Məhkəmə qərarları › İş №2(106)-936/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-936/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-936/2023 15.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit razılaşmasının ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin e- 2(049)-264/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 6038,25 manat məbləğində kredit borcu, 39,07 manat məbləğində faiz borcu və 2432,35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8509,67 manat məbləğində borcun, iddiaçı tərəfindən ödənilmiş 105,1 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 8509,67 manat borcun, iddiaçı tərəfindən ödənilmiş 105,1 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3 istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 008L**********77 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 400000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə aylıq faiz dərəcəsi 0,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9346,7 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 3308,45 manat ödəmiş, onun 6038,25 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 225 gün üçün hesablanmış faiz borcu 39,07 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 225 gün üçün hesablanmış cərimə 2432,35 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədilə cavabdeh – ipoteka qoyan və zamin Cavabdeh2 və Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında ona məxsus Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* seriya nömrəli Çıxarışla Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin Elektron Xidmətlər Portalı vasitəsilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. İddiaçı QSC sonradan iddia ərizəsinə düzəliş edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 6038,25 manat məbləğində kredit borcu, 39,07 manat məbləğində faiz borcu və 2432,35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8509,67 manat məbləğində borcun, iddiaçı tərəfindən ödənilmiş 105,1 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 8509,67 manat borcun, iddiaçı tərəfindən ödənilmiş 105,1 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3 istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi tərtib olunarkən texniki yanlışlığa yol verilərək ipoteka predmeti olan əmlakın mülkiyyətçisi kimi Cavabdeh3 əvəzinə, Cavabdeh2 qeyd olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-264/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Nicat Ağabəyov) iddia tələbi təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 6038,25 manat məbləğində kredit borcu, 39,07 manat məbləğində faiz borcu və 2432,35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8509,67 manat məbləğində borcun, iddiaçı tərəfindən ödənilmiş 105,1 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməsi, tələbin Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 8509,67 manat borcun, iddiaçı tərəfindən ödənilmiş 105,1 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, ipoteka predmeti olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 30591 manat məbləğində müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3 istifadə hüququnun itirilmiş hesab edilməsi, onun həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-264/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsindən ötrü iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və tənasübsüz surətdə yüksək hesablanmış dəbbə pulunun məbləğinin azaldılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İddiaçı QSC ilə xx.xx.2014-cü il tarixdə 008L**********77 saylı uzunmüddətli kredit müqaviləsi bağlayaraq 120 ay müddətinə 400000 ABŞ dolları məbləğində adına kredit xətti açdırmışdır. Bu müqaviləyə əsasən ona veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Həmin müqavilənin təminatı olaraq Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* seriya nömrəli Çıxarışla Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə o – Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə aylıq faiz dərəcəsi 0,0833 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9346,7 manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləğindən bir qismini ödədikdən sonra maddi çətinliyi yarandığından krediti vaxtında qaytara bilməmiş və nəticədə kredit ödənişləri gecikməyə düşmüşdür. Belə olan halda isə hazırkı iş üzrə İddiaçı QSC onu məhkəməyə vermişdir. Məhkəmə də iş üzrə sənədləri və işin faktiki hallarını araşdırmadan iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul etmiş, həmin qətnaməni qəbul edərkən maddi və prosessual hüquq pozuntularına yol vermişdir. Belə ki, işə baxan məhkəmə ipoteka predmeti olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətini hazırkı bazar dəyərinin müəyyən edilməsindən ötrü həmin əmlakın qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq eskpertizasının təyin edilməsi barədə qərardad qəbul etməli olduğu halda, 9 il bundan öncə tərəflərin qarşılıqlı razılığı əsasında ipoteka müqaviləsində yazılmış qiyməti, yəni 30591 manatı təyin etmişdir. Halbuki, həmin əmlakın real bazar qiyməti 80-90 min manat arasında dəyişir. Belə olan halda məhkəmə əmlakın dəyərinin 3 dəfədən artıq aşağı qiymətlə hərraca çıxarılması barədə nəticəyə gəlmiş və qətnamənin əsaslandırıcı hissəsində də müqavilədə qeyd olunmuş qiymətin qoyulduğu tarixlə hazırkı tarix arasında 10 ilə yaxın vaxt keçməsini, 10 il müddətində əmlak bazarında daşınmaz əmlakların qiymətlərinin dəfələrlə artmasını nəzərə almamış, həmin qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini də əsaslandırmamışdır. Bundan başqa, işə baxan məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə də əməl etməyərək, tənasübsüz surətdə yüksək olan 6038,25 manat əsas borca hesablanmış 2432,35 manat penya məbləğinin azaldılması barədə nəticəyə də gəlməmiş, qətnamənin əsaslandırıcı hissəsində də həmin cərimə məbləğinin yüksək olmaması barədə heç bir əsaslandırma etməmiş və bu barədə heç bir araşdırma aparmamışdır. Bu hallar yenidən araşdırılmalı və ipoteka predmeti olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin təyin edilməsindən ötrü həmin evin hazırkı vaxtda real bazar qiymətinin müəyyən edilməsindən ötrü iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli, ipoteka predmeti olan fərdi yaşayış evi müayinə edilməklə real bazar dəyəri müəyyənləşdirildikdən sonra onun ilkin satış qiyməti təyin edilməlidir. Bundan başqa, iddiaçı tərəfindən 6038,25 manat əsas borca tənasübsüz surətdə yüksək hesablanmış 2432,35 manat penya məbləği azaldılmalıdır. Birinci instansiya məhkəməsi həmin halları araşdırmamış, işə birtərəfli qaydada yanaşaraq heç bir araşdırma aparmadan maddi və prosessual pozuntulara yol verməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X2 çıxış edərək bildirdi ki, "xxxx" MMC-nin 09 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyi ilə razı deyil. Hesab edir ki, 20 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinin bağlanmasından keçən müddət ərzində ipoteka predmeti olan əmlakın qiymətinin 2 dəfə artması mümkün deyil. Birinci instansiya məhkəməsi haqlı olaraq ipoteka predmetinin ilkin satış qiymətini tərəflərin müqavilə ilə razılaşdırdıqları məbləğdə müəyyən etmişdir. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh2 çıxış edərək bildirdi ki, əslində ipoteka predmetinin qiyməti "xxxx" MMC-nin 09 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyində göstərilmiş məbləğdən də artıqdır. Lakin o, hər bir halda borcu hissə-hissə qaytaracaqdır və ipoteka predmetinin satılmasına ehtiyac qalmayacaqdır. O qeyd etdi ki, birinci instansiya məhkəməsi tələb edilən cərimə məbləğinin hədsiz yüksək olmasını nəzərə almamışdır. Odur ki, həmin cərimə məbləğinin də azaldılmasını istəyir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 digər Cavabdeh2 izahatı ilə razılaşaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı halda Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsini tutulmalı olan cərimə məbləğinə dair və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissələrdə mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə yoxlanılmasını və hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan cərimə məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilməlidir. İş materiallarında olan 20 noyabr 2014-cü il tarixli, 008L**********77 nömrəli uzunmüddətli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Cavabdeh2 400000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 aydan, 20 noyabr 2024-cü il tarixdən gec olmayaraq verilməlidir. Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. İş materiallarında olan 20 noyabr 2014-cü il tarixli, 008S**********01 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, borclu Cavabdeh2 məbləği 400000 ABŞ dolları, müddəti 120 ay olan 20 noyabr 2014-cü il tarixli, 008L**********77 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh1 İddiaçı QSC qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 20 noyabr 2014-cü il tarixli, 008S**********02 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, borclu Cavabdeh2 məbləği 400000 ABŞ dolları, müddəti 120 ay olan 20 noyabr 2014-cü il tarixli, 008L**********77 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh3 İddiaçı QSC qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 20 noyabr 2014-cü il tarixli, 008M**********01 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan Cavabdeh3 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını – Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evini məbləği 400000 ABŞ dolları, müddəti 120 ay olan 20 noyabr 2014-cü il tarixli, 008L**********77 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən borc alan Cavabdeh2 öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 39000 ABŞ dolları (30591 manat ekvivalentində) təşkil edir. İş materiallarında olan MH ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 133,3 kv.m yaşayış, 176,5 kv.m köməkçi sahədən ibarət 49a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına xx.xx.2009-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 167 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində 0,05 ha torpaq sahəsi ilə birlikdə 49a nömrəli fərdi yaşayış evinin Cavabdeh3 tərəfindən 20 noyabr 2014-cü il tarixli, 008L**********77 uzunmüddətli kredit müqaviləsi əsasında İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarının 54-cü vərəqində olan Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayışından görünür ki, Lənkəran şəhəri, M.Kələntərli küçəsi, 49a saylı evdə yalnız Cavabdeh3 qeydiyyatdadır (yaşayır). İş materiallarında olan İddiaçı QSC ilə kredit alan Cavabdeh2 arasında 20 noyabr 2014-cü il tarixli, 008L**********77 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 008R********** nömrəli kredit razılaşmasının surətindən görünür ki, Bank məbləği 9346,70 manat olan krediti illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə (1 il güzəşt müddəti ilə) kredit alana vermiş, kredit alan krediti və ona hesablanmış faizləri bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılmış ödəniş planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, bu kredit razılaşması ilə müəyyənləşdirilən öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 faiz məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0,1 faizdən artıq olmaması şərti ilə cərimə ödəməyə borcludur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh2 23 sentyabr 2019-cu il tarixli, 008R********** saylı kredit razılaşması üzrə borcu aşağıdakı kimidir: əsas məbləğ üzrə borc 6038,25 manat, faiz üzrə borc 39,07 manat, cərimə borcu 2432,35 manat olmaqla, cəmi borc 8509,67 manat. İş materiallarının 35-36-cı vərəqlərindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı QSC tərəfindən 105,1 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası ilk öncə birinci instansiya məhkəməsinin qətnaməsinin tutulmalı olan cərimə məbləği ilə bağlı hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: İddiaçı QSC ilə kredit alan Cavabdeh2 arasında 20 noyabr 2014-cü il tarixli, 008L**********77 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 008R********** nömrəli kredit razılaşması əsasında Bank məbləği 9346,70 manat olan krediti illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə (1 il güzəşt müddəti ilə) kredit alan Cavabdeh2 vermiş, kredit alan krediti və ona hesablanmış faizləri bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılmış ödəniş planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin iddiaçının bildirdiyi, Cavabdeh2 da apellyasiya şikayətində etiraf etdiyi kimi götürülmüş kredit üzrə əvvəllər ödənişlər edilsə də, sonradan ödənişlər dayanmışdır. İddiaçı Cavabdeh2 kredit müqaviləsi üzrə cəmi 3308,45 manat ödədiyini bildirmiş, onun 6038,25 manat məbləğində əsas kredit borcu qaldığını qeyd etmiş, həmin borca 39,07 manat faiz hesablanmış, kredit ödənişləri icra edilmədiyinə görə isə 225 gün üçün 2432,35 manat məbləğində cərimə borcu hesablanmışdır. İddiaçı məhkəməyə müraciət edərkən, cavabdehlərdən kredit razılaşması üzrə 6038,25 manat məbləğində kredit borcu, 39,07 manat məbləğində faiz borcu və 2432,35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8509,67 manat məbləğində borcun tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi həmin tələbi tam təmin etmişdir. Cavabdeh2 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi əsas kredit borcuna və faiz borcuna münasibətdə mübahisələndirilməmişdir. O, qətnaməni cərimə borcuna münasibətdə mübahisələndirərək, tutulmalı olan cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablanmasının məhkəmə tərəfindən nəzərə alınmamasına istinad etmişdir. Cavabdeh2 apellyasiya şikayətində tənasübsüz surətdə yüksək hesablanmış dəbbə pulunun məbləğinin azaldılmasını xahiş etmiş, cərimə məbləğinin (dəbbə pulunun) hansı konkret miqdarda müəyyən olunmasını istədiyini qeyd etməmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin cərimə borcuna dair hissəsi ilə razılaşaraq bildirir ki, həqiqətən də, cərimə borcu məbləği işin halları nəzərə alındıqda əsas kredit borcuna münasibətdə tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə borcunun məbləği azaldılmamışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinin tərəflər arasında kredit razılaşması bağlanılan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Qeyd edilən normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası Mülki Məcəllənin 467-ci maddəsi ilə verilmiş səlahiyyətdən istifadə edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan cərimə məbləğinə dair hissədə dəyişdirilməli, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit razılaşması əsasında tutulmalı olan cərimə məbləği 500 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası cərimə məbləğini 500 manat müəyyən edərkən həm də kreditorun (iddiaçının) mənafelərini nəzərə alır. Hazırkı halda cərimə məbləğinin apellyasiya şikayəti əsasında daha da aşağı salınması halında kreditorun (iddiaçının) əmlak mənafeləri pozulmuş olacaqdır. Məhkəmə kollegiyası indi isə birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: 20 noyabr 2014-cü il tarixli, 008M**********01 nömrəli ipoteka müqaviləsi əsasında ipoteka qoyan Cavabdeh3 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını – Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evini məbləği 400000 ABŞ dolları, müddəti 120 ay olan 20 noyabr 2014-cü il tarixli, 008L**********77 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən borc alan Cavabdeh2 öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü etmiş, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 39000 ABŞ dolları (30591 manat ekvivalentində) olaraq müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də ipoteka predmetinin ilkin satış qiymətinin 30591 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh2 apellyasiya şikayətinin əsas dəlillərindən biri isə ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin hazırkı dövrə olan bazar qiyməti müəyyənləşdirilmədən 2014-cü ildə bağlanılmış ipoteka müqaviləsində razılaşdırılmış qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsi düzgün olmamışdır. Ona görə də Cavabdeh2 iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadında qeyd edilir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. ... Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Cavabdeh2 apellyasiya şikayətindən də göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti barəsində mübahisə mövcuddur. Belə ki, ipoteka qoyanla ipoteka saxlayan arasındakı ipoteka müqaviləsindəki razılaşdırılmış məbləğ bundan təxminən 9 il əvvələ - 20 noyabr 2014-cü ilə aiddir və apellyasiya şikayətində qeyd edilir ki, həmin müqavilədə müəyyənləşdirilmiş qiymət indiki dövrdə real bazar qiymətinə uyğun deyil. Bundan başqa, tərəflər arasında ipoteka predmetinin ilkin satış qiymətinə dair hər hansı digər razılaşmanın olması da müəyyən edilmir. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi tərəfindən müstəqil qiymətləndiricinin rəyinin alınması zəruri hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(106)-936/2023 saylı qərardadı ilə iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilmiş, müstəqil qiymətləndirici qarşısında Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 49a nömrəli fərdi yaşayış evinin hazırkı orta bazar qiymətinin və likvid qiymətinin nə qədər olması barəsində sual qoyulmuş, ipoteka predmetinin qiymətləndirilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş, iş üzrə qiymətləndiricinin rəyi məhkəməyə təqdim edilənə kimi mülki işin icraatı dayandırılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 154/AB/23 saylı, 09 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı bazar və likvid qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Həmin əmlakın 09 oktyabr 2023-cü il üzrə olan bazar qiyməti 75000 manat, likvid qiyməti isə 70000 manat təşkil edir. 072 nömrəli hesab fakturadan görünür ki, qiymətləndirmə haqqı 350 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadında bildirilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissədə də dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) 70000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayəti ilə bağlı həm də onu bildirməyi zəruri hesab edir ki, o, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, məhkəmə kollegiyası mübahisələndirilən hissələrdə qətnamənin ləğv edilməsi üçün zərurət olmadığını, sadəcə həmin hissələrdə tutulmalı olan cərimə borcu və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə qətnamənin dəyişdirilməsinin zəruri olduğunu müəyyən etdiyindən, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilir. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan cərimə məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilməli, tutulmalı olan cərimə məbləği 500 manat, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) isə 70000 manat müəyyən edilməlidir. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə kollegiyası ipoteka predmetinin qiymətləndirilməsinin həyata keçirilməsini Cavabdeh2 xahiş etməsini nəzərə alaraq belə hesab edir ki, hazırkı iş üzrə "xxxx" MMCnin 154/AB/23 saylı, 09 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 350 manat qiymətləndirmə haqqı Cavabdeh2 tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-264/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi tutulmalı olan cərimə məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008R********** saylı kredit razılaşması əsasında tutulmalı olan cərimə borcunun məbləği 500 manat müəyyən edilsin. İpoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) 70000 manat müəyyən edilsin. "xxxx" MMC-nin 154/AB/23 saylı, 09 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 350 manat qiymətləndirmə haqqı Cavabdeh2 alınıb "xxxx" MMC-nin hesabına (VÖEN: **********, "xxxx" ASC Abşeron filialı, VÖEN: **********, M/h: AZ03NABZ********************, Kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h: AZ52İBAZ********************) köçürülsün. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar