Məhkəmə qərarları › İş №2(106)-933/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-933/2024

10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-933/2024 10.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-331/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 manat məbləğdə pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-331/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-331/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya qeyd edir ki, iddiaçı qəbz imzalayaraq Füzuli Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(064)-331/2023 saylı qətnaməsini 13 mart 2024-cü il tarixdə almış (səh. 88), lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, hazırkı apellyasiya şikayəti isə 16 aprel 2024-cü il tarixdə (ikinci gün) “AZE Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmişdir. Beləliklə də, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yanlış olaraq apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bundan əlavə, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçməsinə baxmayaraq onun bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmiş və müddət bərpa edilməmişdir. Qeyd edilməlidir ki, MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 133.1-ci maddəsinə görə isə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin prosessual normanın tələbindən görünür ki, tərəfin məhkəmə qətnaməsini apellyasiya qaydasında mübahisələndirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qətnamənin ona rəsmi qaydada verildiyi gündən başlanır. MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-331/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və MPM-nin 263-264, 360, 366, 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-331/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 363.1.3-cü maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar