Məhkəmə qərarları › İş №2(106)-952/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-952/2023

14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-952/2023 14.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əkin sahəsinin otarılması nəticəsində dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(053)-816/2022 saylı qətnaməsindən (hakim Ə.Tağıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “əkin sahəsinin otarılması nəticəsində dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus xırdabuynuzlu heyvanların nəzarətsiz qalması və istifadəsində olan əkin sahəsinə daxil olaraq ziyan vurması nəticəsində 975 manat məbləğində yetirilmiş zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Neftçala rayonunun Aşağı Surra kəndində ailə üzvlərilə birlikdə yaşayır. Uzun illərdir ki, öz halal zəhmətilə aqrar sahədə əziyyət çəkərək, ailə üzvlərini dolandırır. Fermerləri stimullaşdırmaq məqsədilə Dövlət pambıq qəbulu məntəqələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə 17 qəpik məhsul subsidiyası verir. Neftçala rayonunun Aqrar İslahat Komissiyasının 03 aprel 2000-ci il tarixli 23 saylı Qərarı ilə Neftçala rayon sakini X6 5.25 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün (məqsədli istifadə növü - əkin) pay torpaq sahəsi verilmişdir. X9 ilə arasında olan razılaşmaya əsasən 5.25 hektar torpaq sahəsinin 1 hektarında pambıq əkmişdir. Yəni hazırda Abdullayev Sədullaya məxsus 5.25 hektar torpaq sahəsinin 1 (bir) hektarı onun istifadəsindədir. Bir hektar pambıq əkilmiş pay torpaq sahəsi tərəfindən lazımı aqro-texniki qulluq edildiyindən normal çıxış əldə edilmişdir. Neftçala rayonunda fəaliyyət göstərən "xxxx" MMC ilə təminatlı əkinə dair müqavilə bağlamışdır. Təəssüflər olsun ki, onun pambıq əkdiyi torpaq sahəsi cari il ərzində bir neçə dəfə otarılmaya məruz qalmışdır. Onun əkin sahəsi ilə həmsərhəd olan ərazidə xırdabuynuzlu heyvanlar (qoyunlar) saxlanan yataq mövcuddur. Bu yatağın sahibi həmkəndlisi, iddia ərizəsində cavabdeh qismində qeyd edilən Cavabdehdur. Bu şəxs öz qanunsuz hərəkətləri ilə onun fermerlik fəaliyyətinə, habelə ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən pambıq istehsalının təmin olunmasına ciddi əngəllər törətməkdədir. Belə ki, Cavabdeh onun və digər fermerlərin əkin həyata keçirdikləri ərazidə heyvan yatağı salmış və saxladığı heyvanlara lazımı nəzarət edə bilmir. Belə ki, cari ilin iyun ayının 22-də, növbəti dəfə əkin sahəsini yoxlamaq üçün sahəyə gəldikdə, əkin sahəsinin xırdabuynuzlu heyvanların daxil olması və otarılması nəticəsində sahənin 0.50 hektarının məhv olduğunu aşkar etmişdir. Hadisədən bir necə gün əvvəl əkin sahəsində suvarma işləri aparılmış, məhz bu səbəbdən sahəyə daxil olmuş qoyunlardan bir neçəsi sahənin palçıq olan ərazisində batıb qalmışlar (əkin sahəsi daxilində batıb qalmış qoyunların fotoşəkili əlavə olunur). Sahədə batıb qalmış qoyunları dərhal palçıqdan azad etdikdən sonra, onlar yaxınlıqda otlayan cavabdehin qoyun sürüsünə qoşulmuşlar. Batıb qalmış heyvanlardan biri quzu olduğundan dərhal cavabdehin sürüsündə olan anasına doğru qaçmış və anasından süd əmməyə başlamışdır. Yəni qoyunların cavabdehə məxsus olmasına artıq heç bir şübhə qalmamışdır. Bunu cavabdeh özü də etiraf edir (bu barədə cavabdehlə etdiyi telefon danışıqlarını lazım olan təqdirdə məhkəmə zalında nümayiş etdirə bilər). Bu barədə cavabdehlə aralarında bir neçə dəfə danışıqlar olmuşdur. Birinci dəfə cavabdeh ziyanın ona məxsus heyvanlar tərəfindən vurulduğunu etiraf etsə də, sonradan bunu inkar etmiş, bildirmişdir ki, onun bu məsələyə heç bir aidiyyəti yoxdur. Bununla yanaşı cavabdeh bildirmişdir ki, o heç bir ziyanı ödəmək fikrində deyil. Hadisə baş verəndən dərhal sonra o, aidiyyəti üzrə Neftçala rayonunun İcra Hakimiyyəti başçısının Aşağı Surra inzibati ərazi üzrə nümayəndəsinə müraciət edərək baş vermiş faktı kağız üzərində təsdiq etmişdir. Belə ki, İcra nümayəndəsi Mehtiyev Elçinin, Aşağı Surra kəndinin Bələdiyyə sədri Məmmədov Mahirin, "P-Aqro” MMC-nin sahə rəisi Bəşirov Nazimin, həmçinin "P-Aqro” MMC-nin sahə rəisinin köməkçisi Tarverdiyev Orucun iştirakları ilə istifadəsdə olan 1 hektar torpaq sahəsinin 0.5 hektarının həqiqətən də xıradabuynuzlu heyvanların daxil oluması və otarıldığı barədə akt tərtib edilmişdir (AKT əlavə olunur). Daha sonra tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Neftçala rayonunun İcra Hakimiyyətinə və "xxxx" MMC-nin rəhbərliyinə məlum məsələ ilə bağlı şikayət ərizəsi ünvanlanmışdır (Şikayət məktubunun surəti əlavə olunur). X11 Nazirliyinin Neftçala Dövlət X13 (Neftçala DAİM) aidiyyəti mütəxəssisləri hadisə yerinə gələrək əkin sahəsinə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə sahəyə baxış keçirmiş, keçirilmiş müayinə baxışının məntiqli nəticəsi olaraq ziyan aktı tərtib olunmuş (Neftçala DAİM tərəfindən ona təqdim olunan maddi ziyanın miqdarının hesablanmasına dair AKT əlavə olunur) və mütəxəssis rəyi (rəy əlavə olunur) yazılmışdır. Bir daha qeyd etmək istəyir ki, cavabdehə məxsus heyvanlar onun istifadəsində olan torpaq sahəsi ilə çox yaxın məsafədə yerləşir. Bununla yanaşı heyvanlar yataq şəraitində olmaqla, orada saxlanılır. Həmçinin cavabdehə məxsus heyvanlar faktiki olaraq onun istifadəsində olan əkin sahəsində tərəfindən aşkarlanmış və onun cavabdehlə bu barədə telefon danışıqları olmuş və heyvanların fotoşəkilləri çəkilmişdir. Təəssüf ki, cavabdeh bütün bunlara baxmayaraq, ona qarşı hörmətsizlik nümayiş etdirərək özünü haqlı sayır. "Dərdinizi kimə deyirsiz deyin" kimi absurd ifadələr işlətməklə onu məhkəməyə müraciət etmək məcburiyyətində saxlamışdır. Mütəxəssislər tərəfindən tərtib olunmuş aktda ona və ailə üzvlərinə dəymiş maddi ziyan aşağıda göstərilən şəkildə hesablanmışdır: 0.5 hektar (ziyan dəymiş/otarılmış ərazinin ölçüsü) *(vurulsun) 26 sentner gözlənilən orta məhsuldarlıq) = 1300 kq. (gözlənilən məhsulun həcmi) 1300 kq * 0.75 manat = 975 manat. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, Neftçala rayonu, Aşağı Surra kəndində yaşamaqla, dolanışığını xırda buynuzlu heyvanların saxlanılması ilə təmin edir. İddiaçı əkin sahəsinə ona məxsus xırda buynuzlu heyvanlar girməmişdir. Heyvanlarının müvəqqəti saxlanc yeri iddiaçının əkin sahəsinə yaxın məsafədə yerləşdiyi üçün İddiaçı ondan şübhələnir. Neftçala Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(053)-816/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını, ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Neftçala rayonunun Aşağı Surra kəndində valideyinləri ilə birlikdə yaşayır. İddiaçı bir həmkəndlisi kimi tanıyır. Əvvəllər aralarında heç bir münaqişəvə narazılıq olmamışdır. Valideyinlərinə məxsus təxminən 50 başa yaxın xırdabuynuzlu heyvanları var. Həmin heyvanları boş vaxtı olduğundan aparıb kəndin otlaq sahəsində otarır. Kəndin kənarında ailəsinə məxsus pay torpaq sahəsi var. Həmişə özünə məxsus mal-qaranı həmin pay torpaq sahəsində də otarır. Torpaqlarının qonşuluğunda torpaq sahəsi və yatağı olan X15 əkin işləri aparır, eləcə də mal-qara saxlayır. Bu səbəbdən də Damət bir neçə dəfə tələb edərək xəbərdarlıq etmişdi ki, malqarasını həmin ərazidə otarmasın. Lakin ona başa salmışdı ki, mal-qara otardığı yer örüş sahəsi və onlara məxsus pay torpaq sahəsidir. İstədikləri vaxt öz sahələrində malqaralarını otara bilərlər. X12 həmkəndlisi Cəmaləddinin heyvanlarının çobanı olduğundan, həmin heyvanları otlaq sahəsində otarır və demək olar ki, hər gün birlikdə mal-qaralarını otarırlar. 2022-ci ilin iyun ayında arpa məhsulu biçiləndən sonra Məsim bildirmişdi ki, malqaranı biçilmiş sahədə otarmağa aparsın. Onunla razılaşıb birlikdə mal-qaranı biçilmiş olan kənd sakinlərinin və onların biçilmiş taxıl sahələrinə otardılar. Damədin həmin taxılın biçilmiş sahələrinin yanında əkdiyi pambıq sahəsi var. Həmin pambıq sahəsinin guya onların tərəfindən mal-qaralarına otarılmağı iddia edərək, ziyanın ödənilməsini tələb etmişdir. Damət məhkəmədən qabaq bildirmişdi ki, guya onun pambıq sahəsini heyvanlarına otarmışdır. Lakin ona başa saldı ki, heç vaxt onun pambıq sahəsində qoyunlarını otarmamışdır. Eləcə də Əskərov Məsimin həmin sahədə mal-qara otarmasını görməmişdir. Lakin Damət onunla razılaşmayaraq, dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırdı. İki dəfə məhkəmə iclasın keçirildi və məhkəmə iclasında iştiralk edərək onun iddiasına öz etirazını bildirərək sübutlar təqdim etməsini xahiş etdi. Lakin Damət heç bir sübut təqdim edə bilmədi. Eləcə də məhkəmə iclasında bildirdiki, həmin vaxtlarda həmkəndlisi Məsimlə birlikdə qoyunlarını biçilmiş sahələrdə otarmışlar və Məsimin də məhkəməyə çağırıb dindirilməsi zəruridir. Lakin məhkəmədə dediyi faktlar yoxlanılmadı və Məsim şahid kimi çağrılıb dindirilmədi. Məhkəmənin qəbul etdiyi 10 noyabr 2022-ci il tarixli qətnaməni ədalətsiz və qanunsuz hesab edir. İş üzrə iddiaçının tələb etdiyi faktlar yoxlanılmadı və heç bir sübut əldə olunmadı. İş üzrə şahid olan X14 tələbinə baxmayaraq məhkəməyə dəvət olunmadı və şahidi dinbdirilmədi. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını xahiş etdilər. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, sahədə palçıqda ilişib qalan heyvanlar çıxarılan kimi yaxınlıqda otlayan cavabdehin sürüsünə qaçıb qarışmış, bir ədəd quzu isə sürüdə anasını tapıb əmməyə başlamışdır. Həmin anda cavabdehin sürücünda olan heyvanlar da palçıqlı idilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia rədd olunmasını xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı cavabdehə münasibətdə tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş JN 565 Kod 80700038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, X9 və ailə üzvlərinə Neftçala rayon Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli 23 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün Neftçala rayonu, Aşağı Surra kəndində 5.29 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş alıcı "xxxx" MMC-nin Neftçala filialı ilə satıcı Neftçala rayonu Aşağı Surra kənd sakini İddiaçı arasında 17 avqust 2021-ci il tarixdə bağlanmış “Xam pambığın alqı-satqısına dair” 11/21-256 nömrəli müqavilədən görünür ki, alıcı tərəfindən satıcıya məxsus (mülkiyyətində və ya istifadəsində olan) Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən 1.0 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetitlməsi, satıcı tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində alıcıya təhvil verilməsi müqavilənin predmetini təşkil etmişdir. İş materiallarına əlavə edilmiş X22 X4 sektorunun müdiri X8, torpaq məsələləri üzrə baş məsləhətçisi X7, maliyyə-təsərrüfat sektorunun hüquq və kadr məsələləri üzrə böyük məsləhətçisi hüquqşünası X2, Neftçala rayonu, Aşağı Surra kənd sakini İddiaçı və X3 iştirakları ilə 13 iyul 2022-ci il tarixdə tərtib edilmiş aktdan və 14 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Neftçala rayonu Aşağı Surra kənd sakinləri İddiaçı və X3 istifadəsində olan pambıq əkilmiş torpaq sahəsi xırda buynuzlu heyvanlar daxil olmaqla otarılmış, lakin xırda buynuzlu heyvanların kimə məxsus olması müəyyən olunmamışdır. Bitkinin korlanması fazası dövrü olduğu üçün bar orqanları heyvanlar tərəfindən məhv edilmişdir. Bir hektardan 25-27 sentner məhsuldarlıq gözləndiyi halda otarılma zamanı 0.5 hektar sahə məhv edilmişdir. Dəymiş ziyan isə aşağıdakı kimi hesablanmışdır. (0,5 hektar x 26 sentner=1300 kq ; 1300 kq x 0,75 manat=975 manat) Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən “mülki hüquq pozuntusuna (delikt)” görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilən şəxslər fiziki və hüquqi şəxslərin əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gələn zərərə görə mülki məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2 maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən iddiaya dair sübutların verilməməsini xüsusi vurğulasa da, elə özü 2022-ci ilin iyun aynda həmkəndlisi olan Məsim Əskərovla birlikdə iddiaçnın pambıq əkdiyi torpaq sahəsinə bitişik torpaq sahələrində arpa biçinindən sonra heyvanlarını otardıqlarını etiraf etmişdir. Kollegiya hesab edir ki, iddiaçının əkin sahəsinin yaxınlığında cavabdehin xırdabuynuzlu heyvanlarını saxladığı yatağın yerləşməsi, sahəni otlayan heyvanlardan birneçəsinin sahənin suvarılması ilə əlaqədar palçıqda ilişib qalması, çıxarıldıqdan sonra isə yaxınlıqda otlayan cavabdehin heyvanlarına qarışması, sahədən çıxarılmış quzunun cavabdehin sürüsündə anasını tapıb əmməsi, həmin zaman cavabdehin kənarda otlayan heyvanlarının da palçıqlı olması, iddiaçının əkin sahəsinin cavabdehin heyvanları tərəfindən otlamasının birbaşa sübutlarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv oluna, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti beş min manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(053)-816/2022 saylı qətnaməsi dəyişdirilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar