Məhkəmə qərarları › İş №2(106)-971/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-971/2024

10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-971/2024 10.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-71/2024, 07 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyun 2024cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2000 manat məbləğində pul və 40 manat ödənilmiş dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehləri ev alqı-satıqısı ilə əlaqədar tanımışdır. Belə ki, cavabdehlər özlərinə məxsus mənzili satmaq istəyirdilər. 01 yanvar 2022-ci il tarixdə cavabdehlərə məxsus mənzilə gedərək mənzili almaq istədiyini bildirmiş, cavabdehlər onlara 2022-ci ilin mart ayına qədər vaxt verməyini bildirmiş və onlarla razılaşmışdır. Beh olaraq Cavabdeh2 vermişdir. Bundan sonra bir neçə dəfə cavabdehlərlə əlaqə saxlayaraq mənzili nə vaxt tam şəkildə satacaqlarını və boşaldacaqlarını soruşmuşdur. Onlar hər dəfə mənzili 2022-ci ilin mart ayının sonuna qədər tam şəkildə ona satacaqlarını və mənzili boşaldacaqlarını bildirmişdirlər. Bir müddət sonra ona məlum olmuşdur ki, cavabdehlər mənzili başqa şəxsə satmışlar. Yəni alqı-satqı müqaviləsinin bağlanması məhz cavabdehlərin ucbatından baş tutmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı 2022-ci ilin yanvar ayında gəlib ev almağa görə ona beh olaraq 1000 manat pul vermiş, evi satıb həmin pula özünə ev almaq fikri olmuş, 1000 manatı gedib alacağı evə görə beh vermiş, sonra fevral ayında Vilayət gəlib həmin 1000 manatı istəmiş, o, isə pulu yeni alacağı ev üçün beh vermiş olduğunu bildirib, pulu qaytarmayacağını demişdir. Vilayət evi almadığı üçün o da ziyana düşmüş, sonradan avqust ayında həmin evi başqa bir şəxsə 25000 manata satmışdır. Behin bağlanmasına dair sənəddən görünür ki, 1000 manat məbləğində pul ona verilmişdir, onun qızı Cavabdeh2 heç bir adiyyəti yoxdur. Odur ki, iddiaçının pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı bir neçə dəfə onların evin almaq üçün gəlmiş, o, həmin evi almaq istəmiş, sonuncu dəfə 2022-ci ilin yanvar ayında onların evinə gələrək 1000 manat beh vermiş, həmin vaxt onlarda ev almaq istəmişdirlər. Həmin pulu başqa bir adama beh vermişlər. Atası İddiaçı zəng vuraraq evin hazır olduğunu gəlib ala biləcəyini bildirmiş, Vilayət isə evi ala bilməyəcəyini, evi almağına oğlunun razı olmadığını, ev alacağı pulu oğlunun götürdüyünü, başqa ev aldığını demişdir. İddiaçı görə sonrada evi dəyərindən aşağı qiymətə satmışdırlar. Halbuki iddiaçı beh verəndən sonra onların evini daha yaxşı qiymətə istəyənlər olub, lakin atası Vilayətə söz verdiyinə görə evi başqasına satmamışdır. Atası İddiaçı şərt kəsmişdir ki, iddiaçı evi almaqdan imtina etsə 1000 manat pul qaytarmayacaq, yox əgər onun atası imtina etsə 1000 manat behi geri qaytaracaqdır. Avqust ayına kimi həmin evdə yaşamışlar, iyul ayında evlərini satmışlar, avqust ayında yeni aldıqları evə köçmüşlər. Ev atasının adınadır, iddiaçı atası ilə öz aralarında danışıblar, beh də onların ikisinin arasında imzalanmışdır. Lakin həmin pul geri qaytarılmamışdır. Evin satılması ilə bağlı onunla iddiaçı arasında hər hansı bir razılaşma olmamışdır. Hazırda iddiaçının ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etməsini əsassız hesab edir ki, bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)-71/2024, 07 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Ceyhun Mustafayev), iddianın qismən təmin edilməsi, Cavabdeh1 1000 manat pulun alınaraq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin iddiaçıya aid edilməsi, ödənilmiş olan dövlət rüsumunun 20 (iyirmi) manatının Cavabdeh1 tutularaq İddiaçı verilməsi,. iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 nümayəndəsi Cavabdeh2 Şirvan Şəhər Məhkəməsinin 2(032)-71/2024, 07 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)-71/2024, 07 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi qaydada etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 71/2024, 07 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində Şirvan Şəhər Məhkəməsinin 2(032)-71/2024, 07 yanvar 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 491-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-71/2024, 07 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixində saat 13:19-da 1000 manat ev almaq üçün beh vermişdir. Qalan məbləğ 23500 manatı verəcəkdir. Həmin şəxslər öz imzaları ilə yazılı sənədi təsdiq etmişdirlər. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqısı ilə bağlı AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 verilmiş **********70-05101-093027 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətində olan ünvan 1 evin 20 saylı ünvanında yerləşən mənzili X1 25000 manata satmışdır. İş materiallarında olan X2 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/021N13A01480522/1 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Şirvan şəhəri, Xəqani küçəsi ev 17, 17 saylı mənzil Cavabdeh2 satılmış və ipoteka ilə yüklü edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında olan yazılı razılaşmaya əsasən sonuncu mülkiyyətində olan ünvan 1 evin 20 saylı ünvanında yerləşən mənzili 24500 manata İddiaçı satmalı idi. Tərəflər arasında olan razılaşmaya əsasən İddiaçı tərəfindən Cavabdeh1 ilkin olaraq 1000 manat pul ödənilmiş, həmin razılaşmada qalan məbləğ olan 23500 manatı ödəyəcəyini bildirmişdir. Lakin sonradan tərəflər arasında mənzilin alınması ilə bağlı razılaşma pozulmuş və son olaraq Cavabdeh1 mülkiyyətində olan mənzili digər bir şəxsə satmışdır. İddiaçı tərəfindən evin alınması ilə bağlı ilkin olaraq 1000 manat pulun ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. İddiaçı iddia edir ki, cavabdeh 2022-ci ilin mart ayının sonuna qədər mənzili tam şəkildə ona satacaqlarını və mənzili boşaldacaqlarını bildirsə də bir müddət sonra ona məlum olmuşdur ki, cavabdehlər mənzili başqa şəxsə satmışdır. Cavabdeh isə izahatında əksinə, həmin vaxta qədər, yəni 2022-ci ilin mart ayının sonuna qədər iddiaçının evi almaq niyyətinin olmadığını, həmin vaxt iddiaçı ilə əlaqə saxlayan zaman iddiaçının evi almaq üçün pulu oğlunun götürdüyünü və başqa ev aldığını bildirmişdir. Kollegiya ilk öncə qeyd edir ki, tərəflər arasında olan razılaşma xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Həmin razılaşmanın mahiyyətinə görə iddiaçı cavabdehə ev alğı-satqısı ilə bağlı 1000 manat beh vermişdir. Lakin birinci instansiya Mülki Məcəllənin 491-ci maddəsinə istinad edərək həmin “Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir” normasını əsas götürərək, həmin pulu beh kimi deyil avans kimi qəbul etmiş, ona görə də iddianı qismən təmin edərək 1000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, adı çəkilən norma 29 noyabr 2022-ci il tarixdə qəbul edilmiş, tərəflər arasında olan razılaşma isə xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə verilən pul avans kimi deyil beh kimi ödənilmişdir. Lakin iddiaçı qətnaməni mübahisələndirməmiş, yalnız cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia rədd edilməsini xahiş etmişdir. Buna görə də kollegiy cavabdehin şikayətinin dəlillərinin həddində qətnaməyə hüquqi qiymət verilməsini qanuna müvafiq hesab edir. Kollegiya qeyd edir ki, tərəflər arasında alğı-satqı ilə bağlı beh verilməsi barədə razılaşmanın imzalanması ilkin olaraq onlar arasında belə bir razılaşma olduğunu təsdiq edir. Bu hal həm iddiaçı həm də cavabdeh də öz izahatında təsdiq edərək 2022-ci ilin mart ayının sonuna qədər mənzilin alğı-satqısının baş tutması barədə razılaşdıqlarını bildirir. Onu nəzərə almaq lazımdır ki, iddiaçının qabaqcdan alğı-satqı ilə bağlı beh ödəməsi onun bu alğı-satqının baş tutmasında maraqlı olmasını təsdiq edir. Cavabdeh isə öz izahatında iddiaçı ilə əlaqə saxladığını, lakin iddiaçının evi almağa niyyətinin olmadığını, başqa ev aldığını bildirdiyini demişdir. Kollegiya qeyd edir ki, bundan sonrakı mərhələdə, yəni behlə bağlı iddiaçı tərəfindən pul verildikdən sonra həmin mənzilin alğı-satqısının iddiaçının təqsirli hərəkətlərinə görə baş tutmamasının sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddiaçı ilə mart ayında danışdığını bildirsə də bununla bağlı sübut təqdim edə bilməmişdir. Ən azından cavabdeh evin başqasına satılmasından əvvəl iddiaçıya yazılı xəbərdarlıq göndərməli, iddiaçı tərəfindən imtina edildiyi halda həmin mənzili başqasına satmalı idi. Lakin işin hallarından görünür ki, iddiaçı tərəfindən beh verildiyi halda mənzil cavabdeh tərəfindən başqa şəxslərə satılmışdır. Ona görə də kollegiya qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh1 1000 manat pul alınaraq İddiaçı ödənilsin” mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)-71/2024, 07 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min mantdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-71/2024, 07 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar