Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-943/2025 19.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Cavabdeh Masallı Rayon Məhkəməsinin hakimlərinə etirazına yazılı icraat qaydasında bаxаrаq, məhkəmə tərkibi MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 7400 manat və ödənilmiş dövlət rüsumuna görə 94 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə təsadüfi paylama qaydasında Masallı Rayon Məhkəməsinin hakimi X1 icraatına verilmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh etiraz təqdim edərək, onun işinə Masallı Rayon Məhkəməsində baxılmamasını xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmədə arxiv müdiri işləyir və proseslərə müdaxilə edə bilər. Keçən məhkəmədə o, apellyasiya şikayəti verə bilməmişdir. Qərarın vaxtı keçdikdən sonra məktub ona çatmışdır. Polisdən ona işin yekun qərarı hələ də verilməmişdir. İşə Masallı Rayon Məhkəməsində bütün hakimlər tərəfindən baxılmasına etiraz edir. Sədrlik edən hakim Zeynal Zeynalov da məhkəmə hazırlıq iclasında özü-özünə etiraz edərək bildirmişdir ki, işə baxan hakim olaraq o özü və iş üzrə İddiaçı xeyli müddətdir ki, eyni məhkəmədə fəaliyyət göstərirlər və işlə bağlı mütəmadi ünsiyyətdə olurlar. Aralarında səmimi münasibətlər mövcuddur. Belə vəziyyətdə İddiaçı qismində olduğu işə onun sədrliyi ilə baxılması, qəbul ediləcək yekun məhkəmə qərarının məzmunundan asılı olmayaraq proses iştirakçılarının (xüsusən də cavabdeh tərəfin) ədalətli məhkəmə araşdırmasına olan inamını sarsıda bilər. İş üzrə çıxarılacaq yekun məhkəmə qərarının obyektivliyinə, bununla da bilavasitə hakimin müstəqil, qərəzsiz, obyektiv olmaqla əsaslı, qanunauyğun, hərtərəfli yekun akt qəbul edəcəyinə proses iştiakçıları tərəfindən yarana biləcək şübhələrin olmaması üçün hesab edir ki, hazırki iddiaya onun sədrliyi ilə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi, qəbul ediləcək yekun məhkəmə qərarının məzmunundan asılı olmayaraq düzgün deyildir. Ona görə də hazırki iş üzrə özü-özünə etiraz edir və mülki işə baxılmasının məhkəmənin başqa hakiminə verilməsini xahiş edir. Masallı Rayon Məhkəməsinin 08 may 2025-ci il tаrixli, 2(050)-1410/2025 saylı qərаrdаdı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Cavabdeh Masallı Rayon Məhkəməsinin hakimlərinə və məhkəmənin hakimi X1 özü-özünə etirazının təmin edilməsi və işin baxılması üçün başqa rayon məhkəməsinə verilməsindən ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib, etirazın dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən etiraz məhkəmə sədri tərəfindən həll edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.7-ci maddəsinə əsasən şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxmasına yol verilmir. MPM-in 21.1-ci maddəsinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. MPM-in 22.2-ci maddəsinə əsasən işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli, 3 nömrəli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum Qərarının 7.1-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə birinci instansiya məhkəməsinin bütün tərkibinə, həmçinin apellyasiya instansiyası məhkəməsi bütün məhkəmə tərkiblərinə eyni vaxtda etiraz edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda, iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Bu halda birinci instansiya məhkəməsinin iş icraatında olan sonuncu hakiminə, habelə təktərkibli məhkəmənin hakiminə edilən etiraz da Azərbaycan Respublikası MPM-nin 22.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. MPM-in 22.5 və 22.6-cı maddələrinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Göründüyü kimi, Masallı Rayon Məhkəməsinin sədri X2 2(050)-1410/2025 saylı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin hakimi X1 özü-özünə etirazını təmin etdikdən sonra, həmin işin məhkəmənin başqa hakiminin icraatına verilməsi məsələsinin mümkünlüyünü nəzərə almadan, eləcə də məhkəmə sədri olaraq səlahiyyəti daxilində məhkəmənin qalan bütün hakimlərinin (sədr daxil olmaqla) özü-özünə ola biləcək etirazlarına münasibət bildirilmədən işi Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki yuxarıda qeyd olunduğu kimi, hakimin özüözünə etdiyi etiraz məhkəmənin sədri tərəfindən müzakirə olunmalı və işin məhkəmənin başqa hakiminin icraatına verilməsi məsələsi həll edilməli idi. Buna baxmayaraq, məhkəmə qanunvericiliklə müəyyən edilmiş hüquqi prosedurlardan kənara çıxaraq dərhal işi Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə tərkibi qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19 və 22-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair 2(050)-1410/2025 saylı mülki iş etirazın məhkəmə sədri tərəfindən həll edilməsi üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-943/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-943/2025
19.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver