Məhkəmə qərarları › İş №2(107)-1015/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1015/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1015/2024 03.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(051)-541/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 7400 manat pulun və ödənilmiş 94 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə iş yoldaşı olmuşdur. Cavabdehlə uzun müddətdir tanışdır və münasibətləri yaxşı olmuşdur. Tural ona pula ehtiyacı olduğunu bildirmiş, onu inandırmışdır ki, pulu vaxtında qaytaracaqdır. Turala inanaraq "xxxx"dan 6200 manat məbləğində kredit götürüb ona vermişdir. Daha sonra isə nağd olaraq ona 1200 manat pul vermişdir. Sonra o, Turaldan ona borclu olduğu pulu tələb etsə də Tural ona borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Daha sonra o, Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində müvafiq araşdırma aparılmış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Tural onu aldadaraq ona borclu olduğu pulu qaytarmır. Müxtəlif bəhanələr gətirərək müddəti uzadır. Ona görə də Cavabdeh 7400 manat pulun və ödənilmiş 94 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etmədi və göstərdi ki, iddiaçı ilə iş yoldaşı olmuşdur. Əvvəldə münasibətləri yaxşı olmuşdur. Lakin o, iddiaçıdan pul almamışdır. Bu barədə onu Mingəçevir şəhər polis şöbəsinə də çağırmışlar. O, orada da verdiyi izahatında iddiaçıdan heç bir pul vəsaiti almadığını bildirmişdir. İddianı bütünlüklə rədd edir. Ona görə də iddia tələbi əsassız olduğu üçün rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir.

5. Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(051)-541/2024 nömrəli qətnaməsi ilə, (hakim E.Cəbrayılzadə) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehlə vaxtı ilə iş yoldaşı olmuşlar. Lakin cavabdehin iddiaçıdan öz ehtiyacları üçün 6200 manat məbləğində kredit və 1200 manat məbləğində iddiaçı tərəfindən borc pul alması, ona görə də cavabdehin iddiaçıya borclu olması barədə tərəflərin izahatları ziddiyyətli olduğundan məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır.

7. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi “Whatsapp” yazışmalarının cavabdehin özü ilə deyil, başqa şəxsləcavabdehin yoldaşı ilə olan yazışmalardır. Həmçinin yazışmalarda konkret olaraq iddiaçıya kimin pul borcunun olması müəyyən olunmur. Məhkəmə tərəfindən iddiaçıya həmin şəxsin məhkəməyə şahid kimi gətirilməsi təklif olunsa da, iddiaçı həmin şəxsin şahid kimi gətirə bilməyəcəyini bildirmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. İddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında cavabdehə "xxxx" ASC-dən 6200 manat məbləğində kredit götürüb verdiyini, daha sonra isə nağd olaraq ona 1200 manat pul verdiyini bildirmiş, cavabdeh tərəf isə həmin halı qəbul etməmişdir. Belə olan halda iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsi daşıyır.

9. Məhkəmə ilk növbədə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdehin iddiaçı qarşısında pul öhdəliklərinin olması və onu yerinə yetirməməsi faktını sübutetmə yükü iddiaçının üzərinə düşür.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında cavabdehə "xxxx" ASC-dən 6200 manat məbləğində kredit götürüb verdiyini, daha sonra isə nağd olaraq ona 1200 manat pul verdiyini bildirmiş, cavabdeh tərəf isə həmin halı qəbul etməmişdir. Belə olan halda iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsi daşıyır.

11. Ona görə də məhkəmə iddiaçıya öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün sübutlar təqdim etməsini təklif etmiş, lakin iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının göstərdiyi hallar öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır.

12. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında nə şifahi, nə də yazılı qaydada borc müqaviləsi bağlanmamışdır. İşdə olan kredit müqaviləsindən də göründüyü kimi, sözügedən müqavilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmışdır. Belə olan halda məhkəmə işə mövcud olan və məhkəmə gedişində araşdırılan sübutlar əsasında baxaraq hesab edir ki, həmin müqavilədən yaranan münasibət bankla iddiaçı arasında yaranmışdır və pul məbləğinin cavabdehə ödənilməsini təsdiq edən sübut yoxdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin əsaslı olması üçün bu şərtlər məcmu halında, yəni tərəflər arasında yazılı və yaxud şifahi formada borc müqaviləsi mövcud olmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə cavabdeh arasında elə bir müqavilənin bağlanması iş materiallarından görünmür, nə də cavabdeh tərəfin iddiaçıdan borc pul aldığı barədə etiraf və ya hər hansısübut təqdim olunmamış, eyni zamanda iddiaçı tərəf isə həmin halı sübut edə bilmir.

14. Digər tərəfdən məhkəmə qeyd etməyi lazım bilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı bağlanmalıdır.

15. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, tərəflər arasında nə şifahi, nə də yazılı qaydada borc müqaviləsi bağlanmamışdır. İşdə olan kredit müqaviləsindən də göründüyü kimi, sözügedən müqavilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmışdır. Belə olan halda məhkəmə işə mövcud olan və məhkəmə gedişində araşdırılan sübutlar əsasında baxaraq hesab edir ki, həmin müqavilədən yaranan münasibət bankla iddiaçı arasında yaranmışdır və pul məbləğinin cavabdehə ödənilməsini təsdiq edən sübut yoxdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin əsaslı olması üçün bu şərtlər məcmu halında, yəni tərəflər arasında yazılı və yaxud şifahi formada borc müqaviləsi mövcud olmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə cavabdeh arasında elə bir müqavilənin bağlanması iş materiallarından görünmür, nə də cavabdeh tərəfin iddiaçıdan borc pul aldığı barədə etiraf və ya hər hansı sübut təqdim olunmamış, eyni zamanda iddiaçı tərəf isə həmin halı sübut edə bilmir.

17. Digər tərəfdən məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı bağlanmalıdır.

18. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab etmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, həmçinin iddiaçının cavabdehə 7400 manat məbləğində borc pul verməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından, iddiaçı hazırkı tələbi irəli sürərkən, subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olmadığından, iddia tələbi təmin edilməməlidir.

19. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3, 406.1, 739.1, 740.2-ci maddələri, «Mahmudov Rusiyaya qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsnin 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.3, 77.1, 78.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

22. Apellyаsiyа şikаyətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)- 541/2024 saylı qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, qətnamə məhkəmə iclasında təqdim olunmuş sübutlar əsasında deyil hakimin öz mülahizələri və cavabdehin heç bir sübuta əsaslanmayan ifadəsi əsasında çıxarılmışdır.

23. Qətnamədə göstərilir ki, borc verilməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Qeyd etmək istəyir ki, məhkəməyə cavabdehin həyat yoldaşı ilə olan mesaj yazışmalarını təqdim etmişdir. Həmin yazışmalarda cavabdehə pul borc verdiyi aydın surətdə görünür. Hesab edir ki, borc verdiyi kifayət qədər sübut olunur. Məhkəmə faktiki olaraq bu xüsusda heç bir araşdırma aparmamış, cavabdehin sözlərinə inanaraq iddianın təmin edilməməsi barədə qətnamə qət etmişdir.

24. Hesab edir ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarıldığına görə ləğv edilməli, iddianın təmin olunması haqqında yeni qətnamə çıxarılmalıdır.

25. Cavabdeh borcu qaytarmaq kimi üzərinə götürdüyü öhdəliyin icra etməmişdir. Məhkəmə də faktiki olaraq bu xüsusda heç bir araşdırma aparmamışdır. Onun cavabehlə şifahi razılaşmaları olmuşdur. Lakin onun tərəfindən razılaşma pozulmuşdur. Qanunvericilik verilən borcun qaytarılmasını borcalanın öhdəliyi kimi nəzərdə tutsa da, cavabdeh öhdəliyini yerinə yetirməmişdir.

26. Məhkəməyə sübut növü kimi mesaj yazışmalarını təqdim etmişdir. Lakin onun onun sübutlarına lazımi qaydada qiymət verilməmişdir. Hesab edir ki, iş materiallarından da aydın göründüyü kimi iddiaçı öz tələbini əsaslandıran sübut təqdim etmişdir. Hakim isə bunları nəzərə almayaraq cavabdehin ifadəsinə uyğun qətnamə çıxarmışdır. Hesab edir ki məhkəmə bu normaya riayət etməmiş, obyektiv və hərtərəfli qiymət verməmişdir.

27. Cavabdehə 7200 manat borc pul vermişdir. Vermədiyi halda yalandan Polis şöbəsinə şikayət etməz və məhkəmədə iddia qaldırmazdı. Cavabdehə etibar etdiyindən hər hansı yazılı sənəd almamışdır. Buna baxmayaraq məhkəməyə cavabdehin arvadı ilə mesaj yazışmalarını təqdim etmişdir və hesab edir ki, təqdim etdiyi sübutlara düzgün qiymət verilməli idi. Məhkəmə bu xüsusatı tam aydınlaşdırılmamışdır. Məhkəmə təqdim etdiyi sübutları araşdırmadan əsassız və qanunsuz qətnamə çıxarmışdır

28. Odur ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il. 2(051)-541/2024 saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(051)-541/2024 nömrəli qətnaməsinin ləğv edilərək, onun Cavabdeh qarşı pul tələbinə dair iddiasının tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəmə kollegiyasına göndərdiyi teleqramında məhkəmədə iştirak edə bilməyəcəyindən başqa vaxta təyin edilməsini xahiş etsə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Apellyator Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il. 2(051)-541/2024 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur .

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə aralarındakı şifahi razılaşma üzrə cəmi 7400 manat pulu borc olaraq verdiyinə istinad edərək, həmin məbləğin cavabdehdən xeyrinə tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmiş, onun tərəfindən iddiaçıdan heç bir pul vəsaitinin alınmamasını əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

41. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin borc verdiyinin kifayət qədər sübut olunması, məhkəməyə cavabdehin həyat yoldaşı ilə olan mesaj yazışmalarını təqdim etməsi, həmin yazışmalarda cavabdehə pul borc verdiyinin aydın surətdə görünməsi, qətnamənin məhkəmə iclasında təqdim olunmuş sübutlar əsasında çıxarılmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin iddiaçının özünün də etiraf etdiyi kimi cavabdehə iddia etdiyi pul vəsaitini borc olaraq verməsinə dair aralarında heç bir yazılı müqavilə bağlanmamışdır.

42. Şikayətin cavabdehin həyat yoldaşı ilə olan mesaj yazışmalarına dair dəlilinə gəlincə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi “Whatsapp” yazışmaları cavabdehin özü ilə deyil, başqa şəxslə olan yazışmalardır. Həmçinin yazışmalarda konkret olaraq iddiaçıya kimin pul borcunun olması müəyyən olunmur.

43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehə iddia etdiyi 7400 manat pul vəsaitini borc olaraq verməsini təsdiq edə biləcək, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir sübutu təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə doğru mövqedən çıxış etmişdir.

44. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

45. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.

46. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddia tələbi üzrə düzgün olaraq yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(051)-541/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(051)- 541/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar