Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-981/2024 02.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-117/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X3 Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq 2906,0 manat əsas borc və 50,40 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-117/2024 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia qismən təmin edilərək Cavabdeh 1392 manat və 34 manat dövlət rüsumunun alınıb iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin 52 manat məbləğində təmin edilməsi, qalan hissədə təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırmışdır ki, 2021-ci ildə o, Cavabdeh məxsus olan İmişli şəhəri T.İsmayılov küçəsi ev 8-də yerləşən 14 nömrəli mənzili təmir etmiş və Ədibənin xahişi ilə "xxxx" ASC-nin İmişli filialından 3340 manat məbləğində kredit götürüb ona vermişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə Banka hər ay 116 manat ödəyərək kreditin tam şəkildə qaytarılmasını təmin etməli olduğu halda öhdəliyin icrasından yayınmış və sonuncu yeddi ay müddətində aylıq ödənişlər onun pensiyasından tutulmuşdur. Onun tərəfindən banka ödəniləcək borcun ümumi məbləği 2906 manat məbləğ təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdehə qətnamədə göstərildiyi məbləğdə borclu deyildir. İddiaçı 2021-ci ildə bankdan 3140 manat kredit götürüb ona vermişdir. Hər ay 116 manat banka ödəmişdir. 2022-ci ilin dekabr ayında qalıq borcu 1392 manat olmuş, iddiaçı ondan borcu tam ödəməyi tələb etmiş, o da bir dəfə 1000 manat və sonra 300 manat ödəyərək cəmi 92 manat borclu qalmışdır. Sonra İzzət telefon almaq üçün ondan 40 manat istəmiş, həmin məbləği ona vermişdir. Ona cəmi 52 manat borcu qalmışdır. 2023-cü ilin yanvar ayında İzzət gəlib həmin pulu istəmiş, pulu olmadığına görə verə bilməmiş və İzzət onu döymüşdür. Polisə şikayət etmişdir. Buna görə İzzət qərəzli qalaraq borcu şişirtmişdir. O, məhkəmədə 300 manat ondan aldığını təsdiq etsə də, məhkəmə qətnamədə bunu göstərməmişdir. İddiaçının ona qarşı artıq pul tələbi irəli sürərək əsassız varlanmaq istəyinə məhkəmə hüquqi qiymət verməyib. Borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı ona 3340 manat borc verdiyini göstərsə də, bu barədə yazılı müqavilə yoxdur. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçıya olan borcunu 1000 manat, 300 manat və 40 manat olaraq ayrı-ayrı vaxtlarda ödəmişdir. Həmin pulları ona əlbəəl vermişdir, lakin bunu təsdiq edəcək heç bir sübutu yoxdur. İddiaçı oğluna nişan edəcəyini, ona pul lazım olduğunu və yeni kredit götürdüyü üçün bankdan istədiyi məbləğdə kredit götürə bilmədiyini bildirmişdir. O isə aralarında cəmi 52 manat borc pul qaldığını bildirmiş və kartının şəklini ona atmasını istəmişdir. İddiaçı kartının şəklini atmamış, o da həmin məbləği xərcləmişdir. Bir müddət sonra iddiaçı onun evinə gələrək həmin pulu ondan tələb etmiş, o, pulları xərclədiyini bildirmiş, iddiaçı da onu döymüş, təhqir etmişdir. Bundan sonra məcbur qalıb polisə şikayət etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan onun tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-117/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, 2021-ci ildə X3 "xxxx" ASC-nin İmişli filialından 3340 manat kredit götürüb Cavabdeh vermişdir. Kredit müqaviləsi üzrə banka hər ay 116 manat ödənilərək 2022-ci ilin dekabr ayında qalıq borcun məbləği 1392 manat olmuşdur. Cavabdeh həmin məbləği X2 qaytarması müəyyən edilməmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın 52 manat məbləğində təmin edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə qismən yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.2 və 6.3-cü maddələrinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 324.1, 324.2 və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Belə ki, Cavabdeh müraciəti əsasında İmişli rayon polis şöbəsində toplanmış materiallardan görünür ki, Cavabdeh izahatında iddiaçıya kredit borcunun olmasını qəbul etmiş, aralarında yaranan mübahisədən sonra kredit borcunu ödəmədiyini bildirmişdir. Məhkəmədə verdiyi izahatında cavabdeh iddiaçıya 52 manat borcunun qaldığını, qalan bütün broclarını ödədiyini, lakin bunu təsdiq edəcək sübutunun olmadığını da qeyd etmişdir. Cavabdeh etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və tərəflər arasında borc münasibətinin mövcudluğunu özünün də qəbul etdiyi halda yalnız formal mülahizələrə görə kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı saya bilməz. Kollegiya qeyd edir ki, MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-117/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-117/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-981/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-981/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver