Məhkəmə qərarları › İş №2(106)-945/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-945/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-945/2024 04.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçının hüquqi varisi X1 nümayəndəsi Nümayəndə3, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-188/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 noyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 255200 manat əsas borcun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanaraq hesablanan 35566,67 manat olmaqla, cəmi 290766,67 manat pulun və məhkəməyə iddia ərizəsini verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 581 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ümumi olaraq 255200 (iki yüz əlli beş min iki yüz) manat həcmində borc verib. Cavabdeh iddiaçıya borc aldığı pulla işlərinin genişləndirəcəyini və hətta ən geci 3-4 aya ona borc puldan əlavə xeyir də verəcəyini bildirmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə 70.000 (yetmiş min) manat borc verib və bununla bağlı həmin tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunda 3M-95 nömrəli müqavilə bağlanılıb. Müqavilənin 2-ci bəndinə asasən cavabdeh borcu xx.xx.2021-ci il tarixədək qaytarmalı idi. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə 100000 (yüz min) manat borc verib və bununla bağlı həmin tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunda 3M-30 nömrəli müqavilə bağlanıb. Müqavilənin 2-ci bəndinə asasən cavabdeh borcu xx.xx.2021-ci il tarixədək qaytarmalı idi. İddiaçı xx.xx.2021- ci il tarixdə cavabdehə 50000 (əlli min) manat borc verib və bununla bağlı həmin tarixdə Bakı şəhəri 15 saylı notariat kontorunda 3M-188 nömrəli müqavilə bağlanıb. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh borcu xx.xx.2021-ci il tarixədək qaytarmalı idi. Yuxarıda qeyd edilən borc məbləğləri verildikdən sonra cavabdeh iddiaçıya müraciət edərək işlərinin tam qurulması və gələcəkdə götürdüyü borcların tam şəkildə qaytarılması üçün əlavə pul lazım olduğunu bildirib. İddiaçı əvvəlki borcun qaytarmadan əlavə borc verə bilməyəcəyini bildirsə də, cavabdeh gördüyü işlərin yekunlaşdırılması və götürdüyü borc pulla icra etdiyi işi tamamlamaq üçün əlavə pul lazım olduğunu bildirib. Cavabdeh həmçinin iddiaçını inandırıb ki, əlavə pulu verməsə işlər üçün yatırtdığı pullar, o cümlədən iddiaçıdan aldığı pulların yatırdığı işlərin icrası gecikəcək və bu da iddiaçıya borcun qaytarılmasına çətinlik yaradacaq. İddiaçı onun bildirdiklərinə inanaraq cavabdehə 35200 (otuz beş min iki yüz) manat borc verib. Bununla bağlı cavabdeh xx.xx.2021-ci il tarixli iltizam yazaraq borcun aldığını öz imzası ilə təsdiq edib. Cavabdeh yazdığı iltizamla götürdüyü 35200 (otuz beş min iki yüz) manatı xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürüb. Götürülmüş borcların qaytarılması ilə bağlı cavabdehə müraciət edildikdə hər dəfə ən qısa müddət ərzində qaytarılacağı bildirilib. Bir müddət keçdikdən sonra iddiaçıya məlum olub ki, cavabdehin başqa şəxslərə də borcu var. Artıq iddiaçıya aydındır ki, cavabdeh onu aldadaraq borc verdiyi pulu qaytarmaq istəmir. Hətta iddiaçının inamından istifadə edərək müvəqqəti yaşamaq üçün iddiaçının razılığı ilə yaşadığı və iddiaçının xüsusi mülkiyyətində olan Xırdalan şəhərindəki mənzillərindən çıxmır və iddiaçı bununla bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalıb. Müqavilədə borcun qaytarılması üçün müəyyən edilmiş müddət qurtardıqdan sonra cavabdeh müqavilə öhdəliyini icra etməkdən yayınmağa başlayıb. İddiaçı dəfələrlə borcun qaytarılmasını və borc verilən vəsaitə özünündə ehtiyacının olduğunu bildirib. Hər dəfə cavabdeh borcun ən qısa müddətdə qaytarılacağı ilə bağlı vədlər versə də, hər hansı nəticə əldə edə bilməmişdir. Həmçinin cavabdeh Kredit Müqavilələrindən yaranmış borc vəsaitini vaxtında qaytarmadığı üçün, gecikdirmə vaxtı üçün illik 5% faiz həcmində xx.xx.2021ci il tarixli Kredit Müqaviləsindən yaranmış 70000 (yetmiş min) manat pul vəsaiti və həmin borca illik 5% bank uçot dərəcəsi ilə 2 il 10 ay vaxt üçün hesablanmış 9916,67 (doqquz min doqquz yüz on altı manat altmış yeddi qəpik) AZN faiz borcu, xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsindən yaranmış 100000 (bir yüz min) manat pul vəsaiti və həmin borca illik 5% bank uçot dərəcəsi ilə 2 il 10 ay vaxt üçün hesablanmış 14166,67 (on dörd min bir yüz altmış altı manat altmış yeddi qəpik) AZN faiz borcu və xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsindən yaranmış 50000 (əlli min) manat pul vəsaiti və həmin borca illik 5% bank uçot dərəcəsi ilə 2 il 10 ay vaxt üçün hesablanmış 7083,33 (yeddi min səksən üç manat otuz üç qəpik) AZN faiz borcu, Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-188/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi (Hakim: Nurəddin Bağırov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsindən yaranmış 70000 (yetmiş min) manat pul vəsaiti və həmin borca illik 5% dərəcəsi ilə 2 il 10 ay 01 gün vaxt üçün hesablanmış 9916,67 (doqquz min doqquz yüz on altı manat altmış yeddi qəpik) AZN faiz borcu, xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsindən yaranmış 100000 (bir yüz min) manat pul vəsaiti və həmin borca illik 5% dərəcəsi ilə 2 il 10 ay vaxt üçün hesablanmış 14166,67 (on dörd min bir yüz altmış altı manat altmış yeddi qəpik) AZN faiz borcu və xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsindən yaranmış 50000 (əlli min) manat pul vəsaiti və həmin borca illik 5% dərəcəsi ilə 2 il 10 ay 08 gün vaxt üçün hesablanmış 7083,33 (yeddi min səksən üç manat otuz üç qəpik) AZN faiz borcu, ümumilikdə isə 251166,67 (iki yüz əlli bir min yüz altmış altı manat altmış yeddi qəpik) AZN məbləğində pul vəsaiti, həmçinin iddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun 490 (dörd yüz doxsan) AZN hissəsi Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, İddiaçı vəkili və nümayəndəsi Heydərov X7 Rayon Məhkəməsinin 2(056)- 188/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının hüquqi varisi X1 nümayəndəsi Nümayəndə3 və iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)-188/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qətnaməsindən narazı olduqlarını, lakin həmin qətnaməni mübahisələndirmədiklərini bildirdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İş materiallarından görünür ki, cavabdeh qətnaməni mübahisələndirməmiş, qətnamədən yalnız iddiaçının vəkili tərəfindən iddianın təmin edilməyən hissəsindən apelyasiya şikayəti verilmişdir. Odur ki, kollegiya Sabirabad Rayon Məhkəməsinin 2(056)-188/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsinin iddiaçının nümayəndəai və vəkilinin apellyasiya şikayətinin dəlilləri həddində və mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini, iddiaçı tərəfindən 35200 manat borcla bağlı iltizamın məhz cavabdeh tərəfindən tərtib edilib-edilməməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edilə bilməməsi ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan İddiaçı vəkili və nümayəndəsi Heydərov X7 Rayon Məhkəməsinin 2(056)-188/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya icraatı zamanı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən onun hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmış, kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək X4 İddiaçı hüquqi varisi qismində cəlb edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirilməmiş, maddi və prosessual hüquq normaları səhv tətbiq və təfsir edilmiş, bununla da qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı 70000 manat məbləğində pul vəsaitini xx.xx.2021-ci il tarixədək qaytarmaq şərtilə borc formasında Cavabdeh borc vermişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı 100000 manat məbləğində pul vəsaitini xx.xx.2021-ci il tarixədək qaytarmaq şərtilə borc formasında Cavabdeh borc vermişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı 50000 manat məbləğində pul vəsaitini xx.xx.2021-ci il tarixədək qaytarmaq şərtilə borc formasında Cavabdeh borc vermişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbindən müəyyən edilir ki, mərhum İddiaçı Cavabdeh ümumi olaraq 255200 (iki yüz əlli beş min iki yüz) manat həcmində borc verib. Cavabdeh iddiaçıya borc aldığı pulla işlərinin genişləndirəcəyini və hətta ən geci 3-4 aya ona borc puldan əlavə xeyir də verəcəyini bildirmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə 70.000 (yetmiş min) manat borc verib və bununla bağlı həmin tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunda 3M-95 nömrəli müqavilə bağlanılıb. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh borcu xx.xx.2021-ci il tarixədək qaytarmalı idi. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə 100000 (yüz min) manat borc verib və bununla bağlı həmin tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunda 3M-30 nömrəli müqavilə bağlanıb. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh borcu xx.xx.2021-ci il tarixədək qaytarmalı idi. İddiaçı xx.xx.2021- ci il tarixdə cavabdehə 50000 (əlli min) manat borc verib və bununla bağlı həmin tarixdə Bakı şəhəri 15 saylı notariat kontorunda 3M-188 nömrəli müqavilə bağlanıb. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh borcu xx.xx.2021-ci il tarixədək qaytarmalı idi. Yuxarıda qeyd edilən borc məbləğləri verildikdən sonra cavabdeh iddiaçıya müraciət edərək işlərinin tam qurulması və gələcəkdə götürdüyü borcların tam şəkildə qaytarılması üçün əlavə pul lazım olduğunu bildirib. İddiaçı əvvəlki borcun qaytarmadan əlavə borc verə bilməyəcəyini bildirsə də, cavabdeh gördüyü işlərin yekunlaşdırılması və götürdüyü borc pulla icra etdiyi işi tamamlamaq üçün əlavə pul lazım olduğunu bildirib. Cavabdeh həmçinin iddiaçını inandırıb ki, əlavə pulu verməsə işlər üçün yatırtdığı pullar, o cümlədən iddiaçıdan aldığı pulların yatırdığı işlərin icrası gecikəcək və bu da iddiaçıya borcun qaytarılmasına çətinlik yaradacaq. İddiaçı onun bildirdiklərinə inanaraq cavabdehə 35200 (otuz beş min iki yüz) manat borc verib. Bununla bağlı cavabdeh xx.xx.2021-ci il tarixli iltizam yazaraq borcun aldığını öz imzası ilə təsdiq edib. Cavabdeh yazdığı iltizamla götürdüyü 35200 (otuz beş min iki yüz) manatı xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürüb. Götürülmüş borcların qaytarılması ilə bağlı cavabdehə müraciət edildikdə hər dəfə ən qısa müddət ərzində qaytarılacağı bildirilib. Bir müddət keçdikdən sonra iddiaçıya məlum olub ki, cavabdehin başqa şəxslərə də borcu var. Artıq iddiaçıya aydındır ki, cavabdeh onu aldadaraq borc verdiyi pulu qaytarmaq istəmir. Hətta iddiaçının inamından istifadə edərək müvəqqəti yaşamaq üçün iddiaçının razılığı ilə yaşadığı və iddiaçının xüsusi mülkiyyətində olan Xırdalan şəhərindəki mənzillərindən çıxmır və iddiaçı bununla bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalıb. Müqavilədə borcun qaytarılması üçün müəyyən edilmiş müddət qurtardıqdan sonra cavabdeh müqavilə öhdəliyini icra etməkdən yayınmağa başlayıb. İddiaçı dəfələrlə borcun qaytarılmasını və borc verilən vəsaitə özünündə ehtiyacının olduğunu bildirib. Hər dəfə cavabdeh borcun ən qısa müddətdə qaytarılacağı ilə bağlı vədlər versə də, hər hansı nəticə əldə edə bilməmişdir. Həmçinin cavabdeh Kredit Müqavilələrindən yaranmış borc vəsaitini vaxtında qaytarmadığı üçün, gecikdirmə vaxtı üçün illik 5% faiz həcmində xx.xx.2021ci il tarixli Kredit Müqaviləsindən yaranmış 70000 (yetmiş min) manat pul vəsaiti və həmin borca illik 5% bank uçot dərəcəsi ilə 2 il 10 ay vaxt üçün hesablanmış 9916,67 (doqquz min doqquz yüz on altı manat altmış yeddi qəpik) AZN faiz borcu, xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsindən yaranmış 100000 (bir yüz min) manat pul vəsaiti və həmin borca illik 5% bank uçot dərəcəsi ilə 2 il 10 ay vaxt üçün hesablanmış 14166,67 (on dörd min bir yüz altmış altı manat altmış yeddi qəpik) AZN faiz borcu və xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsindən yaranmış 50000 (əlli min) manat pul vəsaiti və həmin borca illik 5% bank uçot dərəcəsi ilə 2 il 10 ay vaxt üçün hesablanmış 7083,33 (yeddi min səksən üç manat otuz üç qəpik) AZN faiz borcu, Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunan hissəsinə münasibəti: İddiaçı ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Kredit Müqavilələrinə əsasən onlar arasında yaranmış öhdəliklərdən iddiaçıya aid olan hissəsi iddiaçı tərəfindən yerinə yetirilərək İddiaçı müqavilələrin predmeti olan 70000 manat pul vəsaitini xx.xx.2021-ci il tarixədək, 100000 manat pul vəsaitini xx.xx.2021- ci il tarixədək və 50000 manat məbləğdə pul vəsaitini isə xx.xx.2021-ci il tarixədək qaytarmaq şərtilə cavabdehə vermiş, cavabdeh isə qeyd edilən müqavilələr ilə razılaşdırılmış müddətdə həmin borc vəsaitlərini iddiaçıya qaytarmaqdan imtina etmiş və bununla da Mülki Məcəllənin 739-cu maddəsinin tələblərini pozaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunmayan hissəsinə münasibəti: İddiaçı iddianın 35200 manat borcun qaytarılması hissəsinin əsası kimi borcun etirafına dair əlyazma iltizamına istinad edib, iltizamın məhz cavabdeh tərəfindən tərtib edilməsinə əsaslansa da, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair, yəni tərəflər arasında 35200 manat borc müqaviləsinin mövcudluğuna dair və ya iltizamda əks olunmuş əlyazma (xəttin) və imzanın cavabdehə aid edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı məhkəməyə cavabdehə 35200 (otuz beş min iki yüz) manat borc verməsi, bununla bağlı cavabdehdən xx.xx.2021-ci il tarixli iltizam yazaraq borcun aldığını cavabdehin öz imzası ilə təsdiq etməsi, cavabdehin yazdığı iltizamla götürdüyü 35200 (otuz beş min iki yüz) manatı xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürməsi barədə sübut təqdim etmişdir. Cavabdeh isə nə birinci instansiya məhkəməsində nə də apelyasiya icraatı zamanı məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, ümumiyyətlə iddiaya münasibət bildirməmişdir. Cavabdehin arvadı X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və qətnamənin hüquqi nəticələri onun nümayəndəsinə izah edilmişdir. Lakin iş materiallarından da görünür ki, nə cavabdeh nə də üçüncü şəxs birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdeh ümumiyyətlə məhkəmə icraatında iştirak etməyərək, həmin iltizamı mübahisələndirmir, iltizamın onun tərəfindən yazılıb-yazılmamasını və ya imzalanmamasını bildirmir və bu halların araşdırılmasını tələb etmir. Bu isə onu göstərər ki, artıq sübutetmə yükü iddiaçının deyil cavabdehin üzərinə düşür və cavabdeh həmin iltizamın onun tərəfindən yazılmamasını və ya imzalanmamasını sübut etməyə borcludur. Lakin cavabdeh nə birinci instansiya məhkəməsində nə də apelyasiya instansiyası məhkəməsində iştirak etməyərək iddianı təkzib edəcək belə bir sübut təqdim etməmişdir. Halbuki MPM-in 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianın təmin olunmayan hissəsində sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi ilə bağlı düzgün nəticəyə gəlməmiş və iddianın təmin edilməyən hissəsində rədd edilməsi üçün qanuni əsas yaratmışdır. İddiaçının iddia tələbindən müəyyən edilir ki, iddiaçı 35200 manat əsas borcu və illik 5% dərəcəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4400 manat gecikdirilmiş faiz borcunu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Kollegiya qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, iddiaçının 35200 manat əsas borc və illik 5% dərəcəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4400 manat gecikdirilmiş faiz borcunun tutulması barədə tələbi əsaslıdır. Ona görə də, iddia həmin hissədə də təmin edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək, yekun olaraq qənaətə gəlir ki, iddiaçının vəkili-nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-188/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, Cavabdeh 35200 manat əsas borc və illik 5% dərəcəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4400 manat gecikdirilmiş faiz borcu və ödənilmiş 91 manat dövlət rüsumu tutularaq iddiaçının hüquqi varisi X3 ödənilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-188/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 35200 manat əsas borc və illik 5% dərəcəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4400 manat gecikdirilmiş faiz borcu və ödənilmiş 91 manat dövlət rüsumu tutularaq iddiaçının hüquqi varisi X3 ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar