Məhkəmə qərarları › İş №2(107)-1014/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1014/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1014/2023 02.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəki Regional "ASAN xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs X5 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- icra qeydinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional "ASAN xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs X5 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(075)-1059/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional "ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X16 tərəfindən aparılmış 50000 manat borcun X2 xeyrinə tutulmasına dair 22 yanvar 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Şəki Regional "ASAN xidmət”mərkəzində notariat ofisinin xüsusi notariusu X16 tərəfindən müddət üçün vaxtında ödənilməmiş 50000 manat borcun ondan X3 xeyrinə tutulması barədə icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən, Şəki rayon İcra və Probasiya şöbəsindən gələn xəbərdarlıqdan sonra icra qeydindən məlumatlı olmuş və 06 fevral 2023-cü il tarixdə icra qeydinin surətini əldə etmişdir. İcra qeydini əsassız və qərəzli hesab edir. Tələbkarın əsaslandırılmamış ərizəsi əsasında, borcun qaytarılıbqaytarılmamasını yoxlamadan notarius tərəfindən icra qeydi verilmişdir. Bundan başqa icra qeydinin verilməsi üçün tələbkar borcluya 20 gün əvvəl bildiriş göndərməsini təsdiq edən sənədi və rüsum ödəmək barədə ərizəni təqdim etməlidir. Bundan sonra Notarius icra qeydi apara bilər. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(075)-1059/2023 saylı qətnaməsi ilə (hakim P.Hacıyev), İddiaçı cavabdeh Şəki Regional "ASAN xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs X5 qarşı Şəki Regional "ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X16 tərəfindən aparılmış 50000 manat borcun X2 xeyrinə tutulmasına dair 22 yanvar 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilən dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; 05 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən X6, İddiaçı 50000 manat borc vermişdir. Müqavilənin şərtlərinə əsasən İddiaçı, aldığı borc məbləğininin 17000 manatını 27 fevral 2022-ci il tarixdə, 5000 manatını 27 mart 2022-ci il tarixdə, 5000 manatını 27 aprel 2022ci il tarixdə, 23000 manatını isə 27 may 2022-ci il tarixdə X5 qaytarmağı öhdəsinə götürmüşdür. Lakin İddiaçı, müqavilə ürə öhdəliyinə əməl etməmiş, qeyd edilən tarixdə aldığı borcu qaytarmamışdır. Bundan sonra X6 qeyd edilən borcun tutulması ilə bağlı Şəki Regional ”ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş və notariat ofisində 22 yanvar 2023-cü il tarixdə 50000 manat məbləğində pulun İddiaçı alınaraq X5 ödənilməsi barədə icra qeydi aparılmışdır. İddiaçı həmin icra qeydinin əsassız olmasını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi İddiaçı hazırkı iddiasının əsası kimi X6 tərəfindən icra qeydi ilə bağlı notariat ofisinə ərizə verilməmişdən 20 gün əvvəl bu barədə bildiriş-xəbərdarlığın ona göndərilmədiyini göstərmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş X6 tərəfindən İddiaçı göndərilmiş icra qeydinin aparılacağı barədə bildirişdən görünür ki, İddiaçı borclu olduğu 50000 manat pulu ödəmədiyi və həmin borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmçinin iş materiallarında olan xəbərnamədən görünür ki, qeyd edilən bildiriş 03 dekabr 2022-ci il tarixdə X9 tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, bildirişi qəbul edən X9, İddiaçı məxsus mağazada satıcı vəzifəsində işləyir. Məhkəmə həmçinin satıcı tərəfindən qəbul edilmiş bildirişin ona təqdim edilmədiyi barədə dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmasından görünür ki, Ağaəliyev X4 Əfqan Mənsur oğluna mesaj yazaraq “bu nədir ki ay Əfqan belə, yazıb göndərmisən” deyə soruşmuş, Əfqan isə “bu mənim pulum deməkdir” deyə cavab vermişdir. Göründüyü kimi İddiaçı, mübahisəli bildirişi rəsmi qaydada, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etmiş, həmin bildirişin mahiyyətini dərk etmiş və göstərilən müddət ərzində borcunu ödəmədiyi üçün notariusun icra qeydi aparılmışdır. X14 “ASAN xidmət” mərkəzində Notariat Ofisinin notariusu tərəfindən Notariat Haqqında Azərbaycan Respublikası Qanununun, Təlimatın tələblərinə riayət edilməklə icra qeydi aparılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri, yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin notariusu da təqdim edilməsi zəruri olan sənədlər əsasında icra qeydini aparmışdır. Göründüyü kimi İddiaçı iddiasının əsaslı olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 385.1, 390.1-ci maddələr, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 76-cı maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarının 162 və 170-ci bəndi, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 119.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, üçüncü şəxs X6 arasında xx.xx.2022ci il tarixli kredit müqaviləsi imzalamışdır. Müqaviləyə əsasən üçüncü şəxs X15 Ağaəliyevə 50000 (əlli min) manat borc vermişdir. X17 “Asan” xidmət mərkəzinin notariat ofisində Notarius tərəfindən təsdiqlənmişdir. Müqaviləyə əsasən onun götürdüyü məbləği 4 hissə olmaqla xx.xx.2022-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Hesab edir ki, icra qeydi ləğv edilməlidir. Əsaslandırılmış iddia tələbi ilə müraciət edilsə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. İşdə olan “Whatsapp” yazışmasında bildirişin şəklinin olub-olmaması və yaxud tərəflər arasında gedən söhbətin həmin bildirişlə bağlı olub-olmaması da öz təsdiqini tapmır. Bundan başqa qanunun tələbinə əsasən bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd olduğu halda icra qeydi verilə bilər. Notariat sənədlərində isə bildiriş birbaşa Kiş kənd sakini X7 çatdırılmışdır. Belə olan halda bildirişin borcluya çatdırılmaması səbəbindən Notarius icra qeydinin verilməsindən imtina etməli idi. İş materiallarında görünməsə də onun götürdüyü kredit məbləğinin böyük bir hissəsini borc verən Əfqan Mirzəliyevə ödəmişdir. Lakin buna baxmayaraq, həmin məbləğləri tələbkar faiz borcu olaraq silmşdir. Müqavilədə faiz nəzərdə tutulmadığından və ödəniş etdiyi məbləğlərin faizə silinməsinə etiraz edərək onun ödənişlərini dayandırmışdır. Bundan sonra, tələbkar Əfqan Mirzəliyev icra qeydinin verilməsi üçün Şəki Regional “Asan” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X10 müraciət etmişdir. X18 Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X16 tərəfindən müddət üçün vaxtında ödənilməmiş 50000 manat borcun tutulması barədə xx.xx.2023-ci il tarixli icra qeydi verilmişdir. İşdən göründüyü kimi tərəflər arasında olan borc məsələsinin olması şübhəsizdir. Belə olan halda onlar arasında gedən telefon danışıqları və ya yazışmaları əlbəttə ki, borcla bağlı olmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəki Rayon Məhkəməsinin 22 iyun 2023cü il tarixli, 2(075)-1059/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(075)-1059/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh Şəki Regional ”Asan Xidmət” Mərkəzində Notariat Ofisi və maraqlı şəxs X6 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh Şəki Regional ”Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Notariat Haqqında Azərbaycan Respublikası Qanunu: Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarının 162-ci bəndinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(075)-1059/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(075)-1059/2023 saylı qətnaməsini apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(075)-1059/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 05 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən X6, İddiaçı 50000 manat borc vermişdir. Müqavilənin şərtlərinə əsasən İddiaçı, aldığı borc məbləğininin 17000 manatını 27 fevral 2022-ci il tarixdə, 5000 manatını 27 mart 2022-ci il tarixdə, 5000 manatını 27 aprel 2022-ci il tarixdə, 23000 manatını isə 27 may 2022-ci il tarixdə X5 qaytarmağı öhdəsinə götürmüşdür. Lakin İddiaçı, müqavilə ürə öhdəliyinə əməl etməmiş, qeyd edilən tarixdə aldığı borcu qaytarmamışdır. Bundan sonra X6 qeyd edilən borcun tutulması ilə bağlı Şəki Regional ”ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş və notariat ofisində 22 yanvar 2023-cü il tarixdə 50000 manat məbləğində pulun İddiaçı alınaraq X5 ödənilməsi barədə icra qeydi aparılmışdır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, iş materiallarında görünməsə də onun götürdüyü kredit məbləğinin böyük bir hissəsini borc verən Əfqan Mirzəliyevə ödəmişdir. Lakin buna baxmayaraq həmin məbləğləri tələbkar faiz borcu olaraq silmşdir. Kollegiya şikayətin bu dəlilini əsassız sayır. Mülki Məcəllənin 739.1-ci maddəsində borcalanın (kredit alanın) vəzifəsi belə göstərilib: “... digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi iddiaçın üzərinə düşür. Lakin iddiaçı bu barədə heç bir sübut təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, işdə olan “Whatsapp” yazışmasında bildirişin şəklinin olub-olmaması və yaxud tərəflər arasında gedən söhbətin həmin bildirişlə bağlı olubolmaması da öz təsdiqini tapmır. Bundan başqa qanunun tələbinə əsasən bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd olduğu halda icra qeydi verilə bilər. Notariat sənədlərində isə bildiriş birbaşa Kiş kənd sakini X7 çatdırılmışdır. Kollegiya hesb edir ki, şikayətin bu dəlili də əsassızıdır. İş materiallarına əlavə edilmiş X6 tərəfindən İddiaçı göndərilmiş icra qeydinin aparılacağı barədə bildirişdən görünür ki, İddiaçı borclu olduğu 50000 manat pulu ödəmədiyi və həmin borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmçinin iş materiallarında olan xəbərnamədən görünür ki, qeyd edilən bildiriş 03 dekabr 2022-ci il tarixdə X9 tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, İddiaçı ünvanlanmış poçt göndərişi 03 dekabr 2022-ci il tarixdə “X9” tərəfindən qəbul edilmişdir. Kollegiya tərəfindən Şəki Rayon Mərkəzi Poçt Şöbəsinin direktoru cənab Elçin Bəkirova 17 oktyabr 2023-cü il tarixində ünvanlanmış sorğuya əsasən, X9 ilə İddiaçı arasında olan qohumluq münasibətləri ilə bağlı məlumat istənilmişdir. Şəki Rayon Mərkəzi Poçt Şöbəsinin direktoru cənab Elçin Bəkirov tərəfindən 25 oktyabr 2023-cü il tarixli məktubla sorğuya cavab olaraq bildirilmişdir ki, SS818123758 saylı s/x məktub İddiaçı adına ünvanlanmış, lakin həmin müddətdə ünvançı evdə olmamış və atası ilə əlaqə saxlandıqda, məktubu onlara məxsus dükanda işləyən X8 verilməsi tapşırılmışdır. Bu səbəbdən də həmin məktub X8 imzadılaraq verilmişdir. Göründüyü kimi İddiaçı, mübahisəli bildirişi rəsmi qaydada, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etmiş, həmin bildirişin mahiyyətini dərk etmiş və göstərilən müddət ərzində borcunu ödəmədiyi üçün notariusun icra qeydi aparılmışdır. X14 “ASAN xidmət” mərkəzində Notariat Ofisinin notariusu tərəfindən Notariat Haqqında Azərbaycan Respublikası Qanununun, Təlimatın tələblərinə riayət edilməklə icra qeydi aparılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin notariusu da təqdim edilməsi zəruri olan sənədlər əsasında icra qeydini aparmışdır. Göründüyü kimi şikayətin bu dəlili də əsassızdır. Yuxarıda qeyd edilən hallara və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(075)-1059/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(075)-1059/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar