Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-933/2023 19.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və zaminlik müqavilələrinin ləğv olunması və borc tələbi barədə” kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Masallı Rayon Məhkəməsinin e- 2(050)-447/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə iddiaçı arasında bağlanmış L-BK-0050187-F saylı kredit və BK-00016668 saylı zaminlik müqavilələrinin ləğv olunması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 3555,14 manat, faiz borcu 116,73 manat olmaqla, cəmi 3671,87 manat məbləğində kredit borcunun və ödənilmiş 57 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1 ilə iddiaçının Bakı filialı arasında xx.xx.2019-cu il tarixli, L-BK-0050187-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci və 1.3-cü bəndlərinə əsasən borcluya 60 ay (12 ay möhlətlə) müddətinə illik 1 faiz olmaqla 3563,32 manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə BK-00015180 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bugünədək borclu tərəfindən təşkilata 8,18 manat, faiz borcu üzrə 6,82 manat olmaqla, cəmi 15 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 3555,14 manat, faiz borcu üzrə 116,73 manat olmaqla, cəmi 3671,87 manat məbləğində kredit borcu var. Təşkilatla borclunun zamini arasında bağlanmış BK-00016668 saylı zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zamin kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə müvafiq olaraq borclu tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Masallı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, e-2(050)-447/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Habil Bəhmənov) iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 ilə BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0050187-F saylı kredit və BK-00016668 saylı zaminlik müqavilələri ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3555,14 manat əsas borc, 116,73 manat faiz borcu, ümumilikdə 3671,87 manat borcun və 57 manat ödənilmiş dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, e-2(050)-447/2023 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamənin qəbul edilməsini və ona zamin durmuş Cavabdeh2 zaminliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisəli işə sadələşdirilmiş icraat qaydasında baxaraq böyük səhv etmişdir. Ona məhkəmə bildirişi və iddia ərizəsinin surəti gəlmədiyindən o, etiraz edə bilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Cavabdeh1 iddiaçı ilə kredit müqaviləsini 2014-cü ildə bağlamışdır. ABŞ dollarının məzənnəsi qalxdıqdan sonra ödəyə bilməmişdir. Sonradan onunla 2019-cu ildə güzəştli şərtlərlə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə o, aylıq ödənişlərini mütəmadi olaraq ödəmiş, onun kredit ödənişlərində heç vaxt gecikməsi olmamışdır. Məhkəmə ümumiyyətlə işi araşdırmamış, ədalətsiz bir qətnamə çıxarmışdır. Məhkəmə işi obyektiv araşdırsaydı, onun iddiaçıya ödəmiş olduğu pulları əsas borcdan çıxardı. Onun banka cəmi 1500 manat civarında borcu var. O, dəfələrlə iddiaçının işçiləri ilə əlaqə saxlayaraq qalıq borcunu da tam ödəmək istəmişdir. Lakin onlar buna razı olmamışlar. 2014-cü ildə kredit müqaviləsi bağlanarkən Cavabdeh2 ona zamin durmuşdur. Lakin 2019-cu ildə təkrar kredit müqaviləsi bağlanılarkən Cavabdeh2 ona zamin durmamışdır. 2019-cu ildə Cavabdeh2 ümumiyyətlə banka gəlməmişdir. Məhkəmə isə hər iki müqaviləni qarşılıqlı araşdırmamış və əsassız olaraq zaminliyə xitam verməmişdir. Məhkəmə tərəfindən işə obyektiv baxılsaydı, zaminliyə xitam verilməli və borc məbləği 1500 manat civarında müəyyən edilməli idi. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2023-cü il tarixli, 2(106)-933/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin e-2(050)-447/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdehlərdən yalnız Cavabdeh1 birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, qətnaməni borcun məbləği və zaminliklə bağlı hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin Cavabdeh1 apellyasiya şikayəti əsasında mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki kreditor BOKT "xxxx" MMC və borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0050187-F saylı kredit müqaviləsinin surətindən görünür ki, bu müqavilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə bağlanılır. Bu müqaviləyə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə qalıq məbləğini ödəməsi məqsədilə 3563,32 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay (12 ay möhlətlə) müddətinə verilir. Kredit məbləği kreditor tərəfindən birbaşa, yəni borcluya ödənilmədən onun vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilir. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə aylıq kredit ödənişləri borclu ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, kreditor bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan tələb etmək hüququna malikdir. İşdəki kreditor BOKT "xxxx" MMC və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK-00015180 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən zaminliklə təmin olunan öhdəlik BOKT "xxxx" MMC Bakı filialı tərəfindən xx.xx.2019-cu il tarixli, L-BK-0050187-F saylı kredit müqaviləsi ilə borclu Cavabdeh1 60 ay (12 ay möhlətlə) müddətinə verilən 3563,32 manat məbləğində kreditdir. BOKT "xxxx" MMC tərəfindən verilən kreditlə bağlı borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zamin kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürür. İşdəki BOKT "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borc məbləği 3555,14 manat, faiz borcu 116,73 manat, cəmi 3671,87 manat təşkil edir. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tələbini kredit müqaviləsi üzrə borclunun iddia edilən məbləğdə əsas və faiz borcunun yaranması, zaminin həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyini icra etməsinə görə eyni həcmdə məsuliyyət daşıması, kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçının kredit müqaviləsinin ləğv edilməsini və qalıq kredit borcunun vaxtından əvvəl tələb etmək hüququnun olması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün kredit və zaminlik müqavilələrini, maliyyə arayışını təqdim etmişdir. Cavabdeh1 isə apellyasiya şikayətində tələb edilən borc məbləğinin şişirdildiyini və onun tərəfindən edilmiş ödənişlərin borc məbləğindən çıxılmadığını bildirmişdir. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona bildiriş və iddia ərizəsinin surətinin göndərilmədiyini, əks halda etiraz edərək işə iddia icraatı qaydasında baxılmasına nail olacağını bildirmişdir. Apellyasiya şikayətinin qeyd edilən dəlilini nəzərə alan məhkəmə kollegiyası 31 may 2023-cü il tarixində qəbul etdiyi qərardadla Cavabdeh1 apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərarına gəlmişdir. Lakin qanunvericiliklə müəyyən edilmiş bütün tədbirlərin həyata keçirilməsinə (apellyasiya şikayətində qeyd etdiyi ünvana məhkəmə bildirişinin, apellyasiya şikayətində qeyd etdiyi elektron poçt ünvanına məhkəmə bildirişinin elektron versiyasının, apellyasiya şikayətində qeyd etdiyi mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın göndərilməsinə) baxmayaraq, Cavabdeh1 yenə də məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslı saymır. Cavabdeh1 apellyasiya şikayətində kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu mütəmadi olaraq ödədiyini və təxminən 1500 manat civarında borcu qaldığını bildirsə də, kredit müqaviləsi üzrə iddiaçıya edilmiş ödənişləri təsdiq edən hər hansı qəbz, ödəniş çeki və ya digər sənəd təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Halbuki, hər bir tərəf öz tələb və etirazının əsasını təşkil edən halları sübut etmək vəzifəsini daşıyır. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün kredit və zaminlik müqavilələrini, eləcə də, maliyyə arayışını təqdim etsə də, Cavabdeh1 tərəfindən etirazının əsasını təşkil edən halları təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. İş materialları ilə kredit müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyi müəyyən edildiyindən, məhkəmə kollegiyası bildirir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 3.1ci bəndinə uyğun olaraq iddiaçının müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bundan əlavə, Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin Cavabdeh2 xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə düzgün hüquqi qiymət vermədiyini və Cavabdeh2 zaminliyinə xitam verilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin hissəsi ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh (zamin) Cavabdeh2 tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyindən, Cavabdeh2 aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə əsasən yoxlanıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, iddia tələbi təmin edildiyindən, MPM-in 107-ci və 119.1-ci maddələrinin tələbləri baxımından birinci instansiya məhkəməsi 57 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, iş materialları ilə kredit müqaviləsi üzrə iddiaçıya ödənilməmiş qalan 3555,14 manat məbləğində kredit borcunun olması müəyyən edildiyindən, həmin kredit müqaviləsinə əsasən 116,73 manat məbləğində faiz borcu meydana gəldiyindən, kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından, iddiaçının həmin müqavilənin ləğvini və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yarandığından, Cavabdeh1 kredit müqaviləsi üzrə ödəniş etməsini təsdiq edən hər hansı sübut təqdim etmədiyindən, zaminliklə bağlı hissədə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh (zamin) Cavabdeh2 tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, e-2(050)-447/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-933/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-933/2023
19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver