Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-996/2024 05.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşünəli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(050)-160/2024 saylı qətnaməsindən (hakim C.Quliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, Masallı rayonu, Ərkivan kəndində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 188.7 kv/metr ümumi sahədən ibarət fərdi yaşayış evinin boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Masallı rayonu, Ərkivan kəndində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 188.7 kv/metr ümumi sahədən ibarət fərdi yaşayış evinin Cavabdeh 10000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 2000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 8000 manat məbləği 36 ay müddətinə ayda bir dəfə 222.23 manat ödəniş etməklə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən yalnız 2895.66 manat ödənilmiş, qalan məbləğ ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Cavabdeh nisyə alğı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Cavabdeh Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq, nisyə alğısatqı müqaviləsi üzrə öhdəliyi pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək öhdəliyi icra etmədiyi təqdirdə nisyə alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(050)-160/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, Masallı Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli e-2(050)-160/2024 saylı qətnaməsini əsassız, qanuna zidd və qeyriobyektiv hesab edir. İddiaçı QSC-dən kredit götürmüşdür. Kreditin təminatı olaraq Masallı rayon Ərkivan qəsəbəsində 0.06 hektar torpaq sahəsi və üzərində 188.70 kv/metr olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Kredit borcunu vaxtında ödəyə bilmədiyindən fərdi yaşayış evi iddiaçı təşkilatın mülkiyyətinə keçmişdir. Sonradan iddiaçı təşkilat onunla alğı-satqı müqaviləsi bağlayaraq evi ona satmışdır. Razılaşdıqları pulu hər ay iddiaçı təşkilatın hesabına ödəyirdi. Mebel sexində ustalıq edir. Sexdə işləyərkən kəsmə aparatında sağ əlinin dörd barmağı kəsilərək yerə düşmüşdür. Uzun müddən xəstəxanalarda qalmış və sonradan iş fəaliyyəti bərpa oluna bilmədiyindən kreditini ödəyə bilməmişdir. Mütəmati olaraq aylıq ödənişlərini etmişdir. Lakin bank ondan əlavə pullar istəyir. Banka 5000-6000 manat civarında borcu vardır. Məhkəmə bu hissələri araşdırmadan iddia tələbini əsassız olaraq təmin etmişdir. Mübahisəli evdən tək çıxarılmağı barədə qətnamə qəbul etmişdir. Mübahisəli evdə onunla həyat yoldaşı, oğlu və qızı yaşayırlar. Məhkəmə bu hissələri araşdırmamış və ailəsinin taleyini həll etmişdir. Dəfələrlə məhkəməyə xəstə olduğu barədə ərizə və teleqramla müraciət etmişdir ki, məhkəmə iclasını başqa vaxta təxirə salsın. Lakin məhkəmə heç bir əsas gətirmədən məhkəmə iclaslarını təxirə salmamışdır. Banka ödədiyi pulları isə ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə bütün vasitələrdən istifadə edərək iddianın təmin edilməsi üçün münbit şərait yaratmışdır. Məhkəmə işə tələm-tələsik baxaraq ədalətsiz bir qətnamə qəbul etmişdir. Heç bir araşdırma aparmamış, faktiki olaraq banka borcunun nə qədər olmasını araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmədə iştirak etməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı QSC mülkiyyətində olan Masallı rayonu, Ərkivan kəndində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 188.7 kv/metr ümumi sahədən ibarət fərdi yaşayış evini Cavabdeh ilkin olaraq 2000 manat vəsaitin İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan 8000 manat məbləği isə 36 ay müddətinə ayda bir dəfə 222.23 manat notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəniş ödəmək şərti ilə cəmi 10000 manata satmışdır; xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən müqaviləyə dəyişiklik və əlavələr olunması yaxud ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir; Qeydiyyat tarixi və nömrəsi: xx.xx.2022; **********; reyestr nömrəsi **********086-10301 olan çıxarışdan görünür ki, Masallı rayonu, Ərkivan kəndində yerləşən, ümumi sahəsi 188.70 kv/metr olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı QSC-nin adına tam pay hüququ ilə qeydə alınmışdır; Cavabdeh xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə "xxxx" QSC-nin hesabına 2000 manat ilkin ödəniş etmiş, xx.xx.2022-ci il tarixdə 222.34, xx.xx.2022-ci il tarixdə 225, xx.xx.2022-ci il tarixdə 224.32, xx.xx.2023-cü il tarixdə 224 manat, cəmi 2895.66 manat ödəniş etmişdir; İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli, 040204 nömrəli xəbərdarlıq məktubundan görünür ki, bank öhdəliyin icra edilməməsi səbəbindən müqavilənin ləğv edilməsinə dair təklif göndərmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə nisyə alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolu. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Maddə 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu müqavilə üzrə üzərinə düşən öhdəliklərinin icrasından yayınmış, buda öz növbəsində iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmiş, iddiaçı dəyəri ödənilməmiş malın qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(050)-160/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-996/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-996/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver