Məhkəmə qərarları › İş №2(106)-960/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-960/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-960/2025 09.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Kürdəmir Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2(041)-42/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-42/2025 saylı qətnaməsi ilə (hakim Rahid Mehdiyev) iddia təmin edilmiş, Cavabdeh 660 manat və bir baş yanı balalı inəyin dəyəri olan 2800 manat olmaqla, cəmi 3460 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 78 manat məbləğində pul İddiaçı xeyrinə tutulması, keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olan 126 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş ziyana görə 660 manat pulun, dəyəri 2800 manat olan bir baş yanı balalı inəyin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 78 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh onun həmkəndlisidir. O, pay torpaq sahəsini cavabdehə 660 manat və bir baş yanı balalı inəyə ona satmışdır. Satan zaman cavabdeh ailə üzvləri ilə birlikdə öz imzaları ilə Kürdəmir rayon Ərəbqubalı kənd bələdiyyəsində təsdiq etmişlər. Cavabdeh onu məhkəməyə verərək həmin torpaq sahəsindən çıxarılmağını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-769/2022 nömrəli qətnaməsi ilə iddiası təmin edilmişdir. O, işin məhkəmədən kənar həll olunmaqla 660 manat pulunu və bir baş yanı balalı inəyini qaytarmasını tələb etmiş, lakin cavabdeh onunla razılaşmamışdır. Ona görə də, ona vurulmuş ziyan 660 manat pulun, dəyəri 2800 manat olan bir baş yanı balalı inəyin, 78 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, özlərinə məxsus pay torpaq sahəsini 2008-ci ildə həmkəndlisi olan İddiaçı müvəqqəti isitfadə etmək üçün vermiş və aralarında olan razılığa əsasən İddiaçı həmin torpaq sahəsinə görə 660 manat nağd pul və bir baş yanı balalı inək almışdır. İddiaçı 16 il ərzində həmin torpaq sahəsindən istifadə etdikdən sonra pay torpaq sahəsini geri qaytarmasını ondan tələb etmiş, lakin iddiaçı torpaq sahəsini qaytarmaq istəmədiyinə görə onun torpaq sahəsindən məcburi qaydada çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-769/2022 nömrəli qətnaməsi ilə iddiaçının onun pay torpaq sahəsindən çıxarılması qət edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi torpaq sahəsinin iddiaçıya verilməsi ilə bağlı ərizəyə o, özü və ailə üzvləri imza etməmişlər. Həmin ərizədə onun adı “Saleh” kimi, arvadı Şəhrinin adı isə “Sevil” kimi qeyd edilmişdir. O, torpaq sahəsini satmaq üçün verməmişdir. Cavabdeh əslində neçə illərdir ki, həmin torpaq sahəsindən istifadə edir, odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2008-ci il tarixdə Kürdəmir rayonu Çöl-Qubalı Bələdiyyəsinin sədri X6 ünvanlanmış ərizədən görünür ki, Cavabdeh, Məmmədova Şəhri (Sevil), Məmmədov Asim və Məmmədov Aqil 1.60 ha torpaq sahəsini X7 verməyə etirazlarının olmadıqlarını bildirmiş və öz imzaları ilə təsdiq etmişlər. Kürdəmir RPŞ-nin xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətinə əsasən araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, Kürdəmir rayonu Ərəbqubalı kəndində yaşayır. Cavabdeh həmkəndlisidir və münasibətləri normal olmuşdur. 2008-ci ildə Musa onun yanına gələrək “torpaq sahəsini ailə üzvlərinin razılığı ilə satdığını” o da Musaya “sənin qohumların ilə söhbət edim razı olarlarsa, torpağı alıram” demişdir. Bu söhbətdən sonra o Musaya bir baş iri buynuzlu yanı balaı inək və 660 manat vermişdir. Keçmiş Ərəbqubalı kənd Bələdiyyəsinin sədri Qədim Məmmədov və Musanın ailə üzvlərinin iştirakı ilə 1.60 ha torpaq sahəsini ölçüb almışdır. Bir müddət aralarında söz-söhbət olmamışdır. Təxminən 3-4 ay bundan əvvəl Musa onunla bağlı Kürdəmir Rayon Məhkəməsinə iddia qaldırmışdır. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraçısı Şirnaliyev Məhərrəm həmin torpaq sahəsinə gəlib baxış keçirmiş və “14 m tikinti var qalan hissəsi nar bağıdı” demişdir. Baxış keçirildikdən sonra ona heç bir məlumat verilməmişdir. Musaya “torpağın pulunu ver çıxım demiş” 2010-cu ildə torpağa baxa bilmədiyi üçün həmkəndlisi X8 ilə heç bir sənəd olmadan dəyişdiyini və hal-hazırda həmin torpağın onun istifadəsində olmadığını bildirmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-27/2024 saylı qərarından görünür ki, cavabdehlər İddiaçı və X8 iddiaçı Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində yerləşən 3,20 hektar ölçüdə kənd təsərrüfatı təyinantlı torpaq sahəsinin 1,48 ha hissəsindən məcburi qaydada çıxarılmışlar. xx.xx.2024 və xx.xx.2025-ci il tarixli Sabirabad rayon “Fərid” mal-qara alqı-satqı bazarı tərəfindən verilmiş arayışlardan görünür ki, Sabirabad rayonu mal-qara bazarında hal-hazırda 2-ci qarnına cins 6-aylıq balası yanında boğaz heyvanın orta bazar qiyməti təxminən 2500-2800 manat arası təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1438 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 yanvar 2008-ci il tarixli razılığda “1” sırada “Məmmədov Saleh” yazıları önündəki imza-Cavabdeh (Saleh) Sədulla oğlu tərəfindən icra olunmuşdur. “2” sırada “Məmmədova Sevil” yazıları önündəki imza-Məmmədova Sevil (Şəhri) Mehbalı qızı tərəfindən icra olunmuşdur. “3” sırada “Məmmədov Aqil” yazıları önündəki imzaX20 oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. “5” sırada “Məmmədova Leyli” yazıları önündəki imza-X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manat təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin qəbul edilməsinin əsası kimi götürülən mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini razılaşma əsasında, 10 il müddətinə həmkəndlisi İddiaçı verilməsi üzrə tərtib olunmuş 2006-cı ilin 01 yanvarında tərtib olunmuş sənəd, sonradan sənədin tarixi xx.xx.2008-ci il tarixli düzəliş edilmiş sənəd üzrə 660 manat və bir baş yanı balalı inəyin alınması sənədinə İddiaçı deyil, onun oğlu X11 imza etmişdir. Həmin sənəddə ekspertin xx.xx.2024cü il tarixli rəyinə əsas ailə üzvlərindən X9 və X3 imzalarının onlara məxsus olmaması öz təsdiqini tapmışdır. Ailə üzvlərindən razılaşma sənədində adı qeyd olunan X12 da həmin sənədə imza etməmişdir. Halbuki, ekspertizanın keçirilməsi barədə Məhkəmə qərardadında onun da imzasına münasibət bildirilməsi qeyd olunmuşdur. Onun müraciəti əsasında bu mübahisənin araşdırılması üzrə Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı X2 xx.xx.2022-ci il tarixli qərarının “müəyyən etdim” hissəsində qeyd olunur ki, bələdiyyənin sədri işləmiş X4, hakimin istinad etdiyi “alqı-satqı” müqaviləsindən xəbəri olmamış, sənəd onun tərəfindən tərtib edilməmiş və təsdiqlənməmişdir. Həmin sənədin hazırda vəfat etmiş, həmin dövrdə bələdiyyədə mühasib işləmiş X5 xəttinə oxşadığı qeyd edilmişdir. Buradan aydın olur ki, hakimin əsas tutduğu alqı-satqı üzrə sənəd tam etibarlı deyil və həmin sənəd bilavasitə iddiaçıya aid olmamaqla onun oğluna məxsusdur. Kürdəmir Rayon Məhkəməsinin mübahisəli, eyni torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli 2(041)-27/2024 saylı qətnaməsi nəzərə alınmamışdır. Həmin qətnamənin müəyyən etdim hissəsinin 4-cü səhifəsinin 11-ci abzasında və qət etdim hissəsində cavabdehlər İddiaçı və X1 istifadə etdikləri torpaq sahəsindən çıxarılması və maneələrin aradan qaldırılması qeyd olunmuşdur. Yəni həmin torpaq sahəsinin alqı-satqı faktı öz təsdiqini tapmamışdır. Həmçinin mülkiyyətində olan torpaq sahəsindən İddiaçı 10 il müddətinə istifadə edərək əldə eydiyi gəlirlər hakim tərəfindən mübahisələndirilməmişdir. Halbuki, iddiaçı həmin torpaq sahəsindən 10 il müddətində istifadə edərək, hər il təqribən 7000 manat, cəmi 70000 manat gəlir əldə etmişdir. Alqı-satqı sənədi kimi hakim tərəfindən qiymətləndirilən sənədin saxta olması barədə vermiş olduğu vəsatət əsasında məhkəmə qərarı ilə müəyyən olunmuş ekspert rəyi özü də düzgün aparılmamışdır. Belə ki, həmin sənəddə onun və ailə üzvlərindən dördünün həqiqi imzası olması faktı, şəxsiyyət vəsiqəsindəki imzalar əsasında müəyyənləşdirilmişdir. Halbuki, həmin imzalardan onlarla götürülmüş imzalar əsasında ekspert rəyi olmalı idi. Şərhdən və yuxarıda qeyd olunan faktlar əsasında belə bir nəticəyə gəlinir ki, hakim qətnaməni MPM-in 81 və 88-ci maddələrinin tələblərinə əməl etmədən qəbul etmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərkibi tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1); əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübаhisənin qаnuni həlli üçün işə bаxаn məhkəmə, o cümlədən tаm hüquqlu məhkəmə kimi аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Subyektiv mənаdа hüquq normаtiv-hüquqi аktlаrlа müəyyən olunmuş zаhiri аzаdlığı ifаdə edir. Şəxsiyyətin dаvrаnışının bu və yа digər üsulunu seçməklə şüurlu olаrаq məqsədləri müəyyən etmək və onlаrın istiqаmətində hərəkət etmək imkаnı belə аzаdlığın dаxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhаtəsinə düşmür. Həmin аzаdlığın ictimаi münаsibətlərdə öz məqsədini ifаdə etmək imkаnı kimi qəbul olunаn xаrici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xаrici) cəhət hüquqi ixtiyаr kimi təzаhürü ehtivа edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyаr; bаşqа (borclu) şəxslərdən tələb etmək hüququ; müdаfiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bаğlıdır. Birinci element isə bəzən yаlnız qаnunlа müəyyən olunmuş qаydаyа riаyət edilməklə yаrаnır. Belə qаydаlаrа riаyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdаfiə hüququnun yаrаnmаsındаn, eləcə də həyаtа keçirilməsindən söhbət gedə bilməz." Məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Subyektiv hüquq, hüququn ümumi (obyektiv) normalarından yaranan və konkret hüquqi münasibətdə iştirak edən şəxsə (subyektə) tanınan hüquqi imkanlar sistemidir. Bu hüquq yalnız normativ aktlardan qaynaqlanmaqla qalmır, həm də sosial münasibətlərdə meydana çıxan və hüquqi cəhətdən tanınan fərdi maraqların hüquq müstəvisinə keçməsi ilə formalaşır. Subyektiv hüquq aşağıdakı elementlərdən ibarətdir:

1. Öz hərəkətlərinə hüquqi ixtiyar. Subyektin müəyyən bir davranışı sərbəst şəkildə həyata keçirmək, yaxud həyata keçirməmək hüququ vardır.

2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ. Hüquq sahibi digər subyektdən müəyyən bir davranışı yerinə yetirməyi və ya ondan çəkinməyi tələb edə bilər.

3. Müdafiə hüququ. Hüququ pozulan şəxs bu hüququn bərpası üçün məhkəməyə və ya digər səlahiyyətli orqanlara müraciət edə bilər. Subyektiv hüquq birbaşa və ya dolayı yolla şəxsin fərdi (xüsusi) marağının hüquq tərəfindən qorunduğu haldır. Hüquq bu marağı qanunla təmin edir və pozulma halında müdafiə imkanı yaradır. Yəni bir şəxs yalnız o halda iddia qaldıra bilər ki, onun konkret subyektiv hüququ real və ya potensial şəkildə pozulmuş olsun. Mülki prosessual hüququn tələbləri baxımından iddia qaldırmaq hüququ yalnız pozulmuş və ya mübahisələndirilmiş subyektiv hüquqa və ya qanuni marağa malik olan şəxsə məxsusdur. Məhkəmə yalnız belə bir şəxsin tələbinə baxaraq hüquqi müdafiə təmin edə bilər. Subyektiv hüququn əsas elementlərindən biri isə tələb hüququdur. Bu hüquq, şəxsin digər şəxslərdən müəyyən davranışı (eləcə də, ziyanın ödənilməsini) tələb etməsini nəzərdə tutur. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2008-ci il tarixli ərizədən aydın olur ki, Kürdəmir rayonu Çöl-Qubalı Bələdiyyəsinin sədri X6 ünvanlanmış həmin ərizədə Cavabdeh, Məmmədova Şəhri (Sevil), Məmmədov Asim və Məmmədov Aqil 1.60 hektar torpaq sahəsinin X7 verilməsinə etiraz etmədiklərini bildirmiş və bunu öz imzaları ilə təsdiqləmişlər. Lakin qeyd edilməlidir ki, İddiaçı bu ərizədə tərəf kimi çıxış etmədiyindən, Cavabdeh qarşı tələb irəli sürülməsi hüquqi əsasından məhrumdur. Hüquq və vəzifələr hüquq münasibətlərində iştirak edən subyektləri qarşılıqlı surətdə bir-biri ilə bağlayır və əlaqələndirir. Hüquq elmi onlan subyektiv hüquq və subyektiv vəzifə adlandırır. Bu hüquq və vəzifələrin vasitəsi ilə hüquq münasibəti iştirakçıları arasında həmişə ikitərəfli əlaqə yaranır. Bu əlaqənin özü elə hüquq münasibəti deməkdir. Elə bir münasibət ki, bu münasibətdə iştirak edən tərəflərdən birinin malik olduğu hüquq digər tərəfin daşıdığı vəzifəyə uyğun gəlir və ya əksinə, əgər tərəflərdən biri hər hansı müəyyən hüquqa malik olarsa, onda hökmən və mütləq digər tərəfin üzərinə bu hüquqa uyğun gələn vəzifə həvalə edilir və qoyulur. Odur ki, məhkəmə tərkibi işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 39 manat və ekspertiza xərci olan 126 manat məbləğində pul iddiaçıdan tutulmalı, iddia ərizəsinin verilməsi ilə əlaqədar xərclər iddiaçının özünə aid edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384 və 392-ci maddələrini rəhbər tutub qətetdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2(041)-42/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 39 (otuz doqquz) manat məbləğində pul vəsaiti İddiaçı Cavabdeh xeyrinə tutulsun. Məhkəmə-xətşünaslıq ekspertizasının xərci olan 126 (yüz iyirmi altı) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar