Məhkəmə qərarları › İş №2(107)-1002/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1002/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1002/2022 18.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(024)-149/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh və vərəsə olan Cavabdeh3 və zaminlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 4008.26 manat məbləğində kredit borcu, 1092.42 manat məbləğində faiz borcu və 2464.33 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7565 (yeddi min beş yüz altmış beş) manat 01 (bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 95.65 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 24 may 2022-ci il tarixli, 2(024)- 149/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh və vərəsə olan Cavabdeh3 və zaminlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 4008.26 manat məbləğində kredit borcunun, 1092.42 manat məbləğində faiz borcunun və 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5200 (beş min iki yüz) manat 68 (altmış səkkiz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 95.65 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 Qax Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(024)-149/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 361.1.4-ci maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Cavabdeh şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kollegiya həmçinin hesab edir ki, belə olan təqdirdə apellyasiya şikayətində konkret dəlillər göstərilmədiyindən şikayətə hüquqi qiymət verilməsi qeyri-müəyyən olur. Ona görə də qeyd edilənlər apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qax Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(024)-149/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Qax Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar