Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-964/2025 18.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(047)-126/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 01 faizlə 60 ay müddətinə 7515,97 manat məbləğində kredit verilmişdir. Lakin borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. xx.xx.2024-cü il tarixə Cavabdehnın banka 6688,39 manat əsas, 82,04 manat faiz, cəmi 6770,43 manat borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh kredit müqaviləsi üzrə 6688,39 manat əsas, 82,04 manat faiz, cəmi 6770,43 manat borcun və ödənilmiş 87,70 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Ülviyyə Xəlilova məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(047)-126/2025 nömrəli qətnaməsi ilə (Hakim: Cavad İbrahimov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 6688,39 manat əsas və 42,87 manat faiz məbləği olmaqla, cəmi 6731,26 (altı min yeddi yüz otuz bir manat iyirmi altı qəpik) manat borc pul, həmçinin 87,70 (səksən yeddi manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə isə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu Laçın Rayon Məhkəməsində Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 6689,39 manat əsas, 82,04 manat faiz olmaqla, cəmi 6770,43 manat borcun və 87,70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia qaldırmışdır. Bundan sonra işə baxan məhkəmə iş üzrə çıxartdığı qətnaməsində əsassız olaraq göstərmişdir ki, guya cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir kimi göstərmişdir. Bununla bağlı bildirir ki, o məhkəmə iclası barədə xəbər tutduqdan sonra üzrlü səbəbdən tarixdə məhkəməyə teleqram vuraraq iştirak edə bilməyəcəyini bildirərək işi təxirə salınmasını xahiş etmişdir. Lakin işə baxan məhkəmə onun üzrlü səbəbdən iştirak edə bilməyəcəyi barədə teleqramına əhəmiyyət verməmiş və iş üzrə tələm-tələsik qərar çıxartmışdır. Bundan sonra məhkəmə ona bildiriş göndərməmişdir və ona göndərdiyi məhkəmə bildirişlərini hansı ünvana göndərməsi ona məlum deyil, məhkəmə keçirdiyi məhkəmə iclasları barədə onu məlumatlandırmamışdır. Mülki işin materiallarından göründüyü kimi, iddiaçı ilə 2019-cu ildə aralarında bağlanmış müqavilə 2014-cü ildə bağlanmış başqa bir kredit müqaviləsini pərdələmək üçün bağlanmış müqavilədir. O, 2019-cu ildə bu müqaviləni bağlayarkən iddiaçı onu aldadıb bu müqaviləni bağlatdırıb. Hazırkı iş üzrə iddiaçı tərəfindən ona hər hansı məbləğdə pul verilməmişdir və o da iddiaçıdan hər hansı məbləğdə pul almışdır. Ona görə də hesab edir ki, iş üzrə çıxarılmış qətnamə ləğv edilməli, iddia rədd edilməli və mülki iş baxılmamış saxlanılmalıdır. Bundan başqa, hətta 2014-cü ildə pul götürdüyü müqavilə üzrə iddia müddəti də keçmişdir. Məhkəmə bu nəticəsini onunla əsaslandırmışdır ki, müqavilənin vaxtından əvvəl xitam verilməsinə əsaslı səbəblər olmuşdur. Ona görə də hesab edir ki, məhkəmə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamaqla, tam və düzgün əsaslandırılmamışdır. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır, iş üzrə çıxarılmış qətnaməyə (qərarın çıxarılması tələbləri baxımından) düzgün hüquqi qiymət verməmişdir. Belə olan halda məhkəmənin nəticəsi də qanuni və əsaslı sayıla bilməz. Hazırda məhkəmənin mövcud qətnaməsi vətəndaş olaraq onun ədalət mühakiməsinə olan inamını nəinki azaldıb, hətta məhv edib. O hesab edir ki, məhkəmələrin bu cür qanunsuz, ədalətsiz qətnamələr dövlət adından çıxarmaları nəinki məhkəmələrə, hətta ümumilikdə, ədalət mühakiməsinə olan inamı azaldır. Məhkəmə qətnamə qəbul edərkən cavabdeh olaraq onun sübut təqdim etmək kimi hüquqlarını nəzərə almamış, o cümlədən məhkəmənin iş üzrə qəbul etdiyi qətnaməsi işin hallarına uyğun deyil və işə düzgün hüquqi qiymət verməmişdir. Sonda əsassız, qanunsuz və ədaləsiz qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçı tərəfin sübutlarını əsas tutaraq cavabdeh kimi onun hüquqlarının olmasına əhəmiyyət verməmiş və ya vermək istəməmişdir. Bununla da cavabdeh kimi hüquqlarının olmasını nəzərə almamaqla cavabdeh olaraq onun konstitusion hüquqlarını pozan qətnamə qəbul etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-126/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiaçının iddiasının rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə müəyyən olunmuş qaydada tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(047)-126/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci(mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan) maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(047)-126/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarədir ki, məhkəmə ona bildiriş göndərməmiş və keçirdiyi məhkəmə iclasları barədə onu məlumatlandırmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan Laçın RİH başçısının Laçın şəhər İƏDN-nin 04 aprel 2025-ci il tarixli məktubundan görünür ki, məhkəmə bildirişləri Cavabdeh çatdırılmışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçı ilə 2019-cu ildə bağlanmış müqavilə 2014-cü ildə bağlanmış başqa bir kredit müqaviləsini pərdələmək üçün bağlanmış müqavilədir. O, 2019-cu ildə müqaviləni bağlayarkən iddiaçı onu aldadıb bu müqaviləni bağlatdırıb. Hazırkı iş üzrə iddiaçı tərəfindən ona hər hansı məbləğdə pul verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq restruktruzasiya aparılmışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, 2014-cü ildə pul götürdüyü müqavilə üzrə iddia müddəti də keçmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbini xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən irəli sürmüş və həmin müqavilə 60 ay müddətinə bağlanmaqla müqavilənin qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(047)-126/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(047)-126/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-964/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-964/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver