Məhkəmə qərarları › İş №2(106)-965/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-965/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-965/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Habil Xanoğlan oğlu Bəhmənov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, iddiaçı Bank AFB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqviləsinə xitam verilməsi, kreditin, kredit borcuna görə hesablanmış faizlərin, cərimənin ödənilməsi və ipotekaya yönəldilməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Bank AFB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya “HOWO ZZ3317N3867 W” markalı yük avtomobilinin satın alması üçün 24 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 51500 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq, Bank AFB ASC ilə Cavabdeh1 arasında həmin tarixdə ipoteka müqaviləsi bağlanmış, bu müqavilə ilə “HOWO ZZ3317N3867 W” markalı avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kreditin təminatı olaraq, Bank AFB ASC ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 borclu Cavabdeh1 borcunun ödənilməsi üçün Bank qarşısında zamin durmuşdur. Bank AFB ASC xx.xx.2015-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22227 manat əsas kredit borcunun, 797 manat kredit borcuna görə hesablanmış faizlərin, 412 manat cərimənin ödənilməsini və tutmanın ipoteya predmeti olan avtomobilə yönəldilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin (hakim R.Bağırov) 06 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti əsasında işə apellyasiya qaydasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər- Q.Kərimov, Z.Babayev və N.Mirzəyev) 08 iyul 2020-ci il tarixli, 2(106)-1433/2020 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kürdəmir Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli qətnaməsindən digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Bundan sonra Cavabdeh1 nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmış və icraata qəbul edilmişdir. İş üzrə tərəflər apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı Bank AFB ASC məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, qarşı tərəfin apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılmışdır. Hazırda yenidən şikayət verilməsinin səbəbi icra tədbirlərinin təxirə salınması ilə əlaqədardır. Apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Müəyyən ediliir ki, cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayəti əsasında işə apellyasiya qaydasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Müəyyən edilir ki, Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız özünə (zaminə) aid hissədə deyil, bütövlükdə mübahisələndirmişdir. Belə ki, E.Bunyatov apellyasiya şikayətində cavabdehlərdən həm onun özünün, həm də borcalan Cavabdeh1 qətnamədən məlumatı olmadığını qeyd etməklə qətnamənin bütövlükdə ləğv edilməsini xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin şikayəti mümkün hesab edərək icraata qəbul etmiş, apellyasiya şikayəti əsasında qətnaməni bütövlükdə yoxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qətnaməsində apellyasiya şikayətinə istinadən aşağıdakılar qeyd edilmişdir: Əsas borclu Cavabdeh1 banka müraciət edərək borcunu bağlamaq istədiyini bildirmişdir. Bank İddiaçı ASC ilə razılaşaraq banka olan borcunu ödəmişdir. Bank Cavabdeh1 tərəfindən borc ödənildikdən sonra AR DİN BDYP İdarəsinə xx.xx.2015-ci il tarixli məktubla müraciət edərək Cavabdeh1 ilə bağlanmış 104-S-159 H saylı kredit və 104-S-159-H-İP saylı girov müqaviləsinə əsasən kredit və kreditə hesablanmış faizlər tam ödənildiyindən ipotekaya qoyulmuş “HOWOZZ3317N3867W” markalı, ** EL *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin girovdan azad edilməsini xahiş etmişdir. Lakin bundan sonra Bank İddiaçı ASC Kürdəmir Rayon Məhkəməsində iddia qaldıraraq yenidən tam təmin edilmiş tələb üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə də iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən şikayətçi Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, məhkəmə Cavabdeh2 şikayəti əsasında qətnaməyə bütövlükdə qiymət vermiş, MPM-in 372.6-cı maddəsinə əsasən işi tam yoxlamışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Belə halda həmin işə yenidən apellyasiya qaydasında baxılması mümkün deyil. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında o da qeyd edilir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (16.1 və 16.2-ci bəndlər). Kollegiya qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi məcburilik, təkzibedilməzlik, müstəsnalıq, preyudisiallıq kimi xüsusiyyətlər qazanır. Hazırki işə apellyasiya qaydasında baxıldıqdan sonra, kassasiya şikayəti verilmədiyindən, Kürdəmir Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Ona görə həmin qətnaməyə apellyasiya qaydasında yenidən baxılması qeyri-mümkündür. Belə ki, MPM 357.1-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamələrdən verilə bilər. Bununla yanaşı, Kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiyanın qeyrimümkün hesab edilməsi hazırki iş üzrə Cavabdeh1 məhkəməyə müraciət hüququndan yararlanmağını istisna etmir. Cavabdeh1 hüquqlarının pozulduğunu iddia etdiyi halda, onun Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ vardır. Kollegiya hesab edir ki, cavabdeh A.X3 Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət edə bilər. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Beləliklə, Kollegiya hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4, 384.0.6 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İş üzrə apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Kürdəmir Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar