üçün aldığı 900 kiloqram çəltiyin əkinə yararlı olub-olmaması” məsələsidir. Kollegiya bu barədə aşağıdakıları qeyd edir: Əvvəla, Cavabdeh toxumun yararsız olması barədə iddiasını sübut etməmişdir. Belə ki, iş materiallarında toxumun əkinə yararsız olduğunu təsdiq edən hər hansı ekspertiza rəyi, laborator müayinənin nəticəsi, aidiyyəti dövlət qurumunun arayışı və ya digər yazılı sənəd mövcud deyildir. İkincisi, tərəflər arasında toxumun keyfiyyəti ilə bağlı hər hansı yazılı iradə ifadəsi yoxdur. Cavabdeh, apellyasiya şikayətində iddiaçının toxumu süni şəkildə qurudulmuş halda verdiyini və bu barədə mübahisə etdiklərini bildirsə də, bu iddiasını təsdiq edən yazışmalar, müqavilə şərtləri və ya şahid ifadələri məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, ümumi və qeyri-müəyyən şahidlik iddiaları sübut hesab oluna bilməz. Cavabdeh, yaşadığı kəndlərdə təsərrüfatla məşğul olan həmkəndlilərinin bu hadisənin şahidi olduğunu iddia etsə də, həmin şəxslərin konkret kimliyi, ifadələrinin məzmunu və onların iş üzrə hüquqi əhəmiyyəti sübutlarla təsdiq olunmamışdır. Bu səbəblərə görə, cavabdehin toxumun keyfiyyətinə dair iradları sübuta yetirilməmiş hesab olunur və iş üzrə hüquqi nəticəyə təsir etmir. Mövcud sübutlar əsasında müəyyən edilir ki, cavabdeh iddiaçıdan 900 kiloqram toxumluq çəltiyi nisyə olaraq almış və onun dəyərini ödəmək öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı …çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır....hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(018)-303/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(018)-303/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar