Məhkəmə qərarları › İş №2(106)-955/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-955/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-955/2024 24.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “kredit müqavilələrinin və icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-591/2024 saylı, 19 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Lənkəran filialı ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1129-xx.xx.2018- 002955 saylı və xx.xx.2019-cu il tarixli BPM**********98 nömrəli kredit müqavilələrinin və Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən tərtib edilmiş 12 mart 2021-ci il tarixli 8İ-4069 reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1954-cü il tarixdə Lənkəran rayonu, Xolmili kəndində anadan olmuşdur və hal-hazırda orada yaşayır. xx.xx.2018-ci il tarixdə 5.000 manat kredit götürməkdən ötrü ABB-ın Lənkəran filialına müraciət etmişdir. ABB-ın əməliyyatçısı Qismət Dadaşov kredit müqaviləsinin bağlanması zamanı ona bildirib ki, Siz eyni zamanda xidmət haqqı ödəməlisiniz. O, da ondan xahiş etmişdir ki, elə edin 5.000 manat ələ ala bilim. Beləliklə, Q.Dadaşov kredit müqaviləsi tərtib edib elə həmin dəqiqə, elə oradaca ona imza etdirib. Kreditin faizi 24 % olub. Həmin tarixdən ona bank tərəfindən təqdim olunan müqavilə əsasında ayda 166 (yüz altmış altı) manat olmaqla kredit ödəməyə başlamışdır. Müqavilə ilə tanış olmamış və tanış olmağa bankda heç bir şərait yoxdur. Bankın işçisi vərəqləri çevirib, bura-bura-bura imza edin deyib, göstərməklə imza elətdirib. Bu həmin bankda indi də belədir. xx.xx.2019-cıı il tarixdə iş yoldaşı Kazımova Mehriban ondan xahiş etmişdir ki, kredit götürmək istəyir və ona zamin qalsın. Həmin tarixdə onlar ABB-ın Lənkəran filialına gəliblər. O, Kazımova Mehriban üçün zamin qalıb. Bankın əməliyyatçısı xx.xx.2018-ci il tarixdə ona kredit vermiş Qismət Dadaşov idi. O, ona təklif etmişdir ki, istəyirsən sənin üçün də 500 (beş yüz) manat kredit ayırım. O, bildirib ki, onun krediti var, o, isə demişdir ki, bu mümkündür. Yenə cədvəl tərtib edilmişdir. Yenə “ənənəvi" üsulla ona imza etdirmişdir. Bu dəfə xx.xx.2019-cu il tarixdən aylıq 200 manat olmaqla ödənişə başlamışdır. xx.xx.2020-ci il tarixdə onun yaş həddi qanununu əsas gətirib işdən çıxartmışlar. O, kreditin ödənişini davam etdirə bilməmişdir. Gözləyirdi ki, 03 aydan sonra ABB-nin Lənkəran filialı tərəfindən məhkəməyə veriləcək. Çünki, müqavilədə belə göstərilib. Amma əvəzində Lənkəran İcra və Probasiya şöbəsinə çağrılmışdır. 2021-ci ilin may ayında icra və probasiya şöbəsinə çağırılmışdır. Bu zaman o, Azərbaycan Beynəlxalq Bankının Lənkəran filialının əməkdaşı Dadaşov Qismət tərəfindən ona verilən xx.xx.2018-ci il tarixli 1129-xx.xx.2018 002955 saylı və xx.xx.2019-cu il tarixli BPM **********98 saylı müqavilələrlə maraqlanmışdır, onları oxuyub öyrənmişdir. Ona məlum olmuşdur ki, hər iki halda bankın əməliyyatçısı onu aldatmışdır. xx.xx.2018-ci il tarixdə kredit müqaviləsində 5.800 manat bankdan kredit götürməyi qeyd olunub. O, 5.000 manat pul kredit götürmüşdür. 50.000 (əlli min) manat götürməmişdim ki, bura 24%-dən 60 ay üçün hesablanıb. Bu 18. 20 və ən uzağı 24 aya hesablanmalı idi. Onun aylıq gəliri buna imkan verirdi. Çünki həmin dövrdə 800 manat maaş və 350 manat pensiya alırdı. Bu da 1.150 manat təşkil edirdi. Bu məbləğ hətta 18 aya hesablamağa imkan verirdi. Sual: Əməliyyatçı nə üçün belə etməyib? İkincisi, onun 65 yaşı tamam olmasına az qalırdı, əməliyyatçı Qismət Dadaşov bunu nəzərə alıb krediti hətta 18 aya hesablamalı idi. xx.xx.2018-ci il tarixdə o, ABB-nin kassasından 002955 saylı kredit müqaviləsinə əsasən 5000 (beş min) manat almış, 5800 (beş min səkkiz yüz) manat almamışdır. xx.xx.2019-cu il tarixdə o, ABB-nin Lənkəran filialından 500 manat istəmişdir. Əslində o, istəməmişdir. Bunu ona əməliyyatçı Qismət Dadaşov təklif edib. O, Lənkəran İcra və Probasiya şöbəsindən aldığı məktubla əlaqədar ABB-ın Lənkəran filialının əməkdaşı Dadaşov Qismət tərəfindən xx.xx.2019-cu il tarixdə ona verilən müqavilə və cədvəllə maraqlanıb. Rastlaşdığı mənzərə onu heyrətə gətirmişdir. Dadaşov Qismət ona 500 (beş yüz) manat kredit vermək əvəzinə onun üçün 5750 manat kredit götürüb, bu pulla onun xx.xx.2018-ci ildə götürdüyü borcun qalıq məbləğini ödəyib, qalan artıq məbləği ona guya 500 manat kredit şəklində verib. Bütün bunlardan onun xəbəri olmayıb. O, Lənkəran İcra və Probasiya şöbəsinə gedib. İcra məmuru ona bildirdi ki, onun üçün xx.xx.2021-ci il tarixdə icra qeydi tərtib olunmuşdur. Borclu olduğu məbləğ pensiyasından tutulacaq. Məsələni faktlarla onun üçün izah etmişdir. İcra qeydi 2021-ci ilin mart ayından 2023-cü ilin sentyabr ayına qədər həyata keçirilmədi. 2023-cü ilin sentyabr ayından onun pensiyanın 260 manat olmaqla 50 %-i tutulmağa başlanmışdır. O ABB-nin Lənkəran filialının əməkdaşı Qismət Dadaşov tərəfindən böyük məbləğdə aldadıldığını hesab edir. Ona görə də Lənkəran İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş icra qeydini də əsassız hesab edir. Hər iki müqavilədə onun imzalarına da münasibət bildirir ki, təkcə ABB-nin Lənkəran filialında deyil bütün Lənkəranda bütün banklarda kredit müqavilələri qarşılıqlı etibar - borc verənlə borc alan arasında olan qarşılıqlı etibar əsasında bağlanılır. Müştəriyə əslində müqaviləni oxumağa nə vaxt, nə də imkan verilmir. Bankın kredit müqaviləsini oxuyub dərk etməkdən ötrü heç bir imkan yoxdur. ABB-nin Lənkəran filialının əməliyyatçısı hər iki halda müştərinin etibarından sui- istifadə etmişdir. xx.xx.2019-cu il tarixdə ABB-ın Lənkəran filialında kredit faizi 19 (%) olmuşdur. Ancaq həmin tarixdə Dadaşov Qismət ona verdiyi krediti hətta 24 %-dən hesablamışdır. Onunla “Azərbaycan Beynəlxalq Bankı ASC-nin Lənkəran filialı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1129-xx.xx.2018 - 002955 saylı və xx.xx.2019-cu il tarixli BPM**********98 nömrəli kredit müqavilələri və Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən tərtib edilmiş 12 mart 2021-ci il tarixli 8İ-4069 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Ona verilən kreditlər üçün müqavilələr ABB-nin Lənkəran filialı tərəfindən qanunlara uyğun şəkildə təzədən tərtib olunmalıdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İş üzrə cavabdeh “Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, İddiaçı iddia tələbinin əsası kimi müqavilələri oxumadan imzaladığını və 500 manat kredit almaq istədiyi, lakin ona daha çox kredit verildiyini bildirmişdir. İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli BPM**********98 saylı kredit müqaviləsindən görünür iddiaçıya 43 ay müddətinə illik 24 faizlə 5750 manat kredit veilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə kredit məbləğinin 1% həcmində komissiya tutulmaqla xx.xx.2019-cu il tarixli məxaric orderi № BPM**********98 məxaricə əsasən iddiaçıya 4.692 manat vəsait verilmişdir. Bundan əlavə xx.xx.2019-cu il tarixli BPM**********98 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, müştəri 43 ay müddətinə 200.7 manat kredit ödəməli idi. Qeyd olunan kredit müqaviləsi, məxaric orderi və ödəniş cədvəllərinin hər birinə iddiaçı şəxsən özü imza etmiş və öz yazı xətti ilə ad soyadını qeyd etməklə öz iradə ifadəsini bildirmişdir. Bundan əlavə iddiaçının ona 5.750 manat yox 500 manat pul verildiyini bildirməsinə münasibətdə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, müştərinin krediti ilə bağlı hesabdan çıxarışdan (hesabdan çıxarış etiraz ərizəsinə əlavə olunur) görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixə 5692 manat məxaric etmiş və həmin tarixdə özünün də qeyd etdiyi kimi bundan əvvəlki xx.xx.2018-ci il tarixli 1129-xx.xx.2018-002955 saylı kredit müqaviləsi üzrə 5195 manat krediti üzrə tam ödəniş etməklə kredit borcunu bağlamışdır. Bundan sonra məxaric etdiyi 5692 manat vəsaitdən ona 490 manat pul qalmışdır. Qeyd olunanlarla bir daha sübut olunur ki, kredit müqaviləsi tam qanuni əsaslarla və iddiaçının öz iradə ifadəsinə uyğun olaraq öz imzası ilə təsdiq olunmaqla rəsmiləşdirilmişdir. Bundan əlavə icra qeydinin etibarsızlığına münasibətdə qeyd etmək istəyir ki, iddiaçı xx.xx.2019-cu il tarixli BPM**********98 saylı kredit üzrə ödənişləri vaxtında icra etmədiyindən 28.01,2021-ci il tarixli PKİD-L037/2020 saylı bildirişlə pretenziya qaydasında ona məlumat verilmiş və “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 76-cı maddəsinə əsasən 20 gün müddət ərzində öhdəliyi icra etməsi bildirilmişdir. İddiaçı qeyd olunan bildirişi (bildiriş və xəbarnamə etiraz ərizəsinə əlavə olunur) xx.xx.2021-ci il tarixdə aldıqdan 36 gün sonra xx.xx.2021-ci il tarixdə İcra qeydi çıxarılmışdır. Buradan da görünür ki, İcra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Qeyd olunanlara əsaslanaraq bildirilir ki, iddiaçının tələbi tam əsassızdır və iddianın rədd olunmasını barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini bildirməklə iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-591/2024 saylı, 19 fevral 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Anar Pənahov), İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “kredit müqavilələrinin və icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740, 385, 386, 324, 405-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Bağırov X5 Rayon Məhkəməsinin 2(049)-591/2024 saylı, 19 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh Azərbaycan Beynəlxalq Bankı» ASC məhkəmə kollegiyasına İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz ünvanlayaraq etirazında, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyini və gəlinən nəticənin işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmasını qeyd etmişdir. Həmçinin iddiaçının apellyasiya şikayətinin dəlillərinin formal mülahizələrdən ibarət olması səbəbindən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-591/2024 saylı, 19 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh Azərbaycan Beynəlxalq Bankı» ASC iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdeh ünvan ünvanlıyaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)-591/2024 saylı, 19 fevral 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-591/2024 saylı, 19 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli 1129-xx.xx.2018-002955 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən illik 24% dərəcəsi tətbiq edilməklə 60 ay ərzində qaytarmaq şərti ilə 5800.00 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi bankın əməkdaşı və bütün səhifələri İddiaçı tərfindən imzalanmışdır İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli 1129-xx.xx.2018-002955 nömrəli kredit müqaviləsinə əlavə edilmiş 1 saylı əlavədən görünür ki, həmin “əlavə”də kredit borcuna dair ümumi məbləğ, faiz məbləğləri, ödəniş tarixləri, həmin tarixlərə dair ödəniş məbləğləri və kreditin qalığı cədvəl formasında aydın şəkildə göstərilmişdir. Qeyd edilən əlavə bankın əməkdaşı və İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin Lənkəran filialı tərəfindən xx.xx.2018-ci il tarixli ********** saylı memorial orderindən və hesabdan çıxarışdan görünür ki, İddiaçı oğlu xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 5.800 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, BPM**********98 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən illik 24% dərəcəsi tətbiq edilməklə 43 ay ərzində qaytarmaq şərti ilə 5.750 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi bankın əməkdaşı və bütün səhifələri İddiaçı tərfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, BPM**********98 nömrəli kredit müqaviləsinə əlavə edilmiş 1 saylı əlavədən görünür ki, həmin “əlavə”də kredit borcuna dair ümumi məbləğ, faiz məbləğləri, ödəniş tarixləri, həmin tarixlərə dair ödəniş məbıəğləri və kreditin qalığı cədvəl formasında aydın şəkildə göstərilmişdir. Qeyd edilən əlavə bankın əməkdaşı və bütün səhifələri İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin Lənkəran filialı tərəfindən tərtib edilmiş xx.xx.2018 – xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, İddiaçı oğlu xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 5.750 manat məbləğində pul ödənilmişdir.. İş materiallarına əlavə olunmuş Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 8İ-4069 reyestr nömrəli İcra qeydindən görünür ki, həmin icra qeydi əsasında İddiaçı BPM**********98 nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" ASC-nin xeyrinə 4764 manat 51 qəpik pulun tutulması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib edilərək İddiaçı ünvanlanmış PKİD-L037/2020 saylı xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, İddiaçı BPM**********98 nömrəli kredit müqaviləsi üzrə borcunu ödəməsi barədə və əks təqdirdə icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmişdir. Poçt xəbərnaməsinin surətindən görünür ki, qeyd edilən bildiriş İddiaçı xx.xx.2021-ci il tarixdə çatdırılaraq, o, xəbərnaməyə imza etməklə həmin bildirişi qəbul etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin Lənkəran filialı tərəfindən tərtib edilmiş xx.xx.2018 – xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən yuxarıda qeyd edilən hər iki kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsini 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi ilə müəyyən edir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.4 maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında qanuna müvafiq qaydada kredit müqavilələri bağlanmış, müqavilələr tərəflərin imzası ilə təsdiqlənmiş, kredit müqaviləsinə dair müvafiq kredit ödənişləri iddiaçıya ödənilmiş, ödənişin aparılması üçün kredit borcuna dair ümumi məbləğ, faiz məbləğləri, ödəniş tarixləri, həmin tarixlərə dair ödəniş məbləğləri və kreditin qalığı cədvəl formasında aydın şəkildə tərtib edilərək iddiaçıya təqdim edilməklə onun tərəfindən imzalanmış, kredit müqavilələri bağlandıqdan sonra həmin müqavilərə dair müvafiq kredit ödənişləri iddiaçı tərəfindən həyata keçirilmiş, bank tərəfindən kredit ödənişinin həyata keçirilməsi və icra qeydinin aparılacağı barədə qanuna müvafiq qaydada iddiaçıya bildiriş təqdim edilmiş və xəbərdarlıq müddəti bitdikdən sonra notariat ofisi tərəfindən icra qeydi tərtib edilərək icra edilməsi üçün icra qurumuna təqdim edilmişdir. Göründüyü kimi kredit müqaviləsinin və onun əsasında verilmiş icra qeydinin etibarsız sayılması üçün heç bir əsas müəyyən edilməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). İddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli və əsassız hesab edilməklə gəlinən nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli Lənkəran Rayon Məhkəməsinin 2(049)-591/2024 saylı, 19 fevral 2024-cü il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-591/2024 saylı, 19 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar