Məhkəmə qərarları › İş №2(107)-1014/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1014/2024

23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1014/2024 23.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin məbləğinin artırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tаrixli 2(039)-1290/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı ilə Cavabdeh 25 sentyabr 2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 17 iyul 2011-ci ildə X6 və 29 dekabr 2012-ci ildə X7 adlı iki uşaqları doğulmuşdur. Yevlax Rayon Məhkəməsinin 5 iyun 2020-ci il tarixli 2(039)- 598/2020 nömrəli qətnaməsi ilə nikah pozulmuş, uşaqlar analarının yanında saxlanılmış və cavabdehdən hər ay hər uşağa 120 manat aliment tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2(039)-2592/2022 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq hər ay hər uşağa 140 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı 29 dekabr 2012-ci il təvəllüdlü X3 və 17 iyul 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş əvvəlki 140 manat alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, iki uşağı var. 2022-ci ildə hər uşaq üçün 140 manat aliment müəyyən edilmişdir. Hazırda alimentin artırılmasını istəyir.

4. Cavabdeh məhkəmə iclasında izah etdi ki, yenidən ailə qurmuşdur. Bir övladı da dünyaya gələsidir. Maddi imkanı pisdir. Alimentin artırılmasına razı deyil.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh faktiki ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiklərindən ayrılmışlar. Məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh yenidən ailə qurmuşdur. Cavabdeh iddianı qəbul etmir.

6. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olnmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyil. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır.

7. Məhkəmə uşaqların layiqli, firavan yaşayış səviyyəsini, təlim-tərbiyəsini, təhsilini, cavabdehin yenidən ailə qurmasını nəzərə alaraq, hesab etmişdir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, 29 dekabr 2012-ci il təvəllüdlü X7 və 17 iyul 2011-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

8. Yevlax Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tаrixli 2(039)-1290/2024 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin olunmuş, Yevlax Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2(039)-2592/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh 29 dekabr 2012-ci il təvəllüdlü X7 və 17 iyul 2011-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, artırılmış məbləğdə alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78 və 112-ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 01 fevral 2024-cü il tarixli MŞY/MT034/2024-00030 saylı arayış Yevlax Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2(039)-2592/2022 saylı qətnaməsi 24 noyabr 2023-cü il tarixli AZ-ll 507691 saylı nikah haqqında şəhadətnamə Mübadilə Kartı Yevlax ŞİH Mənzil Kommunal Təsərrüfat Birliyinin 04 iyun 2024-cü il tarixli 10 saylı arayışı

11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırda ödədiyi aliment öhdəlikləri Yevlax Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2(039)- 2592/2022 saylı qətnaməsinə əsasən yaranmışdır. 23 dekabr 2022- ci il tarixdən etibarən onun qazancında heç bir artım və maddi cəhətdən imkanları yaxşılaşmamışdır. Həmin tarixdə də, o cümlədən hal-hazırda da o Yevlax şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin Kommunal Təsərrüfatı Müəssisəsində sahə rəisi vəzifəsində işləyir. Aylıq əmək haqqı 422 manatdır, tutmalar tutulduqdan sonra aldığı məbləğ 359 manat təşkil edir. 2022ci ildə də, hazırda da o həmin məbləği alır. Əmək haqqında və maddi vəziyyətində heç bir dəyişiklik yoxdur. Əksinə, yenidən ailə həyatı qurmuş , həyat yoldaşı ana olmaq ərəfəsindədir, maddi tələbatı daha da artmışdır. Üstəlik, onun iş rejimi elədir ki, işdən artıq vaxtı yoxdur ki, başqa işlə məşğul olub əlavə pul qazansın.

13. Belə olan halda, əvvəl təyin edilmiş alimentin məbləğinin artırılması düzgün deyildir. Bundan başqa, uşaqları saxlamaq hər iki valideynin borcudur. İddiaçı özü əmək qabiliyyətlidir. İddiaçı ilə birgə nikahdan olan övladları 13 və 12 yaşlarındadırlar. Uşaqları elə yaşdadırlar ki, iddiaçı özü də işləyib uşaqların maddi rifahını artıra bilər.

14. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tаrixli 2(039)- 1290/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.

20. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

21. Qərarlar: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tаrixli 2(039)- 1290/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş xahiş etsə də, apellyasiya şikayətinin məzmununda alimentin artırılmamasını xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilərək artırılmış hər ay hər uşaq üçün 30 manat aliment olmaqla, cəmi 60 manat alimentə aid hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilərək artırılmış hər ay hər uşaq üçün 30 manat aliment olmaqla, cəmi 60 manat alimentə aid hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. Kollegiya apellyasiya şikayətinin bu qətnamənin 12-13-cü bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, alimentin müəyyən edilməsi barədə əvvəlki məhkəmə qətnaməsinin qəbul olunduğu 2022-ci ildən hazırki iş üzrə məhkəmə qətnaməsinin qəbul olunduğu 2024-cü ilədək uşaqlar üçün yaşayış minimumunda 42 manat dəyişiklik olmuş, o cümlədən ölkənin iqtisadi həyatında dəyişikliklər baş vermişdir. İddiaçının iddia ərizəsində ayda 235 manat sabit pul məbləğində aliment tələb etməsinə baxmayaraq, birinci instansiya alimenti sabit pul məbləğində 170 manat həcmində təmin etməklə, alimenti yalnız 30 manat məbləğində artırmışdır. Göründüyü kimi, hazırki şəraitdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan olmuşdur. Qətnamənin alimentin artırılması hissəsinin ləğv edilməsi üçün heç bir əsas müəyyən edilmir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, onun yenidən ailə qurması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tаrixli 2(039)-1290/2024 nömrəli qətnaməsi ddianın təmin edilərək artırılmış hər ay hər uşaq üçün 30 manat aliment olmaqla, cəmi 60 manat alimentə aid hissəsindədə yişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tаrixli 2(039)-1290/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar