Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1005/2023 17.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(016)-302/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddiası əsasında başlanmış mülki işə baxmış Ağsu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19 dekabr 2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, ödəniş gününə olan məzənnə ilə 141.950, 30 ABŞ dolları əsas, 109.321,92 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə və borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış 11.615,08 ABŞ dolları faiz borcu olmaqla, cəmi 262.994,3 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi, tələbin iddiaçıya məxsus olan Abçeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. İddiaçı və cavabdeh ayrı-ayrılıqda həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Arif Hüseynov iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə cavabdehdən tələb olunan dəbbə pulunu qət olunan miqdarda azaltmaqda haqlı olmamışdır, bu səbəbdən sözügedən qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(016)-302/2022 nömrəli qətnaməsi ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya baxışı zamanı məhkəmənin istifadəsində olan “AZEMİS” Elektron informasiya sistemi vasitəsilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman cavabdehin fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (VÖEN **********, fəaliyyət növü kimyəvi malların pərakəndə alğı-satqısı). Bu hal həm də iş materiallarına əlavə edilmiş cavabdehə məxsus “fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamə ilə də müəyyən olunur. Məhkəmə onu da qeyd edir ki, cavabdehin sahibkarlıq fəaliyyəti hazırda dayandırılsa da, tərəflər arasında kredit müqaviləsi bağlanarkən, yəni 04 fevral 2015-ci il tarixdə cavabdeh fərdi sahibkar statusunda olmuşdur. Belə ki, cavabdeh vergi ödəyicisi, yəni sahibkar kimi 14 yanvar 2015-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan əlavə işin araşdırılması zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə cavabdehə 208.000 ABŞ dolları kredit verilmiş və həmin kreditin “tikinti işlərinin aparılması” üçün verildiyi müəyyən edilmişdir(müqavilənin 2.bəndi). Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əsasən hesab edir ki, mübahisə üzrə tərəflərdən biri olan iddiaçı hüquqi şəxs, digər tərəf olan cavabdeh isə fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir(maddə 24.2). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (maddə 26.1). Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər(maddə 384.0., 384.0.4.). Qeyd olunalara əsasən Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(016)-302/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(016)-302/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1005/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1005/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver