Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1011/2023 12.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit borcu, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(051)- 1270/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 48.05 ABŞ dolları əsas, 30.56 ABŞ dolları faiz, 61.06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 139.67 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh arasında 2203tkMNG/15 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 600 ABŞ dolları məbləğində kredit limiti ayırmış, ona bank hesabı açılmış və plastik kart təqdim edilmişdir. Cavabdeh öhdəliyi lazımınca icra etməmiş və əldə etdiyi kredit borcunun aylıq ödənişlərini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. Nəticədə, onun 48.05 ABŞ dolları əsas, 30.56 ABŞ dolları faiz, 61.06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 139.67 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişdir. Nəticədə, bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, onunla iddiaçı arasında bağlanmış 2203tkMNG/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona istehlak məqsədləri üçün 84 ay müddətinə illik 600 ABŞ dolları məbləğində kredit verilmişdir. Onun banka olan borcu tam olaraq ödənilmişdir. Belə ki, problemli kreditlərin kompensasiyası barədə məlumat cədvəlində də qeyd olunmuşdur ki, ona cəmi 311.05 manat kompensasiya hesablanmış, borcu çıxıldıqdan sonra o, 244.44 manat kompensasiyanı almışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(051)-1270/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə 600 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. Bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2019-cu il tarixinə olan borcu restruktrizasiya olunmuş və cavabdehə çatası 311.05 manat kompensasiya məbləği hesablanmışdır. Bundan sonra bank tərəfindən Cavabdeh fərmanla bağlı 244.44 manat kompensasiya ödənişi ödənilmişdir. Həmin vaxt iddiaçı bank tərəfindən cavabdehə restrukturizasiya olunması təklif olunan kredit məbləği ilə bağlı müqavilə bağlanması təklif edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq qeyd etmişdir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir.
9. Məhkəmə tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından hesab etmişdir ki, iddiaçının tələbinin əsaslı olması üçün iddiaçı cavabdehə pul verməli, cavabdeh isə aldığı pulu razılaşdırılmış miqdarda qaytarmaq öhdəliyini yerinə yetirməməlidir. Bu şərtlər mövcud olduğu halda, iddiaçının cavabdehə qarşı öhdəliyin icrasını tələb etmək hüququ yaranır.
10. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2019cu il tarixinə olan borcu restruktrizasiya olunması nəticəsində cavabdehin banka borcu qalmamış və cavabdehə 311.05 manat kompensasiya məbləği hesablanmışdır. Həmin vaxt iddiaçı bank tərəfindən cavabdehə restrukturizasiya olunması təklif olunan kredit məbləği ilə bağlı müqavilə bağlanması təklif edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, xx.xx.2015-ci il tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsi üzrə iddiaçının cavabdehdən silinmiş (ödənilmiş) borcunu tələb etməsi, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanında qarşıya qoyulan məqsədə zidddir.
12. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdən ibarət olmuşdur.
13. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya 48.05 ABŞ dolları əsas, 30.56 ABŞ dolları faiz, 61.06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 139.67 ABŞ dolları məbləğində kredit borcunun yaranması faktı öz təsdiqini tapmamışdır. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamış, yəni iddiaçı hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olmamışdır.
14. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
15. Məhkəmə qeyd etmişdir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 385.1, 427.3, 442.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyəti apellyаsiyа şikаyəti vermişdir.
18. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən ona əsaslanmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2019-cu il tarixinə olan borcu restrukturizasiya olunması nəticəsində cavabdehin banka borcu qalmamış və cavabdehə 311.05 manat kompensasiya məbləği hesablanmışdır. Həmin vaxt iddiaçı bank tərəfindən cavabdehə restrukturizasiya olunması təklif olunan kredit məbləği ilə bağlı müqavilə bağlanması təklif edilməmişdir.
19. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019 tarixli 551 saylı Fərmanına (bundan sonra Fərman) və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na(bundan sonra Qaydalar) uyğun olaraq Cavabdeh üçün xx.xx.2015-ci il tarixinə olan 534.78 ABŞ dolları borcuna görə cəmi 311.05 manat kompensasiya hesablanmışdır. Hesablanmış kompensasiya məbləğinin köçürülməsi üçün ödəniş kartının isə "xxxx" KB ASC-dən əldə olunması nəzərdə tutulmuşdur.
20. Qeyd olunan qanunvericilik aktların əsasən hesablanmış kompensasiya ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının (fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1nə əsas kredit borcunun ödənilməsi 10-gündən çoxgecikdirilmiş borclar) yönəldildikdən sonra qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verildiyi üçün və həmin vaxt cavabdehin "xxxx" KB ASC ilə xx.xx.2015 tarixdə bağladığı və müddəti xx.xx.2022-ci ildə başa çatan 2203tkMNG/15 saylı kredit müqaviləsi (bundan sonra Müqavilə) üzrə qalıq borcu bu tələbə uyğun olmadığı üçün cavabdehə hesab açılmış və hesablanmış 311.05 manat kompensasiya məbləği həmin hesaba köçürülmüşdür.
21. Fərman çıxdıqdan sonra cavabdeh tərəfindən ödənişlərin aparılması dayandırılmış və həmin tarixdən sonra Müqavilə üzrə gecikmələr yaranmışdır. Odur ki, xx.xx.2019-cu il tarixdə cavabdehə hesablanmış kompensasiya məbləğindən 66.61 manat, yəni 39.18 ABŞ dolları məbləği tərəflər arasında bağlanmış Müqavilənin 4.2.1-ci bəndinə əsasən Bank tərəfindən müştərinin cari hesabından həmin tarixə ödənilməli olan gecikdirilmiş borcuna silinmiş, qalan 244.44 manat kompensasiya məbləği isə cavabdehə ödənilmişdir. Çünki, Müqavilənin 4.2.1ci bəndinə görə, Bankın“Müştəri”nin bank hesablarından kredit və ona hesablanmış faiz borcunu, eləcə də ödənilməsi gecikdirilmiş kredit və kreditdən istifadəyə görə faiz borcunu, dəbbə pulunu, cəriməni, peniyanı, həmçinin kreditin verilməsi ilə əlaqədar komission haqlarını ona məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq komission haqları tutulmaq şərtilə akseptsiz qaydada silə bilmək hüququ vardır.
22. Fərmana və Qaydalara əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borclarının cavab verməli olduğu tələblərdən biri də fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalı olmasıdır. Odur ki, həmin kredit müqaviləsi üzrə restrukturizasiya nəzərdə tutulmamışdır.
23. Məhkəmə isə baxarkən həmin normativ aktlara ümumiyyətlə istinad etməmiş, tələblərini nəzərə almamışdır.
24. Məhkəmə nəzərə almamışdır ki, Qaydanın 4.3.1 bəndinə əsasən kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir və Qaydanın 2.1.5 bəndində ödəniş müddəti keçmiş əsas kredit borcunun fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun ödənilməsi 10 gündən çox gecikdirilmiş borclardır. Ona görə də, məhkəmə hesablanmış kompensasiya məbləğinin borca yönəldilməyərək şəxsin özünə verilməsini həmin şəxsin borcu olmaması kimi qəbul etmiş, kredit müqaviləsi üzrə həmin tarixə gecikdirilmiş borcunun olub-olmamasını aydınlaşdırmamışdır.
25. Çünki, həm Fərmanın 7 və 8-ci bəndləri, həm də Qaydanın 6-cı bəndi restrukturizasiya olunacaq kreditin vaxtı keçmiş kredit borcları kateqoriyasına, yəni fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclardan olmasını tələbinə cavab verməlidir. Lakin məhkəmə qeyd olunan tələbləri nəzərə almayaraq cavabdehin borcunun restrukturizasiya olunmuş kimi nəzərə almış və bununla da yanlış nəticəyə gəlmişdir
26. Belə ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları, o cümlədən xx.xx.2015 tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsini, həmin kredit müqaviləsinin müddətinin xx.xx.2022-ci ildə başa çatmasını, kredit borcunun qalıb-qalmamasını tam və hərtərəfli araşdırmamışdır. Belə bir sübut olmadığı halda cavabdehin xx.xx.2019-cu il tarixinə olan borcunun restrukturizasiya olunması barədə necə nəticəyə gəlməsini əsaslandırmamışdır.
27. Bütün qeyd olunanlardan başqa qeyd etmək istəyirlər ki, məhkəmə iş üzrə sübutları tam və hərtərəfli araşdırsaydı sadə riyazi hesablama ilə müştərinin kredit xəİindən istifadə etdiyi məbləği, aparılmış ödənişlər üzrə silinmələrdən, cavabdehin Banka borcunun qalıbqalmamasını müəyyən edə bilərdi. Belə ki, məhkəməyə müraciət olunan tarixə kimi cavabdeh kredit xəİindən ümumilikdə istifadə etdiyi məbləğ üzrə cəmi 1128.83 ABŞ dolları ödəniş aparılmış, ondan 758.73 ABŞ dolları əsas borcundan, 341.19 ABŞ dolları faiz borcundan, 21.76 ABŞ doları cəriməyə və 7.15 ABŞ dolları isə komissiya haqqına silinmişdir. Cavabdehin Fərman çıxan günə heçbir gecikməyə yol verməməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019 tarixli 551 saylı Fərmanı və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” ilə əlaqəli şəkildə araşdırsaydı hesablanmış kompensasiya məbləğinin hansı səbəbdən cavabdehə ödənildiyini və kredit müqaviləsi üzrə qalıq borcunun hansı səbəbdən restrukturizasiya olunmadığını aydınlaşdıra bilərdi.
28. Qeyd edilənləri nəzərə alaraq, "xxxx" KB ASC-nin apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1270/2023 saylı qətnaməsi ləğv edilərək, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasının tam təmin edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1270/2023 saylı qətnaməsinin ləğv edilərək, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
34. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
35. “X4rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
36. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
39. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. İddiaçı "xxxx" KB ASC qətnamənin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1270/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə 600 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. Bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsi üzrə cavabdehə 311.05 manat kompensasiya məbləği hesablanmışdır.
45. Birinci instansiya məhkəməsi iddanı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2019-cu il tarixinə olan borcu restruktrizasiya olunması nəticəsində cavabdehin banka borcu qalmamış və cavabdehə 311.05 manat kompensasiya məbləği hesablanmışdır. Həmin vaxt iddiaçı bank tərəfindən cavabdehə restrukturizasiya olunması təklif olunan kredit məbləği ilə bağlı müqavilə bağlanması təklif edilməmişdir. xx.xx.2015-ci il tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsi üzrə iddiaçının cavabdehdən silinmiş (ödənilmiş) borcunu tələb etməsi, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanında qarşıya qoyulan məqsədə zidddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdən ibarət olmuşdur. xx.xx.2015-ci il tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya 48.05 ABŞ dolları əsas, 30.56 ABŞ dolları faiz, 61.06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 139.67 ABŞ dolları məbləğində kredit borcunun yaranması faktı öz təsdiqini tapmamışdır. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamış, yəni iddiaçı hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olmamışdır.
46. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianı tam rədd etməkdə haqlı olmamış, eyni zamanda maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmişdir.
47. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
48. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
49. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir;
50. Mülki iş materiallarında olan "xxxx" X11 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 84 ay müddətinə 600 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır.
51. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə "xxxx" KB ASC-yə olan borcu 48.05 ABŞ dolları əsas, 30.56 ABŞ dolları faiz, 61.06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 139.67 ABŞ dolları məbləğində təşkil edir.
52. İşdə olan "xxxx" KB ASC tərəfindən xx.xx.2019-ci il tarixdə tərtib edilmiş problemli kreditlərin kompensasiyasına dair məlumatdan görünür ki, Cavabdeh çatası kompensasiyanın məbləği 311.05 manat təşkil etmişdir.
53. İşdə olan 20 may 2019-cu il tarixli qəbzdən görünür ki, bank tərəfindən Cavabdeh fərmanla bağlı 244.44 manat kompensasiya ödənişi ödənilmişdir.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin kredit müqaviləsi üzrə restrukturizasiya nəzərdə tutulmaması, məhkəmənin hesablanmış kompensasiya məbləğinin borca yönəldilməyərək şəxsin özünə verilməsini həmin şəxsin borcu olmaması kimi qəbul etməsi, kredit müqaviləsi üzrə həmin tarixə gecikdirilmiş borcunun olub-olmamasını aydınlaşdırmaması, məhkəmənin cavabdehin borcunun restrukturizasiya olunmuş kimi nəzərə almaqla yanlış nəticəyə gəlməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsi üzrə kredit borcunun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən restruktrizasiya olunması nəticəsində cavabdehin banka borcunun qalmamasına dair mövqeyi əsassızdır.
55. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli fərmanında göstərilmişdir;
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.
56. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 2.1.10-cu bəndinə əsasən kompensasiya dedikdə fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ başa düşülür.
57. Həmin Qaydaların 4.3.1-ci bəndinə əsasən kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir.
58. Həmin Qaydaların 4.3.2-ci bəndinə əsasən bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir.
59. Yuxarıda şərh edilən normaların tələblərindən göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Fərmanın və Qaydanın tələblərini səhv təfsir edərək, bankla cavabdeh arasında bağlanmış müqavilə üzrə borcun restrukturizasiya olunması nəticəsinə gəlmişdir. Belə ki, sadalanan normaların tələblərindən göründüyü kimi şəxsin xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsinə görə kompensasiya verilməsi ilə kredit borcunun restrukturizasiya edilməsi fərqləndirilməlidir. Kompensasiya verilməsi üçün vacib olan hal şəxsin xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə bağlı manata nisbətdə artmasıdırsa, restrukturizasiya isə şəxsin vaxtı keçmiş kreditlərə hesablanmış faizlərin silinmsəsindən sonra əsas kredit borclarının ödənilməsi məqsədi ilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsini ehtiva edir. Bir sözlə kreditin devalvasiya ilə bağlı manatla artmış hissəsinə görə kompensasiya ödənilməsinə baxmayaraq, şəxsin 01 yanvar 2012-ci il tarixdən Fərmanın qüvvəyə mindiyi günədək kredit müqaviləsi üzrə əsas məbləğdə və (və ya) faiz borcunun ödənilməsində 360 gündən çox gecikdirilmə halı yoxdursa həmin müqavilə münasibəti üzrə restrukturizasiyanın tətbiqi əsası da mövcud olmur.
60. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının və Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının tələblərini səhv təfsir etməklə yanlış mövqedən çıxış etmişdir.
61. Bundan başqa mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
62. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli 9/7302 nömrəli ekspert rəyi ilə xx.xx.2015-ci il tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" Kommersiya Bankı ASC qarşısında 03 noyabr 2022-ci il tarixə əsas borc üzrə 43.07 ABŞ dolları, faiz borcu üzrə 39,04 ABŞ dolları borcu olması müəyyən edilmişdir.
63. Eyni zamanda sözügedən ekspert rəyindən xx.xx.2015-ci il tarixli 2203tkMNG/15 saylı kredit müqaviləsi üzrə cərimə hesabı ilə bağlı hər hansı məlumatın olmaması səbəbindən, ekspertiza tədqiqatı ilə Cavabdeh cərimənin hesablanmadığı müəyyən edilmişdir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 48.05 ABŞ dolları əsas, 30.56 ABŞ dolları faiz, 61.06 ABŞ dolları cərimə borcunu tələb etməsinə baxmayaraq, ekspertiza tədqiqatı ilə X3 LPO "xxxx" ASC qarşısında əsas borcunun 43.07 ABŞ dolları, faiz borcunun 39,04 ABŞ dolları olması müəyyən edilmişdir.
65. Kollegiya qeyd edir ki, məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli 9/7302 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim etməmişdir.
66. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin əsas borcunun məbləğinin müəyyən edilməsində Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli 9/7302 nömrəli ekspert rəyində göstərilən məbləğ əsas götürülməlidir.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspertiza tədqiqatı ilə cavabdehin faiz borcunun 39,04 ABŞ dolları təşkil etməsi müəyyən edilməsinə baxmayaraq, iddiaçı həmin məbləği məhz 30,56 ABŞ dolları həddində tələb etmişdir. İddianın faiz borcu hissəsinin ekspert rəyinə əsaslanmaqla iddia ərizəsində göstərilən məbləğdən daha yüksək həddə təmin edilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməlidir.
68. Məhkəmə kollegiyası mübahisələndirilən cərimə borcuna münasibətdə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
69. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli 9/7302 nömrəli ekspert rəyi ilə Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC qarşısında hər hansı cərimə öhdəliyinin olması müəyyən edilmədiyindən Cavabdeh 61.06 ABŞ dolları cərimə borcunun tutulması hissəsində iddia tələbi əsassızdır.
70. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbinin bütünlükdə təmin edilməli olmasına dair mövqeyi ilə razılaşmır.
71. Məhkəmə kollegiyası məhkəmə xərcləri hissəsində qeyd edir ki, 1000 manatadək məbləğlər üçün 30 manat dövlət rüsumunun, apellyasiya şikayətləri üçün isə həmin məbləğin 50 faiz həcmində dövlət rüsumunun ödənilməli olması nəzərə alınaraq iş üzrə 30,40 manat dövlət rüsumu və apellyasoya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu məbləğləri bütünlükdə cavabdehə aid edilməli, məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri isə tərəflər arasında bölünməlidir.
72. Beləliklə qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(051)-1270/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iİddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 43,07 ABŞ dolları məbləğində əsas borc, 30.56 ABŞ dolları faiz borcu, cəmi 73.63 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə və 30,40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir.
73. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinə qaytarılmalı, məhkəməmühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçı "xxxx" ASC-dən, 50 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(051)-1270/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 43,07 ABŞ dolları məbləğində əsas borc, 30.56 ABŞ dolları faiz borcu, cəmi 73.63 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və 30,40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinə qaytarılsın. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçı "xxxx" ASC-dən, 50 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.