Məhkəmə qərarları › İş №2(106)-999/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-999/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-999/2024 11.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Fikrət Cilingir oğlu Hüseynov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, cavabdehin iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cavabdeh ilə İddiaçı nikahından üç uşaq- xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü Rüqəyya və Zəhra doğulmuşdur. Əvvəllər nikahın pozulması və alimentə dair işə baxılmış, Lənkəran rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(049)-2432/2019 saylı qətnaməsi ilə 05 avqust 2019-cu il tarixdən başlayaraq Cavabdeh xx.xx.2012-ci ildə anadan olmuş X8, xx.xx.2013-cü ildə doğulmuş X1 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 80 manat olmaqla, üç uşağa görə cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. Bundan başqa, Lənkəran rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(049)- 1926/2020 saylı qətnaməsi ilə xx.xx.2012-ci ildə anadan olmuş X8 müalicəsi üçün hər ay 50 manat sabit pul məbləğində əlavə xərcin tutularaq iddiaçı X5 verilməsini qət etmişdir. Hazırki tələbində İddiaçı aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından olmuş xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü Rüqəyya və Zəhranın (əkiz qızların) yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa 250 manat olmaqla cəmi 750 manat, oğlu Əlinin əlavə xərci olaraq 170 manat Cavabdeh tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilk övladı lal-kar və psixi yerində olmadığı üçün əlildir. Digər iki əkiz övladları sağ salamatdır. Əli adlı oğlu əlil olduğu üçün cavabdeh onu xüsusi tipli internat məktəbinə qoyulmasını, ailəsinin təcrid edilməsini tələb edir. Nikahın pozulmasıyla bağlı müraciət etmiş, iddiası 2019-cu ildə təmin olunmuşdur. Hazırda üç uşağıyla birlikdə valideynlərinə məxsus olan bir otaqlı evdə yaşayır. Şirvan Apellyasiya və Ali məhkəmənin cavabdehlərin mülkiyyətində olan evə yaşamaq hüququ təmin olunsa da cavabdeh müxtəlif yollarla həmin evə qoymur. Əli adlı uşağı əlildir, ona görə uşağı tək evdə qoyub işləyə bilmir hazırda üç uşağı saxlamaq üçün 290 manat aliment alır. İndiki zamanda uşaqların saxlanılması üçün kifayət etmir. İki əkiz qızı məktəblidir, istər dərs ləvazimatları, istərsə də məktəbli formaları üçün ərzaq və daha vacib tələbatları üçün kifayət etmir uşaqların tələbat artıb. Cavabdeh həm ustalıq edir həmdə sosial müavinət alır. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən tələbinin həcmini azaltmış, Lənkəran Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(049)-2432/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarın hər uşağa görə 230 manat olmaqla üç uşağa görə cəmi 690 manat sabit pul miqdarında artırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun təmin edilməməsini xahiş etmiş, izahatında göstərmişdir ki, səhhəti ilə əlaqədar heç bir yerdə işləmir, İİ qrup əlildir, qazancı yoxdur, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəməyə çətinlik çəkir. Oğlu Əli xəstəliyinə görə ondan çox pensiya alır. Lənkəran Rayon Məhkəməsinin (hakim M.Aslanov) 06 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(049)-2432/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh 11 avqust 2012-ci il tarixdə doğulmuş X14, 08 dekabr 2013-cü il tarixdə doğulmuş X7 və 08 dekabr 2013-cü il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 manat, olmaqla ümumilikdə üç uşağa görə hər ay cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Əmrah qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçının ödədiyi 55 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı Əmirah qızına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 112.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, özü heç bir yerdə işləmir, İİ qrup əlildir, fərdi təsərrüfatında heç bir mal-qara yoxdur, özü də atası X2 məxsus evdə yaşayır. Əgər imkanı olsaydı və ya İddiaçı dediyi kimi ustalıq etsəydi, özü üçün başqa yerdə ev inşa eləyib, orada yaşayardı. Özü İİ qrup əlil olduğu üçün və hər ay dövlət tərəfindən 220 manat təqaüd aldığı üçün məhkəmə tərəfindən qət edilmiş 290 manat aliment pulunun 70 manatın ödəyə bilmir. Onun özünü valideynləri saxlayır. İİ qrup əlil olduğu üçün onu heç bir yerdə işə götürmürlər. Uşaqlardan xəstə olan Əli anadan gəlmə əlildir və həmin uşaq ondan da çox, yəni 300 manatdan çox təqaüd alır, eyni zamanda hər ay o buna görə 50 manat əlavə xərc ödəyir, həmçinin iddiaçı həmin uşağa baxmağa görə 100 manat müvinət alır. Bütün bunlara məhkəmə düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İzahatında cavabdeh bildirmişdir ki, onun üzərində 6400 manat cərimə var. Epilepsiya xəstəsidir. Əlilliyinə nəzərən 290 manatdan ödəyə bilmir. İmkan daxilində azaldılmasını xahiş edir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən etibarlı məlumat verilmiş, lakin gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, tərəflərin birgə nikahından üç uşaq- xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü Rüqəyya və Zəhra doğulmuşdur. Əvvəllər nikahın pozulması və alimentə dair işə baxılmış, Lənkəran rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə hər ay bir uşağa görə 80 manat olmaqla, üç uşağa görə cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. Bundan başqa, Lənkəran rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci ildə anadan olmuş X10 müalicəsi üçün hər ay 50 manat sabit pul məbləğində əlavə xərcin tutularaq iddiaçı X5 verilməsini qət etmişdir. İddiaçı hazırki tələbində əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını, hər ay hər uşağa görə 230 manat, cəmi 3 uşağa görə 690 manat alimentin müəyyən edilməsini tələb etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 01 yanvar 2024-cü ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə almışdır. Apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, işləmir, İİ qrup əlildir, fərdi təsərrüfatında heç bir mal-qara yoxdur, özü isə atasına məxsus evdə yaşayır. Ustalıq etmir. İİ qrup əlil olduğu üçün və hər ay dövlət tərəfindən 220 manat təqaüd aldığı üçün məhkəmə tərəfindən qət edilmiş 290 manat aliment pulunun 70 manatın ödəyə bilmir. Onun özünü valideynləri saxlayır. Cavabdeh izahatında göstərmişdir ki, onun üzərində 6400 manat cərimə borcu vardır. Epilepsiya xəstəsidir. Kollegiya qeyd edir ki, göstərilən hallar, o cümlədən cavabdehin aylıq qazancının az olması ona əsas verir ki, iddia qismən təmin edilsin. Birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, tərəflərin birgə nikahından olan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alsa da cavabdehin 2-ci qrup əlil olduğunu, başqa qazancının olmadığını nəzərə almamışdır. Kollegiya hesab edir ki, cavabdehin özünün xəstə olduğunu, başqa qazancının olmadığını, maddi vəziyyətinin aşağı olduğunu nəzərə alaraq əvvəl müəyyən edilmiş alimentin miqdarı artırılmaqla hər uşağa görə 100 manat müəyyən edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən 3 uşağa görə əvvəl təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla ümumilikdə üç uşağa görə hər ay cəmi 300 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(049)-542/2024 saylı qətnaməsi dəyişdirilsin. Uşaqlar- 11 avqust 2012-ci il təvəllüdlü X14, 08 dekabr 2013-cü il təvəllüdlü X7 və X6 yetkinlik yaşına çatanadək saxlanılması Cavabdeh tutulmalı olan alimentin miqdarı dəyişdirilsin və hər ay hər uşağa 100 manat olmaqla üç uşağa görə hər ay cəmi 300 manat miqdarında müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar