Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1010/2023 24.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 27 dekabr 2021-ci il tarixli aktla müəyyən olunur ki, 26 dekabr 2021-ci il tarixdə saat 19:45 radələrində Yevlax rayonu Kövər kəndi ərazisində istismarda olan F/O-12 optik rabitə kabeli və 2 ədəd rabitə dirəyi istismara yarasız hala düşmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1948.57 manat məbləğində ziyanın və ödənilmiş 39,49 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 26 dekabr 2021-ci il tarixdə, təxminən saat 19:45 radələrində Yevlax rayonu Kövər kəndi ərazisində idarə etdiyi “Hunday” markalı, **-GA-*** dövlət nömrə nişanlı avtomobili ilə İddiaçı MMC-yə məxsus istismarda olan hava xətti ilə gedən 174 metr ölçüdə F012 optik kabeli və 2 ədəd rabitə dirəyini yararsız hala salmışdır. Hadisə nəticədə İddiaçı MMC-yə 1948,57 manat məbləğində ziyan dəymişdir. Rabitə kabelinin xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən qırılması ilə əlaqədar MARF-nın Yevlax şöbəsinin işçiləri tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Eyni zamanda hadisə zamanı dərhal Yevlax rayon Polis Şöbəsinə müraciət edilmişdir. Yevlax rayon Polis Şöbəsinin 10 Yanvar 2022-ci il tarixli, 66 saylı qərarı ilə də hadisənin cavabdeh tərəfindən törədilməsi sübuta yetirilmişdir. Cavabdehdən vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı olaraq onun ünvanına zərərin könüllü ödənilməsi barədə məktub göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi ziyan ödənilməmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin MARF-nın Yevlax şöbəsindən Yevlax rayon polis şöbəsinə daxil olmuş məktubla əlaqədar polis şöbəsində izahat vermiş və araşdırma aparıldıqdan sonra barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, etibarnamə ilə ona verilmiş “Hunday” markalı 90-GA- 401 dövlət nömrə nişanlı yük avtomobili ilə yük daşıyır. xx.xx.2021-ci il tarixdə Bərdə rayonundan Yevlax rayonuna Yevlax-Bərdə avtomobil yolu ilə üzü Yevlax rayonu istiqamətində hərəkətdə olarkən, Yevlax rayonu Kövər kəndinin ərazisində avtomobilin kuzov hissəsinin hansısa kabel xəttinə ilişdiyini hiss etmişdir. Hava şəraiti qaranlıq olduğundan əvvəl nə baş verməsini anlaya bilməmiş, sonradan avtomobili saxlayanda artıq şosse yolun üstündən keçən kabel xəttinin qırıldığını görmüşdür. Ətrafda olan yoldan ötən maşınların sürücülərinin köməkliyi ilə kabeli yoldan götürüb kənar hissəyə yığmışlar. Sonra maşına baxarkən, maşının soyuducusunun üst qapaq hissəsinin və digər yerlərinin yararsız hala düşdüyünü aşkar etmiş, maşına təxminən 800 manat dəyərində ziyan dəymişdir. Həmin qırılmış kabelin Yevlax rayonuna aid bir neçə kəndin xətti olmasını həmin idarənin işçiləri ilə sonradan görüşərkən bilib xəbər tutmuşdur. Avtomobilin hündürlük hissəsi kabel xəttinə dəyə bilməzdir, həmin kabel xəttində nasazlıq olduğundan norma vəziyyətindən çox aşağı düşübmüş. Bu səbəbdən o, hesab edir ki, həmin kabel xəttinə onun günahı ucbatından ziyan dəyməmiş, əksinə həmin kabel xəttinin nasaz vəziyyətdə olduğundan idarə etdiyi avtomobilə ziyan dəymişdir. O, hadisə baş verən yol ilə dəfələrlə getmiş, lakin heç vaxt kabel xəttinə dəyməmişdir. Avtomobilini qanunda nəzərdə tutulmuş sürətlə idarə etmişdir. O, istəsə də havanın qaranlıq vaxtı həmin kabel xəttinin yolun hərəkət hissəsinə düşdüyünü görmək imkanına malik ola bilməzdi. Çünki həmin yolda hündürlük 4,5 metr nəzərdə tutulmuşdur. Orada başqa hündürlük məhdudiyyəti olmamışdır. Onun avtomobili də qeydiyyat şəhadətnaməsində göstərilən ölçüdə olmuşdur. Avtomobildə başqa əlavə quraşdırma aparılmamışdır. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Mingəçevir Şəhər Məhkəməsinin(bundan sonra- Şəhər Məhkəməsi) 2(051)- 1288/2023 nömrəli iş üzrə qəbul etdiyi 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Paşayev) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçıya dəymiş zərərin cavabdehin nəqliyyat vasitəsini idarə etməsi nəticəsində vurulması mübahisə edilməyən sübutlar əsasında müəyyən edildiyindən, Məhkəmə ilk növbədə baş vermiş hadisədə cavabdehin təqsirli olub-olmadığını, həmçinin onun əməlinin hüquqazidd olub-olmadığını müəyyən etməyi vacib hesab edir. Məhkəmə qeyd edir ki, telekommunikasiya şəbəkələrini, vasitə və qurğularının tikintisi, istismarı və mühafizəsi qaydalarını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 227 saylı qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nda avtomobil yolları ilə kəsişmə halında hava rabitə xətlərinin şaquli istiqamətdə yerləşmə məsafəsi müəyyən edilməmişdir. Bununla belə həmin Qaydaların 3.11-ci bəndində qeyd edilir ki, mövcud olan yollarla kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə mövcud yolları mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan yollara aid olduqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan yollara aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl yollara aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalıdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda baş vermiş hadisənin cinayət hadisəsi olmaması dəymiş zərərin az olması ilə əsaslandırılmış, Cavabdeh əməlində inzibati xəta tərkibinin olubolmadığına qiymət verilməmiş, yəni onun təqsirli olması müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlir ki, İddiaçı MMC-yə dəymiş zərərdə Cavabdeh təqsiri yoxdur. Belə ki, cavabdehin hərəkətlərində nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması halı müəyyən edilməmişdir. Məlum hadisə ilə bağlı o, yol hərəkəti qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməmişdir. Hadisə avtomobil yolunun üzərindən keçən rabitə xəttinin görünməsini mümkünsüz edən havanın qaranlıq vaxtında baş vermişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1108.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iş materiallarında olan sübutlara lazımi qiymət verməmiş, hadisə yerindən keçən rabitə xəttinin normadan aşağı olmasını əsas gətirərək cavabdehin hərəkətlərini təqsirsiz hesab etmişdir. Halbuki rabitə xəttinin yolun örtük hissəsindən neçə metr hündürlükdə olması ilə bağlı heç bir qanunvericilik aktını əsas olaraq göstərməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Şahin Qurbanlı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya şikayətinin məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etirazının dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, Məhkəmə məhkəmə aktının qanuniliyini tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdehin 26 dekabr 2021-ci il tarixdə Yevlax rayonu Kövər kəndi ərazisində idarə etdiyi, hündürlüyü 3 (üç) metrdən çox olmayan “Hunday” markalı, **-GA-*** dövlət nömrə nişanlı avtomobilin yolun hərəkət hissəsi ilə kəsişən, iddiaçıya məxsus, istismarda olan hava xətti ilə gedən F012 optik kabelinə toxunması nəticəsində 174 metr kabel və 2 ədəd rabitə dirəyi yararsız hala düşmüşdür. Hadisə nəticəsində iddiaçıya 1948,57 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçıya vurulmuş zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyun 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1010/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1010/2023
24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver