Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-954/2025 06.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Məmmədova (Əliyeva) Leyla Firudin qızına qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-179/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli iltizam əsasında müəyyən olunur ki, cavabdeh X1 Bakı şəhərində yerləşən xəstəxanalardan birində tibb bacısı kimi işə düzəldəcəyinə, 6 ay müddətinə sonuncunun işə başlayacağına söz vermiş, bunun müqabilində İddiaçıdan cəmi 8000 manat vəsait almış və həmin məbləğin iş üçün sərf olunacağını bildirmiş, əks təqdirdə isə aldığı 8000 manatı İddiaçıya geri qaytaracağına dair öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 8000 manat və ödənilmiş 102 manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan qohumu X2 işə düzəltmək müqabilində 8000 manat məbləğində pul almışdır. Lakin verdiyi sözünə əməl etməmiş, buna baxmayaraq aldığı pulu da bu vaxta kimi geri qaytarmamışdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh aldığı pulu geri qaytarmasını bildirsə də, bu yalandır. O, heç bir ödəniş etməmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, borcunu hissə-hissə ödəyib. 5000 manat pulu isə atası əlbəəl verib. Odur ki, iddianı qəbul etmir, rədd edilməsini xahiş edir Füzuli Rayon Məhkəməsinin 2(064)-179/2025 saylı, xx.xx.2025-ci il tarixli (Hakim: Elmir İsmayılov) ilə, iddianın təmin edilməsi, Cavabdeh 8000 manat məbləğində pul və ödənilmiş 102 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli iltizam əsasında müəyyən olunur ki, cavabdeh X1 Bakı şəhərində yerləşən xəstəxanalardan birində tibb bacısı kimi işə düzəldəcəyinə, 6 ay müddətinə sonuncunun işə başlayacağına söz vermiş, bunun müqabilində İddiaçıdan cəmi 8000 manat vəsait almış və həmin məbləğin iş üçün sərf olunacağını bildirmiş, əks təqdirdə isə aldığı 8000 manatı iddiaçıya geri qaytaracağına dair öhdəlik götürmüşdür. Göründüyü kimi, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanmış, lakin aldığı 8000 manat məbləği iddiaçıya geri qaytarmamışdır. Qeyd olunanlar iddiaçı tərəfin verdiyi izahat, iş materiallarına əlavə edilmiş Whatsapp sosial şəbəkəsi üzrə mesajların surətləri və CD disk vasitəsilə təqdim olunmuş səs yazıları əsasında öz təsdiqini tapır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Məmmədova (Əliyeva) Leyla Firudin qızı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, 2024-cü ilin mart ayında təcili pula ehtiyacı olduğu üçün faizlə pul götürmək qərarına gəlmişdir. Yaxın tanışlarından biri onu faizlə pul verən İddiaçı yönəltmişdir. Onunla görüşüb söhbət etdikdən sonra ona bildirmişdir ki, 10 faizlə pul verə bilər. Onun təklifi ilə razılaşmış, 8000 manat məbləğində pul götürmüşdür. Lakin ona bildirmişdir ki, özünü qarantiyə almaq istəyir. Bu səbəbdən də ona yazdırdı ki, guya onun bacısını işə düzəltmək üçün 8000 manatı götürür. O, çıxılmaz vəziyyətdə olduğu üçün onun bu təklifini də qəbul etmişdir. Sənədi yazdıqdan sonra həmin Nicad adlı şəxs götürərək özündə saxlamışdır. Aprel və may aylarında faizləri ödəmişdir. Pulları onun “Whatsapp” tətbiqi ilə göndərdiyi kart hesabına yükləmişdir. İyun ayında isə 3100 manat məbləğində pulu onun kartına göndərmişdir. İyun, iyul, avqust, sentyabr aylarında hər ay 1220 manat ona göndərmiş olduğu karta yükləmişdir. Oktyabr ayında isə atası Nicadla görüşmüş və ona 5000 manat nağd şəkildə pul ödəmişdir. Noyabr ayında Nicad onlara bildirmişdir ki, sizin 9000 manat borcunuz qalıb həmin məbləği tam şəkildə ödəsin. O isə bildirmişdir ki, bu mümkün deyildir. Onun barəsində polisə şikayət etsə də, dediklərini sübut edə bilmədiyi və onun əməlində hər hansı cinayət əməli aşkar edilmədiyi üçün polis cinayət işinin başlanmasını rədd etmişdir. Daha sonra o, məhkəməyə müraciət edərək ondan pul tələb etmişdir. Məhkəmə isə ondan 9000 manat pul tutmuşdur. Ona ödəmiş olduğu pulları isə nəzərə almamışdır. Buna səbəb isə guya pulları ödəmiş olduğu kartın Nicadın adına olmamasıdır. Bununla da görünür ki, iddiaçı onun pullarını mənimsəmişdir. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara düzgün qiymət vermədən, onun iddiasına qarşı gətirdiyi sübutları isə araşdırmadan qətnamə çıxarmışdır. Məhkəmənin gəldiyi nəticəni əsassız hesab edir və bununla əlaqədar qeyd edir ki, işin faktiki halları araşdırılmamış, təqdim edilən sübutlara düzgün qiymət verilmədən, iş üzrə şahid qismində atası izahat verməsini xahiş etsə də, bunların heç birinə məhəl qoyulmadan qətnamə qəbul edilməklə onun hüquqları kobud şəkildə pozulmuş, bununla da qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Məmmədova (Əliyeva) X3 Rayon Məhkəməsinin 2(064)-179/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı izahatında bildirdi ki, o, X2 işə düzəltmək üçün cavabdehə 8000 (səkkiz min) manat məbləğində pul vermişdir. Pulu cavabdehə kart vasitəsilə göndərmişdir. Cavabdeh ona sənədlərin hazırlanması üçün 8000 manat hazırlanacağını bildirmişdir. Cavabdehin təkcə ona yox, başqa insanlara da borcu var. Ona görə də, cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi, Füzuli Rayon Məhkəməsinin 2(064)-179/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-ci maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2-ci maddəsinə əsasən Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2-ci maddəsinə əsasən əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1095-ci Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməsini iş üzrə toplanmış sübutlarla təsdiq edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya qeyd edir ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən, məzmundan və formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı qohumu Billurə Quliyevanın işə düzəldilməsi məqsədi ilə cavabdehə 8000 (səkkiz min) manat pul vermiş, cavabdeh həmin pulu qaytarmamışdır. Belə ki, iddiaçının iddia tələbindən müəyyən edilir ki, cavabdeh ondan qohumu X2 işə düzəltmək müqabilində 8000 manat məbləğində pul almışdır. Lakin verdiyi sözünə əməl etməmiş, buna baxmayaraq aldığı pulu da bu vaxta kimi geri qaytarmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mövcud hüquq münasibətinə tətbiq edilən maddi hüquq normalarını təhlil edərək belə qənaətə gəlir ki, iddiaçı qohumu Billurə Quliyevanın işə düzəldilməsi məqsədi ilə sənədləşmə işlərinin aparılması üçün cavabdeh Məmmədova (Əliyeva) Leyla Firudin qızına 8000 (səkkiz min) manat pul vermiş, lakin cavabdeh öhdəliyini icra etməmiş, nəticədə o, qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçıya məxsus əmlak hesabına, yəni qaytarılması gözlənilən və müəyyən məqsədə verilən pul vəsaitini qaytarmayaraq əsassız varlanmışdır və buna istinad edən iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını, yeni cavabdeh tərəfindən qaytarılmayan 8000 (səkkiz min) manat pul vəsaitini geri tələb etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, 2024-cü ilin mart ayında təcili pula ehtiyac olduğu üçün 8000 manat məbləğində vəsaiti borc şəklində götürmüş, lakin qarşı tərəfin (iddiaçının) istəyi ilə “işə düzəltmək məqsədilə pul alınması” barədə sənəd tərtib olunmuşdur. Lakin bu dəlil onun özü tərəfindən imzalanmış və iş materiallarında mövcud olan xx.xx.2024-cü il tarixli iltizam sənədi ilə təkzib olunur. Həmin iltizamın məzmunundan aydın olur ki, burada cavabdehin qeyd etdiyi kimi “borc” müasibətlərindən söhbət getmir. İş materiallarına əlavə olunmuş “Whatsapp” yazışmaları və səs yazısı (CD disk) cavabdehin dəlillərinin əsassız olduğunu, əksinə, onun məhz işə düzəltmə müqabilində qarşı tərəfdən vəsait aldığını açıq şəkildə sübut edir. Bu yazışmalar tərəflər arasında hüquqi münasibətin faktiki və həqiqi xarakterini ortaya qoyur və cavabdehin məhkəməyə təqdim etdiyi izahların gerçəkliyi əks etdirmədiyini göstərir. Cavabdeh şikayətində qeyd edir ki, oktyabr ayında iddiaçının atası ilə görüşərək 5000 manat nağd şəkildə vəsait ödəmişdir, lakin bu barədə heç bir sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmişdir, tələb olunan pulun ödənildiyini sübut etmək öhdəliyi isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi cavabdehin 8000 (səkkiz min) manat məbləğində pulu iddiaçıdan alması, daha sonra həmin pulu qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsini və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçını əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Məmmədova (Əliyeva) Leyla Firudin qızına qarşı pul tələbinə dair mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88–ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmiş olur ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfin gətirdiyi dəlilləri iddia tələbinin təmin olunmasına yönələn hərəkət kimi qiymətləndirməklə haqlı və düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh 8000 manat məbləğində pul və ödənilmiş 102 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Füzuli Rayon Məhkəməsinin 2(064)-179/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Məmmədova (Əliyev) Leyla Firudin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-179/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-954/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-954/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver