Məhkəmə qərarları › İş №2(106)-991/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-991/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-991/2023 05.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(022)-321/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcun etirafı haqqında müqavilə üzrə 5000 manat, mənəvi zərər olaraq 1000 manat və ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə notariat kontorunda cavabdeh ilə onun arasında mövcud borcun etiraf edilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında cavabdeh iddiaçıya 5000 manat məbləğində pul borclu olduğunu etiraf etmiş və müqavilədə müəyyən edilmiş müddətdə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən borclunun xx.xx.2014-cü il tarixə kimi borcu ödəməsi gərəkdiyi halda bugünədək heç bir ödəniş etməmişdir. Təxminən 8 ilə yaxındır ki, cavabdeh götürmüş olduğu məbləği ödəməkdən yayınır. Cavabdehin öz öhdəliklərini vicdanla yerinə yetirməməsi iddiaçını maddi və mənəvi zərərə məruz qoymuş, əldə edəcəyi faydadan onu məhrum etmişdir. Belə ki, cavabdeh tərəfindən ödənilməli olan 5000 manat vaxtında ödənilmiş olsaydı, iddiaçı da öz işlərini vaxtında yerinə yetirib mülki dövriyyə şəraitində qazanc əldə edə bilərdi. Cavabdeh iddiaçını bu hüquqdan məhrum etməklə yanaşı, borcu vaxtı-vaxtında ödəməməsi nəticəsində iddiaçıya əlavə olaraq mənəvi zərər də vurmuşdur. Qanunvericiliyə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Lakin cavabdehin iddiaçının əmlak hüquqlarını pozması iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(022)-321/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəfayil Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 15 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 5000 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat, cəmi 5060 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(022)-321/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya olan borcu tam şəkildə ödənilmişdir və iddiaçı qarşısında bütün öhdəliklər yerinə yetirilmişdir. Buna görə də keçən 8 il ərzində iddiaçı tərəfindən məhkəməyə və digər hüquq mühafizə orqanlarına heç bir iddia tələbi irəli sürülməmişdir. Müqavilə bağlandığı vaxtdan uzun müddət keçməsinə baxmayaraq, məhkəmə tərəfindən əsassız qətnamə qəbul edilmiş, məhkəmə iddia müddətinin keçməsinə heç bir əhəmiyyət verməmişdir. Mülki iş materiallarından göründüyü kimi, cavabdehin pul vəsaitinin qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Belə bir sübut iddiaçı tərəfindən təqdim edilmədiyinə görə məhkəmə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmalı idi. Lakin məhkəmə qətnaməsində istinad etdiyi maddi hüquq normalarını səhv təfsir edərək mübahisəyə səhv tətbiq etmişdir. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz verilmiş, etirazda apellyasiya şikayətinin təmin edilməməsi və Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(022)-321/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etirazı onunla əsaslandırmışdır ki, cavabdeh aralarında olan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək heç bir ödəniş etməmiş, ödəniş etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İndiyədək cavabdehə qarşı məhkəmədə iddia irəli sürməməsinin səbəbi cavabdehin borcu qaytaracağı barədə onu verdiyi vədlər olmuşdur. İddiaçı onun verdiyi vədlərə inanaraq məhkəmədə ona qarşı iddia qaldırmamışdır. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, o, iddiaçıya olan borcunu ona maşın verməklə ödəmişdir. Cavabdeh verilmiş suallara cavab olaraq bildirmişdir ki, maşın onun dayısı oğlunun adına olmuş, həmin maşın iddiaçının nümayəndəsi (atası) olan Nümayəndə yeznəsinin adına keçirilmişdir. Maşın təxminən 2011-2012-ci illərdə verilmişdir. O, sözügedən maşının verilməsinin hazırkı kredit müqaviləsi üzrə borcun ödənilməsinə aidiyyəti ilə bağlı verilmiş suala cavab verə bilmədi. Həmçinin, verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, 2011- 2012-ci illərdə iddiaçıya olan borcundan kiçik məbləğdə pullar ödəmiş, lakin 2014-cü ildən sonra hər hansı ödəniş olmamışdır. O, müqavilə üzrə 5000 manat borcunun olduğunu təsdiq edir, həmin borcdan hər hansı ödəniş etməmişdir. Həmçinin, o təsdiq etdi ki, həqiqətən də, iddiaçı tərəf ilə borcun ödənilməsi ilə bağlı telefonla mütəmadi şəkildə danışıqları olmuş, o, borcun ödənilməsi üçün ona möhlət verilməsini istəmişdir. Sonuncu danışıqları isə hazırkı iş üzrə iddia ərizəsi irəli sürülməzdən təxminən 1 ay əvvəl 2022-ci ilin yanvar ayında baş tutmuşdur. Apellyasiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Vəkil çıxış edərək bildirdi ki, cavabdehin hazırkı iddiadan xəbəri olmamış, ona məhkəmə iclasının yeri və vaxtı barəsində bildirişlər çatmamışdır. Cavabdehin iddiadan qətnamə icraya yönəldikdən sonra xəbəri olmuşdur. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu baxımdan müddətin buraxılmanın nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin, o, iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim etdi. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə çıxış edərək bildirdi ki, cavabdehin qeyd etdiyi maşın borc qarşılığında ona verilməmiş, onun adına keçirilməmişdir. Qeyd etdi ki, uzun müddət ərzində məhkəməyə müraciət etməmələrinin səbəbi cavabdehlə mütəmadi olaraq telefonla əlaqə saxlamaları və cavabdehin onlara borcu ödəyəcəyinə dair vədlər verib möhlət istəməsi ilə bağlı olmuşdur. Cavabdehlə sonuncu danışıq isə təxminən 2022-ci ilin yanvar ayında olmuş, o, yenə də borcu ödəyəcəyinə dair vəd verib möhlət istəmişdir. Lakin onun yalan vədlər verməsi səbəbindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin borcu etiraf etdiyinə, borcu ödəyəcəyini və ona möhlət verilməsini bildirdiyinə dair səs yazıları da mövcuddur. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, qətnaməni iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, notarius X1 tərəfindən təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı 5000 manat məbləğində pulu Cavabdeh borc vermişdir. Həmin məbləğ 2 ay müddətinə, yəni 15 aprel 2014-cü ilədək verilmişdir. Müqavilə İddiaçı və Cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-in 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh təsdiq etmişdir ki, həqiqətən də, iddiaçı tərəf ilə borcun ödənilməsi ilə bağlı telefonla mütəmadi şəkildə danışıqları olmuş, o, borcun ödənilməsi üçün ona möhlət verilməsini istəmişdir. Sonuncu danışıqları isə hazırkı iş üzrə iddia ərizəsi irəli sürülməzdən təxminən 1 ay əvvəl 2022-ci ilin yanvar ayında baş tutmuşdur. İddiaçının nümayəndəsi də cavabdehlə mütəmadi danışıqları olduğunu, sonuncu dəfə 2022-ci ilin yanvar ayında borcu ödəyəcəyinə dair vəd verib möhlət istədiyini təsdiqləmiş, lakin yalan vədlərdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını bildirmişdir. Göründüyü kimi, cavabdeh mütəmadi olaraq, sonuncu dəfə isə 2022-ci ildə iddiaçı tərəfə borcun etirafını göstərən hərəkətlər etmiş, öhdəliyin icrası üçün möhlət istəyərək, borcu ödəyəcəyini bildirmişdir. Bu hallar hər iki tərəfin bildirdikləri ilə təsdiq olunur. Cavabdeh borcun etirafı xarakteri daşıyan bu hərəkəti etməklə, iddia müddətinin axımının kəsilməsinə səbəb olmuşdur. Fasilədən sonra isə iddia müddəti yenidən başladığından hazırkı iş üzrə iddia ərizəsi iddia müddəti ötürülmədən verilmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslı hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizəni birinci instansiya məhkəməsinə təqdim etməməklə yanaşı, apellyasiya şikayətində iddia müddətinin ötürülməsinə dair arqumentlər qeyd etsə də, apellyasiya şikayətinə də əlavə etməmişdir və yalnız sonuncu məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə yazaraq məhkəməyə təqdim etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-in 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə “kredit müqaviləsi” adlandırılmış olsa da, mahiyyət etibarı ilə mövcud borcun etiraf edilməsi haqqında müqavilədir. Müqavilənin 5-ci bəndində də qeyd edilmişdir ki, borclu bu müqaviləni imzalamaqla borc verənə göstərilən borcunun olduğunu bəyan və etiraf edərək təsdiq edir. Həmin müqavilə ilə cavabdeh iddiaçıdan 5000 manat məbləğində borc aldığını və ona 5000 manat borclu olduğunu qəbul etmişdir. Bununla da, cavabdehin iddiaçı qarşısında 5000 manat borc öhdəliyinin mövcud olması öz təsdiqini tapır. Cavabdeh apellyasiya şikayətində iddiaçıya olan 5000 manat məbləğində borcu ödədiyini qeyd etsə də, borcun ödənilməsinə dair hər hansı sübutu nə apellyasiya şikayətinə əlavə etməmiş, nə də məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəməsinin iclasında cavabdeh iddiaçıya olan borcunun müqabilində dayısına məxsus maşının iddiaçının atasının yeznəsinə verildiyini bildirsə də, bu cür halın mövcudluğu, eləcə də, həmin maşının borc müqabilində iddiaçıya verilməsi halı cavabdeh tərəfindən sübuta yetirilə bilməmiş, cavabdeh həmin halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının nümayəndəsi də borc müqabilində hər hansı maşının verilmədiyini bildirmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, cavabdehin dayısına məxsus avtomobilin iddiaçının atasının yeznəsinə iddiaçıya olan borcun müqabilində verilməsi inandırıcı və ağlabatan deyil. Belə ki, cavabdeh sözügedən maşının təxminən 2011-2012ci illərdə verildiyini bildirsə də, müqavilədən də göründüyü kimi, o, xx.xx.2014-cü il tarixində 5000 manat borcunun olduğunu etiraf etmişdir. Belə olan halda isə maşının məhz hazırda tələb edilən 5000 manat borc müqabilində verilməsi ümumiyyətlə mümkün deyil. Cavabdeh apellyasiya məhkəməsinin iclasında həm də müqavilə üzrə 5000 manat borcu olduğunu və həmin müqavilə üzrə hər hansı borc məbləği ödəmədiyini təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, iş materiallarında olan notariat qaydasında təsdiqlənmiş xx.xx.2014-cü il tarixli müqavilə ilə cavabdehin iddiaçıya 5000 manat məbləğində borcunun mövcudluğu tam təsdiq olunduğundan, eləcə də, cavabdeh tərəfindən həmin borcun ödənilməsinə dair hər hansı sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməklə iş üzrə düzgün nəticəyə gəlinmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzində 60 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi nəticəsinə gəlmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası MPM-in 107 və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, birinci instansiya məhkəməsi ödənilmiş dövlət rüsumunun əvəzində 60 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(022)-321/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(022)-321/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(022)-321/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar