Məhkəmə qərarları › İş №2(106)-961/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-961/2025

23.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-961/2025 23.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş ümumi gediş-gəliş yolunun zəbtdən azad edilməsi və həmin yolun üzərində qoyulmuş dəmir qapının cavabdehin öz hesabına sökülməklə həyətə girməyə edilən maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə gedən yolun açılması, ekspertiza məsələləri) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və X3 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş ümumi gediş-gəliş yolunun zəbtdən azad edilməsi və həmin yolun üzərində qoyulmuş dəmir qapının cavabdehin öz hesabına sökülməklə həyətə girməyə edilən maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-26/2025 saylı qətnaməsindən İddiaçı tərfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 24 may 2013-cü il tarixli Çıxarışa əsasən ona məxsus olmaqla ünvan 1-də olan fərdi yaşayış evinə gedən ümumi piyada yolunun Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt etdiyi 218,6 kv.metr hissəsindən çıxarılmaqla həmin ümumi piyada yolunun açılması, eləcə də cavabdeh tərəfindən həmin yolun üzərində olan ona məxsus dəmir qapının sonradan yol bağlanarkən qaynaqlanmış hissəsinin cavabdehin öz hesabına sökülməsi və ona məxsus dəmir ara qapıya cavabdeh tərəfindən qoydurulmuş açarın sökülərək əvvəlki vəziyyətə qaytarılaraq həmin ümumi piyada yoldan istifadəyə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırda ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqribən 60 il əvvəl valideynləri tərəfindən Lənkəran şəhərində, yuxarıda göstərilən ünvanda yaşamış Kornev Aleksandr adlı rus vətəndaşından 0,05 ha torpaq sahəsi alınmışdır. Atası həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və onlar də həmin evdə anadan olmuşlar. Kornev Aleksandr həyəti satarkən onlara yola çıxmaq üçün 50 metr uzunluğunda olmaqla 1,5 metr enində gedişgəliş yolu da vermişdir ki, uzun illər ərzində həmin yol ümumi yol olmaqla istifadələrində olmuşdur. Daha sonra təqribən 1994-1995-ci illərdə böyük qardaşı Cavabdeh də həmin torpağa bitişik olan 0,064 ha torpaq sahəsini alaraq orada öz ailəsi üçün ev tikdirmişdir. Cavabdeh 25 avqust 2010-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış verilmişdir. Tofiqin gedişgəlişi birbaşa yola çıxır. O, və ailə üzvlərinin uzun illər ərzində gediş-gəliş etdiyi həmin piyada yolu 02 iyun 2024-cü il tarixdə qardaşı Tofiq tərəfindən bağlanılmışdır. Belə ki, həmin gün o, evə gələrkən həmin piyada yolun üzərində qoyduğu dəmir qapının arxadan bağlı olduğunu görüb maraqlandıqda qardaşı Tofiq bildirmişdir ki, qapının açarını o dəyişmişdir və bundan sonra oradan keçməyə heç kimə imkan verməyəcək və bu barədə müvafiq sənəd düzəltdirəcəkdir. O, dəfələrlə həmin yolun ümumi yol olduğunu, yolu açmağı ona təklif etsə də, Tofiq yolu açmamış və əksinə 08 iyun 2024-cü il tarixdə usta gətirərək onun həyəti ilə öz həyəti arasında olan, ona məxsus dəmir qapını da svarka ilə bağlatdırmışdır. Göstərilən halın təsdiqi olaraq vidieogörüntünü özündə əks etdirən SD diski iddiasına əlavə edir. Qardaşının qanunsuz hərəkətindən o, ilk olaraq DİN-in 102 xidmətinə zəng etmiş və 03 iyun 2024-cü il tarixdə onları Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Orada təhqiqatçı tərəfindən hər ikisindən izahat alınmış və qardaşı Tofiq təhqiqatçıya demişdir ki, güya onun sənədində həmin piyada yolu zəbt kimi göstərilmişdir, ona vaxt verilsin, əgər həmin yola dair sənəd ala bilməsə 1 ay müddətində həmin yolu açacaqdır. O, cavabdehin böyük qardaşı olduğunu və bu vaxta kimi mehriban yaşadığıqlarını nəzərə alaraq müəyyən müddət səbr etsə və onun fikrindən daşındığını fikirləşsə də cavabdeh hərəkətlərindən əl çəkməmişdir. Qardaşı Tofiq qeyd edilən həyəti dövlətdən deyil, fərdi şəxsdən almışdır. Belə olan halda necə ola bilər ki, vətəndaş ona torpaq satarkən artıq torpaq vermiş ki, o, hazırda həmin torpağı zəbt kimi qeyd etdirir. Heç vaxt belə hal olmamışdır. X9 tərəfindən ölçülərək cəmi 0,064 ha torpaq sahəsi satılmışdır. Mübahisə predmeti olan 1,5x50 metr uzunluğunda olan torpaq sahəsi ümumi yoldur. Cavabdeh həmin torpaqla əlaqədar verilmiş 21 avqust 2010-cu il tarixli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, sözügedən yol ümumi yol olmaqla ştrixləndirilmiş və həmin 218,6 kv.metr torpaq sahəsi zəbt kimi göstərilmişdir. Həmin ümumi yol uzun illər ərzində onun tərəfindən təmir edilmiş, girişdə dəmir qapı qoyulmuş, yerinə daş plitələr döşətdirilmiş, divarları suvatdırılmış, emusiya vurulmuşdur. Həmin yol həmişə açıq olmaqla ailə üzvlərinin toylarında, xeyir-şər məclislərində həmin ümumi yoldan istifadə edilmişdir. Uzun illərdir ki, övladları da həmin yoldan məktəbə gedib gəlirdilər. Sözügedən yolun bağlanılması ilə əlaqədar uşaqlar digər alternativ yol ilə məktəbə getməyə məcburdurlar ki, həmin yol bərbad vəziyyətdə, işıqlandırma olmamaqla onlar hər dəfə təqribən 2 kilometrə kimi artıq yol qət edirlər ki, həmin hal da onların vaxtında dərsə çatmalarına mane olur. Bundan başqa həyətinə gələn kommunikasiya xətləri, yəni elektrik və telefon xətləri, internet də sözügedən yolda yerləşir. Arxiv sənədlərində və eləcə də şəhər memarlıq sənədlərində də həmin yol ümumi yol kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-26/2025 saylı qətnaməsi (hakim A.Pənahov) ilə iddia təmin edilməmiş, İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİKCTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulması və İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinə dair 95 manat xidmət haqqının onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsi ərazinin kompleks quruluşu layihəsində onun torpaq sahəsinə gedişgəliş yolu kimi nəzərdə tutulmamışdır. Kompleks quruluşu layihəsinə əsasən iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş torpaq sahəsi onun iddia etdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür, Cavabdeh istifadəsində deyil və digər şəxslərin istifadəsindədir. Həmin torpaq sahəsi (yol kimi nəzərdə tutulmuş) Cavabdeh istifadəsində olan torpaq sahəsindən daş hasarla təcrid olunmuşdur. İddiaçı kompleks quruluşu layihəsində nəzərdə tutulmuş torpaq sahəsinə dair iddia etməmişdir. Həmçinin İddiaçı yol kimi iddia etdiyi torpaq sahəsi Lənkəran bələdiyyəsinin mülkiyyətindədir. Lənkəran bələdiyyəsi işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsinə baxmayaraq həmin torpaq sahəsi ilə əlaqədar məhkəməyə iddia təqdim etməmişdir. İddiaçı yol kimi iddia etdiyi torpaq sahəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş Texniki pasportda onun tərəfindən zəbt edilmiş ərazi kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi kompleks quruluşu layihəsində onun mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmamış və Lənkəran bələdiyyəsinin müıkiyyətindədir. Lənkəran bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi ilə əlaqadar məhkəməyə iddia təqdim edilməmişdir. Eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş sahəsi ilə əlaqədar məhkəməyə onun tərəfindən iddia verilməmişdir. Belə ki, İddiaçı iddia edilən sözügedən torpaq sahəsi ilə əlaqadar məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemində iddia edilən torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi təsvir edilməsi də onun həmin torpaq sahəsi ilə əlaqadar məhkəməyə iddia verməyə dair subyektiv hüququnu yaratmır. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyinə görə İddiaçı aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************,10SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu və iş üzrə mütəxəssis rəyinin verilməsi üçün 95 manat xidmət haqqı ödənilmişdir. İddia tələbi təmin edilmədiyindən həmin xərclər iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 157.2, 157.4, 170.2-ci maddələri, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında Lənkəran bələdiyyəsinin nümayəndəsi Azər Ələsgərov verdiyi izahatında göstərmişdir ki, mübahisəli, ünvan 3 ünvanında yerləşən gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aid olmaqla torpaq sahəsinin kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir. Uzun illər ərzində İddiaçı və mərhum valideynləri həmin yoldan istifadə etmişlər. Hazırda həmin yol üzərində dəmir qapı olmaqla həmin qapı ilə üzbəüz İddiaçı həyətinə giriş üzərində dəmirdən hasarla bağlanılaraq həmin evə giriş məhdudlaşdırılmışdır. Mübahisəli yol üzərində heç bir tikinti mövcud deyildir. Lənkəran bələdiyyəsi hesab etmişdir ki, həmin yol qanunsuz olaraq Cavabdeh tərəfindən bağlanılaraq zəbt edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, torpaqların kadastr uçotu informasiya sisteminə əsasən sözügedən yol İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsidir. Göründüyü kimi məhkəmə iclasında Lənkəran bələdiyyəsinin nümayəndəsi də açıq aşkar bildirir ki, həmin, mübahisəli, ünvan 3 ünvanında yerləşən gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aid olmaqla torpaq sahəsinin kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir. Həmin torpaq sahəsindən uzun illər ərzində İddiaçı və mərhum valideynləri yol kimi istifadə etmişlər. Həmin yol qanunsuz olaraq Cavabdeh tərəfindən bağlanılaraq zəbt edilsə də, torpaqların kadastr uçotu informasiya sisteminə əsasən sözügedən yol İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsidir. Məhkəmə iclasında hazırkı iş üzrə dindirilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi Qiyas Quliyev də təqdim etdikləri rəyi təsdiq edərək göstərdi ki, həmin torpaq sahəsi hazırda Cavabdeh istifadəsində olmaqla giriş qapısında darvaza vardır və həmin darvaza qıfılla bağlanılmışdır. Qapının açarları Cavabdehdir. İddiaçılə Cavabdeh torpaq sahələri bitişikdir, İddiaçı həyətinə gedən çıxış Cavabdeh tərəfindən dəmir lövhələr quraşdırılaraq məhdudlaşdırılmışdır. Həmin torpaq sahələri arasında hər hansı bir hasar, çəpər mövcud deyildir. (həmin hal bir daha təsdiq edir ki, həmin yerəvvəllər açıq olmaqla yol kimi istifadə edilmişdir) Qiyas Quliyev məhkəmə iclasında verdiyi izahatında onu da göstərmişdir ki, torpaqların kadastr uçotu informasiya sisteminə əsasən sözügedən yol İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi göstərilmişdir. Məhkəmə tərəfindən sözügedən torpaq sahəsinə yerli baxış keçirilsə də, həmin yerli baxışdan sonra məhkəmə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, qətnamədə qeyd edilmişdir ki, yerli baxış zamanı müəyyən edilmişdir ki, kompleks quruluş layihəsində yol kimi nəzərdə tutulan torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi arasında daş hasar tikilisi mövcuddur və həmin sahə digər şəxslərin istifadəsindədir. Lakin onun iddia etdiyi torpaq sahəsi Cavabdeh mülkiyyətinə olan torpaq sahəsi deyildir. Həmin torpaq sahəsi heç vaxt onun mülkiyyətində olmamışdır. Məhkəmənin qətnaməsində istinad etdiyi digər yol onlara heç bir aidiyyatı olmamaqla digər şəxslərin, yəni hasarın o biri tərəfində olan qonşuların yoludur. Həmin yoldan onun həyətinə heç bir çıxış belə yoxdur. Belə olan halda sual olunur, məhkəmə hansı sübutlara, hansı meyarlara əsaslanıb torpaqların kadastr uçotu informasiya sisteminə əsasən Prezidentin müvafiq Fərmanına əsasən İsayevAnar Əjdər oğlunun faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi göstərilən torpaq sahəsi üzərində istifadə və sərəncam vermək hüququnu məhdudlaşdırmışdır. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, onun iddia etdiyi gediş-gəliş yolu torpaq sahəsi ərazinin kompleks quruluşu layihəsində onun torpaq evinə gedən yol kimi nəzərdə tutulmamış, həmin kompleks quruluşu layihəsinəməsasən gediş-gəliş yolu kimi nəzərdə tutulan torpaq sahəsi onun iddia etdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür, Cavabdeh istifadəsində deyil, digər şəxslərin istifadəsindədir, onun həmin iddianı qaldırmağa subyektiv hüququ yoxdur, yolun açlması barədə yalnız Lənkəran bələdiyyəsi iddia qaldıra bilərdi. Sözügedən yol əzəldən yol olmuş və bunu cavabdehin özü də məhkəmə iclasında etiraf etmişdir. Məhkəmənin qətnaməsində qeyd etdiyi həmin, hasarın digər hissəsində olan yolun ona və cavabdehə heç bir aidiyyatı olmamış və hazırda da yoxdur. Belə ki, həmin yol digər qonşuların yollarıdır və uzun illərdir həmin qonşularla aralarında daşdan hörülmüş divar, hasar vardır. Məhkəmə hazırlıq iclasında tərəfindən məhkəməyə şifahi vəsatət verilərək hamin torpaqlarla, konkret olaraq Cavabdeh torpağı ilə bağlı Baş Planın «DaşınmazƏmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsindən alınmasını xahiş etsə də, məhkəmə həmin vəsatəti təmin etməmiş və ona bildirmişdir ki, tərəfindən həmin idarəyə müraciət edib sənədi, Baş Planı ala bilər. O həmin müraciətlə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri»publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə məktub ünvanlayaraq Cavabdeh məxsus əmlakın arxiv sənədlərinin ona göndərilməsini xahiş etsə də, həmin idarə tərəfindən 16 avqust 2024-cü il tarixdə ona 2-21-43/2-2400 nömrəli bildiriş ünvanlanaraq həmin sənədlərin ona verilməsindən Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutaraq imtina edilmişdir. Həmin imtina məktubunu məhkəməyə təqdim edərək məhkəmə tərəfindən sorğu göndərilməsini və Baş Planın alınmasını xahiş etsə də, məhkəmə həmin vəsatətini yenidən təmin etməmişdir. Hansı ki, mütəxəsis rəyinə əlavə edilmiş yer quruluşu planından da görünür ki, onun iddia etdiyi təqribən 0,01 ha torpaq sahəsi yol kimi nəzərdə tutularaq ştrixlənmişdir, yəni iddia etdiyi torpaq sahəsinin yol olması təsdiqini tapmışdır. Ona görə də Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2025 saylı, 17 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı qardaşıdır. Evinin arxasında ata evi olduğuna görə aralarında hasar yoxdur, saxlamamışdır. Lazım gəldikdə o, ata həyətindən, onlar da onların həyətindən giriş-çıxış etmişdirlər. Bunun da səbəbi hansı ünvana daha tez çatmaq məqsədidir. Aralarında heç vaxt ümumbirgə istifadə yolu olmamışdır. Arakəsmənin dəmir hasarla qaynaqlanması öz mülkiyyəti üzərində apardığı işdir. İddiaçının övladlarının məktəbli formasında həyətindən gedib-gəlmə fotosuna gəldikdə isə uşaqların əmisi olaraq əlbəttə həyətinə girməyə, oynamağa və sair işlər üçün gəlməyə icazə vermişdir. Lakin bu onların ümumbirgə istifadə yoluna dəlalət edə bilməz.çOna məxsus ünvan 5 ünvanında xüsusi mülkiyyətində olan 0.088 ha torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evini 1998-ci ildə inşa etmişdir. Həmin tarixdən də ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Həmin gündən bugünədək onun həyətində ümumbirgə istifadədə yol mövcud olmamışdır, iddiaçının hazırki mülkiyyətində olan Lənkəran şəhəri, M.Əsədov küçəsi, döngə 1 ev 22 onların vəfat etmiş atalarına məxsus ev olmuşdur. İddiaçının mülkiyyətində olan Lənkəran şəhəri, M.Əsədov küçəsi, döngə 1 ev 22 hazırda giriş hissəsi tamamilə yeni asfalt örtüyü ilə təmin olunmuş digər döngəyə açılır. Ümumi birgə istifadə yolu tərəflər arasında rəsmi razılaşma yolu ilə müəyyənləşir və DƏDRX tərəfindən tərtib edilmiş mülkiyyət sənədlərinin situasiya planında öz əksini tapır. Həm iddiaçının, həm onun mülkiyyət sənədlərinə baxış keçirilsə, onların heç birinin planında ümumbirgə istifadə yoluna rast gəlinməyəcək. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikinti layihələrinə və eləcə də yer quruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir, iddiaçının onun qanuni istifadəsində olan torpaq sahəsindən geediş-gəliş yolunun olmasını sübut etmək üçün torpaq məcəlləsi ilə müəyyənləşən planının olması zəruridir. İddiaçı həyətinə gedən yol layihədə ona bitişik ərazidə yerləşir. İddiaçı isə həmin yolun deyil, hazırda iddia etdiyi torpaq sahəsinin onun istifadəsinə verilməsini istəyir. İddiaçı yol kimi iddia etdiyi torpaq sahəsi hər zaman onun istifadəsində olduğu üçün həyətinin texniki pasportunda da istifadəsində olan torpaq sahəsi kimi qeydə alınmışdır. Belə ki, həmin sahə bələdiyyə mülkiyyətinə aid olduğundan və texniki pasportda onun istifadəsində olması qeydə alındığından o, həmin sahəni bələdiyyədən alqı-satqı yolu ilə almağı da planlaşdırır. Bu barədə ona Lənkəran Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli, 236/02 nömrəli, məhkəmə mübahisəsi mövcud olduğundan işin icrası mümkün olmaması barədə imtina cavabı verilmişdir. Aydın şəkildə görünür ki, İddiaçı həmin torpaq sahəsinə heç bir hüququ olmadan, o belə bir iddia irəli sürmüşdür. Ona görə də İddiaçı apellyasiya şikayəti əsassız və formal xarakterli olduğundan təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-26/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etirazının məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Sözügedən yol onun həyətində yerləşir. İddiaçı ata evinin yerləşdiyi həyətdə yaşayır, o isə qaldığı evi başqa şəxsdən almışdır. Odur ki, apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Texniki pasportdan da müəyyən edilir ki, mübahisəli yol bələdiyyə mülkiyyətində olan zəbt edilmiş yoldur. İddiaçının başqa bir tərəfdən çölə çıxışı var. Yerli baxış zamanı da müəyyən edilmişdir ki, qapının yerləşdiyi torpaq sahəsi cavabdehin istifadəsindədir. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Tərəflər arasında əvvəllər münasibətlər yaxşı olmuş, həmin vaxtlar iddiaçı həmin yoldan istifadə etmişdir. Hazırda isə onlar arasında konflikt mövcuddur və cavabdeh iddiaçının həmin qapıdan istifadə etməsinə icazə vermir. Həmçinin iddiaçının öz küçəsinə açılan qapısı da var. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Lənkəran rayonu Lənkəran Bələdiyyəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, ünvan 6 ünvanında qeyd olunan gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aiddir. Uzun illər gediş-gəliş yolu kimi istifadə olunan həmin yol hazırda qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin yol üzərində dəmir qapı olmaqla onunla üzbəüz İddiaçı həyətinə giriş üzərində dəmirdən hasarla bağlanılmış və evə giriş məhdudlaşdırılmışdır. Mübahisəli yol üzərində heç bir tikinti mövcud deyildir. Ekspert araşdırmasında torpaqların kadastr uçotu informasiya sisteminə əsasən sözügedən yol iddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir. Həmin yolun cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran rayonu Lənkəran Bələdiyyəsi isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş (təmsil olunmamış), iştirak etməməsinin səbələrini bildirməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir Həmin Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2025 saylı, 17 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-26/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı yanlış olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-26/2025 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Mülkiyyət hüququ üzrə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 24 may 2013-cü il tarixli Çıxarışa əsasən İddiaçı məxsus olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə gedən Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş ümumi gediş-gəliş yolu zəbtdən azad edilməli, cavabdeh tərəfindən həmin yolun üzərində olan İddiaçı məxsus dəmir qapının sonradan yol bağlanarkən qaynaqlanmış hissəsi cavabdehin öz hesabına sökülməli və İddiaçı məxsus dəmir ara qapıya cavabdeh tərəfindən qoydurulmuş açarın sökülərək əvvəlki vəziyyətə qaytarılmalıdır. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİKCTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalı, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinə dair 95 manat xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 24 may 2013-cü il tarixli Çıxarışa əsasən ona məxsus olmaqla ünvan 1-də olan fərdi yaşayış evinə gedən ümumi piyada yolunun Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt etdiyi 218,6 kv.metr hissəsindən çıxarılmaqla həmin ümumi piyada yolunun açılması, eləcə də cavabdeh tərəfindən həmin yolun üzərində olan ona məxsus dəmir qapının sonradan yol bağlanarkən qaynaqlanmış hissəsinin cavabdehin öz hesabına sökülməsi və ona məxsus dəmir ara qapıya cavabdeh tərəfindən qoydurulmuş açarın sökülərək əvvəlki vəziyyətə qaytarılaraq həmin ümumi piyada yoldan istifadəyə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı iddia etdiyi torpaq sahəsi kompleks quruluşu layihəsində onun mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmamış və Lənkəran bələdiyyəsinin müıkiyyətindədir. Lənkəran bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi ilə əlaqadar məhkəməyə iddia təqdim edilməmişdir. Eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmuş sahəsi ilə əlaqədar məhkəməyə onun tərəfindən iddia verilməmişdir. Belə ki, İddiaçı iddia edilən sözügedən torpaq sahəsi ilə əlaqadar məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemində iddia edilən torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi təsvir edilməsi də onun həmin torpaq sahəsi ilə əlaqadar məhkəməyə iddia verməyə dair subyektiv hüququnu yaratmır. Ona görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının hazırki iddianı verməyə subyektiv hüququnun olmamasını əsas gətirmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddiaçının hazırki iddianı verməyə subyektiv hüququnun olmaması əsası ilə iddianı rədd etməsinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən səhvə yol vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarında olan (səhifə 6) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0.05 ha ölçüdə torpaq sahəsində yerləşən ümumi sahəsi 118,2 kv.m. olan yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Hal-hazırda iddiaçı onun yaşadığı evə gedən yolun açılmasını tələb etmişdir. Bu tələbin başlanğıc hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdeh həm birinci instansiya məhkəməsində həm də apellyasiya mərhələsində aydın şəkildə qeyd etmişdir ki, iddiaçının açılmasını tələb etdiyi yoldan iddiaçının istifadə etməsinə imkan vermir. Cavabdeh bu mövqeyini onunla əsaslandırır ki, iddiaçının mübahisələndirdiyi yol iddiaçının həyətinə gedən yol kimi nəzərdə tutulmayıb. Yəni cavabdehin iddiaçının açılmasını istədiyi yoldan istifadəyə maneə törətməsi aşkardır. Göründüyü kimi iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün suyektiv hüququ mövcud olmuşdur. Məhkəmə araşdırması zamanı iş materialları və tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, sözügedən mübahisəli yol 30 il ümumi istifadədə olan yol olmuşdur. Daha sonra tərəflərin izahatları, iş materiallarında olan video və fotoşəkillərdən aydın olur ki, ünvan 1-də olan fərdi yaşayış evinə gedən ümumi piyada yolu Cavabdeh tərəfindən dəmir darvaza qoyularaq qanunsuz şəkildə bağlanmışdır. Cavabdeh həmin yolu zəbt etməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən yol onun həyətində yerləşir. İddiaçı ata evinin yerləşdiyi həyətdə yaşayır, o isə qaldığı evi başqa şəxsdən almışdır. İddiaçı yol kimi iddia etdiyi torpaq sahəsi hər zaman onun istifadəsində olduğu üçün həyətinin texniki pasportunda da istifadəsində olan torpaq sahəsi kimi qeydə alınmışdır. Həmin sahə bələdiyyə mülkiyyətinə aid olduğundan və texniki pasportda onun istifadəsində olması qeydə alındığından o gələcəkdə həmin sahəni bələdiyyədən alqı-satqı yolu ilə almağı planlaşdırır. Məhkəmə tərkibi qeyd edir ki, sözügedən yolun (torpaq sahəsi) Cavabdeh məxsus **********6 reyestr nömrəli texniki pasportunda zəbt olunmuş torpaq sahəsi kimi qeydə alınması, iddiaçının uzun müddət istifadə etdiyi yolun bağlanmasına əsas ola bilməz. Bu, əksinə, torpaq sahəsinin cavabdehin özbaşına və qanunsuz istifadə etdiyini sübut edən sənəd hesab edilməlidir. Həmçinin daşınmaz əmlak üzərində hüquqların yaranması, dəyişdirilməsi və xitam verilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Texniki pasport sadəcə əmlakın texniki göstəricilərini təsvir edən köməkçi sənəddir və daşınmaz əmlak üzərində hüquq yaratmır. Texniki pasportda həmin sahənin istifadəsində olması qeyd edilsə belə, bu, ona həmin torpaq sahəsinin mülkiyyətçisi və ya qanuni istifadəçisi statusu vermir. Gələcəkdə qeyd edilən torpaq sahəsini almaq planı hüquqi əsas deyil və bu niyyət hazırki hüquq pozuntusunu qanuniləşdirə bilməz. Bundan başqa iş materiallarında olan (səhifə 71) ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdməti Danışmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli, 3-21-3-43/2-3661/2024 saylı mütəxəssis rəuinə əsasən, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Lənkəran rayonu, Lənkəran şəhərinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi təsvir edilməsi müəyyən edilmişdir. Göründüyü kimi Lənkəran rayonu, Lənkəran şəhərinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin zəbt edilməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır. Daha sonra məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran bələdiyyəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Lənkəran şəhər sakini İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə mübahisələndirilən ünvan 7 ünvanındakı qeyd olunan gediş- gəliş yolu bələdiyyə mülkiyyətinə aiddir. Uzun illər gedişgəliş yolu kimi istifadə olan həmin yol hal-hazırda Cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin yol üzərində dəmir qapı olmaqla onunla üzbəüz İddiaçı həyətinə giriş üzərində dəmirdən hasarla bağlanılmış və evə giriş məhdudlaşdırılmışdır. Mübahisəli yol üzərində heç bir tikinti mövcud deyildir. Ekspert araşdırmasında torpaqların kadastr uçotu informasiya sisteminə əsasən sözügedən yol İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir. X2 tərəfindən göndərilmiş müraciətdə qeyd edilmişdir ki, uzun illər gediş-gəliş yolu kimi istifadə olunan həmin yol hal-hazırda qanunsuz olaraq Cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin giriş üzərində dəmirdən hasarla bağlanılmış və evə giriş məhdudlaşdırılmışdır. Mübahisəli yol üzərində heç bir tikinti mövcud deyildir. Ekspert araşdırmasında torpaqların kadastr uçotu informasiya sisteminə əsasən sözügedən yol İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir. Lənkəran Bələdiyyəsi həmin yolun Cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini bildirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının mübahisəli yolu 30 ildir ki istifadə etməsi bu sahənin onun üçün yeganə, real və zəruri gediş-gəliş yolu olduğunu sübut edir. Bu fakt qarşı tərəfin plan üzərindəki fərqli təsvirinə əsaslanaraq həmin yolu zəbt etməsini qanuniləşdirmir. Cavabdeh tərəfindən həmin yolun hasarlanaraq bağlanması iddiaçının yoldan istifadə hüququnu birbaşa pozmuşdur. Burada artıq faktiki istifadə hüququ pozulmuş, hüquqa zidd zəbt baş vermişdir. İddiaçının 30 il ərzində həmin yolu istifadə etməsi onun faktiki istifadəyə əsaslanan hüququnu formalaşdırmışdır. Plan-sxemdə fərqli yol göstərilməsi, real və sabit istifadəni ləğv etmək üçün hüquqi əsas ola bilməz. Buradan aydın görünür ki, İddiaçı uzun illər istifadə etdiyi, faktiki istifadəsində olan və yaşayış evinə gedən yoldan qanunsuz məhrum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı yanlış olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-26/2025 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Mülkiyyət hüququ üzrə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 24 may 2013-cü il tarixli Çıxarışa əsasən İddiaçı məxsus olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə gedən Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş ümumi gediş-gəliş yolu zəbtdən azad edilməli, cavabdeh tərəfindən həmin yolun üzərində olan İddiaçı məxsus dəmir qapının sonradan yol bağlanarkən qaynaqlanmış hissəsi cavabdehin öz hesabına sökülməli və İddiaçı məxsus dəmir ara qapıya cavabdeh tərəfindən qoyulmuş açar sökülərək əvvəlki vəziyyətə qaytarılmalıdır. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİKCTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalı, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinə dair 95 manat xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-26/2025 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Mülkiyyət hüququ üzrə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 24 may 2013-cü il tarixli Çıxarışa əsasən İddiaçı məxsus olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə gedən Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş ümumi gediş-gəliş yolu zəbtdən azad edilsin. Cavabdeh tərəfindən həmin yolun üzərində olan İddiaçı məxsus dəmir qapının sonradan yol bağlanarkən qaynaqlanmış hissəsi cavabdehin öz hesabına sökülsün. İddiaçı məxsus dəmir ara qapıya cavabdeh tərəfindən qoyulmuş açar sökülərək əvvəlki vəziyyətə qaytarılsın. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİKCTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinə dair 95 manat xidmət haqqı iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirildiyi) gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar