Məhkəmə qərarları › İş №2(106)-974/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-974/2023

01.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-974/2023 01.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə gəlin köçdüyü evə köçürülmə, həmin evdə yaşamaq və oradan istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(049)-330/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(049)-330/2023 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə gəlin köçdüyü evə köçürülmə, həmin evdə yaşamaq və oradan istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(049)- 330/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən bir uşağı ilə birlikdə 21 iyul 1999-cu il tarixində gəlin köçdüyü mərhum qaynanası X4 adına olan keçmiş Lənkəran şəhəri Heydər Əliyev küçəsi indiki Lənkəran şəhəri X23 küçəsi Bina 78/19, mənzil 69-da yerləşən 2 otaqlı mənzilin günbatan tərəfindəki otağa köçürülmək və oradan istifadə hüququna yaradılan maneələrin (giriş qapısının açarının dəyişdirilməsi, mənzilə başqa kirayənişinlərin buraxılması və s.) aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh X3 ilə 21 iyul 1999-cu il tarixində el adəti ilə toy edib nikahlarını Lənkəran şəhər Nikah evində 106 sayla qeyd etdirməklə evlənmişlər. Toydan sonra mərhum qaynanası X4 adına olan keçmiş Lənkəran şəhəri Heydər Əliyev küçəsi (indiki Lənkəran şəhəri X23 küçəsi) Bina 78/19 mənzil 69-da yerləşən 2 otaqlı evə gəlin köçmüşdür. Əbülfətov Hüseynlə birgə nikahlarından xx.xx.2002-ci il tarixində X9 adında 1 uşaqları olmuşdur. 2004-cü ilin 13 dekabr tarixinə kimi təsərrüfatı birgə idarə etməklə sözügedən evdə əri ilə birlikdə yaşamışdır. Övladları dünyaya gələndən sonra əri tez-tez evə içkili vəziyyətə gələrək onu söyüb təhqir etmiş və onu azyaşlı uşağı ilə birlikdə onunla birgə yaşadığı evdən qovmuşdur. Bir müddət azyaşlı uşağı ilə Lənkəran şəhərində kirayə tutduğu başqa bir evdə qaldıqdan sonra yaşamağa özgə yeri olmadığından gəlin köçdüyü evə - keçmiş Lənkəran şəhəri Heydər Əliyev küçəsi indiki Lənkəran şəhəri X23 küçəsi Bina 78/19 mənzil 69-da yerləşən 2 otaqlı evə köçürülməyi və yaşayış hüququnun tanınması barədə Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin 06 mart 2006-cı il tarixli 2-99-2006 saylı qətnəmasi ilə iddiası təmin olunaraq oğlu Mirrafiq ilə birlikdə xx.xx.2007-ci il tarixində sözügedən ünvanda yerləşən mərhum qaynanası X4 adına olan 2 otaqlı mənzilin günbatan tərəfindəki otağa köçürülmüşdür. X8 27 iyun 1996-cı il tarixindən xx.xx.2021-ci il dünyasını dəyişən tarixədək Lənkəran rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda olmaqla, şizofreniya paranoid diaqnozu altında olmasına baxmayaraq, onu qanuni qəyyumluğa götürməklə onunla birlikdə yaşamışdır. X5 bacısı və onun baldızı olan Cavabdeh xx.xx.2021-ci il tarixində X8 dünyasını dəyişəndə yaşadığı Rusiya Federasiyasından Lənkəran şəhərinə qayıdaraq Lənkəran şəhəri X23 küçəsi Bina 78/19 mənzil 69-da yerləşən 2 otaqlı evin giriş qapısının açarını özbaşına dəyişərək onun evə daxil olmağına süni əngəl yaratmışdır. Bununla belə, o, cari ildə Lənkəran Rayon Məhkəməsinə miras əmlakın faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mərhum anası X2 ona, yəni Cavabdeh miras qalmış Lənkəran şəhəri B.O.Abbasov (indiki X23) küçəsi bina 78/19 mənzil 69-da yerləşən beşmərtəbəli binadakı 2 otaqlı yaşayış sahəsi 30.9 m2, ümumi sahəsi isə 59.3 m2 olan mənzilin onun, yəni Cavabdeh tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən Cavabdeh əleyhinə çıxarılan 2(049)-750/2022 saylı 05 may 2022-ci il tarixli qətnaməsindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-750/2022 saylı 05 may 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsinə nail olmuşdur. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1390/2022 saylı 15 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin olunaraq mərhum X2 qalmış, Lənkəran şəhəri X23 (keçmiş B.O.Abbasov) küçəsi bina 78/19- da yerləşən 2 otaqlı yaşayış sahəsi 30.9 m2, ümumi sahəsi isə 59.3 m2 olan 69 saylı mənzildən ibarət mirasdakı payının Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Lakin bütün bunlara baxmayaraq, Cavabdeh tərəfindən onun qeydiyyatda olduğu və köçürüldüyü Lənkəran şəhəri X23 (keçmiş B.O.Abbasov) küçəsi bina 78/19-da yerləşən 2 otaqlı mənzilin günbatan tərəfindəki otağa yerləşməsinə imkan verilmir və şərait yaradılmır. Bundan başqa, hazırda cavabdeh tərəfindən sözügedən mənzilə özbaşına kirayənişinlərin yerləşdirilməsi halları da tərəfindən müəyyən edilmişdir. Hal-hazırda Cavabdeh Rusiya Federasiyasında yaşayır və sözügedən mənzil başqalarına kirayə verilmişdir. Nəticədə o bir uşağı ilə birlikdə hazırda Lənkəran şəhərində ağır bir şəraitdə kirayədə yaşayır. X8 xx.xx.2021-ci il tarixində dünyasını dəyişənə qədər baldızı, Cavabdeh Rusiya Federasiyasında olduğundan onların normal şəraitdə yaşamalarına heç bir maneə törətmirdi. Lakin əri dünyasını dəyişdikdən sonra o, Rusiya Federasiyasından qayıdaraq onların sözügedən evdə yaşamağlarına maneə yaratmağa başlamışdır. Cavabdeh iddiaya qarşı etiraz vermiş və onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-99-2006 saylı qətnaməsi əsasında mübahisələndirilən Lənkəran şəhəri X23 (keçmiş В.O.Abbasov) küçəsi, bina 78/19, mənzil 69 ünvanına köçüb yaşamaq hüququnun tanınması qət edilmişdir və həmin qətnamə icra edilmişdir. xx.xx.2006-cı il tarixli 2-99-2006 saylı qətnamədə cavabdeh onun mərhum X3nu qeyd etmiş, köçüb yaşamaq istədiyi mənzilin mülkiyyətçisi isə mərhum anası X7 olmuşdur. Hal hazırda isə iddiaçı cavabdeh kimi iddia ərizəsində o, yəni baldızı Cavabdeh qeyd etmişdir. Həmçinin iddiaçının köçüb yaşamaq istədiyi həmin Lənkəran şəhəri X23 (keçmiş B.O.Abbasov) küçəsi, bina 78/19 mənzil 69 ünvanının mülkiyyətçisi o, yəni hazırkı iş üzrə Cavabdehdır. Yəni Lənkəran Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-99-2006 saylı qətnaməsinin hal-hazıkı iddiaya heç bir hüquqi təsiri aidiyyəti yoxdur. Çünki iddiaçının köçüb yaşamaq istədiyi mənzilin mülkiyyətçisi və cavabdeh fərqli fiziki şəxslərdir. Şirvan Apellyasiya Məhkəməsinin icraya yönəlmiş 29 iyul 2022-ci il tarixli 2(106)-1390/2022 saylı qətnaməsi əsasında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri X23 küçəsi ev 78/19, mənzil 69 ünvanında ona ümumi sahəsi 51,6 kv.m. 2 otaqlı mənzil xx.xx.2022-ci il tarixdən tam xüsusi mülkiyyətinə verilmişdir. Həmin mənzilə, xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********08-05101-093045 olan, xx.xx.2022-ci il tarixli, Çıxarış və inventar nömrəsi: 01 saylı, xx.xx.2022-ci il tarixli, Texniki Pasport ilə qeydiyyata alınmışdır. X3 ilə xx.xx.1999-cu il tarixdə iddiaçı- Paşayeva (Əbülfətova) Gülxanım Bəklər qızı, rəsmi nikaha daxil olub evlənmişdir. Sonradan aralarında olan nikah pozulmuş və qardaşı X1 rayon sakini X11 ilə 05 may 2005-ci il tarixdə faktiki nikaha daxil olmuşdur. Onların birgə münasibətlərindən 27 mart 2006-cı il tarixdə X15 anadan olmuş və uşağın atalığı müəyyən edilmişdir. X21 ikinci dəfə qeyri-rəsmi olaraq ailə qurduğu X11 və qızı-Əbülfətli Zərifə ilə birlikdə vəfat etdiyi xx.xx.2021-ci il tarixədək, mərhum anası X4 mülkiyyətində olan həmin Lənkəran şəhəri X23 (keçmiş B.O.Abbasov) küçəsi bina 78/19 mənzil 69 ünvanında ailəsi ilə birlikdə yaşamışlar. İddiaçı X3 ilə rəsmi nikaha daxil olmuş və qaynanası- X4 mülkiyyətində olmuş mübahisələndirilən həmin Lənkəran şəhəri X23 (keçmiş B.O.Abbasov) küçəsi bina 78/19, mənzil 69 ünvanına gəlin köçmüşdür. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qanunvericiliyin tələbinə görə iddiaçı - gəlin mənzilin mülkiyyətçisinin ailə üzvü hesab edilmir. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri, mülkiyyətçinin əri (arvadı), habelə onun uşaqları və valideynləri hesab olunurlar. İddiaçının, cavabdehdən özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Dolayısı ilə iddiaçının, cavabdehdən sonuncunun yaşadığı mənzilə köçürülməsini tələb etmək hüququ yoxdur. Belə ki, İddiaçı mərhum X3 ilə 1999-cu ildə rəsmi nikaha daxil olaraq mərhum anasının mülkiyyətində olan evə gəlin köçdüyü üçün, yəni onlar ailə münasibətinə 1999-cu ildə daxil olduqda, o dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. O dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvlərinin hüquq və vəzifələri kimi qeyd edilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi, İddiaçı mərhum X3 ilə 1999-cu ildə rəsmi nikaha daxil olaraq mərhum anasının mülkiyyətində olan evə gəlin köçmüş, müəyyən müddət yaşadıqdan sonra X21in ruhi-psixi xəstə olmasını səbəb göstərərək 2005-ci il tarixdə könüllü olaraq evdən çıxıb getmişdir. Odur ki, X21, X11 ilə xx.xx.2005-ci il tarixdə faktiki nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2006-cı ilarixdə X15 anadan olmuşdur. Yəni İddiaçı həmin tarixdən evi uzun müddətdir tərk edərək başqa yerdə yaşamaqla hazırda onun mülkiyyətində olan evə yaşayış hüququnu itirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o mütəmadi olaraq gəlib ərinə baş çəkmiş, bir neçə gün və ya həftə həmin evdə və eyni qaydada atasıgilin evində yaşamış, əri öləndən sonra cavabdeh Rusiya Federasiyasından gələrək həmin evdə yaşamağına imkan verməmiş, o məcbur olub evdən çıxmış, yəni könüllü olaraq və ya digər yaşayış yeri olduğuna görə evi tərk etməmiş, məhkəmə isə qeyd olunan məsələni ətraflı araşdırmamış, həmin hüququn əldə edilməsini zəruri edən əsasın yəni, yaşayış sahəsinə ehtiyacının həqiqətən aradan qalxmadığını müəyyən etməyərək qənaətə gəlmişdir ki, müəyyən müddət o həmin evdə yaşamamış və həmin hüququnu itirmiş, onun cavabdehin qardaşı ilə rəsmi olaraq nikahının pozulmasına baxmayaraq mülkiyyətçi ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun saxlanılmalı olduğunu, məhkəmənin isə onun yaşamamağını əsas gətirərək iddianı rədd etdiyini qeyd etmişdir. Məhkəmə guya gəlini qaynananın və baldızın saxlamaq, aliment kimi öhdəliyi olmadığına görə iddianı rədd etmişdir. O məhkəməyə müraciət etməklə sadəcə maneənin aradan qaldırılmasını xahiş etmiş lakin, məhkəmə öz qətnaməsi ilə maneələrin qaldırmağına münasibət bildirmək əvəzinə onun ümumiyyətlə 2006-cı il tarixli qətnamə ilə həmin evdə yaşamaq hüququnun olmadığı qənaətinə gəlmişdir. O, məhkəmə iclasında əlavə sübutları olduğuna görə mülki işin baxılmamış saxlanılması barədə ərizə verməyinə baxmayaraq, məhkəmə cavabdehin buna razı olmadığını əsas gətirib işə mahiyyəti üzrə baxmış və həmin sübutları məhkəmədə təqdim etməyinə şərait yaratmamışdır. Bununla da, çəkişmə prinsipinə riayət edilməsinə əməl etməmişdir. Onun evə köçürülməyi barədə qəbul olunmuş Lənkəran Rayon Məhkəməsinin 2006-cı il tarixli qətnaməsinin məcburiliyi işə baxan məhkəmə tərəfindən nəzərə alınmamış, bundan başqa qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş nəinki faktlar bütövlükdə qətnamə mübahisələndirilmiş və guya müəyyən müddət orada yaşamamağı səbəbindən iddia rədd edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində onun həmin mənzildə 10 il yaşamaması və oradan könüllü olaraq köçüb başqa evdə yaşaması sübuta yetməmiş və ya məhkəmə iclasında tədqiq edilməmiş sübutlara əsaslanmışdır. O, hazırkı iddia ərizəsində uşaqlarının da sözügedən mənzilə köçürülməsini tələb etməsə də, məhkəmə tələbindən kənara çıxa bilərdi. Məhkəmə qətnaməni qəbul edərkən maddi və prossesual hüquq normalarını kobud şəkildə pozmuşdur. Qətnamədə göstərilən hallar iş materiallarına uyğun deyil və məhkəməin söykəndiyi bəzi faktlar heç də mötəbər sübutlarla təsdiq edilməmiş, araşdırılmamış məlumatlara istinad edilir. İş üzrə mövcüd olan faktların əsası qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilməməsidir. Cavabdeh apellyasiya şikayətinə etiraz verərək, onun təmin edilməməsini və Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(049)-330/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək çıxarışın etibarsız hesab edilməsi ilə bağlı Lənkəran Rayon Məhkəməsində iddia qaldırdığını, qarşı tərəfin həmin çıxarışı saxta yollarla aldığını, özünün həmin evdə 2021-ci ilə qədər yaşadığını, əri vəfat etdikdən sonra Lənkəran şəhərində “Kiçik bazar” adlanan əraziyə köçdüyünü, cavabdehin ona böhtan ataraq yenidən ərə getdiyini iddia etdiyini, özünün hazırda Lənkəran şəhərində kirayədə yaşadığını, hər ay 120 manat məbləğdə kirayə haqqı ödədiyini və maaşının isə 700 manat məbləğ olduğunu bildirmişdir. Cavabdeh məhkəmədə izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini, iddiaçının başqa bir qadın gətirərək cavabdehi öz qardaşı kimi təqdim etdiyini, qardaşının həmin qadınla evləndirildiyini, 2006-cı ildə həmin qadından qız uşağı doğulduğunu, hazırda həmin evin qardaşının xəstə uşağının gəlib getdiyini və orda yaşadığını, lakin orda daimi qalmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(049)-330/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Lənkəran ŞİH Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı hal-hazırda Lənkəran şəhər Ş.Xiyabanı ev 46/12 mənzil 32 ünvnında oğlu – X9 ilə birlikdə yaşayır. İş materiallarında olan Nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə İddiaçı xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar. Özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzil X4 mülkiyyətində olmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-99- 2006-cı №-il qətnamədən görünür ki, İddiaçı bir azyaşlı uşağı ilə birlikdə ünvan 6ənzil ünvanda yerləşən mərhum X4 adına olan iki otaqlı mənzilin günbatan tərəfindəki otağa köçürülməsi qət edilmişdir. İş materiallarında olan Lənkəran ŞİHB-nın xx.xx.2011-ci i tarixli 199 N-li Sərəncamından görünür ki, İddiaçı 17 fevral 1974-cü ildə anadan olmuş, İ qrup əlil olan keçmiş həyat yoldaşı X10 üzərində qəyyum təyin olunmuşdur. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 1390/2022 saylı 15 avqust 2022-ci il tarixli 2(049)-750/2022 saylı qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilərək, mərhum X2 qalmış Lənkəran şəhəri Z.Əliyeva küçəsi bina 78/19-da yerləşən 2 otaqlı yaşayış sahəsi 30.9 kv.m ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzildən ibarət mirasdakı payının Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Lənkəran ŞİH Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh məxsus Z.Əliyeva küçəsi ev 78/19 mənzil 69 ünvanında hazırda X11 və X15 yaşayır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan və Fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/19 mənzil 69-da yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh mərhum X3nun arvadı olmuşdur. Belə ki, onlar 21 iyul 1999-cu il tarixdə faktiki nikaha daxil olmuş və nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmiləşdirmişlər. Fatiki nikaha daxil olduqdan sonra mərhum qaynanası X4 adına olan keçmiş Lənkəran şəhəri Heydər Əliyev küçəsi indiki Lənkəran şəhəri X23 küçəsi Bina 78/19 mənzil 69-da yerləşən 2 otaqlı evə gəlin köçmüşdür. Əbülfətov Hüseynlə birgə nikahlarından xx.xx.2002-ci il tarixində X9 adında 1 uşaqları doğulmuşdur. 13 dekabr 2004-cü il tarixədək təsərrüfatı birgə idarə etməklə sözügedən evdə birlikdə yaşamışdır. X9 dünyaya gələndən sonra həyat yoldaşı ilə mübahisəsi olmuş, başqa bir evdə qaldıqdan sonra yaşamağa özgə yeri olmadığından gəlin köçdüyü evə köçürülməyi və yaşayış hüququnun tanınması barədə Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və 06 mart 2006-cı il tarixli 2-99-2006 saylı qətnamə ilə iddiası təmin olunaraq oğlu Mirrafiq ilə birlikdə xx.xx.2007-ci il tarixində sözügedən ünvanda yerləşən mərhum qaynanası X4 adına olan 2 otaqlı mənzilin günbatan tərəfindəki otağa köçürülmüşdür. Lənkəran ŞİHB-nın xx.xx.2011-ci il tarixli 199 nömrəli sərəncamından görünür ki, İddiaçı 17 fevral 1974-cü ildə anadan olmuş, İ qrup əlil olan keçmiş həyat yoldaşı X10 üzərində qəyyum təyin olunmuş, əri mərhum Hüseyn Əbülfətovla 2011-ci ilədək birlikdə yaşamışdır. 2011-ci ildən sonra isə həmin evdən çıxmış və atasına məxsus başqa evdə yaşamağa başlamışdır. X16 xx.xx.2021-ci il tarixində ölmüşdür. Həmin mənzil Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Lənkəran şəhəri X23 küçəsi Bina 78/19 mənzil 69-da yerləşən 2 otaqlı mənzil Cavabdeh mülkiyyətinə verilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. İş materiallarından görünür ki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/19 mənzil 69-da yerləşən fərdi yaşayış evinin üzərində Cavabdeh tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin 26 oktyabr 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınması üzrə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir mötəbər sübutla öz təsdiqini tapmayan dəlillərini formal mülahizə hesab edir. Belə ki, apellyasiya şikayətlərinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. İddiaçı apellyasiya şikayətinin onun evə köçürülməyi barədə Lənkəran Rayon Məhkəməsinin 06 mart 2006-cı il tarixli 2-99-2006 saylı qətnaməsinin məcburiliyinin məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlili üzrə nəzərə alınmalıdır ki, işin mübahisəsiz hallarına, eləcə də özünün izahatlarına əsasən icra edilmiş və ona hər hansı maneə yaradılmamışdır. Hazırda isə həmin icra sənədi üzrə borcu iş üzrə cavabdeh deyildir. Bu baxımdan, həmçinin işin materiallarına əlavə edilmiş sübutlara görə qaldırılmış iddianın əsasları yenidir. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericinin müəyyən etdiyi (Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş) müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı halda İddiaçı deyil, onun oğlu - 01 fevral 2002-ci il təvəllüdlü və yetkinlik yaşına çatmış X6 29 oktyabr 2021-ci il tarixində ölmüş mərhum atası X13 çatası miras payla əlaqədar aidiyyəti məhkəməyə müraciət edə bilər. Eyni əsasla da, hazırkı mülkiyyətçi Cavabdeh məxsus hüquq müəyyənedici sənədlərin İddiaçı tərəfindən mübahisələndirilməsi zamanı onun subyektiv hüququnun mövcudluğu halı da mübahisəlidir. Məhz bu səbəbdən, kollegiya hazırkı iş üzrə icraatın iddiaçının Lənkəran Rayon Məhkəməsinə qeyd edilən müraciətinə görə dayandırılması həmin işin uğurluluq ehtimalı baxımından zəruri hesab edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(049)-330/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(049)-330/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar