Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-964/2023 28.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(032)-1439/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “LG” markalı paltaryuyan, “Samsung” markalı soyuducu üçün 737,4 manat ödənilməmiş hissə, 73,6 manat cərimə, ümumilikdə 811 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “LG” markalı paltaryuyan, “Samsung” markalı soyuducu almış və nəticədə 811 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 2926 manat (18 ay×162 manat+10 manat ilkin ödəniş) olan “LG” markalı paltaryuyan, “Samsung” markalı soyuducu üçün 811 manat olmaqla, ondan 737,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 73,6 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducudan xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 708,6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1480 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 708,6 manat, cəmi ödədiyi məbləğ 2188,6 manat təşkil edir. Cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi olaraq bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Şirvan Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(032)-1439/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Elçin Qurbanov) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2019cu il tarixli alğı-satqı müqaviləsi üzrə 737,40 manat ödənilməmiş hissə, 73,60 manat cərimə, cəmi 811 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(032)-1439/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 2926 manat dəyərində “LG” markalı paltaryuyan maşın və “Samsung” markalı soyuducunun 18 ay müddətinə nisyə satılmasını qeyd etmişdir. Cavabdeh həmin tarixdə həm paltaryuyan maşın, həm də soyuducu nisyə almaqla hər ay ödəniş etməyi öhdəsinə götürdüyü halda, yalnız paltaryuyan maşına görə hər ay ödənişləri olmuşdur. “Samsung” markalı soyuducu satıcı tərəfindən Bakı şəhərində yaşadığı evə təhvil verildiyi an onun qapısında olan əzik və batıqları o görməmişdir. Lakin soyuducu qurulub işlədikdən bir gün sonra cavabdeh dərhal soyuducunun qapısında olan batıq və əziklərlə bağlı iddiaçıya etirazını bildirmişdir. Soyuducu işlək vəziyyətdə olsa da, qapısı deformasiyaya uğrayaraq onda əzik və batıqlar olduğundan cavabdeh soyuducunun dəyişdirilməsini tələb etsə də, iddiaçı tərəfindən bunun mümkün olmadığından qapıda olan əziklər üçün isə yeni qapı qoyulması üçün soyuducunu istehsal edən şirkətə sorğu verilməsi və yeni qapının yalnız yay aylarında gələcəyi halda o zaman soyuducunu gəlib təhvil ala biləcəkləri deyilmişdir. Yay aylarında soyuducunun qapısında olan əzikləri aradan qaldırmaq üçün mağazanın işçiləri gəlib soyuducunu aparmışlar. Soyuducunun qapısında iki yerdə də olan əziklərin aradan qaldırılması zamanı təmirə götürüldüyündən o, iddiaçıya ödəniş etməmiş və bundan iddiaçının məlumatı olmuşdur. Lakin paltaryuyan maşında heç bir qüsur olmadığından o, paltaryuyan maşına görə ödənişləri hər ay gecikmə olmadan etmişdir. Amma soyuducu onun evindən götürülüb aparıldıqdan sonra evində soyuducu olmadığından və soyuducu təmir olunaraq ona təhvil verilmədiyi halda iddiaçının onun xəbəri olmadan hazırkı iddia ilə məhkəməyə müraciət etməsini əsassız hesab edir. Aylar keçsə də, o, soyuducunun təmir olunub qapısının yenisi ilə dəyişdirilməsi barədə “KontaktHome”-un işçisinin telefonu ilə əlaqə saxlamış, işçi ona soyuducunun təmir olunmasını və Bakı şəhəri, 3-cü dairədə olan təmir yerindən götürülməsini bildirsə də, ora gedib soyuducunun orada olmamasını aşkar etmiş, ona sonradan soyuducunun Binəqədi rayonunda olması bildirilsə də, ona soyuducu təmir olunaraq verilməmişdir. Buna görə də ona təhvil verilməmiş soyuducuya görə heç bir ödəniş etməmiş və bu məsələnin də həllini tapacağı, soyuducunun ona təhvil verilməsi ümidi ilə evdə soyuducu olmadan yaşamalı olmuşdur. Sonradan ona icra məmuru tərəfindən olan zəng əsasında iddiaçının ona qarşı onda olmayan soyuducuya görə ödəniş olunması, hətta gecikdirilmiş cəriməyə görə pul tələb etməsi barədə qətnamənin mövcudluğundan məlumatı olmuşdur. O, gözlərinin zəifliyinə görə İİİ qrup əlildir və tənha qadın kimi himayəsində iki azyaşlı uşaq var. Şirvan Şəhər Məhkəməsində olan icraat zamanı onun faktiki ünvanı iddiaçı tərəfindən düzgün qeyd edilmədiyindən, cavabdeh məhkəməyə vaxtında etiraz etmək və iddiaçıya qarşı qarşılıqlı iddia tələbi irəli sürməkdən məhrum edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tam reallığı özündə əks etdirmir. Belə ki, bugünkü dövrdə cavabdehin iddiaçıya qətnamədə göstərilən məbləğdə borcu yoxdur. Qüsuru olan soyuducu təmir adı ilə iddiaçı tərəfindən götürülərək aparılmış, cavabdehin evdə karantin vaxtı soyuducusuz olması, soyuducunun təmir edilib ona verilməməsi satıcının keyfiyyətsiz məhsul verməsindən irəli gəlmişdir. İddiaçının qanunsuz hərəkətlərinə görə o, evdə soyuducusuz qalmış, iddiaçı ona qüsurlu soyuducu verməklə ona maddi və mənəvi zərər vurmuşdur. O, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozmamışdır. Necə olur ki, eyni tarixdə bağlanmış alğı-satqı müqaviləsi üzrə paltaryuyan maşına görə gecikmələr olmadan ödənişlər edilsin, lakin soyuducuya görə heç bir ödəniş olmasın? Məhkəmə bu halı araşdırmamışdır. Cavabdehin mülkiyyətçi və istehlakçı kimi hüquqları pozulmuşdur. Ona təhvil verilmiş soyuducunun qapısında olan əzikləri və batıqları o, dərhal aşkar edərək iradını satıcıya bildirsə də, 14 gün müddətində soyuducunun dəyişdirilməsi nəzərdə tutulduğu halda mövcud qüsurun aradan qaldırılmaması, zamanında dəyişdirilməməsi, qapının sifariş əsasında 6-7 ay ərzində gəlməsi bəhanəsi ilə gözlətmələri, sonradan soyuducunun təmir adı ilə aparılmaqla karantin zamanı onu soyuducusuz qoyması, bu aylar ərzində ona yalan vədlər verərək gözləməyi bildirmələri, soyuducuda olan qüsuru aradan qaldırmadan və ona təhvil verilməmiş soyuducuya görə hər hansı bir ödəniş tələb etməsi onun da alıcı kimi müqavilənin icrasından imtina etmək hüququnu yaratmış olur. Həmin soyuducu cavabdehə satılarkən onun qarantiya müddəti müəyyənləşdirilmişdir. Cavabdeh dərhal soyuducuda olan qüsuru bildirsə də, əşyanın qarantiya müddəti mövcud olsa da, yenə də aşkar olunmuş qüsurun aradan qaldırılması üçün iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir. İddia ərizəsində cavabdehin faktiki ünvanı barədə dolğun məlumat göstərilmədiyindən cavabdehə məhkəmə bildirişi təqdim edilməmiş, qeydiyyatda olduğu ünvanda yaşamaması və malın Bakı şəhərində təhvil verildiyi ünvan iddiaçıya məlum olsa da, məlumatlar iddia ərizəsində düzgün göstərilməmişdir. Buna görə də məhkəmə bildirişi ona daxil olmamış, o, 10 gün ərzində iddia tələbinə qarşı etirazını və ona əlavə edilmiş sənədləri təqdim edə bilməmişdir. Məhkəmə öhdəlik münasibətlərinin pozulmasını alıcının təqsiri üzündən alğı-satqı müqaviləsinin şərtlərinin pozulması kimi qeyd etməklə səhv nəticəyə gəlmişdir. Halbuki, öhdəlik münasibətləri alıcı tərəfindən deyil, satıcı tərəfindən pozulmuş, alğı-satqı münasibətlərinə satıcı tərəfindən tam riayət edilməmişdir. Məhkəmə iddianı təmin edərkən niyə soyuducu üçün heç bir ödəniş edilməməsinə, iddiaçının isə öz növbəsində müqavilə müddətinin ötməsinin son aylarını gözləməsinə, cavabdehə bu illər ərzində pretenziya irəli sürməməsinə diqqət etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2(106)- 964/2023 saylı qərardadı ilə Şirvan Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(032)- 1439/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, həqiqətən də, iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə əsasında ona “LG” markalı paltaryuyan və “Samsung” markalı soyuducu satılmışdır. Həmin əşyalar gətirilərkən o, evində soyuducunun yerini hazırlamadığına görə mağazanın əməkdaşları soyuducunu qutusundan çıxarıb quraşdırmamışlar. Belə ki, onun evində sökülməli olan yer var idi, soyuducu da həmin yerə yerləşdirilməli idi. Soyuducunun qutusundan çıxarılıb quraşdırılması onun günahı ucbatından baş tutmamışdır. Təhvil-təslim aktında malın qüsursuz olaraq qəbul edilməsi ilə bağlı qeydin olmasına fikir vermədən onu imzalamışdır. Sonradan soyuducunun qutusunu açarkən ona məlum olmuşdur ki, soyuducunun qapısında batıq var. Səhəri gün "xxxx" MMCyə gedərkən bu halla bağlı məlumat vermiş, ona bildirmişlər ki, soyuducunun qapısını dəyişəcəklər. Lakin dəyişmədilər. Beləliklə, o, soyuducudan 1 il yarım istifadə etmiş, sonradan yenə narazılığını bildirdikdə iddiaçının əməkdaşları soyuducunu götürüb aparmışlar. O hesab edir ki, iddiaçıya hər hansı borcu qalmamışdır. Apellyasiya şikayətində soyuducunun səhəri gün qaytarılması ilə bağlı qeyd etməsinin səbəbinə dair verilmiş suala cavab olaraq bildirdi ki, onu vəkili yazmışdır, o, əslində soyuducunu səhəri gün qaytarmamış, onu 1 il yarım istifadə etdikdən sonra qaytarmışdır. Təhvil-təslim aktında məhsulu qüsursuz qəbul etməsinə imza etməsi ilə bağlı verilmiş suala cavab olaraq bildirdi ki, soyuducunun qutusu açılmamış, o da düşünməmişdir ki, soyuducunun qapısında batıq ola bilər, yaxud onda hər hansısa qüsur ola bilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 çıxış edərək bildirdi ki, cavabdehlə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdehə “LG” markalı paltaryuyan və “Samsung” markalı soyuducu satılmışdır. Elə həmin tarixdə, yəni xx.xx.2019-cu il tarixində həmin əşyalar cavabdehə təhvil verilmişdir. Cavabdeh həmin əşyaları təxminən 1 il yarım istifadə etdikdən sonra öhdəliklərinin icrasından yayınaraq müqavilə üzrə ödəməli olduğu pulu ödəməməyə başlamışdır. Bununla əlaqədar olaraq "xxxx" MMC-nin Problemli Kreditlər Şöbəsinin əməkdaşları cavabdehlə əlaqə saxlamış, cavabdeh isə borcunu ödəyə bilmədiyini və gəlib soyuducunu aparmalarını bildirmişdir. Bundan sonra, soyuducu geri götürülmüş, bu hal aktlaşdırılmış, müqaviləyə əsasən soyuducu birtərəfli qaydada qiymətləndirilmiş, ona 708,6 manat qiymət qoyulmuşdur. Çünki soyuducunun üzərində batıqlar, cızıqlar, ləkələr var idi, eləcə də, cavabdeh soyuducudan 1 il yarım istifadə etmişdir. Soyuducu üçün müəyyən edilmiş dəyər olan 708,6 manat cavabdehin ümumi borcundan çıxılmış, onun cəmi 737,4 manat borcu qalmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və işdəki sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 01112102 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən “LG” markalı F4J6VS0W model paltaryuyan, “Samsung” markalı RB30J3000WW/WT model soyuducu, 4 il qızıl zəmanət müqavilədə nəzərdə tutulmuş şərtlərlə Cavabdeh verilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mal "xxxx" MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə mala mülkiyyət hüququ müştəriyə keçir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müştəri bu müqavilənin şərtini (şərtlərini) pozduğu halda, malı (habelə güzəştli şərtlərlə (ödənişsiz) təqdim edilmiş malı) "xxxx" MMC-nin tələbi ilə geri qaytarmalıdır. Həmin müqavilənin 3.9-ci bəndinə əsasən, əşyada hər hansı qüsurun yaranması ödənişlərin gecikdirilməsinə və bu müqavilənin hər hansı şərtlərinin pozulmasına səbəb ola bilməz. Həmin müqavilənin 3.10-cu bəndinə əsasən, müştəri "xxxx" MMC-nin razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda “Mal”ı geri qaytara bilər. Bu zaman mal "xxxx" MMC-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. İş materiallarının 7-ci vərəqində olan xx.xx.2019-cu il tarixli bildirişdən və əşyaların təhviltəslim aktından görünür ki, 01112102 nömrəli müqavilə üzrə əşyalar tam qüsursuz halda Cavabdeh tərəfindən təhvil alınmış, o, bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X4 görünür ki, həmin ödəniş cədvəli xx.xx.2019-cu il tarixli, 01112102 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir. X5 hissəhissə ödəniş qaydası hər ay 162 manat olmaqla, 18 ay müddətinə müəyyən olunmuş və ilkin ödəniş daxil olmaqla toplam məbləğ 2926 manat qeyd edilmişdir. X6 2-ci bəndinə əsasən, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan H 4410/3 saylı, 11 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh razılığı əsasında xx.xx.2019-cu il tarixli müqavilə üzrə aldığı “Samsung” markalı RB30J3000WW/WT model soyuducu və 4 illik yeni qızıl zəmanət geri qaytarılmış, onlar 708,60 manat dəyərində qiymətləndirilmiş və həmin məbləğ onun ümumi borcundan silinmişdir. İş materiallarında olan Cavabdeh 22 iyul 2022-ci il tarixinə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh tərəfindən əsas borc üzrə ödənilmiş məbləğ kimi məhsul qaytarıldıqdan sonra qoyulan qiymət də daxil olmaqla, 2188,6 manat müəyyənləşdirilmişdir. Ödənilməmiş məbləğ 737,4 manat, cərimə borcu 73,6 manat olmaqla, ümumilikdə ödənilməmiş məbləğ isə 811 manat təşkil edir. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducudan xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 708,6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq 243 manat (1,62 manat × 150 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olaraq 73,6 manat cərimə hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdehə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin verilmiş sorğuya cavab olaraq göndərdiyi 26 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “LG” markalı paltaryuyan, “Samsung” markalı soyuducu almış və nəticədə müqavilənin şərtlərini pozmuş, borcu yaranmışdır. Cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə mənzilində təhvil almış və imzası ilə təsdiq etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducudan xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 708,6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Sorğuda cavabdehin soyuducunun qurulub işlədikdən sonra qapısının deformasiyaya uğradığını, əzik və batıqların olmasını aşkar etdiyini, bundan 1 gün sonra etirazla "xxxx" MMC-yə müraciət etməsini qeyd edirsiniz. Bununla bağlı bildirilir ki, Cavabdeh yazdığı apellyasiya şikayətində və xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə prosesində öz etirazlarını sübut edə bilməmişdir. Cavabdehin "xxxx" MMC-yə daxil olması ilə bağlı görüntülər olmadığından təqdim edilməsi mümkün deyil. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, ümumi dəyəri 2926 manat olan “LG” markalı paltaryuyan və “Samsung” markalı soyuducunu cavabdehə nisyə satmış, həmin əşyalar xx.xx.2019-cu il tarixində tam qüsursuz halda Cavabdeh tərəfindən təhvil alınmış, o, bunu təhvil-təslim aktında öz imzası ilə təsdiq etmişdir. Lakin sonradan cavabdeh xx.xx.2021-ci il tarixində soyuducudan imtina etmiş, iddiaçı tərəfindən həmin məhsulun dəyəri 708,6 manat dəyərləndirilərək, cavabdehin borcundan çıxılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, o, cəmi 1480 manat ödəniş etmiş, 708,6 manat isə geri qaytarılmış soyuducunun qiyməti onun borcundan çıxıldıqdan sonra, cavabdehin ödənilməmiş qalan əsas borcunun məbləği 737,4 manat təşkil etmişdir. Müqavilə üzrə iddiaçı tərəfindən həmin ödənilməmiş borca güzəştli həcmdə 73,6 manat cərimə hesablanmışdır. İddiaçı da hazırkı tələblə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 737,4 manat borcun, 73,6 manat cərimə məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin əsas dəlili kimi isə ona istinad etmişdir ki, soyuducu ona təhvil verilərkən onun qapısında batıq və əziklər olmuş, cavabdeh bu barədə iddiaçıya məlumat vermiş, lakin o, yenisi ilə əvəz olunmamışdır, bu səbəbdən də hesab edir ki, iddiaçıya hər hansı borcu yoxdur. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin əsası kimi soyuducunun ona qüsurlu şəkildə verilməsinə istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 570.1.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. MM-in 571.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Mülki Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Hazırda tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə öz mahiyyətinə görə hissə-hissə ödənilmək şərti ilə bağlanmış nisyə alğı-satqı müqaviləsidir. Həmin müqavilə üzrə satıcı (iddiaçı) tərəfindən malın alıcıya (cavabdehə) verilməsi vəzifəsi onun alıcıya (cavabdehə) təhvil verildiyi məqamda icra edilmişdir. İş materiallarında olan təhvil-təslim aktından da göründüyü kimi, mallar cavabdehə xx.xx.2019-cu il tarixində təhvil verilmişdir. Cavabdeh isə həmin təhvil-təslim aktında malların qüsursuz verilməsini öz imzası ilə təsdiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya məhkəməsinin iclasında malların qüsursuz verilməsinə dair qeydin olmasına fikir vermədən təhvil-təslim aktını imzalamasını inandırıcı hesab etmir və bildirir ki, bu cür olsaydı belə, həmin hal cavabdehi məsuliyyətdən azad edən hal kimi qiymətləndirilə bilməzdi. Bundan başqa, cavabdeh qəbul edir ki, öz günahı ucbatından soyuducu qutusundan çıxarılaraq quraşdırılmamış, o isə soyuducunun vəziyyətinə baxmadan təhvil-təslim aktını imzalamışdır. Mülki Məcəllənin 571.1-ci maddəsinə uyğun olaraq, məhkəmə kollegiyası bildirir ki, müqavilə üzrə iddiaçının malları cavabdehə vermək vəzifəsinin icra edilmiş sayıldığı andan, yəni mallar cavabdehə təhvil verildiyi və cavabdehin də bunu öz imzası ilə təsdiq etdiyi andan, həmin malların təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski də cavabdehə keçmişdir. Cavabdeh isə soyuducunun qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda isə Mülki Məcəllənin 588.1-ci maddəsinə uyğun olaraq əşyanın qüsurları üçün cavabdehin özü məsuliyyət daşıyır. Həmçinin, iş materiallarından cavabdehin Mülki Məcəllənin 595.1-ci maddəsində göstərilmiş qaydada iddiaçıya soyuducunun keyfiyyətində qüsur olmasına dair bildiriş verməsi müəyyən edilmir. Cavabdeh apellyasiya şikayətində soyuducunun qapısında olan qüsurla bağlı soyuducunun quraşdırılmasından 1 gün sonra iddiaçıya etirazını bildirdiyini qeyd etsə də, həmin halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdehin apellyasiya şikayəti formal mülahizələrə əsaslanır və cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd etdiyi halların təsdiq edilməsi üçün hər hansı sübut təqdim edilməmişdir. Halbuki, MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsasını təşkil edən halları sübut etmək vəzifəsi daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd edilmiş formal mülahizələr Şirvan Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(032)- 1439/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. İş materialları ilə cavabdehin iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi, onun həmin müqavilə üzrə ödənilməmiş 737,4 manat borcunun qalması, ödənilməmiş borca görə əsaslı şəkildə 73,6 manat cərimənin hesablanması öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması nəticəsinə gəlmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(032)-1439/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə isə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 811 manat olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(032)-1439/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-964/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-964/2023
28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver