Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-985/2024 06.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bir baş iribuynuzlu heyvanın qaytarılması və dəyərinin alınması” tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2(048)-606/20023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “bir baş iribuynuzlu heyvanın qaytarılması və dəyərinin alınması” tələbinə dai iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, bir baş erkək dana və ya onun dəyəri olan 2000 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2(048)-606/20023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh bir baş 3 yaşında dananın və ya həmin dana olmazsa onun dəyərini təşkil edən 1200 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan məhkəmə qəbzinə əsasən qətnamə cavabdeh X1 8 dekabr 2023-cü il tarixdə təqdim edilmişdir. Qətnamədəm cavabdeh 21 dekabr 2023-cü il tarixdə kağız daşıyıcıda apellyasiya şikayəti vermiş, şikayət iş materiallarına əlavə olunaraq baxılmasından ötrü Şirvan Apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi T.X.Heydərov, hakimlər İ.Q.Əsədov və S.İ.Mayılov) 2 fevral 2024-cü il tarixli 2(106)- 464/2024 salyı qərardadı ilə apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş materialı apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lerik Rayon Məhkəməsinə qaytarılmışdır. İş materialları 14 mart 2024-cü il tarixində Lerik Rayon Məhkəməsinə daxil olmuş, məhkəmə tərəfindən apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi istiqamətində zəruri prosessual hərəkətlər edilməmişdir. Halbuki MPM-in 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 2 aprel 2024-cü il tarixdə Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qətnamədən təkrarən apellyasiya şikayəti verilmişdir. Lerik Rayon Məhkəməsi 2 aprel 2024-cü il tarixli qərardadla apellyasiya şikayətini prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin : 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual hərəkətlər Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir və qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Müddət keçdikdən sonra isə həmin prosessual hərəkətin yerinə yetirilməsindən ötrü, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində nəzərdə tutulan qaydalara riayət edildiyi halda, həmin prosessual hərəkət yerinə yetirilə bilər. İş materiallarından görünür ki, cavabdehin apellyasiya qaydasında mübahisələndirmək istədiyi qətnamə 8 dekabr 2023-cü il tarixdə rəsmi qaydada ona təqdim olunmuşdur. Məhz həmin andan cavabdeh barəsində qəbul edilmiş qətnamənin mövcudluğundan rəsmi qaydada xəbərdar edilmişdir və həmin tarixdən qətnamə rəsmi qaydada verilmiş hesab edilir. Belə olan halda isə cavabdehə münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunan prosessual müddət 8 yanvar 2024-cü il tarixində bitmiş olmuşdur. Cavabdeh tərəfindən ilk dəfə apellyasiya şikayəti prosessual müddət ərzində verilsə də, həmin şikayət prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, apellyasiya instansiyası tərəfindən qeyri mümkün hesab edilmişdir. Sonradan 2 aprel 2024-cü il tarixində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən apellyasiya şikayəti vermiş olsa da, buraxılmış prosessual müddətin bərpasına dair vəsatət verməmişdir. Birinci instansiya məhkəməsi isə 2 aprel 2024-cü il tarixdə verilən apellyasiya şikayəti üzrə yuxarıda qeyd olunan qaydada araşdırma apararaq, istinad olunan halları müəyyən edib Mülki Prosessual Məcəllənin 360 və 363.1.3-cü maddələrinə əsasən şikayəti geri qaytarmalı olduğu halda, şikayəti iş materiallarına əlavə edirək 2 aprel 2024-cü il tarixdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da, qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Lerik Rayn Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2(048)-606/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən 2 aprel 2024-cü il tarixində verilmiş apellyasiya şikayəti də, qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 128.1, 363.1.3, 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Lerik Rayn Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2(048)-606/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən 2 aprel 2024-cü ildə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh tərəfindən əvvəl və sonradan verilmiş apellyasiya şikayətləri Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün iş materialları ilə birlikdə Lerik Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-985/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-985/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver