Məhkəmə qərarları › İş №2(107)-1012/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1012/2020

06.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1012/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin “ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə” xx xxxxxx 2020-ci il tarixli 2(037)-208/2020 nömrəli qərardadından iddiaçının nümayədəsi X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1737,75 manat əsas borc, 270,59 manat faiz borcu, 253,92 manat Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan borc, 1197,76 manat cərimə olmaqla cəmi 3460,02 manat məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.S.Şirinov) xx xxxxxx 2020-ci il tarixli 2(037)- 208/2020 nömrəli qərardadı ilə iddiaçı LPO "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiаçının nümayədəsi X2 şikаyət verərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)-208/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-208/2020 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(037)-208/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)-208/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 026/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə, digər Cavabdeh2 zamin olmaqla, 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Hazırda cavabdehlərdən kredit müqaviləsi üzrə 1737,75 manat əsas borc tələb olunur. Göründüyü kimi, götürülmüş kreditin məbləği 17000 manatdan aşağıdır. İş materiallarına ödəniş cədvəli əlavə olunmasa da, müqavilənin bağlanma tarixindən və qalıq borcunun məbləğindən görünür ki, borcun ödənilməsi 360 gündən artıq gecikdirilmişdir. Qeyd edilən hallara görə hazırkı mülki iş üzrə kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşür. İstinad edilən Fərmana əsasən, baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə, fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 5-ci bəndinə görə, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682.000.000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Eyni zamanda, banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın təsir dairəsinə (8.6-cı bənd) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Digər tərəfdən, həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisna olunmur ki, bu da həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsas ola bilər. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə tərəfindən tətbiq olunması yolverilməzdir. Çünki Fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Belə ki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll oluna bilər. Eyni zamanda, dövlət dəstəyi ilə qaytarılmalı vəsait və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Çünki qarşılıqlı razılıq yolu ilə həll edilməyən və ya başqa mübahisəli qalan məsələlərdən tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır. Göründüyü kimi, istinad edilən Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə banklar tərəfindən həmin Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, Fərman qanuni qüvvəyə mindikdən sonra onun müddəaları tətbiq olunmadan irəli sürülmüş iddialar məhkəmədənkənar həll qaydasına riayət olunmaması əsası ilə icraata qəbul edilməkdən imtina edilməlidir. Qərardadla həmçinin iddiaçıya izah olunmuşdur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa yenidən iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən, iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı (nümayəndəsi) qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə qalan borcun restrukturizasiyasının aparılması şərtlərindən biri borcalan fiziki şəxslərin banka (ləğvediciyə) müraciət etməsidir. Belə bir müraciət olmadığı təqdirdə restrukturizasiyanın aparılması qeyri-mümkündür. Lakin hazırkı iş üzrə Cavabdeh1 nə özü banka (ləğvediciyə) müraciət etməmiş, nə də onunla telefon əlaqəsi saxlamaq mümkün olmamışdır. Məhkəmə kollegiyası şikayətin qeyd edilən dəlillərini əsassız və qəbuledilməz sayır. Belə ki, iddiaçı məhkəməyə cavabdehin kredit müqaviləsi üzrə qalan borcun restrukturizasiyasının aparılması üçün banka (ləğvediciyə) müraciət etməkdən yayınmasını təsdiqləyən sübutlar təqdim edə bilməmişdir. Borclunun öz maraqlarına uyğun olan güzətlərdən faydalanmaq istəməməsi də inandırıcı görünmür. Sadəcə, bankın (ləğvedicinin) borcluları lazımi qaydada məlumatlandırması, onlarla izahat işi aparması tələb olunur. Lakin bu sahədə bankların (onların ləğvedicisinin) fəaliyyəti hələ ki, qənaətbəxş deyildir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)-208/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayədəsi X2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)-208/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar