Məhkəmə qərarları › İş №2(106)-998/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-998/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-998/2023 19.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)1186/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı - Cavabdeh qarşı «borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 6400 manat pulun və ödənilmiş dövlət rüsumu əvəzində 84 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, “Grinappel” pərakəndə spirtli içki şirkətində ekspeditel işləyir. Mirsadıxla 2021-ci ilin əvvəllərində tanışı Elmir vasitəsilə tanış olmuşdur. Həmin vaxtı Mirsadıxla aralarında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsinə əsasən o, Mirsadıxa 12357 manat dəyərində müxtəlif növ spirtli içkiləri satmaq üçün vermişdir. Bir müddət keçdikdən sonra Mirsadıx ondan aldığı spirtli içkilərin dəyərindən 5957 manat ödəsə də, qalıq qalmış 6400 manat məbləğində pul vəsitini ona ödəməkdən imtina etmişdir. Bu barədə Sabirabad RPŞ-nin TB-nin baş təhqiqatçısı Möhlət Bayramovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, cavabdehin üzərində olan 6400 manat həcmində iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən etiraf edib, onun iddiaçıya 6400 manat deyil 5200 manat məbləğində borcu olmasını və ümumi borcdan iddiaçıya 7157 manat ödəniş etməsini bildirərək, məhz 5200 manat məbləğində borcun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)1186/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: N.Bağırov), iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “nisyə alqı-satqı müqaviləsi” üzrə yaranmış 6400 (altı min dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 84 manat, ümumilikdə 6484 (altı min dörd yüz səksən dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 445, 600 və 601-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Seyidov X1 Rayon Məhkəməsinin 2(056)1186/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)1186/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zaman cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)1186/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Sabirabad Rayon Məhkəməsinin 2(056)1186/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)1186/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, İddiaçı spirtli içkilərin satın alınması üzrə cavabdehlə şifahi formada “nisyə alqı-satqı müqaviləsi” bağlamışdır. Həmin şifahi “nisyə alqı-satqı müqaviləsi”nə görə satılan spirtli içkilərin ümumi dəyəri 12357 manat müəyyən edilmiş və həmin məbləğin hissə-hissə ödənilməsi şərti tərəflər arasında razılaşdırılmış, satılan spirtli içkilər alıcı Cavabdeh təhvil verilmiş, lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh aldığı malların dəyəri üzrə qismən ödəniş etsə də, sonradan ödənişdəri dayandıraraq, qalıq borcu təşkil edən 6400 manat hissəsini satıcıya ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh isə iddianı qismən etiraf edərək, 12357 manat təşkil edən ümumi borcdan iddiaçıya 7157 manat ödəniş etməsini və bununla da iddiaçıya 5200 manat məbləğində qalıq borcu olmasını bildirmişdir. Cavabdeh apellyasiya şikayətində və iddia tələbinə etirazından görünür ki, bəli o İddiaçı nisyə alqı-satqı müqavilə əsasında 12357 manat dəyərində spirtli içkiləri almışdır. Aralarındakı razılığa əsasən ümumi dəyəri 12357 manat olan spirtli içkilərin hissə-hissə ödənilməsi şərti tərəflər arasında razılıq olmuş, satılan spirtli içkilər alıcı Cavabdeh təhvil verilmiş. Cavabdeh bildirir ki, ümumi dəyəri 12357 manat olan maldan o cəmi 7157 manat İddiaçı ödəmişdir. Onun iddiaçıya 5200 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi zamanı ümumi borcdan 5200 manat borcu qaldığını bildirsə də məhkəmə bu halı nəzərə almamış və iş üzrə yekun nəticəyə gəlmişdir. Cavabdeh bildirir ki, o 5200 manat borcu qaldığını etiraf etmişdir. Əlavə xərclər üzrə hesablanmış 1200 manat isə iddiaçının öz məvacibinə hesablanmalıdır. Məhkəmə kollegiya cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddianı qismən etiraf etmişdir. Yəni onun iddiaçıya cəmi 5200 manat borcu qaldığını etiraf etmiş yerdə qalan 1200 manat isə yol və reklam xərcləri olmuşdur ki, buda iddiaçının vəsaiti hesabına çəkilmişdir. Kollegiya bildirir ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanarkən belə razılıq olmamışdır. Yaxud belə bir razılıq olması barədə hər hansı bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə ki, çəkilən xərclər barədə hər hansı bir sənəd, ödəniş qəbzi və ya göstərilən xidmətləri təsdiq edən bir sənəd sübut qismində təqdim edilməmişdir. Cavabdehin iddianı etiraf etməsi ona dəlalət edir ki, o, 12537 manat dəyərində mal almış və alınan mallar üzrə ödənişlərin bir qismini yerinə yetirsə də, digər qismini yerinə yetirmişdir. Burada sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür ki, o bunu nə birinci instansiya məhkəməsi nə də apellyasiya icraatı zamanı sübut edə bilməmişdir. MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi “İddiaçı ilə Cavabdeh arasında bağlanmış “nisyə alqısatqı müqaviləsi” üzrə yaranmış 6400 (altı min dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 84 manat, ümumilikdə 6484 (altı min dörd yüz səksən dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin” ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Sabirabad Rayon Məhkəməsinin 2(056)1186/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, cavabdehə münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 1200 manat, yəni beş min manatdan az olduğundan qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)1186/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar