Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1009/2023 15.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1743/2023 saylı mülki iş üzrə qəbul etdiyi 25 iyun 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh X1 22.400 manat məbləğində icarə müqaviləsi üzrə borcun və ödənilmiş 162 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin( bundan sonra- Şəhər Məhkəməsi) xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan Şəhər Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəhər Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şəhər Məhkəməsi “iddia ərizəsinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iş materiallarında iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş icarə müqaviləsinin 8-ci maddəsindən görünür ki, tərəflər arasında yaranmış mübahisənin yazılı ərizə ilə həll edilməsi mümkün olmadıqda, bu məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçı cavabdehlə mübahisənin məhkəmədən kənar qaydada nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi ərizəyə əlavə etməmişdir. Ona görə də iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şəhər Məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçının nümayəndəsi Vəkil isə qərardaddan verdiyi şikayətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 700.1ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi cavabdeh-icarəçi müqavilədən irəli gələn vəzifəni yerinə yetirməmiş və Mülki Məcəllənin 685.2.1-ci maddəsinin tələblərinə görə kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Bu onu deməyə əsas verir ki, mübahisə ilə bağlı pretenziya verilməsi qaydası tətbiq edilmir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçıla cavabdeh Eldar Quliyev arasında 21 yanvar 2021-ci il tarixdə icarə müqaviləsi bağlanılmışdır. İcarə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Cavabdeh icarə haqqını ödəmədiyi üçün borcu yaranmışdır. İddiaçı icarə müqaviləsinin ləğvini və icarə haqqı borcunun tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırki iş üzrə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8. bəndində qeyd olunur ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsində mübahisənin məhkəməyə qədər nizama salınması qaydası nəzərdə tutulsa da, iddia tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi barədə pretenziya göndərilməmişdir. Belə olan halda hesab edilməlidir ki, Şəhər Məhkəməsi “iddia ərizəsinin geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyun 2023cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1009/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1009/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver