Məhkəmə qərarları › İş №2(106)-992/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-992/2023

19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-992/2023 19.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)166/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı 150993,23 manat maddi və 50000 manat mənəvi, cəmi 200993,23 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ona məxsus “Avşar İnşaat” tikinti mağazasında satıcı işlədiyi 2016-2018-ci illər ərzində mal satışının əks olunduğu qeydiyyat dəftərindəki uçot məlumatlarını saxtalaşdıraraq, yəni mağazanın satış dəftərindəki müxtəlif şəxslərin adına, müxtəlif məbləğlərdə qeydlər aparmaqla göstərilən şəxslərin mağazadan həmin məbləğlərdə nisyə şəkildə mal alması görüntüsünü yaradıb satışdan əldə olunan və ona etibar edilmiş 150993,23 manat pul vəsaitini və tikinti materiallarını müxtəlif vaxtlarda əvvəlcədən düşünülmüş şəkildə mənimsəyərək talamışdır. Cavabdeh yalnız hadisənin üstü açıldıqdan sonra göstərilən məbləğin onun tərəfindən mənimsənilməsini etiraf etmiş və qısa müddət ərzində ödəməsinə söz vermişdir. Lakin, cavabdeh vədinə əməl etməmişdir. Bu səbəbdən də şikayət ərizəsi ilə rayon prokurorluğuna müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində stress, həyəcan keçirmiş, sarsıntıya düşmüşdür. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 150993,23 manat maddi, 50000 manat mənəvi, cəmi 200993,23 manat məbləğində pulun və ödəmiş olduğu 492 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 2(017)166/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi (Hakim: R.Nuriyev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 45634 manat pul və ödənilmiş dövlət rüsumundan 226,90 manat, cəmi 45860 (qırx beş min səkkiz yüz altımış) manat 90 (doxsan) qəpik alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya bu qənaətə gələrkən Mülki Məcəllənin 21, 1096, 1097 və Cinayət Məcəlləsinin 65, 181-ci madddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 2(017)166/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətininin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İddiaçı qəbul edilmiş qətnamədən iddianın təmin olunmayan hissəsini mübahisələndirməmiş, Cavabdeh isə iddianın təmin olunan hissəsində apellyasiya qaydasında mübahisə açmışdır. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Ağcabədi Rayon Məhkəməsinin 2(017)166/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini və mənəvi ziyanın ödənilməsini, cinayət mühakimə icraatı zamanı verilmədikdə isə mülki iddia icraatı qaydasında mülki iddia verməklə tələb edə bilər. (CPM-nin 180,180.3,181.1,181.1.2,182.1,182.2,182.3,182.4-cü madələri). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini, tələbin qismən əsaslı olması və qismən sübut olunması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın həmin hissə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 1(017)-28/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsrli bilinərək iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ondan ötrü ki, o “Avşar İnşaat” tikinti mağazasında satıcı işlədiyi 2016-2018-ci illərdə ümumilikdə 45634 manat məbləğində nəğd pul vəsaitini mənimsəyərək talamışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının 14 aprel 2021-ci il tarixli, 1(106)-82/2021 saylı qərarının surətindən görünür ki, zərərçəkmiş şəxs İddiaçı tərəfindən və təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 1(017)-28/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 1(102)-1417/2021 saylı qərarının surətindən görünür ki, məhkum və müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, məhkum Cavabdeh barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının 14 aprel 2021-ci il tarixli qərarı dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən olunmaqla Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təyin edilmiş iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı Cavabdeh törətdiyi dələduzluq cinayəti nəticəsində ona vurmuş olduğu 150993,23 manat məbləğində maddi və 50000 manat məbləğində mənəvi ziyanın ödənilməsini xahiş edir. Tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,21.2, 21.3, 1096.1,1096.2,1097.1,1097.3-cü maddələri təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020- ci il tarixli, 1(017)-28/2020 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh “Avşar İnşaat” tikinti mağazasında satıcı işlədiyi 2016-2018-ci illərdə ümumilikdə 45634 manat məbləğində nəğd pul vəsaitini mənimsəyərək talamışdır. Bu əməlinə görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsrli bilinərək iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 1(106)-82/2021 saylı qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 1(017)-28/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 1(102)-1417/2021 saylı qərarı ilə Cavabdeh barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının 14 aprel 2021-ci il tarixli qərarı dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən olunmaqla Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təyin edilmiş iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Cavabdehin apellyasiya şikayətində iddia tələbinə etirazından müəyyən olunur ki, o iddianı qəbul etmir və hesab edir ki, iddia tələbində göstərilən məbləğ qanunsuz və əsassız olmuşdur. Belə ki, tələb onunan məbləğ şişirdilmişdir. Bildirir ki, maddi imkanı yoxdur və tələb olunan məbləği o heç bir zaman ödəyə bilməyəcək. Odur ki, iddia əsassız olduğundan təmin oluna bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri formal mülahizələrə əsaslanır. Belə ki, cavabdeh iddia tələbi və həmçinin iddia tələbinin təmin olunan hissəsi ilə razılaşmır. Cavabdeh məbləğin qanunsuz və əsassız olmaqla şişirdilmiş şəkildə tələb olunmasını bildirir. Göstərdiyi halı isə hər hansı bir şəkildə sübut edə bilmir. Lakin iş materiallarından da göründüyü kimi, Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 1(017)-28/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsrli bilinərək iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ondan ötrü ki, o “Avşar İnşaat” tikinti mağazasında satıcı işlədiyi 2016-2018-ci illərdə ümumilikdə 45634 manat məbləğində nəğd pul vəsaitini mənimsəyərək talaması müəyyən olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 1(106)-82/2021 saylı qərarının surətindən görünür ki, zərərçəkmiş şəxs İddiaçı tərəfindən və təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 1(017)-28/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 1(102)-1417/2021 saylı qərarının surətindən görünür ki, məhkum və müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, məhkum Cavabdeh barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının 14 aprel 2021-ci il tarixli qərarı dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən olunmaqla Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təyin edilmiş iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Yuxarıda sadalanan məhkəmə aktlarından göründüyü kimi, Cavabdeh “Avşar İnşaat” tikinti mağazasında satıcı işlədiyi 2016-2018-ci illərdə ümumilikdə 45634 manat məbləğində nəğd pul vəsaitini mənimsəməsi sübuta yetirilərək cinayət məsulliyyətinə cəlb olunmuşdur. Məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfin izahatını düzgün təfsir edərək iddia tələbinin təmininə yönələn hərəkət kimi qiymətləndirmişdir. Bu zaman məhkəmə həmçinin nəzərə almışdır ki, prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Məhkəmə haqlı olaraq cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı hazırkı iddiaya baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində iddia tələbinin təmininə yönələn hərəkət kimi qəbul etmişdir. Bütün bunlar iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddia tələbinin qismən təmin edilməsi üçün kifayət qədər əsaslar yaratmaqla iddiaçının iddia tələbində haqlı olmasının göstəricisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi qənaətinə gəlməsi qanuni və əsaslıdır. Kollegiya həmçinin hesab edir ki, məhkəmə idddianın maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Ağcabədi Rayon Məhkəməsinin 2(017)166/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)166/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar