Məhkəmə qərarları › İş №2(107)-1014/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1014/2020

14.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1014/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(037)-46/2020 nömrəli qərardadından iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx xxxx 2015-ci il tarixli 10_USD saylı kredit müqaviləsi üzrə 27,72 ABŞ dolları əsas, 109,64 ABŞ dolları faiz, 272,51 ABŞ dolları borcun gecikdirilməsinə görə hesablanan və tələb olunan cərimə, cəmi 409,87 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxxxx 2020-ci il tаrixli 2(037)-46/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(037)-46/2020 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət verərək qərardadın ləğv edilməsi və mülki işin növbəti məhkəmə iclasına təyin edilməsi barədə qərardad qəbul edilməsini, şikayət təmin edilmədikdə isə şikayətə baxılması üçün işi apellyasiya instansiyası məhəkəməsinə göndərilməsni xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman”ın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın aparılması şərtlərindən biri borcalan fiziki şəxslərin ləğvediciyə müraciət etməsidir. Belə bir müraciət olmadığı təqdirdə restrukturizasiyanın aparılması qeyri-mümkündür. Cavabdehlərlə telefon əlaqəsi saxlaya bilməmişlər. Tərəflərdən müraciət daxil olmadığı üçün restrukturizasiyanın aparılması mümkün olmamışdır. Belə olan halda iddia ərizəsinin həmin əsaslarla baxılmamış saxlanılması kredit tələbi ilə bağlı iddia müddətinin ötürülməsi ilə nəticələnə bilər. İddiaçı hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə qərardad əsassız və qanunsuzdur. Ona görə də göstərilən qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-46/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclası xx xxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(037)-46/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 10_USD nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 28 % dərəcəsi ilə 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda cavabdehlərdən kredit müqaviləsi üzrə 27,72 ABŞ dolları əsas borc tələb olunur. Götürülmüş kreditin məbləği 10000 ABŞ dollarından aşağıdır. İş materiallarına ödəniş cədvəli əlavə olunmasa da, müqavilənin bağlanma tarixindən və qalıq borcunun məbləğindən görünür ki, borcun ödənilməsi 360 gündən artıq gecikdirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Fərman qanuni qüvvəyə mindikdən sonra onun müddəaları tətbiq olunmadan irəli sürülmüş iddialar məhkəmədənkənar həll qaydasına riayət olunmaması əsası ilə icraata qəbul edilməkdən imtina edilməlidir. Hazırkı iddia icraata götürüldüyündən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə mübahisənin məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı mülki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-cı maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən əlavə olaraq iddiaçıya izah olunur ki, fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(037)-46/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar