Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-966/2023 20.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(064)- 261/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixinədək qaytarmaq şərti ilə iddiaçı cavabdehə 48.000 manat pul borc vermişdir. Cavabdeh həmin müqavilə üzrə borcdan iddiaçıya 13500 manat ödəmiş, 34500 manat məbləğində borcu isə ödəməmişdir. İddiaçı hazırda ödənilməmiş borcu tələb edir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Füzuli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 34.500 manat əsas borcunun, iddia ərizəsinin verilməsinə görə əlavə olaraq ödənilmiş 193,5 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 34.693,5 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (“Borc alan”) ilə aralarında xx.xx.2019-cu il tarixli müqavilə imzalanmışdır. Müqavilə bağlanarkən “Borc alan” ona verilən 48.000 manat borc məbləğini xx.xx.2019-cu il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, “Tərəflər” Müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yerinə yetirməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Müqaviləyə əsasən, Cavabdeh razılaşdırılmış məbləğ verilmişdir. Lakin indiki vaxta qədər cavabdeh tərəfindən ümumilikdə 13.500 manat məbləğində ödəniş edilmişdir. Hazırda, iş materiallarından da göründüyü kimi Cavabdeh ona olan ümumi borcu 34.500 manat təşkil edir. Mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün aralarında artıq 2 ildən çoxdur ki, danışıqlar getmişdir. Cavabdeh hər dəfə borcu tez bir zamanda ödəyəcəyini bildirmiş, ancaq vədlərini yerinə yetirməmişdir. Tərəflərindən cavabdehə xx.xx.2022-ci il tarixində prentenziya məktubu göndərilməsinə baxmayaraq, Cavabdeh pretenziya məktubunu qəbul etməkdən də imtina etmişdir. Bu səbəbdən də, mübahisənin həll olunması üçün tərəflərindən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil X7 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Füzuli Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(064)-261/2023 nömrəli qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə borca görə 34.500 (otuz dörd min beş yüz) manat, eləcə də dövlət rüsumuna görə ödənilmiş 193,5 (bir yüz doxsan üç manat əlli qəpik) manat olmaqla, ümumilikdə 34.693,5 (otuz dörd min altı yüz doxsan üç manat əlli qəpik) manat tutulması qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 və 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, Cavabdeh şikayət etdiyi qətnamə barəsində icra məmuru ona zəng edən zaman məlumatlı olmuş, qətnamə ona rəsmi şəkildə təqdim olunmamışdır. Odur ki, apellyasiya şikayəti verilməsi üçün müddəti ötürməmişdir. İddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləni dostunun adından bağlamışdır. X4 həmin zaman şəxsiyyət vəsiqəsinin müddətinin keçdiyini bildirib onun adına rəsmiləşdirmə aparmağı, ödənişləri özünün edəcəyini bildirdiyindən və aralarında yaxın münasibət olduğundan buna razı olmuşdur. Pulu alan zaman elə həmin yerdə Müşfiqə vermişdir. Bu xüsusatları özü məhkəməyə gələrək təsdiq edə bilər. Məhkəmə iclasında iştirakı təmin edilmədiyindən iddiaya qarşı dəlil və etirazlarını irəli sürə bilməmişdir. Borc məbləğini iddiaçı süni surətdə şişirtmiş, ödənilmiş məbləğləri qəsdən az göstərmişdir. Maddi hüquq norması olaraq Azərbaycan Respublikası Mülki Məcəllənin 443-cü maddəsinin tələbləri pozulmuşdur, çünki kredit müqaviləsi üzrə əsl tərəf X2r. Olunan ödənişləri də Müşfiq etmişdir. Onun borc almaq niyyəti olmamış, Müşfiqin şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün ondan şəxsiyyət vəsiqəsi ilə müqavilə bağlanmasında iştirak etməyi xahiş etmiş, bütün ödənişləri də özünün vaxtında ödəyəcəyini bildirdiyindən və aralarındakı səmimiyyətə güvənərək buna razı olmuşdur. Prosessual hüquq norması olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-9.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə çəkişməsinin getdiyi dövrdə lazımi qaydada məlumatlandırılmadığından hazırkı iş üzrə məhkəmə iclaslarında iştirak edə bilməmiş və ümumiyyətlə belə bir mübahisənin olmasından xəbəri olmamışdır. Məhkəmənin vəzifəsidir ki, çəkişmə prinsipinə əməl etsin və hər bir tərəfə öz sübutlarını təqdim etmək üçün imkan yaratsın. Qətnamədə qət edilmiş borc məbləği kifayət qədər yüksəkdir. Müşfiq Adıgözəlovun bildirdiyinə görə, onun tərəfindən daha çox ödəniş edilmişdir. Çıxarılmış qətnamə ilə rəsmi olaraq tanış ola bilməsə də icra məmurunun bildirdiklərindən yola çıxaraq belə anlaşılır ki, iddiaçı əsassız olaraq yüksək məbləğdə pul tələbi irəli sürmüş və bu da təmin olunmuşdur. Birinci instansiya məhkəməsində iştirak edə bilmədiyindən zəruri çekləri təqdim edə bilməmişdir. Hesab edir ki, bütün sübutlar əlaqəli şəkildə qiymətləndirilərək obyektiv qətnamə qəbul edilməlidir. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbləri pozularaq məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək Füzuli Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(064)-261/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasını vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini və iş materialını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 48.000 manat pul borc verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh borcu xx.xx.2019cu il tarixinədək qaytarmağı üzərinə öhdəlik götürmüşdür. Hazırda cavabdeh kredit müqaviləsi üzrə əsl tərəf X1 olduğunu, sonuncunun şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün onunla müqavilə bağlandığını bildir. Məhkəmə kollegiyası qeyd edir ki, bu fakt sübuta yetirilsə belə, Cavabdeh notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikdən azad etmir, yalnız gələcəkdə X3 qarşı reqress qaydasında tələb irəli sürmək hüququ verir. Apellyasiya şikayətinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundakı ünvan üzrə cavabdehə məhkəmə bildirişi göndərilmiş, həmçinin cavabdehin 050226-86-86 mobil nömrəsinə, hansı ki apellyasiya şikayətində qeyd etmişdir, zəng edilərək məlumat verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsi baxımından prosessual pozuntuya yol verilməmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlilini müzakirə edərək, onu əsassız hesab edir və qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hazırkı mübahisə birinci instansiya məhkəməsi tərəfindən düzgün həll olunduğundan, işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunduğundan və iş üzrə iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizə xarakteri daşıdığından apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsaslar yoxdur və ona görə də apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 2(064)-261/2023 №-li, 27 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(064)-261/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-966/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-966/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver