Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-96/2025 15.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9752 manat pulun və 118 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Cavabdeh1 tanışı X1 vasitəsi ilə tanımışdır. Digər Cavabdeh2 isə Cavabdeh1 qardaşıdır. Cavabdeh1 ona vacib pul lazım olduğunu bildirmiş və həmin vaxt Sənan ona bildirmiş ki, əgər Mirzə pulu qaytarmasa o özü qaytaracaq. O, Mirzəli Əliyevə cəmi 13252 manat pul vermişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, pulları bir dəfəyə deyil, müxtəlif vaxtlarda vermişdir. Belə ki, 10 iyun 2020-ci il tarixdə 1700 (min yeddi yüz) manat, 15 iyun 2020-ci il tarixdə isə yenidən 1700 (min yeddi yüz) manat pulu Mirzəli Əliyevə vermişdir. 02 avqust 2020-ci il tarixdə Tovuzda bulaqda olarkən Mirzəli Əliyevə yenidən 3500 (üç min beş yüz) manat vermişdir. Bundan başqa, Mirzəli Əliyevin qardaşı Cavabdeh2 kartına 11 avqust 2020-ci il tarixdə 3500 (üç min beş yüz) manat, 16 avqust 2020-ci il tarixdə 600 (altı yüz) manat, 25 avqust 2020-ci il tarixdə 250 (iki yüz əlli) manat pul göndərmişdir. Bundan başqa, 22 yanvar 2021-ci il tarixdə Dəyanət İbrahimovun kartına 202 (iki yüz iki) manat, 15 fevral 2021-ci il tarixdə 500 (beş yüz) manat pul göndərmişdir. Cavabdehlərlə dəfələrlə aralarında söhbət olarkən onlar pulu qaytaracaqlarına söz vermişlər. Cavabdehlər həmin puldan 1400 manat, 1500 manat və 600 manat olmaqla cəmi 3500 manat qaytarmış, qalan pulu- 9752 manatı qaytarmamışlar. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etmədiyindən iddiaya dair mövqeləri bəlli olmamışdır. Beyləqan Rayon Məhkəməsinin (hakim S.Seyfullayev) 01 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Beyləqan rayonu, Tatalılar kəndində yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 9752 (doqquz min yeddi yüz əlli iki) manat pulun və ödənilmiş 118 manat dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 740.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.4, 220.4, 77.1-ci maddələrinə istinad etmişdir. Qətnamədən cavabdeh (eyni zamanda Cavabdeh2 nümayəndəsi) Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, onlar İddiaçı borc pul almamışlar. Onların iddiaçıya borcu yaranmamışdır. İddiaçı isə iddia ərizəsində guya onlara 13252 manat borc pul verdiyini, həmin vaxt “Sənan” adlı şəxsin guya onların pulu qaytaracağına vəd verdiyini, ona görə onlara həmin məbləğdə pulu borc verdiyini göstərmişdir. Məhkəmə tərəfindən işə baxılarkən Cavabdeh1 həbsdə olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin rəsmi qeydiyyatda olduğu və yaşadığı yerə məhkəmə bildirişi göndərilməmiş və onların iştirakı təmin edilmədən işə baxılaraq, heç bir sübuta istinad edilmədən qətnamə qəbul edilmişdir. Şikayətə görə, cavabdehlərin iddiaçıdan borc pul almağına dair mötəbər sübut (borcun məbləği 3000 manatdan çox göstərildiyindən borc müqaviləsinin yazılı forması) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qətnamədə yalnız iddiaçının izahatına və mülki işin məhkəmə iclasında araşdırılmış materiallarına (həmin sübutların nədən ibarət olması məhkəmə qətnaməsi ilə müəyyən edilmir) istinad etməklə əsassız olaraq iddiaçının tələbini təmin etmişdir. Prosessual məsələlər İş üzrə tərəflər apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq, maddi imkanı olmadığına görə məhkəmənin iclasına gələ bilməyəcəyini qeyd etməklə, iddiaçının istinad etdiyi maaş kartının həqiqətən onun adına olduğunu, həmin kartın qardaşı Cavabdeh1 olduğunu, qardaşının İddiaçı olan borcu barədə onun məlumatı olmadığını, hazırda qardaşı Cavabdeh1 həbsdə olduğunu, bütün bu işlərdən məhkəmə sənədi gələnə qədər onun heç bir xəbəri olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməlidir. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9752 manat pul tələb etmişdir. İddiaçı borc kimi verdiyi pulu tələb etmişdir. Cavabdehlər apellyasiya şikayətində iddiaçıdan borca pul almadıqlarını bildirmişlər. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçının borc kimi tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 740-cı maddələri təşkil edir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 740-cı maddələrinə əsasən: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında yazılı borc müqaviləsi olmamışdır. Qanunun tələbinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında yazılı müqavilə olmadığından onların borc münasibətlərində olduğu qənaətinə gəlmək mümkün deyil. Eləcə də cavabdehlərin borcu etiraf etməməsi və işin faktiki halları da tərəflərin borc münasibətində olmadığını göstərir. Bununla yanaşı, iddiaçı tərəfindən Cavabdeh1 müəyyən miqdarda pul məbləğinin verildiyi müəyyən edilir. Kollegiya əsassız varlanma ilə bağlı müddəaların nəzərdən keçirilməsini mümkün sayır. Əsassız varlanmanın yaranması üçün- varlanan (zənginləşən), yaxud əmlak əldə edən olmalı, əmlakından, pulundan məhrum olan (yoxsullaşan) olmalı, bu cür varlanma hər hansı hüquqi əsasa söykənməməli, əsassız varlanma ilə əmlakdan məhrum olunma arasında bağlılıq olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-1092-ci maddələri təşkil edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Müəyyən edilir ki, hüquqi əsas olmadan Cavabdeh1 iddiaçıdan pul almışdır. Kollegiya hesab edir ki, Cavabdeh1 iddiaçının hesabına əsassız varlanmış şəxsdir. Birinci instansiya məhkəməsi iddianı tam (tələb edilən həddə) təmin etmişdir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Hazırki halda sübutetmə yükü iddiaçının üzərindədir. İddiaçı məhkəməyə Cavabdeh2 kartına cəmi 4250 manat miqdarında pul köçürmələrini təsdiq edən bankomat qəbzlərini təqdim etmişdir. Cavabdeh2 iddiaçının pul köçürdüyü kartın həqiqətən ona məxsus olduğunu, lakin köçürülən pulların digər Cavabdeh1 üçün göndərildiyini, kartın isə daim Cavabdeh1 oluğunu, həmin məbləğin qardaşı Mirzə tərəfindən çıxarıldığını təsdiq etmişdir. Cavabdehin bu etirazına qarşı iddiaçı hər-hansı münasibət bildirməmişdir. İddiaçı da öz ərizəsində Cavabdeh1 cəmi 13252 manat pul verdiyini bildirmişdir. Beləliklə, iddiaçı Cavabdeh1 cəmi 13252 manat pul verdiyini və göndərdiyini, o cümlədən digər Cavabdeh2 kartı vasitəsilə göndərdiyini bildirsə də sonuncunun kartı vasitəsilə 4250 manat məbləğində pul göndərdiyi iddiaçının təqdim etdiyi bankomat qəbzləri və Cavabdeh2 izahatları ilə təsdiqini tapır. İddiaçı Dəyanət İbrahimov adlı şəxsin kartına daha 250 manat və 500 manat göndərdiyini də bildirmiş və bu barədə müvafiq bankomat qəbzini də təqdim etmişdir. Lakin həmin pul vəsaitini həqiqətən cavabdehə göndərildiyi öz təsdiqini tapmır. İddiaçı Dəyanət İbrahimova göndərdiyi pulların həqiqətən cavabdehə verildiyini və ya çatdırıldığını sübut edə bilməmişdir. Bundan başqa, iddiaçı birinci instansiya məhkəməsində onunla Cavabdeh1 arasında olan telefon danışığını əks etdirən səs yazıları olan (audio) diski təqdim etmişdir. Həmin səs yazısına görə, iddiaçı ilə danışığında Cavabdeh1 iddiaçıya 8200 manat borcu olduğunu bildirir. Audio diskdə olan, iddiaçı ilə olan danışıqdakı səs yazısının Cavabdeh1 aid olduğunu müəyyən etmək üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmiş və rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Məlumat verilməsinə baxmayaraq, uzun müddət ərzində Cavabdeh1 ekspertizada iştirak etmək üçün getməmişdir. Cavabdeh1 Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinin tələbləri izah edilmişdir. Cavabdeh ekspertizaya getməkdən yayındığına görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 24 yanvar 2025-ci il tarixdə ekspertizanın aparılmasından imtina etmişdir. MPM-in 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh1 ekspertizada iştirak etməkdən imtina etdiyinə görə, Kollegiya audio diskdə cavabdehin adından bildirilən və iddiaçının istinad etdiyi faktı təsdiq olunmuş hesab edir ki, bu hala görə Cavabdeh1 iddiaçıya 8200 manat borclu olduğu faktı etiraf etmişdir. İddiaçı tələbində Cavabdeh2 hər-hansı məqsədlə pul verdiyini bildirməmiş, cavabdeh də bunu etiraf etməmişdir. Cavabdeh2 onun kartına göndərilən pulların digər cavabdehə göndərildiyini və verildiyini bildirmişdir. Ona görə Kollegiya hesab edir ki, Cavabdeh2 aid hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlara görə, Cavabdeh1 iddiaçıdan, o cümlədən Cavabdeh2 kartı vasitəsilə cəmi 8200 manat pul aldığı müəyyən edilir. İddiaçının bildirdiyinə görə cavabdeh tərəf həmin puldan 1400 manat, 1500 manat və 600 manat olmaqla cəmi 3500 manat pul qaytarmışdır. Belə halda, iddiaçının Cavabdeh1 qaytarılmamış 4700 (8200-3500) manat manat pulu qalmışdır. Həmin məbləğ də həmin Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normaları pozmuş, və düzgün tətbiq etməmişdir ki, bunlar da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh1 4700 (dörd min yeddi yüz) manat pul alınıb İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə cavabdehdən 67 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olmayan halda qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə ondan kassasiya şikayəti vermək olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(020)-1628/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 4700 (dörd min yeddi yüz) manat pul alınıb İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə Cavabdeh1 İddiaçıun xeyrinə 67 manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-96/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-96/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver