Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1013/2023 12.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, həmçini vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(051)-550/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 2000 manat məbləğində pulun və 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-nin təsisçisidir. 2021-ci ildə cavabdehlə birgə işləməyə başlamışlar. Belə ki, mənzillərin alqı-satqısından əldə edilən gəlirləri bərabər bölmüşlər. Lakin bir müddət sonra görmüşdür ki, cavabdeh aldığı pulların bir qismini ondan gizlədir. Bundan sonra münasibətləri pozulmuş və birgə fəaliyyətlərinə son qoymuşlar. Lakin ofisinin açarının bir nüsxəsi cavabdehdə olmuşdur. Ofisin siyirtməsində isə 2500 manat pul məbləği olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində ofisə gələndə pulu olmadığını müəyyənləşdirmiş və qapının kilidinin olmamasını görüb pulun cavabdeh tərəfindən götürüldüyünü müəyyən etmişdir. Sədiyə zəng etdikdə isə, o bildirmişdir ki, pulu götürüb və bir neçə günə qaytaracaq. Bir neçə gün sonra 500 azn miqdarında pulu Azər adlı şəxslə ona qaytarmışdır. Pulla bağlı yazışmaları da var. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim: E.Cəbrayılzadə) 3 mart 2023-cü il tarixli, 2(051)-238/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı, əvvəllər bir yerdə işlədiyi Cavabdeh onun ofisindən 2500 manat məbləğində oğurluq etdiyini, dəfələrlə zəngindən sonra sonuncu həmin məbləğdən 500 azn qaytardığını, lakin qalan 2000 azn məbləği isə qaytarmadığından, polis orqanlarına müraciət edərək, pulun qaytarılmağına dair ərizə ilə müraciət etmişdir. Lakin oğurluq faktı öz təsdiqini tapmadığından və mülki xarakterli mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə olunaraq cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra iddiaçı, mülki qaydada iddia qaldıraraq cavabdehdən 2000 manat məbləğində pulun tutularaq ona verilməsini tələb etmişdir. Lakin iddiaçı sözügedən pul məbləğinin məhz cavabdeh tərəfindən götürülüməsini sübut edə bilməmiş, cavabdeh isə bu barədə etiraf etməmişdir. Məhkəmə iclası zamanı isə iki şahidin verdiyi ifadələrdən müəyyən olunur ki, cavabdehi iddiaçının ofisində görməmişlər. X1 ifadəsində cavabdehi iddiaçının ofisində və onu pul saydığı yerdə gördüyünü bildirsə də, lakin məhkəmə tərəfindən ünvanlanmış sayılan pulun hansı əskinazlarda yəni manat və dollar formasında olduğu sualına cavab olaraq pulu görmədiyini və cavabdehin pulu siyirtmədən aşağıda saydığını bildirmişdir. Yəni onun ifadəsində pulun cavabdeh tərəfindən götürülsə belə hansı məbləğdə götürülməsi təsdiq olunmur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində tələb edilən pul məbləği iddiaçı tərəfindən sadəcə olaraq iddia və ehtimal edilmişdir ki, pul cavabdeh tərəfindən götürülmüşdür. Belə ki, bununla bağlı oğurluq faktı aşkar edilməmiş, eyni zamanda iddiaçı tərəfindən pul cavabdehin götürməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1, 1091.1, 1091.2, 1092.1-ci maddələri, Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarı, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə qeyd etsə də, lakin, cavabdehin əsassız varlanma ilə bağlı özünün etitraf edici izahatı olmasına baxmayaraq, cavabdehin ona aid 2000 manat pulun götürülməsini əsassız varlanma kimi qiymətləndirməmişdir. Halbuki, Polis şöbəsində gedən istintaqın nəticəsi olaraq Cavabdeh bu əmlakı əldə etməsini, ondan götürməsini və bu pulun ona heç bir aidiyatı olmaması tamamilə öz sübutunu tapmışdır. İş üzrə tərəflərin hazırki mübahisə üzrə münasibətdə qətnamənin cavabdehin verdiyi izahat üzərində qurulması kobud prosessual pozuntudur. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələəblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən qeyd edir ki, məhkəmə iclasında yuxarıda qeyd olunanlara uyğun mövcud olan ziddiyətləri aradan qaldırması üçün cavabdeh öz tələbini etdiyi halları sübut etdirə bilməmişdir. Belə olan halda cavabdehin bu formada izahatı ağlabatanlıq baxımından inandırıcı deyildir. Məhkəmədə Mingəçevir şəhər polis şöbəsində Cavabdeh xx.xx.2022ci il tarixdə və xx.xx.2022-ci il tarixdə verdiyi ifadələrdə, təhqiqatçının verdiyi İddiaçı borcunuz necə yaranmışdır sualına cavabdeh “Mənim ona borcum 1 il ərzində hissə hissə işimizlə əlaqədar yaranmışdır. Mənim hazırda ona 2000 manat borcum qalmışdır. Onu hissə hissə qaytaracağam”. Lakin bu halı birinci instansiya məhkəməsi nə öz qətnaməsində göstərmiş, nə də ki, bu sübuta qiymət verməmişdir. Polis şöbəsində aparılan istintaq zamanı məhkəmədə ifadə vermiş Azadə Hüseynova və Azər Müzəffərov fərqli izahatlar vermişdir. O, bu haqda öz etirazını bildirsə də birinci instansiya məhkəməsi bu hala qiymət verməmişdir. Bütün bunlara görə hesab edir ki cavabdeh tərəfin izahatının işin mübahisələndirilən halına dair hissəsinin həqiqi saymamalı və mötəbər sübüt kimi qəbul edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq, Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(051)-550/2023 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(051)-550/2023 saylı qətnaməsinin ləğv edilməsini, yeni qətnamənin qəbul edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(051)- 550/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə 1091.1-ci maddəsinə şərh verərək hesab edir ki, əsassız varlanmanın mövcud olması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Varlanmış şəxs əmlak əldə etməli, 2. həmin əmlak məhrum olanın hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(051)-550/2023 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qanuni və ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(051)-550/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(051)-550/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-nin təsisçisidir. 2021-ci ildə iddiaçı cavabdehlə birgə işləməyə başlamışlar. Belə ki, mənzillərin alqı-satqısından əldə edilən gəlirləri bərabər bölmüşlər. Lakin bir müddət sonra cavabdeh aldığı pulların bir qismini iddiaçıdan gizlətmişdir. Bundan sonra münasibətləri pozulmuş və birgə fəaliyyətlərinə son qoymuşlar. Lakin ofisinin açarının bir nüsxəsi cavabdehdə olmuşdur. Ofisin siyirtməsində isə 2500 manat pul məbləği olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində ofisə gələndə pulu olmadığını müəyyənləşdirmiş və qapının kilidinin olmamasını görüb pulun cavabdeh tərəfindən götürüldüyünü müəyyən etmişdir. Sədiyə zəng etdikdə isə, o bildirmişdir ki, pulu götürüb və bir neçə günə qaytaracaq. Bir neçə gün sonra 500 manat pulu qaytarmışdır. Sonuncu həmin məbləğdən 500 azn qaytardığını, lakin qalan 2000 azn məbləği isə qaytarmadığından, polis orqanlarına müraciət edərək, pulun qaytarılmağına dair ərizə ilə müraciət etmişdir. Lakin oğurluq faktı öz təsdiqini tapmadığından və mülki xarakterli mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə olunaraq cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra iddiaçı, mülki qaydada iddia qaldıraraq cavabdehdən 2000 manat məbləğində pulun tutularaq ona verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsaslıdır. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; Məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi işə baxarkən iddia tələbi təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Cavabdeh 25 iyun 2022-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsində verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 2500 manat borcu olmuşdur. Həmin borcdan 500 manat pulu iddiaçıya qaytarmışdır. Hal-hazırda onun, İddiaçı 2000 manat borcunun qalmasını bildirmişdir. Cavabdeh izahatı oxuduğunu, yazdığını öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi Cavabdeh 25 iyun 2022-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsində verdiyi izahatında İddiaçı 2000 manat borcunun qalmasını etiraf etmişdir. Ona görə də kollegiya hesab edir ki, 2000 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(051)-550/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(051)-550/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. Cavabdeh 2000 manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1013/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1013/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver